Rəhim Əliyev. Sözün dörd bildirənlik funksiyası

Rəhim Əliyev. Sözün dörd bildirənlik funksiyası


1.1. X1X əsrə qədər sözlər məna daşıyan dil vahidi sayılırdı. Sözün mənası da onun maddi dünyaya aid olması ilə bağlanırdı. Sayılırdı ki, yazılı və şifahi söz mənaların daşıyıcısıdır. Söz şəklin və mənanın vəhdətidir, söz və məna ayrılmazdır. Məsələn, lüğətlərdə sözlər ona görə toplanırdı ki, adamlar ordan sözlərin bütün mənalarını öyrənsinlər.

 

1.2. X1X əsrdə sözün işarə olması haqqında nəzəriyyə yarandı. İşarə– bildirdiyi şeylə birbaşa bağlı deyildir, ixtiyarıdır. Məsələn, tac– şahlıq işarəsidir. Şah öləndə onu oğlu başına qoyur, ondan sonra üçüncü adam başına qoyur və s.. Yəni tac bir işarə kimi çoxlu adamın şah olmasını bildirən işarə ola bilər. "Baş” sözünü işarə kimi götürsək, onun əlliyə qədər müstəqim və macazi mənanı bildirdiyini görürük. Bilmədiyimiz sözləri eşidəndə onlar bizdə məna yaratmır. Deməli, söz və məna vəhdət təşkil etmir.


1.3. Sözün işarə təbiəti ilə onun yeni formulu ortaya çıxdı: söz= bildirən+ bildirilən. Bildirən- sözün yazılı və ya eşidilən şəklidir. Bildirilən- oxunan (görülən) və eşidilən sözün yaddaş tərəfindən tanınandan sonra başda yaratdığı xatırlama prosesidir.


1.4. F. Sössür sözlərin bildirənlik potensialını izah etməyə çalışıb. O, bu potensialın dil işarələrinin o biri dil işarələri ilə münasibətlindən doğduğunu qeyd edir. Lakin bu münasibət kitabda, mətndə, mücərrəd məkanda deyil. Sözün bildirənlik potensialı ancaq söz işarələrinin yaddaşdakı qarşılıqlı münasibətindən doğur. Sözün bildirdiyi, onun bildirənlik xassəsinin reallaşması psixi bir prosesdir, yaddaş prosesidir.

 

1.5. Lakin sözün bildirənlik potensialı dil işarələrinin münasibətindən doğa bilməz. Niyə? Ona görə ki, dil işarələrinin özlüyündə məna daşıması yoxdur və biz bunu 1.2.-ci paraqrafda qeyd etdik. Sözün bildirənliyi onun işarə olmaq xassəsindən gələn potensialdır. Sözün 1/ bildirənliyi yaddaşın onu tanıma xassəsindən doğur. Yaddaşda 2/ məna prosesinin yaranması isə eşidilən sözün yaddaşda müvəqqəti rabitələr zəncirini (İ.Pavlov) aktiv etməsidir. Yaddaşdaki bütün tanına bilən vahidlər o biri vahidlərlə bağlıdır. Məsələn, biz: ağac, budaq, yarpaq, meyvə sözlərindən birini eşidiriksə, mütləq yaddaşda o biri üç söz də az-çox aktivləşir. Bütün sözlərin və yaddaş vahidlərinin yaddaşda belə "ekizləri” var. Yaddaşda mənanın yaranması– ekizlərin, müvəqqəti rabitə zəncirinin aktivləşməsidir, yaddaşda gedən tanıma və xatırlama prosesi kimi ortaya gələ bilir.


1.6. Beləliklə, sözün bildirdiyi, "yaratdığı” məna – yaddaş prosesi və yaddaş obrazıdır. Yəni başdaki saysız-hesabsız yaddaş vahidləri arasında rabitə zənciri yaradır. Bu zəncirdə isə dünyanı bildirmə, onun virtual obrazını yaratma iddiası olur: onu obraz, hökm, əmr, xəbər, nəzəriyyə, teorem və s. formasında aydınladır. Deməli, hər bir yaddaş obrazı və yaddaş vahidi dünyanı bildirmə, aydınlatma potensialı və funksiyası daşıyır. Xatırladaq ki, hələ rus dilçisi və filosofu A.A.Potebnya (1835-1891) poetik sözün səslənməsi və mənası ilə yanaşı obraz olmaq qabiliyyətini də qeyd edirdi. Ona görə biz yaddaş vahidlərini yaddaş obrazı adlandırırıq.

