Rübabə Sahib. Dənizin adam səsi (Esse- hekayə)

Rübabə Sahib. Dənizin adam səsi (Esse- hekayə)

Yatmadığım gecələrin açılan daha bir sabahı...

Mənim yuxusuzluq vərdişim kimi doşandiş saatımın zənguləsi də yenə eyni vaxtda çinlədi. Xalqın uşağı kimi mən də çarpayıdan qalxdım. İlk dəfə dəli-tərsinə geyinib hövlnak çıxdım evdən. Başladım gülə-gülə qaçmağa:

 - "Kələbək, bu nəydi? Qırmızı keta, göy şalvar, sarı köynək, ağ kapşyonka, qara papaq! Həyatının rənglərini bununlamı geri qaytaracağını zənn edirsən? Ömrün kimi paltarların da dağınıqdır. Dağınıq taleyini toparlaya bilmədiyin kimi, taykeşir paltarlarla görkəmini də yığıb-yığışdıra bilməyəcəksən bu gedişlə. 

- Eeeeee! Bəsdi!’’ 

Dərin düşüncələr məngənə kimi sıxdı varlığımı illər uzunu. Yetər! Artıq sadə, salaş yaşamaq istəyirəm. Həəə! Karolinanın yaşamaq şansı olardı bəlkə, amma indi Karolina xanımsan. Artıq camiənin sənə biçdiyi ömrü yaşamağa məhkumsan. Səni camiəyə ağıllı, müdrik, duyumlu, dünyagörüşlü, ölçü-biçili bir xanım olaraq sunanda bilməliydin ki, nalbahası ağır olacaq, dəli ceyran! Yooox! Hər bir insanın, hətta caninin, ən amansız qatilin, ən çirkli fahişənin də haqqı var bir ömürü bircə günə sığışdırıb, lap elə bir neçə saatlıq da olsa xoşbəxt olmağa. Bəs mən?! Mən ki çox istəmirəm, lap elə bircə gün, yəni iyirmi dördcə saat bəsimdir,Allahım!"

- Sənin də günlərin sayılıdır bəyəm?- deyən bir səs öz içimdən qopardı məni. Nə qədər yol qət etmişəm, o sandalyeyə necə gəlib oturmuşam bilmədim, amma görünən o ki, indi yanımda bir nəfər oturub məni süzürdü təpədən dırnağa qədər.  

- "Sən kimsən? Uca səslə danışırdım? Bütün danışdıqlarımı eşitdin? Mən buraya necə gəldim? Sən nə vaxtdan burdasan? Axı sən kimsən?” – başladım sual yağışına.  Amma sanki heç nə eşitmirmiş kimi dayanmış, xəfif bir təbəssüm gəzirdi gözlərinin sərhədində. Tam da o an gözlərinin içindəki zümrüd gölün fərqinə vardım. Gözlərinin nəm dalğası meh kimi nəfəsimə qədər axdı. Elə bil cənnətdən gəlmişdi. Bənzəmirdi yerdəkilərə. Baxırdı sadəcə. İlk dəfə idi susmağın heyrətamizliyini yaşayırdım. Susa-susa danışmaq deyildi  bu! Susub hiss etmək idi, sadəcə. Ama huylu huyundan vaz keçmədiyi kimi, mən də susqunluğu ilk pozan oldum. 

- Salam. Mən Karolina. Bəs sən? – gülümsədi, yanağında qəmzə əmələ gəldi bir anlıq. Cavab verməyini gözlədim. Ama yenə susdu. Bu dəfə sual fəndini dəyişdim: "hey qəmzəli, adını deməsən, qəmzəli qalacaqsan haaa, ya da zümrüd gözlü! Yoxsa adın yoxmu sənin? Yoxdusa, de ad qoyaq! Bax zövqüm gəşəngdir”. – dedim və güldüm. Barmağını mənim yanağımdakı qəmzəyə toxundurub , xəfifcə göz vurdu. Anladım "heç-heçə" demək istədiyini. Yəni ikimiz də qəmzəliyik. "Oldu, o zaman adını söylə”- deyə sərt görkəm aldım ‘guya’. "A bala, dilini xoxanmı yeyib?” – demək istəyirdim ki, mənə əliylə "1 dəqiqə” işarəsi göstərib,  çantasının içində nəsə axtarmağa başladı. Tapmadı deyəsən. Əsəbləşdi. Əlimi əlinə alıb , barmağı ilə ovcuma yazmağa başladı: Y A M İ N.

