Gecikmiş icmal

Gecikmiş icmal

Aygün Süleymanova
teatrşünas
(“toydan sonra nağara” silsiləsindən)
Milli teatr prosesimizdə “keçənlərə əlvida, gələnlərə salam” demək məqsədilə bu gecikmiş yekun yazını diqqətinizə çatdırmaq istəyirəm. Əlvida dediyimiz 2012-ci il tarixinin milli teatrımızda yeri və rolu, özündən sonra gələn ilə buraxdığı izlər mövzumuzun əsas prioriteti olacaq.

Öncə qeyd edim ki, geridə qoyduğumuz 2012-ci il Beynəlxalq türk mədəniyyətləri birliyi olan TÜRKSOY tərəfindən “Axundzadə ili” elan olunmuşdu. Dramaturgiyamızın banisinin 200 illik yubileyi bütün sahələrdə olduğu kimi,  teatrlarımızda da təmtəraqla qeyd olundu. Öncə Bakı Şəhər Mədəniyyət və Turizm idarəsi xalq teatrlarının festivalını düzənlədi.  Daha sonra... Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Milli Teatr Festivalı. “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə”. 1-25 iyun 2012. Xatırladım ki, bu festivalda 27 teatr kollektivi iştirak edirdi. Hər bir teatr bir və ya bir neçə tamaşa ilə çıxış edirdi. Bu tamaşalardan yaddaqalan və seçilənləri: Akademik Milli Dram Teatrının “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran”-quruluşçu rejissor Vaqif İbrahimoğlu; Musiqili Komediya Teatrının “Kimyagər”- quruluşçu rejissor əməkdar incəsənət xadimi Bəhram Osmanov, Gənc Tamaşaçılar Teatrının “Hekayəti-xırs-quldurbasan”-quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova və  Yuğ dövlət teatrının “Naməlum Axundzadə”- quruluşçu rejissor Gümrah Ömər, oldu.

Repertuar-teatrın əsas özəyi kimi...

Teatrlarımız 2012-ci ildə də yeni tamaşalar-premyeralar ilə repertuarlarını sabit qoruyub saxlaya bildilər. Əlbəətdə ki, bu məqamda bütün tamaşaları-premyeraları qeyd etmək fikrində bulunmuram. Lakin qeyd etməliyəm ki, önəmli, teatr hadisəsinə çevrilən premyeralar da bu mövsümdən ötüşmədi.

Akademik Milli Dram Teatrında iki xarici rejissorun quruluşunda tamaşalar nümayiş olundu ki, bu fərqli üslubun, rejissor işinin, aktyor oyunun  vahid-küll halında yerli tamaşaçılara təqdimatı idi.  Maks Frişin “Don Juan və həndəsə” əsəri- rejissor Levan Tsuladzenin və “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində yaradılan əməkdaşlığın nəticəsi olaraq  Elçinin “Şekspir”i rejissor  Petru Vutkereunun yozumunda.

Gənc Tamaşaçılar teatrında M.F.Axundzadənin “Hacı Qara” və “Müsyo Jordan və dərviş Məstəli şah” komediyalarının əsasında yeni tamaşalar təqdim olundu. Xalq yazıçısı Elçinin “Buzovna kəndinin əhvalatları” tamaşası quruluşçu rejissor Cənnət Səlimovanın təqdimatında maraqlı səhnə həllini tapdı.

Rus Dram teatrının repertuarına Erik-Emmanuel Şmittin “Rasputnik” pyesi əsasında qoyulan tamaşa daxil edildi. Tamaşanın quruluşçu  rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovski idi.

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah caduküni-məşhur” komediyası əsasında hazırlanan tamaşa  teatr icması tərəfindən maraqla qarşılandı. Teatrın mühüm uğuru kimi N.Qoqolun “Evlənmə” komediyasının əsasında hazırlanan tamaşanı da qeyd etmək olar. Xatırladım ki, tamaşanın  quruluşçu rejissoru İradə Gözəlova idi.

Hörmətli qonaq!

