O qədər ağlayan var ki...

O qədər ağlayan var ki...


S. Şəkərlinin iki şeiri haqqında

Zakir Məmməd

 

        Saday şəkərlinin bir şeiri belə başlayır:

                     "Ağaclardı ən vəfalı, etibarlı dostlarım,

                     içində su şəklində dərdlərim axır”

      Tarixi bilgilərə görə dünyanın su ilə, məsələn, Nuhun tufanı ilə imtahana çəkilməsi təcrübəsi vardır. Ala gözünə vurulduğumuz həmin dünyanın sözlə imtahan edilməsi şairlərin işidir. Ağacı, daşı, quşu, suyu, torpağı... ilə bizə tanış dünyanın özünü, sözünü dillər əzbəri edib zamanın ixtiyarına təhvil verməyə boyun olan bir şairimiz də Saday Şəkərlidir. Onun yalnız şairlərə məxsus sehirli çubuğu toxunduğu bütün cansız əşyaları canlandıra bilir. Şairin yaratdığı obrazlar utilitar cəhətləri ilə də diqqəti cəlb edir. Ətraf aləmin və mühitin deformasiyası şeir yaradıcılığının ilkin şərtlərindən biridir. Mən cisim və hadisələrin alleqorik  janra xas canlandırılmasından bəhs etmirəm. Məqsədim şeirdə poetik ovqat doğuran "canlı ruhun” "canlı və cansız” materiyanın bətninə ötürülməsindən bəhs etməkdir. Bu, necə olur? Öncə, qeyd etmək lazımdır ki, S. Şəkərli poeziyası oxşarlıqlardan, bənzətmələrdən, harmoniyalar və dissonansdan ilmələnmiş poeziyadır. Sadayda təbiət də, onu təşkil edən ən xırda maddə və hissəciklər də, ən sadə və ən mürəkkəb ictimai münasibətlər də kəskin dramatizmlə çevrələnən bir ədəbi kredonun tərkib hissəsi kimi götürülə bilər. Şairdə seyr etdiyimiz bu poetik müvazinət kainatın tarazlığını təmin edən ilahi qüdrətdən  irəli gəlir. Məsələn, ağac onun şeirində obyekt kimi yox, insanla bir yerdə, subyekt – subyekt qarşılaşmasında şəxsləndirilmiş və məzmunlaşdırılmış poetik obraz kimi təqdim olunur. Sadayın şeirindəki ağac nə qədər tanış görünsə də, "adamlar, ağaclar” silsiləsindən tanıdığımız assosiativdən seçilərək kənara çıxır. Məsələn, "Kitabi-Dədə Qorqud”da, daha geniş ölçüdə nəzər yetirsək, qədim Şərq ədəbiyyatında ağac fikrin, ideyanın tamamlanmasında kult, totem inanc səviyyəsinə qədər ideallaşdırılır. Müasir poeziya tariximizdə də "ağac”dan hər cür bədii məmulat hazırlandığını tez-tez müşahidə edirik. Ədəbi terminlə bunu, adətən, orijinallıq adlandırırıq. Bu şeirdə "ağac” tək obraz yeniliyi qənaəti yaratmır. "Ağac” dərdlərimizin, qəmlərimizin əlacı və əlacsızlığı dilemmasının ifadəçisinə çevrilir. Beləliklə, şeirdə "Mən”im(adamın) ağaca, Ağacın da "mənə”(adama)  baxmağından söz açılır.

                  "mən onlara öz gözlərimlə,

                  onlar mənə yarpaqlarıyla baxır”,

Bu "canlı görüntüdən” məlum our ki, problemin mahiyyəti, sadəcə, baxmaqda, görməkdə deyil, ağacın "yarpaqlarıyla”, insanın "öz” gözləriylə baxmağında, görməyindədir. Ağacın qu nəğməsi bəstələməsinə səbəb olan hadisə budur."baxır, baxır və küləklər əsəndə, neçə-neçə qu nəğməsi bəstələnir”. "Öz” ifadəsində,  "yarpaq”la baxmaqda ağac – insan doğmalığı, tanış talelərin uzlaşması, bütövlüyü anlamı diqqətə yetirilir. Sadayın başqa bir şeirində də belə bir zahiri oxşarlığıyla maraq doğuran mənzərənin şahidi oluruq. Buradakı "tərəfmüqabillikdə” də tərəflərin biri insandır.

                    Gözümə göz dikən sərçə,

                    Su içməyə gəlmisənmi?

                    Göz yaşını su əvəzi

                    Içib doyan görmüsənmi?