- "Yamin! Sənin adın Yamin. Əla! Allaha şükür. Axır ki, dedin, yox yazdın!” Güldük. "Şadam sizinlə tanış olmağa Yamin bəy” - ərki-nazla " Gəl mən də yazım”- deyib mən də onun əlini əlimə alıb başladım barmağımla ovcuna hərflər qondurmağa: K A R O L İ N A.  Gülümsədi. Yenə qəmzələri batdı və yenə gözləri bulaq kimi çağladı. Amma mənim gözlərimdə şimşək çaxırdı. Çünki beyimdə fırtınalar qopmağa başlamışdı. "Axı belə bir varlıq necə ola bilər ki, danışmasın! Axı niyə, Ya Rəbbim!-beynimdə qınadım Allahı. Taleyi niyə ədalətli bölmürsən dedim. Yenə gözlərimdən oxudu nə demək istədiyimi. Əlləri ilə "mən xoşbəxtəm, çünki, görə bilirəm, eşidə bilirəm, hiss edə bilirəm. Bax, yeriyə bilirəm”- işarə elədi. Sonra da paltarlarımın rəngarəngliyini bəyəndiyini bildirdi. Bərabərcə xeyli güldük. Onu çaya dəvət etdim. Birlikdə bulvarda çəmənlikdə bardaş qurub oturduq.  Mən rüqzaqımdan termosumu və çaşkamı çıxardım. Konfet və kurabiyə də vardı. Çay süzdüm ikimizə də. Başladıq içməyə. Arada qaş-gözlə "bəh-bəh” deyirdik. Dənizkənarından ötənlər - hamı bizə, biz də bir-birimizə tamaşa edirdik. İnsana rahatlıq verən bir havası vardı Yaminin. Arada mən sual verəndə başa düşmədiyim işarələri əlimə qaralayardı. Mənim sol əlim dəftərçə, onun sağ əlinin şəhadət (indeks) barmağı da qələm idi. Başqa vaxtı tanımadığım bir oğlan əlimi tutsa, əməllicə ürkərdim, hətta qulağını da qıcıqlandırardım. Amma Yamin bambaşqa idi. Nəfsini ölümün o üzündə- yaşamda buraxmış, adətən ömür ötəsi yaşayırdı. Cins ayırımını bilmirdi sanki.  

