Aydın Uluxanlıdan ÜZƏN ŞEİRLƏR

Aydın Uluxanlıdan ÜZƏN ŞEİRLƏR

Ötən əsrin "səksənincilər" ədəbi nəslinin parlaq imzalarından olan Aydın Uluxanlının yeni şeirlərini oxuculara təqdim edirik. Aydın bəyin şeirlərini redaksiyaya təqdim edən, elə həmin ədəbi nəslin digər "əjdahası" şair Əlisəmid Kürə də ayrıca təşəkkür edirik.


ÜZƏN ŞEİRLƏR

Üzən şeirlər yazıram,
    üzən qafiyələr yığıram,
    üzən misralar düzüb-qoşuram.
    Üzməyi öyrədirəm sözlərə,
    suallara, vergüllərə, hecalara
    üzməyi başa salıram.

Ürəklərə, şüurlara baş vurmağı,
    süzməyi, cövlanlamağı,
    duyğuları daramağı,
    üzən saatları, üzən dövranları,
    üzən zamanları öyrədirəm şeirlərimə.

Qanadlı misralar yonuram
    üzən yarpaqların yaşıllığında.
    Bölgülərimə gətirirəm üzən havaları,
    üzən yolları, üzən zəmiləri,
    üzən bağları təxəyyülümə yerləşdirirəm.
    Tıxcalayıram fikirlərimə
    üzən qayaları, üzən dağları.
    Zıxcalayıram meşələri,
    zıxcalayıram örüşləri,
    biçənəkləri mıxcalayıram.

Üzən manatlarla satın alıram
    üzgün çəmənlikləri.
    Üzən torbalara doldururam
    yaddaşımın künc-bucağını.
    Silib-süpüpürəm
    yaddaşımın küləkli dalanlarını.
    Üzən cibimi eşələyirəm,
    ötən anlar olur üzən anlar.

Üzən yazarlarla,
    üzən siyasilərlə söhbət edirəm.
    Yazarlar deyil, azarlardı.
    Üzən sifətlərlə  rastlaşıram,
    üzən fikirlər oxuyuram üzlərdən,
    üzən gözləntilər öyrənirəm gözlərdən,
    üzən salamlar alıram.
    Üzən efirlərə, üzən qəzetlərə,
    üzən toy-bayrama tamaşa edirəm.

Üzən papaqlar görürəm
    üzən  kişilərin başında.
    Üzən addımlar atır üzən kişilər,
    üzən bağçalarda, üzən hovuzlarda,
    üzən villalarda daldalanırlar.

Üzən məzənnələr yanır
    gecə işıqlarının yerində.
    Üzən sevgilər axır
    küçələrin gecəsinə.
    Üzən qayışlar gəlir,
    sarmaşırlar qollarıma.
    Sevirlər, sevirlər
    qayışlar qollarımı.
    Sıxırlar, sıxırlar
    qayışlar qollarımı.

Üzmək öyrədirlər bağlı qollarıma
    üzən qayışlar.

28. 12. 2016
14:47

İRƏVANIM- BABALARIMIN ŞƏHƏRİ

Fağır bir şəhər vardı
  Zəngi çayının sol döşündə.
  İndi də var kimidi,
  xəyallarımın tozanağında yaşayır.  
  Tozlu-torpaqlı görürəm yuxularımda
  küçələrini, səkilərini.
  
Öpürdüm, qucaqlayırdım çocuqluğumda,
  lalələrini bağrıma basırdım dəstə-dəstə.
  Xatirələrimdə yaşadıram indi lalələrini,
  qan görürəm lalələrini hər gecə bağrımda.

Fağır bir şəhər vardı
  lalələrin yanağında.
  Göy məsciddən Zəngiyə qədər
  xizəklə sürüşərdim.
  Gözümü açdığım gözəlliklərdi,
  İrəvanım- çocuqluğumun şəhəri.

