Rəbiyyə Bəsri kimdir?
Araşdırma
- 28.08.2013
- 0 Şərh
- 2359 Baxış
"Rəbiyyə Bəsri: Təsəvvüf və Onun Müqəddəs Yolçuları”
Müəllif: Marqaret Smis
Mən Ona iki sevgiylə bağlanmışam: biri xudbin, digəri Ona layiq.
Xudbin sevgidə mən Onu hər şeydən kənarda zikr edib ancaq özümlə məşğul oluram.
Ona layiq sevgidə isə O Özü əsrar pərdələrini qaldırır ki, mən Onu görə bilim.
Hələ mən nə buna, nə də o biri eşqimə görə tərifə layiq deyiləm.
Amma hər iki halda həmd və səna Ona olsun.
İslam tarixində müqəddəs qadınlar erkən dövrlərdən meydana çıxmışlar. Mömin təriqətlərin təkamülündə müqəddəslik məqamından danşılarkən qadınların rolu kişilərlə eyni dərəcədə qeyd edilir. Ümumiyyətlə, islam təsəvvüfündə "Allah dostları” sırasına daxil olmaq üçün cinslərarası tamamilə bərabərlik var idi.
Mistizmin (sufizm) islam çərçivəsində inkişafı müqəddəslik məqamına çatmaq üçün qadınlara böyük imkanlar verirdi. Ümumiyyətlə, istənilən sufi yolçusunun məqsədi İlahi vəhdətə qovuşmaq idi. Belə vəhdaniyyətdən sonra sufi maddi dünyadan imtina edir, mənini dünyəvi arzularından təmizləyir, Allahın eşqi ilə "alışıb yanır”, səmavi şüura yüksəlib Tanrının Camalını dərk edirdi; Canan ilə birləşərək Ona əbədi sadiqlik göstərirdi.
Aşiq ilə Mövla arasındakı belə əlaqə konsepsiyası cinslərarası fərqə yer qoymurdu. Ruhani həyatın mahiyyətində nə qadın, nə də kişi fərqi var. Hər kəsi Allah eyni dərəcədə möminliyə çağırmışdır ki, Dəvəti qəbul edib Onunla vəhdətə gəlsinlər. Kimlər Ruhani Yolu izləyib Vəhdətə qovuşursa, onlar mömin varlıqlara çevrilib Allah qatında öz layiqli dərəcələrinə maddi dünyada ikən belə çatırlar.
Əttar möminliyin kişilərdə olduğu kimi qadınlarda da eyni dərəcədə təzahür etdiyini təsdiqləyərək yazırdı: "Müqəddəs peyğəmbərlərin hamısı bildirmişlər ki, "Allah sənin xarici əndamına nəzər salmır”. İlahi məqamda zahiri görünüş deyil, qəlbin gizli niyyəti əhəmiyyət daşıyır, necə ki Peyğəmbər demişdir: ”Qiyamət günündə insanlar Rəbbin qarşısına qəlblərindəki niyyətləri üçün toplanacaqlar”. Həmçinin Abbas Tusi bu xüsusda belə yazır: "Ölülərin dirilməsi günü bütün çağırışçılar bir-birindən öndə gedəcəklər. Ey insanlar, o insan izdihamının ön cərgəsində duran və cənnətə daxil olan ilk şəxs qadın, Məryəm olacaq, Allahın salamı olsun ona...” Möminlər arasında qadınların kişilərlə eyni dərəcədə əhəmiyyət daşımasının ən yaxşı izahı bu ola bilər ki, Allahın Birliyi məsələsinə sufilərin bütün hallarda ayrıca yanaşmaları olmamışdır. Mistizmə əsasən, Vəhdətdə "mən” və ya "siz”dən bir şey qalmır. Belə olan vəziyyətdə "kişi”, yaxud "qadın”, bir sözlə, dualizmin, ziddiyyətin mövcudluğu necə davam edə bilər? Bundan başqa, Əbu Əli Fərmazi deyirdi: "Peyğəmbərlik gücün, əzəmətin mahiyyəti və varlığıdır. Üstünlük, tam dəyərə malik olmama, aşağı dərəcə, bir sözlə, fərqlilik onda mövcud olmur. Şübhəsiz, səmimi möminlik də belə olur”.