Yenə əli ilə işarə elədi: "Birinci təklif səndən gəldi, mən qəbul etdim. İndi ikinci təklif məndən. Sən qəbul etməlisən”.  Yaminə bənzəməyə başlamışdım: Əlimlə "başım-gözüm üstə” deyərək qaş-gözümü ahəstəcə süzdürdüm. Çay masamızı toparlayıb qalxdıq. Başladıq arxa-arxaya (tərsinə) yeriməyə. Sonra mən qaldırıma çıxdım, Yamin də mən yıxılsan tuta bilsin deyə arxamca gəlir, həm də arada məni saxlayıb əlləri ilə işarələr edirdi. "Sahil" metrosunun tininə çatdıq. Dönərçidən dönər, ayran aldıq. Mən dönərçiyə dönərlərin içliyi haqqında kaprizlərimi dediyim müddətdə Yamin pambıq marojna və xoruz şirnisi alıbmış. Bir də gördüm deyir ki, gözlərini yum, ağzını aç. "Elə burda”-deyə işarə elədim. Gözləri ilə -"elə burda”- dedi. Dediyini elədim. O da pambıq marojnadan qoparıb mənə yedirdi.  Bu dəm yanımızdan keçən iki xanım "allah həmişə mehriban eləsin” deməsiylə qəfil gözlərimi açdım. Utandım. Yamin göz vurdu mənə. Güldük. Mən "amin” dedim səsli şəkildə. Yamin də başı ilə təsdiqlədi. Alacaqlarımızı alıb çantalarımıza yüklədik və yola düzəldik. Mən haraya getdiyimizi bilmirdim. Maraqlısı o idi ki, hər zaman şübhəçi olsam da, bu dəfə qeyri-iradi güvənməyi seçmişdim. Metroya endik. Yaminin qorumacılığı da varmış. Anladım. Harda oğlan olsa, o yana keçər, məni mühafizə etməyə çalışardı. "Koroğlu"yacan üz-üzə dayandıq gözlərimizlə danışa bilək deyə. Danışdıq da. Məsələn, mən onun gözlərindəki tənhalığı gördüm, o məndəki özünəbənzərliyi. Mən onun gözlərində gerçək insanı gördüm, o mənim gözlərimdə insan çöhrəli mələyi. Mən onun gözlərində elitar tərbiyə zirvəsini gördüm, o məndə etik-əxlaqi güvənsizliyin oyuğunu. Stansiyalar bizim içimizdən keçirdi, mənəvi boyumuzu tanıyaraq. Və ən önəmlisi, artıq ikimiz də təhtəlşüur anlamışdıq ki, lap elə bir neçə saatlıq da olsa, içimizdən gəldiyi kimi yaşamağa ehtiyacımız var. Eniş zamanı gəldi. Metrodan enib, pillələri qalxıb, avtobusa mindik. Hava qaralır, bozarırdı. Deyəsən yağış yağacaqdı. Avtobusun lap arxa oturacağında əyləşdik. Anladım, sonuncu dayanacaqdır bizimki. Yamin nə düşündüyümü anlamışdı yenə. Əliylə -yolumuz hələ uzundur - deyə göstərdi. Bu vaxt avtobusa bir gənc əlindəki dəftər- qələmləri satmaq üçün mindi. Yamin sanki bunu gözləyirmiş; bir anda uşaq kimi sevindi. Mən satıcını çağırıb bir dəftər, iki qələm aldım. Yamin necə təşəkkür edəcəyini bilməyib avtobusun tərləmiş pəncərəsinə -dürri-yekta- yazdı. Mən də ardınca - sən də- çəkdim.  Yenə gülümsədi və barmaqları pərvanə rəqsi kimi yazını son dərəcə həssaslıqla sildi. Bu məqamda gözləri yenə dibsiz boşluğa qərq olmuşdu. Yavaş-yavaş əriyən zaman kəsiyində özünü toplayıb; artıq dəftərə yazaq -deyə işarə etdi. "Bu dəftərçə çiliklənmiş bir ömrün ən şəhanə akkordu olacaq”- ilk fikirlərini sərçə qanadı misalı toxundurdu. Mən həmin dəqiqə reaksiya verdim; 

-Axı nədən çiliklənmiş? 

- Baməzə mələk, hər ömür bir gün ölüm adlı daşa dəyərək çiliklənir də!- bu da ikinci qeydi oldu onun. 

