Qan Turalı. Körpüsalanlar.

Qan Turalı. Körpüsalanlar.

-Vətən deyir, bu körpülər on ildən sonra uçacaq
-Bilmirəm. Mən mühəndis deyiləm. Cəhənnəmə uçsun. Biz bu körpülərin nə altından keçəcəyik, nə də üstündən. (“Körpüsalanlar”dan bir parça).
Seymur Baycanın üçüncü romanı çapdan çıxdı. Adı “Körpüsalanlar” olan bu roman sözün bütün mənalarında günümüzün romanıdır. Romanda körpüsalanlardan söhbət gedir. Onların ağır həyatı, məişətini təsvir edən romanın əsas xüsusiyyəti heç şübhəsiz ki, realizmdir.

İllərdir bizə ədəbiyyat adında hakimiyyətin fiksasiyalarını sırıyan
60-cılardan fərqli olaraq, Seymurun qəhrəmanları hər gün qarşımıza çıxan adi adamlardır. Romantizmin “adilik sənətin ölümüdür” tezisini adi və diri qəhrəmanları ilə məhv edən Seymurun bu romanının da beyinlərdə illərdir kök atan qəlibləri yox edəcəyi, ən azı onları laxladacağı şəksizdir.

Onu da qeyd edək ki, Seymur əvvəlki romanlarından və hekayələrindən fərqli olaraq “Körpüsalanlar”da erotizmə mümkün qədər az yer ayırıb, bununla da romanı axmaq tənqidlərdən bir növ sığortalayıb.

Seymurun yazdıqları reallıq etibarı ilə hər nə qədər Azərbaycana aid olsa da onun müraciət etdiyi janr, daha dəqiq desək, romanın yazıldığı üslub bizim ədəbiyyatımız üçün yenidir. Mütailəsi kasad olan oxucunun bu romanı tənqid etməsi isə tamamilə başa düşüləndir.


Yeraltından roman

60-cı illərdən sonra dünya ədəbiyyatında mühüm yer tutan bu üslubun ümumi prinsipləri, konsepsiyası hələ tam şəkildə formalaşmasa da, onu “yeraltı ədəbiyyatı” adlandırırlar. Bu cür romanlarda həyatın alt qatlarında olan insanların həyat tərzi geniş şəkildə işıqlandırılır. Bu üslubun əsas cəhətlərindən biri də dağınıq xarakterli olması, baqa cür desək, süjetsiz olmasıdır. Dünya ədəbiyyatında Henri Miller, Çarlz Bukovski kimi tanınmış nümayəndələri bulunan bu üslubun əvvəllər də Maksim Qorki kimi çox populyar nümayəndəsi olub. Türk ədəbiyyatında isə bu janr şeir formasında Kiçik İsgəndərlə mövcud olsa da, onun nəsr forması hələ mövcud deyildir. Azərbaycan ədəbiyyatında isə bu üslub tamamilə yenidir.

Seymurun romanında bizim ədəbiyyat üçün tamam yeni olan güclü ictimai məzmun, sosial mahiyyət var. Biz bu cür romanları görmüşük. Lakin kifayət qədər bayağı və naşı şəkildə. Sovet ədəbiyyatının sonradan “vulqar sosializm” adlandırılıb XX qurultaydan sonra kəskin tənqid olunan mərhələsi saxta ictimai məzmun daşıyan, əslində isə siyasi pamfletlərdən ibarət olan romanlarla dolu idi.

Seymurun romanında isə aktyorların, müəllimlərin körpü tikintisində işləməsindən danışılır. Onlar bir-biri ilə araq masası ətrafında söhbət edirlər, belə demək mümkündürsə, boşboğazlıq edirlər. Lakin bu boşboğazlığın, bu sərxoş dialoqlarının alt qatında onların hər birini əzən ağır ictimai mühitə qarşı bir protest, bir etiraz mövcuddur. Seymur bunu naşılıqla etmir, tam əksinə, ictimai məzmunu yüngül dioloqlarla dilə gətirir. İnsanlar öz adi həyatlarını yaşayırlar, körpü tikintisində işləyir, yeyir, içir, sekslə məşğul olurlar. Lakin səhnə arxasında ictimai mühitin antihumanizminin, cəmiyyətin küll problemlərinin səsi eşidilir, anlayırsan ki, romanı əslində müəllif idarə etmir, romanın rejissoru səhnə arxasındakı Diktatordur, Seymur isə olsa-olsa, yaxşı tamaşaçıdır.

Bu romanı oxuduqca mənim yadıma onlarla roman düşdü. Əkrəm Əylislinin çox dəqiq sözlərindən biri belədir: ”Yaxşı roman budur ki, çox əsəri xatırladır, amma onların heç birinə bənzəmir”. Adi dialoqların arxasında əsl günahkarı, hakim siyasi sistemi günahlandırmağı bacarmaq mənim yadıma Remarkı saldı: “Zəfər tağı”, “İnsanları sevməlisən” romanlarında qaçqın düşən insanlardan danışır, onların yemək, sığınacaq uğrunda mübarizəsindən danışır, amma sən arxada Avropanın faşizm bəlasını, burjua cəmiyyətinin antihumanist miqrasiya qanunlarını görürsən.