Deməli, möminlik hüququ qadınlara həm də kişilərlə bərabərliyi bəxş etdi. Yarandığı dövrdən etibarən İslam dinində keşişlik (ciddi qaydalarla tənzimlənən ruhanilik), yaxud da keşiş kastası ilə bağlı hər hanısa bir göstəriş olmamışdır. Ona görə də müsəlman möminləri iyerarxiyasında ən yüksək zahid dərəcəsinə çatmaq üçün müsəlman qadınlara əngəl olacaq hansısa maneə, buxov yox idi. Bir çox ilahiyyatçılar Peyğəmbərin qızı Xanım Fatiməni sufi yolunun birinci Qütbü (mənəvi başçısı) adlandırırlar. Qütbdən bir pillə aşağıda nailiyyəti digərlərindən seçilmiş dörd "Əvtad” dayanır. Onlardan aşağıda, iyerarxiyanın növbəti cərgəsində isə dünyanın dayaq nöqtəsi və bəşərin işlərini düzüb-qoşan qırx "Abdal” və ya müavinlər gəlir. Cami belə nağıl edir ki, mömin birinə: "Abdal necə olur?” – deyə sual verirlər. O cavabında söyləyir: "Qırx qəlb”. Ondan nə üçün: "Qırx kişi”, – demədiyinin səbəbini soruşanda isə deyir: "Onların arasında axı qadınlar da olmuşdur”.
Müsəlman möminlərin Əbu Nuaym, Fəridəddin Əttar, İbn əl-Yəvzi, Cami, Xaliqxan və başqa bu kimi bioqraflarının, demək olar ki, hamısı qadın sufilərin mömin güzəranı, onların yaxşı əməlləri və kəramətləri haqqında bu və ya digər şəkildə söhbət açmışlar. Bu mömin qadınların ruhani təlimləri öz təsir gücünü həm onların həyatları ərzində, həm də ölümlərindən sonra itirməmişdir. Sufi qadınların həyatı heç də rahat keçməmişdir. Faktlarla təsdiqlənir ki, ortodoks müsəlman ruhaniləri sufi hərəkatına qarşı çıxmış, belə mömin qadınları və onların mənsub olduqları məzhəbləri sərt şəkildə tamamilə rədd etmişlər.
Bütün bunlara rəğmən, sufi qadınların ali məqamına hələ Məhəmməd peyğəmbərin zamanındakı erkən mistiklər, ruhani məqamda birinci yeri qadına verməklə və həmin qadını İslamda mistizmin ilkin təmsilçisi seçməklə şəhadət vermişlər. Bu müqəddəs, əl-Ətikin köləlikdən azad etdiyi qadın, Rəbiyyə olmuşdur. Rəbiyyə, Qeys bin Adi qəbiləsindəndir. Bu səbəbdən də o həm Ədəviyyə, həm də Qeysiyyə kimi tanınır. Doğulduğu yerlə əlaqədar olaraq ona əl-Bəsriyyədə deyilir. Müasir yazıçılardan biri Rəbiyyə haqqında belə qeyd edir: "Rəbiyyə Sünnü agioqrafiyasının ən üstün mömin portretidir”. Rəbiyyənin əsas bioqrafı Əttar onun barəsində bu cür yazmışdır:
"Tək-tənha ibadətin qüdsiyyətilə yoğrulmuş o qadın səmimi dindarlığın örtüyünə bürünmüşdü. Sabit niyyəti və sevgisinin tükənməz atəşilə o, Mövlasına yaxınlaşmaq, Onun əzəmətiylə nurlanmışlardan olmaq istəyindən alışıb-yanırdı. İlahi vəhdətdə özünü tamamilə əritdinə görə o, kişilər tərəfindən ikinci, ləkəsiz Məryəm kimi qəbul edilmişdir. O qadın, Rəbiyyə əl-Ədəviyyədir, Allahın ona salamı olsun. Birisi soruşsaydı ki, onun adını nəyə görə kişilərlə birlikdə çəkirsən, o zaman deyərdim ki, Allah üçün zahiri görkəmin əhəmiyyəti yoxdur. Əgər sədaqətli Ayişəni inam dünyamızın üçdə ikisi kimi qəbul etmək caizdirsə, demək onun davamçısı olan birisini – məsələn, Rəbiyyə və başqalarını – da müqəddəslik mücəssəməsi kimi qəbul etmək mümkündür. Qadın kişi təki Allahın yolu ilə gedirsə, belə halda o, qadın adlandırıla bilməz”.