Sonra bol-bol susduq. Küçələri, keçidləri, körpüləri sayırdı o. Mənsə hər zamankı kimi içimdən çölümə doğru yol almışdım; - Neynirsən? Tanımadığın, bilmədiyin biri ilə hara gedirsən? Bu ki sənin təbiətinə yaddır! Bəlkə adı yalandır? Bəlkə lal olduğu da yalandır. Bəlkə sərsəri bir bəşər övladıdır? Nədən zamanının qədrini bilmirsən?- suallarla gəmirirdim beynimin hər zərrəsini. 
Yamin bu dəmdə dəftərçəni yenə mənə uzatdı;

 - Zahirini bu və bu kimi suallarla qocaltma, batinini isə məngənəyə salma. Sən bir nadidə dilbərsən. Əsla bir dilbərlə yaban davranılmaz. Bilirsənmi, qadın əsrarəngiz olanda kişi alicənab olur?! Və unutma nəmli gözlərin ifadəsi dumanlı olsa da, təsiri çox aydın olur. Əgər bu saatacan ruhun məndən ürkmədisə, ürəyin də inciməz bundan sonra. Ruhun içində nəfs olmaz, ona görə də o həmişə bakirdir və bəsirət gözü olaraq can qulağımıza yaxşını da, yamanı da öncədən özünəməxsus tərzdə pıçıldayar. İndi de görüm, ruhun sənə nə söyləyir məndən yana...

- Göylər haray çəkib ağlayır. Kiritməyə yerin gücü çatacaqmı, səncə? – Duyğularımın nalbəndi olduğum üçün yenə də sualı sualla cavabladım. Yaminin zümrüd gözlərinin işığı pərvazlandı düz göyün qurşağına qədər. Səssizcə yarım qəhqəhə çəkdi.  Bu da ona yaraşan oldu. Və əlavə etdi  yazısına– göylər şəhzadəsi saçlarınla dans edib , yanağında güzgülənib səni sular sonasına döndərəndə yer öz türkanə qısqanclıq qılıncını qaldırıb onu durduracaq və günəşin nazlı şəfəqləri yenə sənə topa-topa işıq, istilik göndərəcək. 

Mən qaş-gözümlə - bir az gerçəkci ol- deyə işarə etdim. O da yazmaqdan əl götürüb gözləri və əllərinin biçimli sehri ilə " gözəl qadınlar səbrsiz olur, səni anlayıram” dedi. 

Yenə sükut fasiləsi verdik. Bu dəmdə sürücü - Mirmövsüm Ağa ziyarətgahı sonuncu dayanacaqdır- deyə kasıbanə bir təblə bağırdı. 

Mən qeyri-təbii üz ştrixlərimi dəyişmişdim ki Yamin anlamış kimi əliylə sus və gözlə deyə işarə etdi. Acıqlı gülümsəmə ilə ona gözəl qadınların həm də çox dəyişkən xarakterli olduqlarını hiss etdirmiş oldum. O isə kişmişi-kişmişi gülümsəməkdə davam edirdi. Biz ziyarətgahın önündən keçib üzü dənizə doğru yol aldıq. Mən adətim üzrə yenə tərsinə çevirdim yönümü- indi o bir az aralıda masmavi meydan kimi görünən Xəzərə çiynimin qənşərindən boylanırdı. Və molla moizəsi kimi söhbətimiz qaldığı yerdən davam edirdi. Mən lal prənsi suallarımla boğduqca, o da çalkeşir ömrünün son ştampının boğaz hizasından vurulacağının məmnunluğunu üzünə daşıyırdı. Mən heyrətlə öz- özümə insanı tanımaq necə də çətindir deyə düsünürdüm ki, bu zümrüd baxışlı gözlərinin qarasını ağına sürtərək " elə deyil, dəli ceyran! bu cahanda ən çətin nəsnə insanın özünü tanıması, duyğularının dilindən anlaması, özüylə barışıq qala bilməsidir” – amiranə bir bilgəlik daha göstərdi. Sonra nəsə unutmuş kimi üzünü turşudub geriyə boylandı. Bir anlıq düşündü. 

Ziyarətgaha nəzir qoymağımı unutdun- dedim. Başını yellədi. Bu dəfə konsepti pozaraq onun qoluna girdim və nizam ilə yazmaq yerinə - "ay yaşı gənc, başı qoca olanım, nəzir vermək istəyirsənsə, boş ya da soyuq bir ürəyə sevgini sədəqə elə. Çünki Allah da dünyanı sevgi ilə yaradıb. Daşa, divara qəpik-quruş qoymaqla niyət udu çalınmaz. Ürəyinin sevdasından pay-pürüş ayır eşqdən səqir ürəyə. Bir məscid tikdirməyə bərabər olar savabın- deyərək fikirlərimi sərvləndirdim. 

