Edqar Allan Po. QUZĞUN

Edqar Allan Po. QUZĞUN

Görkəmli Amerika yazıçısı,  ümumdünya ədəbiyyatında detektiv və psixoloji nəsr janrlarının əsasını qoymuş, elmi fantastika  və dekadentizmə  diqqətəlayiq  töhfələr vermiş Edqar Allan Ponun dünyaca məşhur "Quzgun” şeiri əksər mədəni dillərə, həm də  dəfələrlə  çevrilmişdir.
Tək bircə rus dilində şeirin çox sayda tərcüməsi var,  D.Merejkovski, K.Balmont və V.Bryusov kimi tanınmış şairlər də bu əsərin tərcüməçiləri sırasındadır. 
Naməlum müəllif tərəfindən edilmiş mənsur tərcümədən dilimizə çevirini diqqətinizə çatdırırıq.


Bir dəfə, xəlvət  gecə yarısı, mən  solğun və üzgün halda, yarıyuxulu vəziyyətdə, artıq unudulsa da, qiymətli  olan elmi foliantlar qalağı üzərində baş sındırarkən birdən yüngül taqqıltı eşidildi, elə bil, kimsə otağımın qapısını yüngülcə döydü. "Bu, hansısa ötüb – keçəndir, - deyə özlüyümdə mızıldandım, otağıma girməkdən ötrü qapını taqqıldadır, - yoldan ötəndir, başqa bir şey deyil”. Ah, əla xatırlayıram. Onda çöldə şaxtalı dekabr vardı. Ocaqda yanıb bitən kömürün can çəkişməsini  göstərən  işıq döşəməyə axırdı. Səhərin açılmasını ehtirasla gözləyirdim; qayıdışsız məhv olmuş, qiymətli və nur saçan, adı mələklərə məlum olan və burda artıq heç vaxt çağırılmayacaq  Lenoramdan dolayı  kədərimi əbəs yerə kitablarımda boğmağa güc verirdim.

Al qırmızı ipək pərdələrin kədər və xülya dolu xışıltısı məni möhkəmcə  həyəcanlandırır, qəlbimi dəhşətli, indiyədək mənə məlim olmayan qorxularla doldururdu, buna görə də sonunda ürəyimin vurmasını yavaşıtmaqdan ötrü qalxdım və öz – özümə təkrarlamağa başladım: "Bu, yanıma girmək istəyən hansısa gecikmiş yolçudur,  otağımın qapısını döyür, başqa heç nə  deyil”.

Onda qəlbim özünü daha gümrah hiss etdi və mən bir dəqiqə də tərəddüd etmədən dedim: "Kim olursanız olun, Allah xatirinə, məni bağışlayın, bilirsiz, məsələ bir qədər mürgüləməmdədir, sizsə otağımın qapısını güclə eşidəcəyim qədər yavaş taqqıldatdınız, ona asta yaxınlaşdınız”. Onda qapını taybatay açdım, - zülmət vardı, başqa heç nə yox idi.

Diqqətlə bu zülmətə baxaraq, mən heç bir ölərinin cürət etmədiyi xülya ilə xəyallanaraq, uzun müddət təəccüb, qorxu və şübhə ilə dolu halda durdum, lakin susqunluq kəsilmədi və sükunət heç bir şeylə pozulmadı. Yalnız təkcə "Lenora” kəlməsi pıçıldandı və bu sözü mən tələffüz etdim. Əks – səda onu təkrarladı, təkrar etdi və başqa heç bir şey.

Otağıma qayıdaraq, qəlbimin alovdakı kimi yandığını  hiss etdim və yenə taqqıltı eşitdim, - əvvəlkindən daha güclü taqqıltı.”Yəqin, - belə dedim, - pəncərəmin qapaqları arxasında nə isə gizlənir; orada nə olduğuna baxım, sirri öyrənim və ürəyimə bir qədər dinclik verim.Bu – küləkdir, qeyri bir şey deyil”.

O zaman pəncərə qapaqlarını itələdim və əzəmətli bir quzğun, qədim dövrün müqəddəs günlərinin quşu qanadlarını qüvvətlə çırparaq, pəncərədən içəri uçdu. O, cüzi də olsun, ehtiram göstərmədi; durmadı, bir dəqiqəlik belə, özünü itirmədi, lord və ledi çöhrəsilə otağımın qapısı üstünə, Palladanın büstü üzərinə  yerləşdi, - yerləşdi, oturdu və ... özgə heç bir şey.
Onda bu, abnos ağacı kimi  qara quş davranışının vüqarı və fizionomiyasının ciddiliyi ilə qəmli təxəyyülümdə təbəssüm doğurdu və mən dedim: "Ey qaraqabaq, qoca quzğun, ey gecənin sahillərindən olan yolçu, sənin başın niqab və qalxansız olsa da, hər halda, qorxaq deyilsən. Pluton gecəsi sahillərində səni necə çağırdıqlarını söylə”. Quzğun qarıldadı: "Bir daha heç vaxt!”
Cavabının mənim üçün xüsusi mənası olmasa da  və qüssəmi, azca da olsa, yüngülləşdirməsə də, bu yöndəmsiz, lələkli varlığın insan sözünü belə asanlıqla anlamasına son dərəcə heyrətləndim; lakin axı otağının qapısı üstündə, yonulmuş büstün üzərində  adı "Bir daha heç vaxt!” olan quşu, ya da heyvanı  görməyin heç bir öləriyə qismət olmadığını dərk etmək gərəkdir.