Nisbətən sonrakı bioqraf, əl-Münəvi Rəbiyyə haqqında deyir:
"Rəbiyyə əl-Ədəviyyə əl-Qeysiyyə Bəsri müqəddəs qanunu Allah xofuyla və səylə izləyən mömin xanımların başçısı, rəhbəridir. Rəbiyyə mərifət və mərhəmət təcrübəsində misilsizdir”. Bir neçə tanınmış müqəddəs qadınların adlarını çəkdikdən sonra o (yəni əl-Münəvi – tərc.), qeydlərinə belə davam edir: "Onlar arasında Rəbiyyə Allaha tükənməz sədaqəti, zahiri ibadətində isə mükəmməl rahiblik və saflığı ilə ən məşhurudur”.
Təəssüflər olsun ki, xanımın tərcümeyi-halını müfəssəl şəkildə əks etdirən, ən əsası isə, onun dövrünə yaxın zamanda yaşamış müəllif yoxdur. Rəbiyyənin erkən həyatı ilə bağlı hesabat xarakterli materiala ancaq Rəbiyyədən dörd əsr sonra yaşamış Əttarın "Müqəddəslərin xatirəsi” əsərində rast gəlirik. Lakin onun (yəni Əttarın – tər.) Rəbiyyə haqqında söylədiklərinin çoxsu sadəcə əfsanə kimi qiymətləndirilə bilər. Hərçənd Rəbiyyənin adına çıxılan, əksər hallarda tamamilə real zəminə əsaslanmayan rəvayətlər tarixi faktlarla təsdiqlənməsə də, amma onun şəxsiyyəti xüsusunda az-çox təəssürat yaradır və ondan sonra yaşayanların, habelə onun şöhrəti haqqında eşidənlərin Rəbiyyəyə verdikləri dəyəri göstərir.
Rəbiyyə təxminən hicrətin 95 və ya 99-cu ilində (miladi 717-ci il) ömrünün böyük hissəsini orada keçirdiyi Bəsrə şəhərində anadan olub. Əttarın dediyinə görə, o çox yoxsul bir ailədə dünyaya gəlib (Bunun əksinə isə müasir müəlliflərdən biri (M.S. müəllifin adını göstərmir – tərc.) Rəbiyyənin yoxsul deyil, Bəsrənin zadəgan ailələrindən birinə mənsub olduğunu yazır). Deyilənə görə, hətta onun dünyaya gəldiyi vaxt möcüzəli hadisələr baş vermişdir. Əttar bizə nağıl edir ki, doğulduğu gecə evdə nə çıraq üçün yağ, nə də təzəcə doğulmuş çağanı bələmək üçün parça var idi. Atasının artıq üç qızı olmuşdu, buna görə də yeni doğulmuş çağa qızı Rəbiyyə, yəni dördüncü adlandırdılar. Həmin gecə ana ərindən xahiş etdi ki, getsin qonşudan heç olmasa çıraq üçün yağ istəsin. Lakin o, məxluqatdan (əsl sufi öz ehtiyacını qarşılamaq üçün ancaq Allahdan istəyən, Ona möhtac olandır deyə) bir şey istəməyəcəyinə and içmişdi. Bu səbəbdən də evə əliboş qayıtdı. Uşağın azuqə və təminatını qarşılaya bilmədiyindən mütəəssir olmuş ata elə qayıdan kimi məyus halda yatağına girdi. O, yuxuda Məhəmməd peyğəmbəri gördü. Məhəmməd peyğəmbər ona dedi: "Təzəcə doğulmuş bu qız üçün kədərlənmə, o böyük müqəddəslərdəndir. Onun himayəsi mənim ümmətimin yetmiş mini tərəfindən arzulanacaq”. Peyğəmbər daha sonra dedi: ”Sabah Bəsrə Əmiri İsa Zadana məktub göndər. Ona xatırlat ki, o hər gecə adəti üzrə mənə adi günlərdə yüz, cümə günlərində isə dörd yüz rükət namaz qılır. Lakin bu cümə o məni yaddan çıxarmış, ibadətini yerinə yetirməyi unutmuşdur. Tövbə etməsi üçün ona denən ki, sənə qanunla tələb olunan dörd yüz dinar verməlidir”.