Atalarımızın təbirincə desək, söhbət quzunu qurda yedirdərmiş. Biz söz-sözü çəkərək hiss etmədən gəlib çatdıq yelpazə ləpələrin burnunun dibinə. Xəzərin məğrur mehi salamladı bizi. Saat 14:44 idi.  Əməllicə acmışdıq. Aldıqlarımızdan özümüzə menyü eləyib nuşladıq. İkimiz də bir-birimizin yemək vərdişini analiz edirdik sakitliyin müşayəti ilə.  Çünki ikimiz də yaxşı bilirdik, yemək yemə forması insanın nəfsinin güzgüsüdür.  

Mən balıqqulaqlarının sinəsində dans etməyi çox sevdiyimçün zümzümə edərək ayaqlarımı çarpazladım qumsallığa. Leylək qanadları kimi çalın-çarpaz dövrə vurdum, yerin cəzbetməsi, havanın yuxarı çəkim gücü ilə su rəqsini təhtəlşüur ərməğan etdim ömrümün o gününə, lap elə o saatına. Yamin sevdiyi qadının gözlərinə baxaraq asılan məhkumun nəzərləri ilə süzürdü məni. Birdən yuxudan ayılan təki ani tərpənişlə  yerindən qalxıb kitab addımları ilə yaxınlaşdı mənə. Dəftərçəni uzatdı. Son yazıdan sonra xeyli boşluq qoyub yeni sətirdən davam etmişdi; "Duru gözəlliyi olan qadınlar saf olur. Saf qadınlar durna kimi süzür, kəklik kimi qaqqıldayır, keçi kimi inadcıl, dəvə kimi sirdaş olur, ceyran kimi də həssas. Sən də eləsən. Bu cəhətlərin hər biri bir sərvət dəyərindədir, Karlacan”. Sən sadəcə bu duruluğunu qorusan o da səni şahə qaldıracaq!

-Bəs sən rəqs edə bilirsənmi? – birtəhər izah etdim. 

- Mən bilmirəm, amma barmaqlarım yaxşı dansçıdırlar- əllərini bir-birinə pərçimlədi. 

- Hansı rəqs növüdür o?

-  Ay ürəyi özündən böyük olan, o, ayrılığın, həsrətin, darıxmağın, üşüməyin, səssizləşməyin, kimsəsizləşməyin dansıdır. 

-  Ay yalçın duyğuların adamı, rəqs özü-özlüyündə ruhun bədənə sığmayıb can parçaları ilə savaşıdır zatən. Sən bu savaşı necə cılızlaşdırıb sadəcə barmaqla məhdudlamısan?

- Unutma ki, ruh barmaqlardan axıb azadlığına qovuşa bilir ən yaxşı.  

- Necə?

Yamin sıxıla-sıxıla, yetim pencəyindən utanan gəncin son zəngdə bir küncə qısılıb utandığı tərzdə mənə yaxınlaşıb əlimi ovcuna güllədi. Gözləri ilə müəllimyana fikirlərini ştrixləyərək, barmaqları ilə də əllərimi sərhədlədi. Dırnaqlarının qaşı, barmaqlarının yamacı ilə xəyali şəhər saldı, ev tikdi, bir yuvalıq tablo cızdı. Könül gülşənimə sis çökürdü, zəka bucağım dəyişirdi. 

Bədənimdə nakam qalan  yaralarım vəda qoxuyurdu. Gözümün giləsi calaxlandı birdən barmaqlarıma. İlahi! məgərsə dans edən öz can quşumun lələkləriymiş. 

