Pol Villard.

Pol Villard. "Məlumat bürosu, zəhmət olmasa!" (hekayə)

Mən balaca olanda atamın telefonu var idi. Bu tərəflərdə telefonu olan tək-tük ailələrdən idik. Divara bərkidilmiş o köhnə, üstü pardaqlı  qutunu yaxşı xatırlayıram. Bir tərəfindən par-par parıldayan dəstək asılmışdı. Boyum balaca olduğundan telefona əlim çatmırdı, amma tez-tez anamın onunla necə danışdığına tilsimlənmiş kimi qulaq asardım. Zamanla mən özüm üçün kəşf etdim ki, bu möcüzəli qutunun içində nəsə qəribə bir varlıq yaşayır və onu "Məlumat bürosu, zəhmət olmasa!” deyə çağırırlar. Yer üzündə elə bir şey yox idi ki, bu varlıq onu bilməsin. "Məlumat bürosu, zəhmət olmasa!”  vaxtı və bütün telefon nömrələrini dəqiq deyirdi. Mənim bu "şüşədəki cin”lə ilk təcrübəm anam qonşulara qonaq getdiyi gün baş tutdu.

Zirzəmidəki dülgər dəzgahını qurdalayırdım və təsadüfən barmağımı çəkiclə əzmişdim. Dəhşətli ağrı idi, amma ağlamağın mənası yoxdu, çünki, onsuz da evdə heç kim yox idi, mənə kimin yazığı gələcəkdi ki.

 

Zoqquldayan barmağımı ağzıma soxub evdə o baş-bu başa gəzə-gəzə gəlib pilləkanın yanına çatmışdım ki, budur, telefon! Cəld qaçıb qonaq otağından kətili götürdüm və onu pilləkanın yanına gətirdim. Telefonun dəstəyini götürüb qulağıma sıxdım: "Məlumat bürosu, zəhmət olmasa!”

Bir-birinin ardınca iki şıqqıltı gəldi və incə, təmiz səs qulağımda səsləndi: "Məlumat bürosudur”.

"Mən barmağımı zədələmişəm” - mən telefonda ağlamağa başladım. İndi, özümə dinləyici tapdığım üçün göz yaşlarımı rahatca axıda bilərdim.

"Anan evdə deyil məgər?” - sual səsləndi.

"Evdə heç kim yoxdur, mən təkəm,” - deyə zarıdım.

"Qan axır?”

"Yox,” - deyə cavab verdim. "Mən barmağımı çəkiclə əzmişəm və çox ağrıdır”.

"Bəs sən buz dolabını aça bilərsən?” - o soruşdu. Mən cavab verdim ki, bəli, bilərəm.

"Onda buz dolabından kiçik bir buz parçası qopart və yaranın üstünə qoy,” - səs dedi.

 

Bu hadisədən sonra mən hər dəfə bir bəhanə ilə "Məlumat bürosu, zəhmət olmasa!” adlı o qəribə varlığa zəng edirdim. Bir dəfə ondan mənə coğrafiyadan kömək eləməyini xahiş etdim və o, mənə Filadelfiyanın harda yerləşdiyini söylədi. Riyaziyyatdan ev tapşırıqlarımda əməlli-başlı kömək edirdi, bir gün əvvəl parkda tutduğum dələ haqda ona danışanda isə, onu qoz və meyvələrlə bəsləyə biləcəyimi söyləmişdi. Sonra bir dəfə, bizim bülbülümüz Piti öləndə mən yenə "Məlumat bürosu, zəhmət olmasa!”-ya zəng etdim və ona bu ürək parçalayan xəbəri çatdırdım. O, məni sonadək dinləyib böyüklərin uşaqları sakitləşdirmək üçün dedikləri o sözlərdən söyləmişdi. Ancaq mən sakitləşmək bilmirdim və ondan soruşdum ki: "Niyə belə olur axı? Məgər bu qədər gözəl  nəğmələr oxuyub evlərə sevinc bəxş edən quşlar günlərin bir günü bir yumaq lələk kimi qəfəsin küncündə ölmək üçün bu dünyaya gəliblər?” O, deyəsən mənim nə qədər narahat olduğumu hiss etmışdi və buna görə də sakitcə dedi: "Pol,yadında saxla; başqa dünyalar da mövcuddur və o dünyalarda da nəğmə oxumaq gərəkdir.” Bu sözlərdən sonra mən bir az özümə gəlmişdim.

 

Bir dəfə mən yenə ona zəng etmişdim: "Məlumat bürosu, zəhmət olmasa!”  "Məlumat bürosudur,” - dəstəyin o biri başında artıq mənə  tanış olan səs eşidildi.