Ötən il dünyaşöhrətli rejissor  Kşiştof       Zanussi doğma Bakımıza təşrif buyurmuşdu. Biz son illər əsasən, daha çox tanınmış müğənnilərin, starların, pop-starların Bakıya səfərinə öyrəşsək də, bu dəfə dünya kinosunun ulduzu, professional rejissor Zanussi Bakının qonağı oldu. Onu da qeyd edim ki, rejissor milli səhnəmizdə müəllifi olduğu “Hübris” pyesini səhnələşdirməyi qərar verib. Qonaq olduğu müddətdə rejissor ustad dərsləri keçdi, rejissor Tarkovsinin kino dilinin rəngarəngliyindən, müxtəlif ölkələrdə kino çəkməyin çətinliyindən və bu zaman hansı nüanslara diqqət yönəltməli olmağın vacibliyindən danışdı.

Qastrol səfərləri

Qastrol səfərlərinə gəlincə, tarixi hadisə kimi Gəncə Dövlət Dram Teatrının truppasının, yaradıcı heyətinin 1985-ci ildən sonra 2012-ci ildə Bakıda-Akademik Milli Dram Teatrında çıxışını qeyd etmək olar. Teatr iki tamaşa ilə - M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” (rejissor Gümrah Ömər) və N.V.Qoqolun “Evlənmə” (rejissor İradə Gözəlova) əsərləri ilə  milli səhnəmizdə çıxış etdi. Ümumiyyətlə, Gəncə Dövlət Dram Teatrının Bakıya qastrol səfərini və nümayiş olunan bu iki tamaşanı teatrın böyük nailiyyəti hesab etmək olar.

Başqa bir mühüm qastrol  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivinin bölgələrə səfər etməsi və tamaşaçılara M.F.Axundzadənin “Sərgüzəşti – Vəziri Xani Lənkəran” tamaşasını nümayiş etdirməsi idi. Dahi dramaturqun eyniadlı əsəri əsasında hazırlanmış dörd pərdədən ibarət səhnə əsəri iyun ayının 26-dan 30-dək Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkəran və Şirvan rayonlarında nümayiş etdirildi.

Qastrol tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində Tumenin V.S.Zaqoruyko adına Anqajament Gənclər Teatrı çıxış etdilər. Nikolay Kolyadanın “Nosferatu” tamaşası azərbaycanlı seyrcilər tərəfindən maraqla qarşılandı. Burada rejissorun çox incə səhnə duyumunu və sadə, lakin səni dinləməyə məcbur edəcək qədər maraqlı olan aktyor ifasını, heç bir artıq və lazımsız (yalançı bəzək) olmayan səhnə tərtibatını qeyd etmək yerinə düşər.

Səməd Vurğun adına Rus Dram Teatrının truppası Sankt-Peterburq şəhərində Komissarjevskaya adına Sankt-Peterburq Akademik Dram Teatrında qastrol tamaşası ilə çıxış etdilər. Quruluşçu rejissor xalq artisti Aleksandr Şarovskinin təqdimatında “Botanik Müsyo Jordan və tanınmış cadugər Məstəlişah”  tamaşası təqdim olundu. Sankt-Peterburqdakı qastrol səfərindən sonra truppa XIII Beynəlxalq Volkovskiy festivalına qatılmaq üçün Yaroslavl şəhərinə səfər edərək, 28 sentyabrda Rusiyanın birinci teatrı olan Fedor Volkova adına Dövlət Akademik Dram Teatrında A.Ostrovskinin “Qurdlar və qoyunlar” tamaşasını, festivaldan sonra isə daha iki tamaşanı - “Botanik Müsyo Jordan və tanınmış cadugər Məstəlişah” və M.Zadornovun “Ər almaq istəyirəm” əsərlərini tamaşaçılara  təqdim etdi.

H.Ərəblinski adına  Sumqayıt Dövlət Teatrı Akademik Milli Dram Teatrının səhnəsinin qonağı oldu. Teatrın təqdimatında iki tamaşanı izlədik. Elçinin “Qatil” və Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşaları teatrın heyəti ilə tanışlığımızı daha da yaxınlaşdırdı.

Festival

25-29 sentyabr tarixlərində Gürcüstanda IV Tbilisi Beynəlxalq Teatr Festivalı keçirildi. Festivalda ölkəmizi təmsil edən Akademik Milli Dram Teatrının truppası xalq yazıçısı Elçinin «Şekspir» pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış etdi.