Rəbiyyənin atası göz yaşları içərisində yuxudan ayıldı. O, yerindən qalxdı, Əmirə deyildiyi kimi birbaşa məktub yazıb göndərdi. Əmir məktubu oxuyandan sonra dedi:
"İki yüz dinar yoxsullara sədəqə paylayın, ona görə ki, Peyğəmbər mənim içimdə, demək, mənimlə vaxt keçirmişdir. Dörd yüz dinar da o Şeyxə verib deyin ki, mən onu görmək arzusundayam, bura gələrdimi? Amma belə bir adamın mənım hüzuruma gəlməsi yaxşı deyil. Deyin ki, mən özüm gəlib saqqallımı onun evinin kandarına sürtəcəyəm”.
Xoş əlamətli yuxarıdakı hadisəyə baxmayaraq, Əttar qeyd edir ki, sonralar ailə kəskin bədbəxtliklərlə üzləşdi. Rəbiyyə kiçik yaşlarında ikən atası və anası vəfat etdilər. Ailə başsız qaldı. Bəsrəni cənginə almış aclıq isə bacıların hərəsini bir tərəfə atdı.
Günlərin birində Rəbiyyə tək-tənha başqa bir ölkəyə köç edib piyada gedərkən quldurlardan biri yolda onu yaxalayır. Quldur Rəbiyyəni əsir götürüb onu altı dihrəmə kölə kimi satır. Rəbiyyəni satın almış kişi gecə-gündüz onu işləməyə məcbur edirdi. Bir gün qəribə birisi (Rəbiyyə onun üzünü görmürdü) ona yaxınlaşdı. Rəbiyyə ondan qaçmağa çalışsa da, bu mümkün olmadı. O büdrəyib yola yıxıldı. Rəbiyyə cəld əyilib alnını torpağa qoyaraq dedi: "Ey Ağa, mən ata-anasız bir yetiməm, qərib qulluqçuyam. Özüm istəmədən köləliyə məcbur edilmişəm. Buna görə dualarım korlanır. Məni vəziyyətimin ağırlığı kədərləndirmir, yeganə arzum Səni razı salmaqdır. Mən səbirsizliklə bilmək istərdim ki, görəsən, Səni peşəm qane edirmi, yoxsa yox?” Sualına cavab olaraq Rəbiyyə həmin üzü niqablı yad birisindən bu sözləri eşitdi: "Məyus olma, qiyamət günü hətta Allaha ən yaxın cərgədə duranlar belə sənə paxıllıq edəcəklər”.