- Fikus sözü necə yazılır?

 

*        *        *

 

Bütün bunlar Sakit okeanın şimal-qərb sahilində yerləşən kiçik bir şəhərdə baş vermişdi. Mənim doqquz yaşım olanda isə biz ölkənin ta o biri başında yerləşən Boston şəhərinə köçdük. Mən öz dostum üçün çox darıxırdım. Amma düşünürdüm ki, "Məlumat bürosu, zəhmət olmasa” adlı  varlıq yalnız əvvəlki evdə olan  o köhnə taxta qutuya aid ola bilər. Nədənsə, onu təzə evimizin zalındakı kiçik masanın üstündə yerləşən yepyeni, par-par parıldayan telefon aparatından yığmaq ağlıma gəlmirdi. Bu vaxt ərzində mən böyüyüb yeniyetmə olmuşdum, lakin uşaqlığımda qalan o söhbətlərin  xatirəsi bircə an da olsa, məni tərk etmirdi. Rahatsız və təlaş içində olduğum anlarda, o vaxtlar məni əhatə edən o hüzurlu asudəlik duyğusunu tez-tez xatırlayırdım. Və məhz o anlarda dərk edirdim: nə qədər xeyirxah, nə qədər səbrli və anlayışlı olmaq gərəkdi ki, öz zamanını balaca bir oğlana sərf edəsən.

 

Bir neçə il sonra mən kollecdə oxumaq üçün qərbə yola düşdüm. Təyyayə Sietldə yerə endi. O biri təyyarəyə minmək üçün hələ yarım saata qədər vaxt vardı. Bu şəhərdə yaşayan bacımla təxminən on beş dəqiqə telefonla danışdıqdan sonra, mexaniki olaraq, nə etdiyimi tam dərk etmədən öz doğma şəhərimin operatorunu yığdım və "Məlumar bürosu, zəhmət olmasa” deyə xahiş etdim. Bu inanılmaz idi, lakin illər sonra mən çox yaxşı tanıdığım o incə, təmiz səsi yenidən eşitdim: "Məlumat bürosudur.” Əslində heç nə soruşmağı planlaşdırmamışdım, amma qəfildən ağzımdan "fikus sözü necə yazılır?” kəlmələri çıxdı. Uzun bir sükutdan sonra dəstəyin o başından cavab gəldi: "Deyəsən, barmağın tamamilə sağalıb, hə?”

Mən güldüm. "Yəni bu doğrudanmı sizsiniz?” - deyə soruşdum. "Bir biləydiniz, bütün bu zaman ərzində siz mənim üçün necə böyük əhəmiyyət kəsb etmisiniz”. "Bilirəm,” – o dedi. "Sən də bilməlisən ki, zənglərin mənim üçün nə qədər vacib idi. Onları elə gözləyirdim ki. Axı mənim heç vaxt öz övladım olmayıb...”

 

Mən ona bu illər ərzində onu tez-tez xatırladığımı, onun haqqında düşündüyümü dedim, soruşdum ki, bacımgilə qonaq gələndə ona yenə zəng edə bilərəmmi?

Çox xahiş edirəm, zəng elə, - o dedi. Sadəcə olaraq, Sallini telefona istə.

Üç ay sonra mən yenə Sietlə gəlmişdim. Yenə həmin operatoru yığdım. Bu dəfə başqa səs cavab verdi. Mən ondan Sallini çağırmasını xahiş etdim. "Siz onun dostusunuz?” "Bəli, lap köhnə dostuyam,” - mən cavab verdim. "Çox təəssüflə söyləməliyəm ki,” - qız dedi: "Xəstə olduğu üçün Salli son beş ildir ki, yarımştat çalışırdı. O, beş həftə əvvəl vəfat etdi.”

 

Elə dəstəyi asırdım ki, qəfildən qız soruşdu. "Siz təsadüfən Pol deyilsiz ki?” "Bəli, özüdür”. ”Bilirsiz, Salli sizə məktub yazıb. İşdir, birdən  zəng vurub eləsəniz, onu  sizə oxumağımı xahiş eləmişdi”.

Məktubda deyilirdi: "Ona çatdırın ki, mən, bizim nəğmələrimizi gözləyən başqa dünyaların mövcud olduğuna hələ də möhkəm inanıram. O, mənim nəyi nəzərdə tutduğumu anlayacaq”. Mən o qıza təşəkkür edərək dəstəyi asdım. Sallinin nəyə işarə elədiyini anlayırdım.

 

 

 

Tərcümə: Dinar Həmidova