Pessimizm ictimai ovqat kimi

Seymurun romanını oxuyanlar ilk növbədə romanın öldürücü pessimizmindən danışırlar. Pessimist ovqatı romana ilk növbədə cəmiyyətdən gəlir. Bu günlərdə səssiz-sədasız 20 illiyini qeyd etdiyimiz Milli Dirçəliş günlərində insanlar gələcəyə nə qədər ümidli idilər. Qarabağ problemi bir cəhdlə həll olunacaqdı, Azərbaycan dünyanın ən gözəl, ən firavan ölkələrindən birinə çevriləcəkdi, demokratiyası, azadlığı ilə İsveçə, Norveçə bənzəyəcəkdi. Amma bütün bunlar olmadı, əvəzində yüzlərlə adam həbsxanalara atıldı, yorğun demokratlara çevrildi, milyonlarla adam Rusiyaya mühacirət etməyə məcbur oldu, ölkədən güclü beyinlər axıb getdi, cəmiyyəti pessimist ovqat əhatə etdi.

Bu gün yaşlı nəsillər öz ideallarını itiriblər, uduzublar, inqilabçılar “sərxoşlara” çevriliblər, fədailər fərari olublar, hamı dolanışıq dərdindədir. Bütün bunları görən gənc nəsil üçün “xoşbəxt gələcək” ideyası mənasız zarafat, acı istehzadır. Hər şeyin gözlər önündə məhv olub getdiyini görən insana heç nə ilə təsəlli vermək mümkün deyil.

Seymurun romanındakı pessimist ovqat, qəhrəmanın sonda intihar etməsi də reallığın diqtəsidir. Ruslan sonda ölməli idi. Romanda Ruslanın intiharı kifayət qədər əsaslandırılmır, buna heç ehtiyac da yox idi. Çünki romanın ilk səhifələrindən özünü biruzə verən ictimai pafos getdikcə qüvvətlənir, sonda isə o qədər güclü olur ki, Ruslanın intiharı da bu ictimai dəhşətlərin təsdiqinə çevrilir.

Pessimist ovqatı da anlamaq olar. Təki o reallığın diqtəsi olsun. Amma bizdə indiyə qədər belə deyildi. Bizimkilər hər nə qədər sosialist ölkəsində yaşasalar da burjua kədəri yaradırdılar. Bu kədərin ayaqları yerdən üzülmüşdü, bu kədəri həyatın özünə heç bir dəxli yox idi. Azərbaycan ədəbiyyatında, xüsusilə poeziyasında kədər motivləri həddindən artıq çoxdur, lakin ümumilikdə götürəndə bu kədər mənasız kədərdir. Seymurun romanındakı pessimizm isə ictimai ovqatdır, həm də buna görə Seymurun romanı qiymətlidir.


Sol ovqat

Seymurun romanı haqqında danışanlar romandakı sol təmayülü vurğulayırlar. Proletariatın təsvir edilməsi heç də o demək deyil ki, roman tamamilə sol romandır. Romanda kapitalizmə qarşı çox güclü nifrət duyulur, Akkord şirkəti, Colgate, Coca-Cola şirkətlərinə qarşı güclü aqressiya özünü göstərir. Lakin romanda sol inqilabı çıxış yolu kimi göstərilmir. Daha dəqiq desək, “yeraltı” romanların ideologiyadan uzaq küləyi bu romanda da əsir. Məzmun etibarı ilə postmodernizmə yaxın olan “yeraltı ədəbiyyatı” bütün ideologiyaların əleyhinədir. Seymur bu romanda kommunizmin xilas yolu olmasını demir, lakin özünün sol ovqatı, sol dünyagörüşü bu romana təsirsiz ötüşməyibdir.

Romanda hadisələr iki süjet üzrə gedir. Süjetlərin birində körpüsalanlardan danışılır, o biri süjetdə isə Latın Amerikası serialları gedir. Burda da Seymur reallıqla xəyalini qovuşdurur, əslində bu iki süjet bir-birinə nə qədər əks qütblərdə dayansalar da, körpüsalanlar, ümumilikdə xalq bu teleseriallara baxır və belə demək mümkündürsə, onlarla təsəlli tapır. Latın Amerikası teleseriallarını türk teleserialları ilə əvəzləmək də olardı, bu əslində günümüzlə daha çox səsləşərdi, lakin görünür müəllif qütblər arasındakı uçurumu daha dəqiq göstərmək istəyib.

Romanla bağlı iradlarım var. Birincisi, romanın lap əvvəlinə ağır monoloqların salınmasıdır. Belə ki, aktyorluq fakultəsinə imtahan verən Ruslan Peçorinin (Lermontov, Zəmanəmizin qəhrəmanı), Kontrabasçının (Patrik Züskind, Kontrabasçı), Biləgənli Elxanın (Cəfər Cabbarlı, Od gəlini), İvan Dimitriçin (Çexov, 6-cı palata) monoloqlarını deyir. Bunlar da romana oxucunun girməsini bir az çətinləşdirir.

Başqa bir iradım isə dialoqlarla bağlıdır. Seymur çox gözəl dialoqlar yazır, bunlara söz yox, lakin bu dialoqlar məncə kifayət qədər aforistik səciyyə daşıyır. Düzdür, romanın qəhrəmanları mənşə etibarı ilə ziyalalılardır, lakin bütün bunlar bu qədər sərrast və konkret danışmağa əsas vermir.

Seymurun malik olduğu güclü faktura bəzən romanın ipini əlində saxlamağa mane olur. Ona görə də bəzən insanlardan söhbət açarkən bunları ümumi süjetə gərgin pərçimləməyə gərək duymur, eləcə təsadüfi tanışlıqdan sonra adamın həyat hekayəsi başlayır. Adi oxucu üçün bunlar bir az çətin qavranıla bilər.

Lakin Seymur ortaya çox ciddi roman qoyub. Əvvəlki romanlarından fərqli olaraq bu romanda ictimai məzmun, problemin qoyuluşu kifayət qədər güclüdür.

“Oxumağa bir şey yoxdur”, “Gənclər ortaya heç nə qoymayıb” deyənlərin nəzərinə: Bu romanı oxuyun, sonra söhbət edərik.