Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” əsərində Şərq və Qərb

Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” əsərində Şərq və Qərb




NƏRGİZ İSMAYILOVA
AMEA Naxçıvan Bölməsi



Məqalədə M.S.Ordubadinin "Dumanlı Təbriz” romanında yer alan Şərq və Qərb mövzusundan söhbət açılıb. "Dumanlı Təbriz” əsəri M.S.Ordubadinin əsərləri sırasında əhəmiyyətli yer tutur. Romanda təsvir olunan hadisələrin müxtəlif xalqların nümayəndələrinin dili ilə aydınlaşdırılması diqqət çəkən məsələlərdəndir. Burada Şərq və Qərb mövzusu geniş planda təsvir olunmuşdur. Tarixi gerçəklərin əks olunduğu roman müasir dövrümüzdə də öz əhəmiyyətini itirməmişdir.

Açar sözlər: M.S.Ordubadi, Dumanlı Təbriz, Şərq, Qərb.
Key words: M.S.Ordubadi, "Dumanli Tabriz” ("Foggy Tabriz”), the East, the West
Ключевые слова: М.С. Ордубади, Туманный Тебриз, Восток, Запада.

Məmməd Səid Ordubadi yaradıcılığı Azərbaycan ədəbiyyatında mühüm yer tutur. O qələmini müxtəlif janrlarda sınamış, orijinal üslubu ilə diqqət çəkməyi bacarmışdır. "Molla Nəsrəddin”, "Səda”, "Sədayi-həqq”, "Tərəqqi”, "Tazə həyat”, "İttihad”  kimi jurnal və qəzetlərdə dərc olunan  yazıları ədibin həm ədəbiyyat, həm də ictimai-siyasi hadisələrlə yaxından tanış olduğunu göstərir. Tutduğu vəzifələr də onun ictimai fikirlərlə çıxış etməsində əhəmiyyətli rol oynamışdır. Ordubadi keçən əsrin əvvəllərində lirik şeir, dram və roman janrlarında qələmini sınamışdır. Onun "Bədbəxt milyonçu”, "İki çocuğun Avropaya səyahəti” əsərləri Azərbaycanın ilk romanlarındandır. "Dumanlı Təbriz” tarixi romanı [1933-1938] isə Azərbaycanda milli azadlıq hərəkatının tarixini sistemli şəkildə əks etdirən romanlardandır. Əsərdə Səttarxan, Bağır xan kimi milli qəhrəmanların xalqın azadlığı uğrunda göstərdiyi qəhrəmanlıqlar məharətli yazıçı qələmi ilə öz bədii əksini tapmışdır. "Azərbaycanda bir neçə nəsil Sərdari-milli Səttarxanı qüdrətli bir sərkərdə kimi tarixdən çox "Dumanlı Təbriz”dən tanımışdır” [3, s. 14]. Lakin buna baxmayaraq, fikrimizcə, romanda Səttarxan  obrazı  o qədər də dolğun deyildir, əsərdə azadlıq hərəkatına xidmət edən gizli təşkilat üzvlərindən Əbülhəsən bəy öz siyasi zəkası, Tütünçüoğlu və Həsənağa isə güclü biləkləri ilə daha çox ön plana çıxmışdır. Sənətkarlıq baxımından yanaşıldıqda isə roman dəyərli sənət nümunəsidir. "Ədibin "Dumanlı Təbriz” adlı tarixi roman-epopeyası ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur” [1, s. 50] .
Məhz buna görə də 1907-1917-ci illərdə Cənubi Azərbaycandakı milli azadlıq hərəkatının təsvir olunduğu bu əsər geniş oxucu auditoriyası qazanmışdır. Üzərindən illər keçməsinə baxmayaraq, öz əhəmiyyətini itirməyən bu roman uzun müddətli gərgin əməyin məhsuludur. "Dumanlı Təbriz” romanının birinci hissəsində İranın maddi, mənəvi, mədəni, tarixindən, ictimai və sosial  həyatından söhbət açılır. Romanda  cərəyan edən hadisələr realist  tərzdə  təsvir olunub,  romantik fikirlər və bənzətmələrdən