 

2.1. Yaddaş obrazı nədir? Bunu daha ətraflı araşdırmaq gərəkdir, ona görə ki, sözlər onların sayəsində 1/ tanınır, 2/ bildirənlik potensialını reallaşdırır, 3/müxtəlif yaddaş həcmini yaradır. Deməli, sözdən əvvəl yaddaş obrazı olmalıdır və olubdur. Məhz yaddaş obrazı dilin sözdən əvvəlki bünövrəsidir. Ona görə ki, yaddaş obrazları beyindən kənara aid nəyinsə işarəsidir. Nəyinsə özü deyil, çünki şey beyinə girib orda yerləşə bilməz.


2.2. Yaddaş obrazı beyinə hiss üzvləri vasitəsi ilə daxil olan siqnallardan qalmadır. Bunlar saysızdır. Lakin beyin bunların bir hissəsini təkrar-təkrar duyub, görüb-eşitmə sayəsində tanıyır. Tanıma– beyinə gələn minlərlə siqnalın içində bəzilərini o birilərdən fərqləndirmə bacarığıdır. Fərqləndirmə – bir tərəfdən bir şeyi o biri ilə bağlamaqdır, o biri tərəfdən ayırmaqdır. Ayırmaq da elə bağlamaqdır, sadəcə birindən ayrıma o birinə daha rahat bağlama üçün olur. Buna təcrid, abstraksiya da deyirik. Şeyin bir iki əlaməti onun onlarla əlamətindən ayrılır, təcrid edilir. Bunu yaddaş edir, çünki şeylər o biri şeylərlə saysız əlaqələrə malikdir, yaddaş bu böyük həcmi mənimsəyib möhkəmlədə bilmir. Ona görə əlamətlərinin çoxunu atır, asanlıq üçün bir necəsini saxlayır.


2.3. Deməli, hər bir yaddaş obrazı (vahidi) təcridin nəticəsidir, yəni bildirilənin özü və ya fotosu deyil, onun əsas bir necə əlamətidir. Bu əlamətlərdən ibarətolma yaddaş obrazını 1/ işarəyə və 2/ müəyyən yaddaş həcminə çevirir. Yəni ikifunksiyalı edir.


2.4. Yaddaş obrazının işarəliyi onun identikliyidir, yaddaşda tanına bilən olmasıdır. İşarəlik – siqnalın fərqləndirmə və tanıma prosesi yaradan alətlik funksiyasıdır. Yaddaşda tanınan işarə-obraz orada həcmli xatırlama prosesinin qıcıqlandırıcısı olur. Bu qıcıqlandırıcılıq potensialı yaddaş obrazının müstəqil işarəlik funksiyasıdır.


2.5. Yaddaş obrazının həcmıonun dünyaya aid bildirici informasiya yükü daşımasıdır. Yaddaş obrazının həcmi bir funksiyadır. O sabit bir şey kimi beyində müəyyənliyə malik deyil. Yalnız işarə-obraz beyin tərəfindən tanınandan sonra avtomatik yaranan xatırlama prosesidir. Bu proses çox qısa olur və onun uzunluğu daxil olan işarələrin intensivliyindən asılı olur.


2.6. Xatırlama prosesinin həcmi işarə obrazın ani olaraq aktuallaşdırdığı oyanma zəncirinin ölçüsündən asılıdır. Bu zəncir bir-birinə yaxın,”ekiz” yaddaş vahidlərini bir-birindən ayırma və bir biri ilə bağlama prosesidir. Eyni bir yaddaş obrazı müxtəlif adamlarda müxtəlif yaddaş həcmi yardır. Məsələn, çöl ördəyi deyəndə peşəkar ovçuda detallı bir yaddaş həcmi yaranır. Amma şəhərdə böyümüş yeniyetmə isə bu ifadədən ancaq hansısa bir quş nəzərdə tutulduğunu anlayır. Müharibə sözü cavan əsgərə az şey deyir, amma hərbi əməliyyatlarda iştirak etmiş zabitdə geniş yaddaş assosiasiyalar və xatirələr yarada bilir.


3.1. Yaddaş obrazları İ.Pavlovun dediyi kimi, heyvanlarda da var. Onlar öz ovunu görmədən onu iyindən və səsindən tanıyırlar. Akula qan qoxusunu necə kilometr məsafədən hiss edir. Bu, ona görə mümkün olur ki, akulanın yaddaşında qan qoxusu yaddaş vahidi kimi artıq var idi, bunsuz tanıma baş verə bilməz. İkinci tərəfdən, qan qoxusu akula üçün işarə rolu oynayır. Deməli, heyvanlar da davranış və ov prosesində işarələrdən istifadə edirlər.


3.2. Lakin heyvanların və ibtidai insanların işarədən istifadə imkanları məhdud idi. Çünki onlar təbii, instinktə girmiş işarələrdən istifadə edə bilirdilər. Ovun qoxusu, səsi, ləpiri onun özü tərəfindən yaradılırdı. Bunlar təbii işarələr idi, təbiətdən hazır şəkildə götürülürdü. Lakin səs və görmə işarəsini tanımaq, instinktiv səsləri tələffüz etmək və tanımaq fonetik dilə qədər görüb eşitmə qabiliyyətini, udlağın tələffüz imkanlarını inkişaf etdirdi.