Lakin quzğun sakit büstə dırmanaraq, yalnız bu kəlmələri səsləndirdi, sanki, bütün qəlbini onlara boşaltmışdı. Daha başqa heç nə demədi, bir lələyini də tərpətmədi; onda sakitcə özüm – özümə dedim: "Artıq dostlarım məndən uzağa uçublar; səhər açılacaq və əvvəlki, artıq yox olmuş  ümidlərim kimi, bu da məni tərk edəcək”. O zaman quş söylədi: "Bir daha heç vaxt!”
Belə cavabı eşidərək, büsbütün titrədim və dedim: " Şübhəsiz, quşun tələffüz etdiyi sözlər  mahnıları eyni nəqəratla bitənə qədər, qayıdışsız məhv olmuş ümidlər melanxolik nəqərat halını alana kimi amansız dərdin aramsızlıqla əzab verdiyi zavallı sahibindən öyrəndiyi yeganə biliyi idi: "Bir daha heç vaxt!”

Ancaq quzğun yenə qəlbimdə təbəssüm doğurdu və mən kreslomu düz quşa, büst və qapıya  qarşı sürüdüm; sonra kreslonun məxmər balınclarına yaslanaraq hər dürlü fikirləşməyə başladım, qədim günlərin bu kədərli, yöndəmsiz, uğursuz, arıq və görücü quşunun öz "Bir daha heç vaxt!”ını qarıldayaraq, nə demək istədiyini bulmağa çalışdım.İstək və gümanlarda özümü itirərək, həmin vəziyyətdə qaldım və alovlu gözləri ilə ürəyimin dərinliklərinə kimi məni yandıran quşa, bir kəlmə ilə də, müraciət etməyərək, sirri açmağa güc verirdim, başım isə lampanın  işığının  oxşadığı bənövşəyi məxmər balıncda rahatlıqla dincəlirdi, - bu lampa  öz başlığını bir də heç vaxt ora əyməyəcək!

Onda mənə,  addımları otağın xalçaları üstündə sürüşən mələklərin yellədiyi buxurdandan çıxan tüstü burumları ilə havanın yavaş – yavaş dolmağa başladığı  kimi göründü.”Bədbəxt! – deyə özümə xitabən çığırdım. – Sənin Allahın bir daha öz Lenoranı xatırlamamandan ötrü mələklərinin vasitəsilə sənə unutqanlıq verir, o sənə bihuşluq  balzamı göndərir! Bu şəfalı balzamı iç, iç və qayıdışsız məhv olmuş Lenoranı unut”. Quzgun qarıldadı: "Bir daha heç vaxt!”

"Ey peyğəmbər! – dedim, - bədbəxt varlıq, quş, yoxsa şeytan, amma,  hər halda, peyğəmbər! Yoldan azdıranın tərəfindən göndərilsən belə, fırtınanın tulladığı, püskürdüyü olsan belə, cəsursan: burda, bu boş, xəyallarla dolu torpaqda, bu kədər iqamətgahında – həqiqəti mənə bildir, yalvarıram, -  bihuşluq balzamı varmı? Söylə, gizlətmə, yalvarıram!”  Quzğun qarıldadı: "Bir daha heç vaxt!”

"Ey peyğəmbər! – dedim, - bədbəxt varlıq, quş, yoxsa şeytan, amma,  hər halda, peyğəmbər! Üzərimizə yayılmış bu göylərin adına, hər ikimizin ibadət etdiyi allahın adına and verirəm, mələklərin Lenora çağırdıqları müqəddəsi qucmağın, uzaq Ədəmdə əziz, nur saçan  Lenoramı sinəsinə sıxmağın bu qəmli qəlbə qismət olub – olmayacağını bildir!” Quzgun qarıldadı: "Bir daha heç vaxt!”

"Qoy bu sözlər ayrılığımızın işarəsi olsun, ey quş, yoxsa şeytan! – deyə kreslodan dikələrək qışqırdım. – Yenə tufana qarşı get, Pluton gecəsinin sahilinə qayıt, burda sənin qəlbindən çıxmış yalanı xatırlada biləcək, bircə dənə belə, qara lələk buraxma! Sığınacağımı ləkəsiz burax! Otağımın qapısı üzərindəki büstü tərk et. Dimdiyini ürəyimdən qopart və öz xəyali surətini qapımdan uzağa apar!” Quzgun qarıldadı: "Bir daha heç vaxt!”

Hərəkətsiz quzğun isə hələ də Palladanın solğun büstü üzərində, düz otağımın qapısı üstündə  oturur və onun gözləri xəyalpərvər şeytanın gözləri kimi baxır;  üstünə düşən lampa işığı onun kölgəsini döşəməyə salır; mənim qəlbim də döşəmə boyu titrəyən bu kölgənin dairəsindən bir daha heç vaxt çıxmayacaq!

Ruscadan Məhəmməd Hüseynoğlu (Salur) çevirdi.
Hacıqabul