Bu vaqiədən sonra Rəbiyyə ağasının evinə qayıtdı: gündüzləri aramsız oruc tutdu, ağasının müəyyənləşdirdiyi tapşırıqları yerinə yetirdi, gecələri isə səhərədək ayaqları üstündə durub Allaha ibadət etdi. Bir gecəyarısı ağası yuxudan oyanıb evin pəncərəsindən aşağıya baxarkən səcdə halında olan Rəbiyyəni gördü. Rəbiyyə Allaha belə dua edirdi: "Ey Mövla, Sən yaxşı bilirsən ki, qəlbimin bircə istəyi var: Sənə itaət etmək. Hətta gözlərimin nəzəri belə Sənin hökmünə müntəzirdir. Əgər cismim istirahətə ehtiyac duymasa idi, Sənin xidmətində durmaqdan özümü bir saat müddətinə də məhrum etməzdim, amma Sən məni varlığa tabe olmağa hökm vermisən”. Rəbiyyə ibadətinə davam etməkdəydi. Bu əsnada ağası onun başı üzərində dayaqsız dayanan dizlər gördü və bütün ev bir andaca nura qərq oldu.
Xristian möminlərində ilahi nuru göstərmək üçün işlədilən halə (halo) sözünə tamamilə uyğun gələn və burada keçən müsəlman möminlərinin nuru və ya səkinəsi (səkinə ibrani dilindən alınmış "şekinə” sözündəndir, mənası Allahın məhrəmliyini göstərən dumanlı şəfəqi ifadə edir) sözləri sufi bioqrafiyalarında tez-tez rast gəlinir.
Rəbiyyənin ağası bu qəribə mənzərəni görəndən sonra bərk qorxuya düşdü. O hövlank yerindən qalxıb otağına çəkildi. Yatmayıb səhərə qədər götür-qoy etdi. Dan yeri ağaranda Rəbiyyəni yanına çağırdı. Onunla mehribancasına danışıb artıq qulluqdan azad olduğunu söylədi. Rəbiyyə burdan çıxıb getməsi üçün icazə istədi, ağası da ona izn verdi. Və Rəbiyyə oranı tərk edib səhraya üz tutdu. Uzun müddət səhrada qaldıqdan sonra o, bir hücrəyə sığınıb orada özünü tamamilə ibadətə həsr etdi. Digər bir mülahizəyə əsasən, Rəbiyyə köləlikdən azad olunduqdan dərhal sonra neydə ifa etmək qabiliyyətinə yiyələnmək üçün (ney musiqi aləti sufizmdə mistik ibadətin ayrılmaz məqamlarından hesab olunur – tərc.) bir müddət kiminsə yanında şagird olmuş, daha sonra isə özünü orada tamamilə ibadətə həsr etdiyi xanəgahı tikmişdir.
Ömrünün bu dövrünə aid digər rəvayətlərin birində onun həcc ziyarətini yerinə yetirmək qəsdiylə yola çıxmasından söhbət açılır. Nəql olunur ki, əşyalarını daşımaq üçün bir ulağı var imiş. Səhranın ortasında ulağ qəfildən ölür. Karvandakı adamlardan bir neçəsi deyir ki, qoy yükünü Məkkəyədək biz aparaq. Rəbiyyə cavab verir ki, yolunuza davam edin, mən yardım üçün sizə möhtac deyiləm, imanımı da Allaha bağlamışam, Onun yaratdıqlarına deyil.
Beləliklə, hamı sakitcə çıxıb gedir və Rəbiyyə tək-tənha qaldıqdan sonra səcdəyə düşüb belə dua edir: "Ey Uca Yaradan, qərib və zəif olan bu qadına rəhmin gəlsin. Eşqinin şövqüdür ki, məni Sənin evinə, Kəbəyə çağırır. Amma yolun ortasında Sənin hökmündən ulağım ölmüş, özüm isə səhrada yalqız qalmışam”.
Ulağ silkinib qalxdığı üçün o, duasını güclə tamamlayır. Rəbiyyə ulağı yükləyib yoluna davam edir. Bu hekayənin rəvayətçisi sonralar həmin balaca ulağın bazarda satıldığını öz gözləriylə gördüyünü söyləyir.