Qara bazardan Toxmaq gölünə
  darayardım küçələrini.
  Bozqırlarda, sucaqlarda,
  göyüzünün pəncərələrində
  arayardım küçələrini.

Çiling-dəstə oynamağa yarıyardım,
  üzəngisini çəkərdim qarğı atımın.
  Kağız gəmilərimi Zəngiyə axıdardım,
  şaqqıldayan sularına  baş vurardım ana çayımın.
   Zəngi çayım—laylayım, ana çayım.

İrəvanım-cavanlığımın şəhəri,
  sevgilim, sevdiciyim mənim.
  Bir gün yaşlı vaxtımda
  itirib-axtaracam səni.
  Qucaqlaşacağıq bir gün
  sellərdən, sulardan sonra
  yaşıl otlaqların yorğan-döşəyində.
  Çobanların yastığına başımızı qoyacağıq
  əl-ələ, göz-gözə, dodaq-dodağa.
  Görüşəcəyik bir gün ürək-ürəyə.
  Üst-başımızı çırpacağıq bir gün həlbət.
  Bilirəm ki, unutmamısan məni
  haxcığım, hağıştacığım mənim.  

Gəlib qoynuma yığacam
  parklarının  qulaq batıran sükunətini,
  rahatlıq tapacam səssizliyində.
  Səssizliyini ruhuma yükləyəcəm,
  sümürəcəm, postuyacam şaftalılarını, əriklərini,
  üzümlüklkərini ura eləyəcəm.

Qulağına bir söz pıçıldayacam,
  əllərini sinəmə qoyacam bir gün.
  İrəvanım-sevgilərimin şəhəri.
  Gözümə içəcəm bir gün bulaqlarını,
  bulbulaqlarını gözümə yapışdıracam.
  Öpəcəm, öpəcəm sularının dodaqlarını.
  Yaşıllıqlarını, çəmənliklərini
  gözlərimə təpəcəm.  
  Hər şeyi, hər şeyi danışacam cənə.

Gətirib ovcuna qoyacam qəribçiliyi.
  Kətan köynək gətirəcəm qürbətdən sənə.
  Öyrəşə bilmədim cəncizliyə,
  sənsiz keçən günlərimi
  ömrümə yaza bilmədim.  
  Qarşılaşacağıq əvvəl-axır
  Ağrı dağının ətəyində.
  Vüqarını bir daha alnıma yazacam
  balaca Ağrıyla böyük Ağrının.
  İrəvanım-dağlarımın şəhəri.
  Ələyəzdən Qarnıyarığa, Palantökəndən Qızıl Ziyarətə
  obalarım, oymaqlarım mənim.

Babamın mənzərələrini tapacam
  hər daşın, hər kəsəyin kölgəsində.
  Işıq-kölgə oyunu oynayacam bir gün,
  kölgəsinə sığınacam tərəddüdlərimin.
  Azacam, itəcəm bir gün
  kölgələrin qaranlığında.

İrəvanım-kölgəliklərimin, sərinliklərimin şəhəri,
  ürəyimin, nəfəsimin sərinliyi.
  Qışlaqlarımın, yaylaqlarımın,
  bölgələrimin, bölgəliklərimin şəhəri.  
  İrəvanım—köhnə nişanlım mənim,
  bəlgəliklərimin şəhəri.   
  Arxam, dayağım  mənim,
  göy sulu dalğalanan bayrağım mənim,
  elim, oylağım mənim.

İrəvanım-babalarımın xanədanlığı.
  Nə deyim sənə, gözəlim,
  çağırma, səslənmə,
  haraylama daha məni,
  dəvətnamə yazma hər dəqiqəbaşı,
  tələsdirmə, təndirə təpmə,
  əlimyandıda axtarma məni,
  bir gün tapışacağıq yəqin handan-hana,
   qismətsə də, deyilsə də,
  hövsələn olsun.
  Görüşərik...
  ancaq qocalmayasan gərək.