3.3. Dil isə süni işarələrdən istifadə mədəniyyətidir. Dil işarələrini insanlar öz iradələri ilə, öz təşəbbüsləri ilə yaradırlar və işlədirlər. Heyvanlarda məhz bu yoxdur.

 

3.4. Lakin dilin meydana çıxması üçün əsas iki şeyi insanlar heyvanlardan miras aldılar. 1. Dünyanı bildirən yaddaş obrazlarını–onlara birinci siqnal sistemi də deyilir. 2. Yaddaş obrazlarını bildirən görümlü və eşidimli işarələrdən istifadə etməyi, bu yolla yaddaşları məqsədyönlü idarə etməyi.

İnsanın hafizəsi və iradəsi instinktiv işarələrə avtomatik reaksiya verməyi öyrəndi. Təhlükədən qorunma, cütləşmə mövsümü, cağırışlarla bağlı instinktiv nidalar, yer və yol tanımanı mümkün edən görümlü işarələri tanıma– belə idi.


3.5. Beləliklə, beyində məqsədli yaddaş oyanması yaradan ilk işarələr yaddaş obrazlarının təbiətdəki qarşılığının gözə görünməsi və ya eşidilməsi idi. Biz bunu yaddaş obrazının prototipi adlandırırıq, semiotikada buna denotat da deyilir. Məsələn, heyvan və ibtidai adamın uçan quşu tanıması üçün qıcıqlandırıcı rolunu quşun özü oynayır. Prototipin özünü görməklə tanıma reaksiyasının baş verməsi artıq işarənin bildirənlik xassəsindən istifadənin ilk forması idi.

 

4.1. Deməli, instinktlər də işarələrin bildirənlik xassəsinə əsaslanır. Hətta heyvanlar iy, səs və görmə işarələrindən instinkt səviyyəsində istifadə edirlər.

Lakin bu məqalədə bizim mövzumuz fonetik söz işarələrinin bildirənlik funksiyalarıdır. Biz onlardan dördünü ən əsas və universal funksiyalar sayırıq. Onlar aşağıdakılardır:


1. Fonetik söz prototipi olan yaddaş obrazının bildirəni olur.

2. Söz o biri sözün bildirəni olur.

3. Danışıqda söz birbaşa dünyaya aid olur.

4. Söz özü dünyada prototipi olmayan müstəqil yaddaş obrazı olur.

 

İndi bunları qısaca izah edək.


 

5.1. Fonetik söz prototipi olan yaddaş obrazının bildirəni olur. Məsələn, at, it, ağac. su, quş, külək və s. sözləri oxuyanda və eşidəndə belə olur. Dilaçmada bunlar birinci şifahi sözlər olubdur. Artıq dediyimiz kimi, bu sözlər instinktdə oturan işarə səslərin davamı kimi işlənməyə başlayıb. Sözdən əvvəl dünyanı heroqliflərlə işarələmək təşəbbüsü ortada idi. Lakin fonetik səslərlə hadisə və şeyləri işarələmək, bir birindən-fərqləndirmək savad, heroqlifi bilmək tələb etmirdi. Ona görə şeylərin və ibtidai hərəkətlərin adlarını bildirən isim və fellər ilkin olaraq ibtidai yazıya düşdü və deməli, sözləşdi. Sözün tarixi baxımdan birinci funksiyası dünyanı şifahi səs işarəsi vasitəsilə bildirmək, adlandırmaqdır.


Dünyanı bildirən sözlər – əsasən birinci siqnal sistemi obrazlarının – görülən və eşidilən yaddaş obrazlarının adı olurdu. Belə sözlər əsas lüğət fonudur və müasir dildəki sözlərin ancaq 5-10 faizini təşkil edir. Bunlar ikinci siqnal sistemi idi.


 

6.1. Söz o biri sözün bildirəni olur. Bu artıq sözün fonetik yazıda doğan funksiyasıdır. Əslində sözün bütün xassələri yazıda doğur və tam müəyyənləşir, çünki söz yazılanda, yazıya düşəndə doğulmuş olur. Əvvəl iki tərkibli söz birləşməsi yarandı: qırmızı nar formulu. Bu formul yazının inkişafına yol açdı. Adi söz birləşməsi artıq insan iradəsi ilə yaradılan yeni virtual dünya obrazıdır, onun balaca hissəsidir – dünya obrazının başımızda yaranma prosesidir. Məlum oldu ki. sözlərlə dünyanı təsvir etməyin imkanları hüdudsuzdur. İkinciyə qoşulan söz, hər yeni söz birləşməsi dünyanın operativ və təzə obrazı olurdu! Bütün mətnlər bir-birini aydınladan söz sırasıdır. Sözlərin və yazı işarələrinin 90 faizi digər sözləri yazıda aydınlatmaq ehtiyacından yaranıb.