  

       Məndən, səndən – bizdən bir az o tərəfdə allahın quşu, ağacı varsa, bu nəbatat və məxluqatdan yaxa qurtarmaq mümkünsüzdür. Təbiət və insanın vəhdəti tarixə də, gələcəyə də  münasibətdə ən doğru informasiyaların mənbəyi sayıla bilər. Sadayın şeirində ağac da, adam da toplumda humanist dəyərlərlə ölçülə bilən ən dolğun məzmunda təqdim olunur. Ona görə də ağacın nəğməsi həzin bir lirikaya çevrilir. "Mən” baxmadan ağacın küləkdə qu nəğməsi "ifa etməsi” mümkün deyil. Bir gövdə ilə ucalıb "kainat cismi” olmağın illəti ağırdır. Beləcə damarımızda qan axdıqca dərdimiz də təzələnməkdə, saflaşmaqda, durulaşmaqda davam edir. Bu axın o dərəcədə diqqəti cəlb edir ki, allahın sərçəsi də adama göz qoymağa başlayır. Dərdi gözlə görməyin yeganə yolu göz yaşını seyr etməkdir. Bunun üçün də göz yaşı axıtmağın səbəbi olmalıdır. O səbəbin adı insan kədəridir. Dilimizdə "özü üçün ağlamaq”, "öz gününə ağlamaq” deyimləri var. Bir də "el üçün ağlamağ”ın çətinlikləri haqqında məşhur məsəl var. Şair yazır ki, "özümçün    ağladım, bəsdi, Səninçin ağlayım gərək”."Sərçə” bir qədər çoxluq assosiasiyası yarada bilən predmet hesab oluna bilir. Bu məqamda "sərçənin qoşunla gəlib” sudan doyunca içməsi əhvalatı dərdin sonsuzluğuna, çoxluğuna, tükənməzliyinə işarədir. Dünyada o qədər ağlayan var ki!"Mən döyülüb ağlamıram, Ürək vurulmuş ağladır. Dərdim ağlatdı, doymadı, İndi də bir quş ağladır.” Diqqətlə baxanda şairin nə demək istədiyini  anlamaq olur. Dərdə su içirdənlər onu diri saxlamaq üçün bunu edirlər. Hər iki şeirdə "su”dan söz açılır. Həmin su insanda, ağacda, torpağın altında, üstündə bir mahiyyət olaraq qorunub saxlanır.

Sadayın bir şeirində "nəğmə” kimi üzə çıxan "su”, digər şeirində "göz yaşı” olaraq bizə lazım olur.   Nəğmə də, göz yaşı da insana məxsus əlamətlər olsa da, onun "qazanılmasında” insan tək deyil. İnsanın və dünyanın mahiyyətini izah etmək üçün çoxtərəfli poetik oxşarlıqlar və müqayisələrdən istifadə olunur.

Şeirdə adicə nəğmədən, melodiyadan danışılmır. Dərdimizin üçbucağında, yəni həyata gəlməyin, onu dərk etməyin və bu dünyanı tərk etməyin reallığında "qu nəğməsi”nin ayrıca payı var və həyatın, mövcudluğun sonunu və ya sona doğru hərəkətini ifadə edir. İnsana məxsus olanların Yer planetinin bütün canlı və cansız sferaları üzrə paylaşdırılması dünyanın, yəni poeziyanın "ədalətli bölgü” prinsiplərinə uyğun şəkildə edilməlidir.  

               "gözlərinə çökür sarı,

                kor olur ayrılıqlardan, həsrətdən,

                bircə-bircə töküldükcə yarpaqları..”

Hər iki şeirdə "göz” məfhumu qabardılır və hər iki halda nəticə itkilərin, ayrılıqların, həsrətin, deməli, kədərin qaçılmazlığı və əbədiliyi haqqındakı məlumatın təsdiqindən ibarət olur. Birinci şeirdə adı "ayrılıqlar”, "həsrət” olan dərd -- insanı görməkdən məhrum edir, həyat və yaşamaq üçün yaradılmışları inkişafdan saxlayır; digər şeirdə isə göz yaşına səbəb olur. Göz yaşı, əslində, mahiyyəti insanın varlığı ilə üzə çıxan bu dünyanı "sularda qərq olmaqdan” qoruyub saxlayır. Göz yaşını su kimi içməyə öyrəşmiş yerüstü dünyanın özü böyük su ehtiyatlarına malikdir. İş belə gətirib ki, allahın sərçəsi də su üçün "göz”ümə göz dikibdir. Çünki "gur çeşmədi bəbəklərim, istəyirsən, qoşunla gəl”. 

Bu dünyanın ömrü onun halına ağlayan ən sonuncu canlı mövcud oluncaya qədər davam edir. Ağlayan yoxdursa, vay bizim halımıza. Dünya üçün ağlaya bilməsən, onu ağlar günə qoya, tar-mar edə bilərsən.  

Xalq və millət üçün ağlamağı, deyəsən, şair olanlar yaxşı bacarır. Öz ruhsal düşüncəsi ilə yer və göy həqiqətlərinə təmas etdiyi məqamda Sadayın bir qədər də radikal davranışı onun poeziyasındakı lirik qəhrəman obrazını daha aydın və parlaq boyalarla nümayiş etdirə bilir. Poeziya idrakın ən üst qatında öz işi ilə məşğul olur.

Çağdaş gerçək həyatımızda intellektuallıq baş kəsməkdən, cinayət törətməkdən o tərəfə keçə bilmir. İdrakın poeziya qatında göz yaşı xırda bir quşun da "diqqətini” cəlb edə bilir. Saday Şəkərli şeirində diqqəti cəlb edən məqamlar olduqca rəngarəngdir.

 

 Edebiyyat.biz