03. 05. 2017 
saat 15.14
                        
İKİNCİ MƏN

İndi mən ikinci mənəm,
  üçüncü, dördüncü, beşinci
  mənlər də var.
  Bəs deyincə çoxuq,
  sayıb qurtara bilmirəm mənlərimi.
  Tənhalıqdan əziyyət çəkmirik,
  qulaq-başımız gedir səs-küyümüzdən.
  Nəyimiz yoxsa da
  küydən, fitdən, toy-büsatdan xali deyilik.
  Paylaya bilərikhər kəsə küyümüzü.
  Nədosta ehtiyacımız var, nə düşmənə.
  Dostlarımız düşmənlərimizdi bizim.
  Darıxdırıcı keçmir günlərimiz,
  macal tapmırıq darıxmağa.
  
İndi mən üçüncü mənəm,
  ikisi intihar etdi.
  Hərdən gül aparıram məzarlarına,
  dualarımı özüm oxuyuram,
  molla çağırmıram.
  Onlar mollalara inanmırdılar.
  Mənə inanırdılar,
  bilirdilər ki, yalan söyləməyəcəm onlara.
  Boynuma yük qoymuşdular,
  çıxıb oturmuşdular şüurumun altında,
 yataq salmışdılar fikirlərimin ağılında.
  Yüz illər beləcə yaşadıq bir an kimi.

İndi mən dördüncü mənəm,
əvvəlkiləri ayağımın altına qoydum.
O biri mənlərə boylandım,
maşallah nə qədər mən varmış
zibil kimi.
Hamısı da bir-birinin tayı.
Dəmirçi zindanında döyülmüşdülər bir-bir.
Tək-tək yonulmuşdular, əl işi misalı.
Görüncə qaçdım onlardan,
Dalımca düşüb qovdular,
nə yaramaz mənlərmiş.  
Qorxu içində qaçdım,
qarğı üstündə çapdım.
Bağrımı çatlatdılar,
zəhrimi yardılar,
nə dəhşətli adamlarmış.
Əl çəkmədilər peşimdən,
yaxalayıb öldürdülər məni.

İndi mən beşinci mənəm,
məni də öldürəcəklər, bilirəm.
Əvvəl-axır tutacaqlar,
onlar heç kimi sağ buraxan deyil.  
Altıncının, yeddincinin, milyonuncunun da
beləcə axırına çıxacaqlar.
Milyon neçənci gələcək sonra,
onu da öz  günlərinə salacaqlar.
Sonra yenə gələcəklər,
gələcəklər gələcəklər.
Sümürəcəklər mənlərimi,
Dərisini soyub,
sümüyünü dərsliklərdə bişirəcəklər.
Körpə mənlər gəlib şorbamızı içəcək—
qanı qanımızdan, canı canımızdan mənlər.
Kimsə başını qaldırmayacaq göyüzünə,
kimsə qopa bilməyəcək mən zəncirindən.
Sıxıb şirəsini içəcəklər mənlərimin,
atacaqlar, tutacaqlar,
başlarına çəkəcəklər mənlərimi.
Axırı olmayacaq mənlərimin,
zatən əvvəli də var deyildi.

Hər şey ikinci məndən başladı.

23.06.2017
18:10

PIÇILDAYAN YARPAQLAR

Pıçıldayan yarpaqlar,
yeriyən budaqlar,
içini çəkən fidanlar,
susan insanlar.
Yaşılını udan çəmənlər,
sərtliyini udan qayalar,
qırmızısını udan lalələr,
sarısını udan insanlar.

Yalanını yeyən meydanlar,
əsnəyən küçələr,
dirənən dalanlar,
uçan insanlar.

Qeybət eləyən quşlar,
qara yaxan köstəbəklər,
şairlər, siyasilər,
qaçan insanlar.

Özündən, özgəsindən,
boy-buxunundan perikənlər,
gəvşəyən, gəyirən,
acan insanlar.

Uçan insanlar,
asan insanlar,
susan insanlar.

29.05.2018
14:50