də istifadə edən ədib öz sənətkarlığını hərtərəfli bir şəkildə nümayiş etdirmişdir. Romanda şərqlilərdən: Əbülhəsən bəy, Tütünçüoğlu, Həsənağa, Məşədi Kazım ağa, Hacı Səməd xan, Mahmud xan, Sərdar Rəşid, Mahru, Təhminə, qərblilərdən: Nina, İraida, Hanna, Kseniya, Çar konsulu, Simirnov, Berezovski, Sazanov və s. kimi obrazlara da yer verilmişdir. Şərq və Qərbin sintezi şəklində təsvir olunan hadisələrə fərqli baxış şəkli romanı daha da qiymətli edir. Əsərdə müəllifin Şərqə və Qərbə münasibəti bu surətlərin dili ilə verilir. "Dumanlı Təbriz” romanında həmçinin Qərbin Şərqə, Şərqin də Qərbə münasibəti, bu münasibətlərdəki mənfi və müsbət cəhətlər təsvir olunub. Əsərdə "Vəhşi Şərqə” mədəniyyət gətirib, Şərqi mədəniləşdirmək istəyən rus, alman, ingilis xalqlarının daxili siması usta priyomlarla təsvir olunub. Romanın birinci hissəsində rus qızları Nina və İraidanın dili ilə rusların Şərqə olan münasibəti öz əksini tapmışdır.
 Kiçik qız böyüyünə müraciətlə: 
-İraida bu fəlakətin səbəbi sənsən. Mən İranı tarixdə də oxumaq istəməzdim,- deyə bacısını tənqid edirdi.
Böyük qız onu sakit etməyə çalışaraq:
-Darıxma, -deyirdi, - bizə burada bir qorxu yoxdur. Bura Rusiya müstəmləkəsidir. Hər bir rus burada hakimdir  [4,  s. 7].
Daha sonra Şərqin maddi və mənəvi zənginlikləri ilə tanış olan rus qızları əsrarəngiz Şərqə heyran olurlar. Bu faktlar bir daha sübut edir ki, tarixi qərblilər tərəfindən yazılan Şərq və Şərq mühiti bütün hallarda Qərbin mənafeyinə uyğun şəkildə təsvir olunmuşdur.  
Bu haqda əsərdə də fikirlər söylənilmişdir. "Dumanlı Təbriz” romanında bir çox dünya sənətkarının adını çəkən və onların əsərlərindən ["Şerlok Holms”, "Yol kəsənlər”, "Üç Tüfənkçi”] bəhs edən Ordubadi çox güman ki, o əsərlərlə tanış idi və bu yolla göstərmək istəyirdi ki, Qərb Şərqi düzgün öyrənməsə də, Şərq Qərbi kifayət qədər öyrənmişdir.
Ordubadi əsərin müxtəlif hissələrində Şərq və Qərbin müqayisəsini də vermişdir. Şərqin maddi zənginliklərinə xeyli tərif deyilən əsərdə bəzən Şərqin təfəkküründəki gerilik də tənqid olunur. "Şərqin mülkədarını da Qərbin mülkədarı ilə müqayisə etmək olmaz” və s. kimi ifadələr bu fikri sübut edir. 
Şərqdə hökm sürən fanatik və cahil mühitin bədii və siyasi mənzərəsini yaradan ədib əsərdə bir nəfər də olsun əqidəli din xadimindən bəhs etmir. Əsərdə dinini kamil bilməyən şərqliləri molla qiyafəsinə bürünən rus və Qərb casusları aldada bilir. Hadisələrin düyün nöqtəsi Əbülhəsən bəy və gizli təşkilat  nümayəndələri tərəfindən aşkara çıxarılır. 