Yuğ teatrı 22-26 may tarixlərində Finlandiyanın İmatra şəhərində keçirilən IX “Ağ və Qara” Beynəlxalq Teatr Festivalının iştirakçısı oldu. Truppa bu festivala “Kafkadan salam” tamaşası ilə yollanmışdı. Teatrın tamaşası festival iştirakçıları tərəfindən maraqla qarşılanmışdı.

Bakı Uşaq Teatrı Türkiyənin Sinop şəhərində keçirilən IV Uluslarası Beynəlxalq Teatr Festivalında iştirak etdi. Festivala böyüklər üçün “Heykəl”, uşaqlar üçün “Üç ayı balası” və “Qəhrəman köpək” tamaşaları ilə qatılan Bakı Uşaq Teatrı uğurlu çıxışı ilə festivalda iz buraxmışdı.

Mükafatlar

Akademik Milli Dram Teatrı Moldovada “Ejen İonesko” Beynəlxalq Teatr Festivalında “Xəcalət” tamaşası ilə çıxış etmiş və 25 teatr kollektivinin iştirak etdiyi festivalda “Qızıl gözlü ilahə” mükafatı və diplomla təltif olunmuşdu.

Forum

6-13 iyun tarixlərində Moldovanın paytaxtı Kişinyovda gənclərin teatr forumu keçirildi. Tədbirin əsas məqsədi teatrlarda gedən nəsil dəyişməsini-teatra gənclərin gəlməsini daha aydın görükdürmək, gənc rejissorların, gənc teatr tənqidçilərinin, gənc dramaturqların və rəssamların tanınmasına, bir-birilə ünsiyyətdə bulunmalarına kömək etmək idi.  Forumda Akademik Milli Dram Teatrı Şekspirin “On ikinci gecə, və ya hər nə istəsəniz” komediyası əsasında hazırlanmış tamaşa ilə çıxış etdi. Tədbirdə ölkəmizin gənc teatrşünaslarını sizi mütəmadi olaraq teatr səhifəsində salamlayan Aygün Süleymanova və Elçin Cəfərov təmsil etmişdilər.

İlin tamaşası... ilin rejissoru... ilin kişi aktyoru... ilin teatr musiqisi.... ilin səhnə əsəri... və...  nəhayət, ilin hadisəsi
Qatil
Teatr icmamız ilin sonuna yaxın, oktyabr ayında gözəl səhnə əsərinin-tamaşanın şahidi oldular. Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Qatil” əsəri əsasında hazırlanmış eyniadlı tamaşasının premyerası keçirildi. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə, bəstəkarı Aygün Səmədzadə, quruluşçu rəssamı İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşada əsas rolları Münəvvər Əliyeva, Hikmət Rəhimov, digər qəhrəmanları Elxan Quliyev və Səidə Quliyeva canlandırırdılar. Bu tamaşa fikrimcə 2012-ci ilin ən uğurlu teatr tamaşası idi.

II Beynəlxalq Teatr Konfransı


5 və 6 noyabr. Bakı II Beynəlxalq Teatr Konfransı keçirildi. Qeyd edim ki, Rusiya, Polşa, CAR, Kanada, Böyük Britaniya, Fransa, İtaliya və bir sıra ölkələrdən gələn teatr xadimləri konfransın işinə öz töhfələrini vermiş oldular. Konfrans zamanı Azərbaycan Dövlət Rus Dram Teatrında Cənubi Afrika Respublikasının teatr və televiziya ulduzu xanım Tembinin ifasında “Qadın intizarı” mono tamaşası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səudiyyə Ərəbistanı Teatrının ifasında “Vağzal heç yerə getmir” tamaşası təqdim olundu.

Konfransın işi plenar iclaslarla, mətbuat konfransı ilə, təqdimatlarla zəngin idi. II Bakı Beynəlxalq Teatr Konfransın teatr prosesinin mühüm hadisəsi adlandırmaq olar.

Maraqlı hadisələr 

Maraqlı qastrol səfərlərindən və hadisələrindən biri də Azərbaycanda keçirilən Çin Xalq Respublikasının Mədəniyyət günləri idi. Dekabrın 11 və 13-də Akademik Milli Dram Teatrında baş tutan mərasim böyük marağa səbəb oldu. Biz burada böyük musiqi rəqs, şer, hekayətlər daşıyıcısı olan Çin mədəniyyətinin hərtərəfli şəkildə inkişaf etdiyini, lakin eləcə də özünün ənənəvi teatr estetikası qoruyub, saxladığının şahidinə çevrildik. Qansu teatrı  “Dunxuan mağarası” adlı tamaşa ilə çıxış etdi.