İnsan dalbadal yazılmış 2-3 sözü görüb oxuyanda (bunu öyrənəndə), sözün ən böyük möcüzəsi ortaya gəldi: yaddaşda bir-biri ilə əlaqəsi olmayan 2-3 obraz arasında əlaqə yarandı! Oxunan, eşidiləm, tanınan söz sırası beyindəki müvafiq yaddaş obrazları arasında məna əlaqəsi yaradan naqil funksiyası kəsb etdi. İnsanlar yeni, gözə görünməyən alət icad etmiş oldular: bu, passiv yaddaşı sözlə idarə edə bilən, onu aktivləşdirə bilən alət idi, sözün möcüzəsi idi!


 

7.1. Danışıqda söz birbaşa dünyaya aid olur. Biz gördük ki, ibtidai insanlar və heyvanlar da işarə səslərdən istifadə edirlər. Bu, instinktiv jest ünsiyyətinin bir əlavəsi idi və dilə aid deyildi.


Lakin fasiləsiz mətn mədəniyyəti formalaşandan sonra onun bazasında müasir danışıq, nitq qabiliyyəti təşəkkül etdi. Bu yazının yaddaşda yaratdığı bacarıqların nəticəsi idi və son 3500 ilin hadisəsidir.

 

Fonetik yazıdan doğan nitqdə sözlər operativ niyyətlə işlədildi və onlar dünyaya birbaşa aid oldular. Danşıqda sözlərin hamısı işarə əvəzliyinə yaxın olan bir funksiya icra edir: dünyanı göstərir, ayırır, fərləndirir, səciyyələndirir, obrazlaşdırır və s. Bu sözün operativ funksiyasıdır və yazılı sözdən köklü fərqlərə malikdir. Danışıqda işlənən söz:


1. Fərdi intonasiya daşıyır

2. Subyektin dünyaya birbaşa müdaxilə aləti olur

3. Yazıya aid olmayan deyim, dialoq və söyləmə şəklində olur.

4. Ani sələnib yox olur

5. Qaydasızlıq potensialı daşıyır

6. Maddi daşıyıcı istəmir, yaddaşda dialekt variantında hifz olunur.

7. İdentikliyi yazılı variantındadır.

 

 

8.1. Söz özü dünyada prototipi olmayan müstəqil yaddaş obrazı olur. Biz dedik ki, sözün real dünyanı bildirmə xassəsindən ancaq yazıda işlənən sözlərin 5-10 faizi yaranıb. Qalan sözlər yazıda mücərrəd yaddaş obrazlarının işarəsi kimi təşəkkül tapıb. Məsələn, "Vicdanlı olmaq, vətənçilik, əzmkarlıq, sədaqət, rəşadət yaxşı vətəndaşın vacib xüsusiyyətləridir” cümləsində sözlərin heç birinin dünyada maddi qarşılığı yoxdur, prototipi yoxdur. Amma biz cümləni anlayırıq. Nəyə görə? Ona görə ki, daş dəmir, şüşə sözləri kimi, vətənçilik, əzmkarlıq, vergül, qanun, təhsil, qəzəl, mif, tənlik və s. sözlərinin də yaddaşınızda obrazı, həcmi var və onlar da məna sahəsi və prosesi yarada bilirlər.


Bu o deməkdir ki, yazıdaki dünya obrazını təşkil edən əsas sözlərin çoxunun müəllifi dünya özü yox, söz və yazı yaddaşıdır. Mücərrəd yaddaş obrazları dünyanı birbaşa bildirmir, onun yazıda, mətndə obrazını yaratmağa, konkretləşdirməyə, onların dəqiqliyinə nail olmağa xidmət edir. Bu sözlərin əsas həyatı mətn mədəniyyəti daxilindədir, çoxu terminlərdir. Hərçənd ki, şifahi nitqdə də məhdud dairədə istənirlər.


Müasir insanın yaddaşı 99 faiz söz yaddaşıdır. Bu da sözlərin yaddaş həcmi və obrazı olmaq xassəsinin nəticəsidir.


 

9.1. Nəticə: söz ancaq bildirən və bildirilənin vəhdəti deyildir. Qat-qat mürəkkəbdir, azı daha üç funksiya daçıyır.


 

Ədəbiyyat:

Əliyev Rəhim, Ədəbiyyat nəzəriyyəsi, Bakı, 2012

Əliyev Rəhim, Sözün mifi, Baki, 2011.