Şərqlilərin yaşadığı evləri təsvir edən sənətkarın bu qeydləri də diqqət çəkir: "Ümumiyyətlə, Təbriz evləri fransızların nəşə və zövqünə  uyğun bir vəziyyətdə düzədilmişdir.  Təbriz evlərinin səqfində çılpaq məlakə şəkillərinə təsadüf etmək olurdu” [4, s. 82]. Romanda Şərqdə Qərb əhval-ruhiyyəsinə uyğun gələn bu xırda cəhətlər istisna olmaqla, Şərqdə qərbləşmək ab-havası hiss edilmir. Ordubadi əsərində təzadlı fikirlərlə çıxış edib, Şərq qadınının gözəlliyini ucaltsa da "Xüsusən gözlərindən gülmək və baxışında oynamaq yalnız Təbriz qadınlarına məxsus gözəllikdir” [4 , s. 84] desə də, romanda əsas obraz olaraq qərbli qadın seçilmişdir. Əsərdə şərqli qadın müasirliyi və elmi Qərb qadınından öyrənir. Əbülhəsən bəy qarşılaşdığı bütün şərqli qadınları Nina ilə müqayisə edir. Bu müqayisədə nədənsə həmişə Nina ön plana çıxır, qərbli qadının şərqli balası Məcidi tərbiyə etməsi də diqqət çəkən digər cəhətlərdəndir. Bu tarixin sınağından çıxan Şərq mədəniyyətinə, Şərq fikrinə, Şərq təfəkkürünə zidd mövqe kimi qiymətləndirilə bilər. Əsərin ikinci üçüncü və dördüncü hissələrində isə biz artıq rus dilində səlis danışan, öz milli qiyafəsini atıb, avropalı kimi geyinən şərqli qadınlarla qarşılaşırıq. Almaniyada təhsil alan Töhfə və Sənubər  belələrindəndir. Əsərdə Tütünçüoğlunun xanımı Mahru da öz hünəri ilə seçilir, o inqilabçılara yaxından köməklik göstərir.  
Mahrunun ilk əri Smirnovun qabağını kəsməyi, Smirnovun Mahrunun qardaşı Rəşidi ziyarətə gəldiyi gün isə onun paltosunun cibinə "Şərq qadınları kişilərdən qaçırsa, Qərb kişiləri də qadınlardan qaçırlar” [ 4, s. 329] və s. kimi sözlər yazılan məktubu qoyması Mahrunun cəsarətinin isbatıdır. Mahru  igid və uzaqgörən qadın kimi diqqət çəkməkdədir. Onun inqilabın gedişatını müsbət yöndə dəyişməyə xidmət edən yardımları, sevdiyi Tütünçüoğlu uğrunda apardığı mübarizə Şərq qadının cəsarətini göstərən digər nümunələrdəndir.
Əsərdə təsvir olunan qadın surətlərindən biri də amerikalı Hannadır. Bu qızın timsalında Amerikanın və Almaniyanın Şərqə olan münasibəti ortaya çıxır.
"Qız əvvəldə olduğu kimi, indi də "Şərqi beş barmağım kimi tanıyıram”,- deyə iddiada bulunmaqdadır. Mən miss Hannanın düşdüyü bu vəziyyəti nəzərdən keçirərkən yenə də əvvəlki fikrimə qayıdaraq öz-özümə deyirdim: "Şərqi öyrənmək üçün Qərb alimləri tərəfindən yazılan kitabları oxumaq qətiyyən kifayət deyildir. Şərqi Şərqdə öyrənmək daha doğru yoldur” [ 5, s. 152].
 Beləliklə, şərqşünaslıq üzrə təhsil almasına baxmayaraq, Hanna nəticədə belə qənaətə gəlir ki,  Şərq  oxuduqlarından çox fərqlidir.
 Əsərin sonunda təsvir olunam ad günü mərasimində isə belə bir qeydlə qarşılaşırıq: "Təhminə xanım kimi qoca bir qadın belə tamamilə avropalı kimi geyinmişdir” [5, s. 716]. Təhminə xanımın bu "gözəl” dəyişimi yenə də Ninanın zəfəri kimi təqdim olunur.  
M.S.Ordubadi "Dumanlı Təbriz” əsərində "Molla Nəsrəddin”, "Kaspi”, "İttifaq” ilə yanaşı "Mancester Qardian”, "Deyli Nyus”, "Russkoye slovo”, "Novoye vremya” kimi xarici mətbuat orqanlarının da adını çəkir.
Ordubadi romanda Saib, Əndəlib, Əda, Sədi, Xəyyam, Hafiz, Rudəki, Füzuli, Xaqani, Firdovsi kimi Şərqin məşhur sənətkarlarını xatırlayır, onlardan nümunələr verir: Sədinin "Gülüstan” kitabından verilən nümunə buna misal ola bilər:
Əbr, bad, məhü xurşid, fələk dərkarənd,
                Ta tu nani bəkəf ari və bə qəflət nə xuri [5, s. 409].