Martın 9 da “Zirvə” mükafatının təqdimatı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi teatr sahəsində bu mükafatı Musiqili Komediya Teatrının N.Qoqolun “Evlənmə” tamaşasına(quruluşçu rejissor Bəhram Osmanov) layiq gördü.

25-31 aprel tarixlərində Polşanın paytaxtı Varşavada keçirilən Teatr Tənqidçilərinin Beynəlxalq Assosiasiyasının  XXVI  Konqresində Azərbaycanı sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov və Məryəm Əlizadə təmsil etdilər.  Konqresin əsas məqsədi teatr sənətini, teatr tənqidini təbliğ etmək, dünya teatrlarını sülhə çağırmaqdır.

Digər çox gözlənilən bir hadisə də 2012-ci ildə baş tutdu. Belə ki, Akademik Milli Dram Teatrının veb-saytı - azdrama.az istifadəçilərinə təqdim olundu.

Görkəmli insanlar!

Azərbaycan dramaturgiyasının, ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin 130 illiyi qeyd olundu. Bir sıra tədbirlərlə, mərasimlərlə qeyd olunan yubiley  Teatr Xadimləri İttifaqında keçirilən elmi konfransla başa çatdı.

Görkəmli aktyor, xalq artisti Yaşar Nurinin vəfatı ilin ən kədərli hadisəsinə çevrildi. Unudulmaz aktyorun həyat və fəaliyyəti, Azərbaycan milli teatrında yaratdığı aktyor imici və fenomeni teatr tariximizin dəyərli nümunəsi olaraq heç vaxt yaddaşlardan silinməyəcək. Allah rəhmət eləsin!

Əbəətdəki, milli teatrımızda bu yekun qeydlərə daxil etmək istədiyimiz, lakin reallıqda olmayan hadisələr də var. Teatr səhifəmizdən də, internet portallarından da oxuduğunuz kimi dünyada teatr prosesi çox dinamik fəaliyyətdə bulunmaqdadır. Məsələn, yaxın qonşumuz olan Rusiyada, xüsusən Moskvada teatr aləmi coşqu ilə qaynamaqdadır. Dediklərimizə nümunə olaraq, çox uzaqlara varmadan, yaxın keçmişə nəzər salaq: Moskvada Qoqol-mərkəzinin, Rostovda yeni teatrın açılması, yeni tamaşalar, festivallar, layihələr... hamısı cəm və küll halında. Hər bir yenilik qəbul. Təzə olmayan, köhnə qalan təkcə ölkə və vətəndaşlardır. Bəlkə Rusiya bizdən daha böyük, daha inkişaf etmiş sayılarsa, onda çox yaxın qonşumuz olan Gürcüstanda gedən teatr prosesini gündəmə gətirmək o

Bütün bunları nəzərdən keçirdib, oxuduqdan, gördükdən sonra insan özü üçün bir neçə sual müəyyənləşdirir. Bu prosesi həyata keçirən insanlar kimlərdir? Niyə onlar bu qədər yeniliklər edirlər? Bu yeniliklər yaxşıdırsa, niyə bizdə yoxdur? Axı bizim ölkənin, şəhərin teatr “vinokl”undan baxanda bu insanlar necə də qeyri-adi görünürlər. Sanki onlar ölməz Allahlardırlar, ya da adsız giqantlar, ya da superqəhrəmanlar, ya da yadplanetli mövcudluqlar.

Müsahibələrini, işlərini seyr etdikdə görürük ki, heç də belə deyil. Onlar da bizi kimi Yer üzünün sadə insanlarıdırlar. Sadə insanlar... uğursuzluqları... kompleksləri... problemləri ilə... Bizim hamımız kimi.

Demək sadəcə sevmək lazımdır, gündəmdə olmayan teatrımızı, bəzilərimiz tərəfindən insan yerinə qoymadığımız aktyorumuzu, tək-tük rejissorumuzu və əlbəətdəki, özümüzü...