Başqa bir rəvayət isə bizə səhranın dərinliklərində bir neçə gün qalmış Rəbiyyənin nəyi arzuladığından və etdiyi duasından danışır: "Ey Mövla, qəlbim çaşıb burda qalıb ki, mən haraya gedirəm? Yox, mən getmirəm, yer gedir. O ev (yəni Kəbə) mənə görə ancaq daş yığınıdır. Bu kimsəsiz yerdə Özünü mənə göstər”. Beləcə Rəbiyyə o qədər dua edir ki, axırda Uca Allah heç bir vasitə olmadan, birbaşa onun qəbi içərisində onunla danışır və belə deyir: "Ey Rəbiyyə... Musa Mənim Üzümü görmək müştağı olanda Öz Əzəmətimdən çox cüzi bir zərrəciyi Sinay dağının üzərinə saldım. Dağ qırx yerə parçalandı. Burada ancaq Adlarımla kifayətlən”.
Ayrı yerdə isə deyilir ki, Rəbiyyə Məkkəyə gedərkən yolun yarısında bir də görür ki, Kəbənin özü onunla görüşməyə gəlir. Bu əsnada xanım söyləyir: "Mənə bu evin Sahibi gərəkdir, evi neynirəm? Mən O Kəslə görüşmək diləyindəyəm ki, O belə demişdir: ”Kim Mənə bir qarış yaxınlaşsa, Mən ona bir arşın yaxınlaşaram”. Gördüyüm Kəbənin üzərimdə heç bir hökmü yoxdur. Kəbənin gözəlliyi mənə hansı sevinci bəxş edə bilər ki?!”
Rəbiyyənin bioqrafları belə rəvayətlər ilə onun Allah qatında necə sevimli birisi olduğunu göstərmişlər. Əlaqədar rəvayətlərin birində isə göstərilir ki, İbrahim ibn Azam adlı birisi hər addımında iki rükət namaz qıldığı üçün Kəbəyə on dörd ilə gəlib çıxır və onu yerində görmədikdə deyir: "Vaxsey, görəsən nə baş verib? Bəlkə, gözlərim xarab olub”. Qeybdən gələn bir səs ona deyir: "Gözlərinə heç bir şey olmayıb. Kəbə bura yaxınlaşmaqda olan bir qadını qarşılamağa gedib”. Bütün bədəni qısqanclıqdan ehtizasa gəlmiş İbrahim: ”Doğurdan, o kimdir ki elə?” – deyə-deyə göstərilən səmtə qaçıb Rəbiyyənin gəlib çatdığını görür. İbrahim elə bu zaman Kəbənin də öz yerinə qayıtmasının şahidi olur. O, Rəbiyyəyə tez belə deyir: "Ey Rəbiyyə, bu çaxnaşma, əzab və fitnə-fəsadı törədib dünyanı narahat etməkdən çəkinmirsənmi?” Rəbiyyə isə ciddiyyətini pozmadan ona bu cür cavab verir: "Mən düyaya çaxnaşma, fitnə-fəsad salmamışam. Əslində bunları törədən sənsən. Ona görə ki, Kəbəyə gəlib çıxmağı on dörd il təxirə salmısan”. İbrahim onunla razılaşmadan dillənir: "Hə, nə olsun ki, mən səhranı namaz qıldığımdan on dörd ilə keçmişəm”. Rəbiyyə bir qədər susduqdan sonra sükutu pozur: "Bəli, düz deyirsən, sən namazı sadəcə təqlid etmisən, amma onu niyazla qılmamısan”. Həcc ziyarətini yerinə yetirdikdən sonra Rəbiyyə Bəsrəyə qayıdıb həyatını ibadətə həsr etməklə ömrünü başa vurur.
Beləliklə, həyatının erkən çağları ilə bağlı yalnız əfsanəvi rəvayətlərin günümüzə gəlib çatmasına baxmayaraq, bu rəvayətlər maddi dünyadan tamamilə imtina edən, özünü Uca Rəbbin qulluğuna həsr etmiş və cəsarətlə mistik Yolda ilk addım atmış sufi qadın – Rəbiyyənin müqəddəs varlığı haqqında bizdə hardasa dolğun təəssürat yaradır...
"Rabi’a Basri: The Mystic and Her Fellow-Saints”,
by Margaret Smith
Kult.az üçün çevirdi: Elmar VÜQARLI
e-mail: [email protected]