Tərcüməsi: Buludlar, külək, ay, gün və göylər daim ondan ötrü işləyirlər ki, 
Sən bir parça çörək ələ gətirib onu qəflətdə yeməyəsən.
"Min bir gecə” dastanının qucağında doğulan Şərqin bu cocuğu da hekayəni dinləyir, kirpikləri saatın milləri kimi hiss edilmədən biri digərinin üzərinə düşməyə başlayırdı” [1, s. 115]. Məcidin yuxuya dalmasını təsvir edən bu hissədə Şərqin məşhur söz xəzinəsi "Min bir gecə” əsəri ilə Şərqə, Puşkin deyir ki, "Hər şeyi sətirlərdə yazmazlar” [ 5, s. 207]  ifadəsinin işlədildiyi o biri hissə də isə Qərbin dahi sənətkarının timsalında Qərbə diqqət çəkilir.
"Dumanlı Təbriz” romanında Ordubadi mərsiyə, rübai, bayatı, qəzəl kimi janrlardan da nümunələrə yer verib. Təbriz gecəsinin sakit qulaqlarında, Təbrizli Hümmanın:

Təbriz məra, bəcayi can xahəd bud,
Hər ləhzə məra virdizəban xahəd bud,
Ta dərnəkəşəm abi - Çərəndab, Kəçil,
Sürxab zicəşmi mən rəvan xahəd bud!  [5, s. 184] .

Tərcüməsi:  Təbriz mənə can olacaqdır.
Dilimdən düşməyəcəkdir.
Mən Çərəndab, Keçil məhəlləsinin suyunu içməsəm,
Gözümdən Sürxab ( "qanlı yaş” mənasında işlədilib) töküləcəkdir.

və ya: 
Gedirəm Bağdada mən,
Yar əlindən dada mən,
Əvvəli əziz idim,
                    İndi düşməm yada mən [5, s.  383] .
və s. kimi şeirləri misal göstərə bilərik.
Akad. İ. Həbibbəyli roman haqqında demişdir: "Dumanlı Təbriz” şəxsi həyatı fərqli ideoloji hədəflərə yönəlik mübarizələrin içərisində keçən Məmməd Səid Ordubadinin özünün də keşməkeşli taleyinin romanıdır [2, s. 55].
Bəli, bu roman mövzu və ideyası baxımından Məmməd Səid Ordubadinin digər əsərləri kimi orijinal, sənətkarlıq baxımından isə zəngin əsərdir. "Dumanli Təbriz” romanı Şərq və Qərbi tanımaq baxımından da qiymətli sənət əsəri sayıla bilər.

ƏDƏBİYYAT
1. Axundlu Yavuz. Seçilmiş  əsərləri, üç cilddə I cild. Naxçıvan: Əcəmi, 2013, 312 s.
2. Həbibbəyli İ.Ə. Böyük ədəbiyyat nəhəngi, Bakı: Elm və təhsil, 2012, 92 s.
3. Həbibbəyli İ.Ə. Böyük ədəbiyyat nəhəngi. M.S.Ordubadi / Həyatım və mühitim, Naxçıvan: Əcəmi, 2012, 336 səh.
4. M.S.Ordubadi. Dumanlı Təbriz, I kitab, Bakı: Yazıçı, 1985, 373 s.
5. M.S.Ordubadi. Dumanlı Təbriz, II kitab, Bakı: Yazıçı, 1985, 730 s.