- Yamin, sən mənə həm yaxşılıq, həm də böyük pislik etdin. 

- Taleyin alatoran gündüzlərinə, zefiri gecələrinə can köynəyi olacaq bu rəqs. İçində az-maz mən olacağam, amma büsbütün sən! O zaman qərar verərsən yaxşılıq və pislik haqqında. 

- Bu, təkbaşına rəqsdir. Mən cüt oynamağı sevirəm halbuki. 

- Təkbaşına deyil, özbaşınadır əslində. Fəqət unutma ki, mənimlə başladın, özünlə davam etdin. Çünki əllərini kim tutarsa tutsun, ölərkən sadəcə öz əlini götürəcəksən özünlə. Bu, bir! İkincisi, ...

- Dur, ikincisini demədən bir sual verəcəyəm. Bəs bunu kimlər bacarar?

- Ürəyi kişiliyindən dərin olanlar. Bir də duyğularını damarlarına gömənlər... Susdu, dərin bir xəyala daldı. 

- Bəs sən mənim əlimə toxunanda nə düşündün?- bu sual müsəlman ölkəsinin trafaret düşüncə mexanizmidir əslində. Qeyri-ixtiyari mənim də dodaqlarımdan süzüldü niyəsə. 

- Ölüm ayaqlarına toxunanda ən ifrat qadınbaz kişi də arınır nəfsindən. Sən də mənim nəfssiz günümün gün işığısan ,duru mələk. 

Gəl söhbəti dəyişək deyəcəkdim ki, göy üzünə topa-topa hüzün çökdüyünü hiss etdim. Bəlkə şəhərə qayıdaq- deyə mizrabladım. 

Üzünü yana döndü. Yenə cızma-qaralama davam edirdi. Əlini belinə çarmıxlayaraq dəftərçəni uzatdı; - "Mən qumsalla qucaqlaşıb dənizi qısqandıracağam hələ. Saat qılınc kimi pusquda durub. Sən şəhərə qayıtmalısan... – davam etdi - vədaları sevmirəm.  Ricam odur ki mən göz qapaqlarımı qıfıllayacam, sən də get evə. Gerisini düşünmə. 

Diksindim! Amma xasiyyətim gərəyi heç nə büruzə vermədən və yorumlamadan gözlərinin ləngərini izlədim. Qumun üstünə uzanıb, əllərini boynunun arxasında pərçimlədi. – Gülə-gülə "duru gözəl! Dupduru! Ömürdən ölümə qədər hər düyün, hər cizgin səndən razı olsun inşaallah! 

Mən susa-susa geriyə doğru addımlamağa başladım. Söz vermişdim özümə əsla və əsla fikir yürütməyəcəyəm. Bu dəmdə arxamca uca səslə; - ziyarətə mənim adımla nəzir qoy, bacarsan!- son səs notu oldu. 

Taksiyə oturub gəldim evə. Düşünməmək üçün eləcə yuxuya daldım. Sabah işdə yoldaşlar pıçıldaşırdı; -" Nə qəribə ölümdür. Sanki quş kimi pərvazlanıb. Dəniz yuyub, ləpələr də kəfənləyib göndərib”. Nə olub -dedim. 

- Sosial mediaya baxmamısanmı? Dünən gecə Şüvəlanda dəniz sahilində bir gəncin ölüsü tapılıb. Akademiyanın fəlsəfə şöbəsinin doktorantı imiş amma danışa bilmirmiş.

Aqoniyaya düşmüşdüm. Dünya başıma ələnirdi bıldır-bıldır. Əlimi uzadıb çantamdakı dəftərçəni necə götürdüyümü bilmirəm. Gözümün kor yaddaşında Yaminin zümrüd gözlərinin qurşağı və dəftərçənin son səhifəsində qırmızı qələmlə yazdıqları bir-birinə qarışdı; 

- "Sol yanımız təkrar çalınmayan simfoniyadır. Bitmədən hiss et onu. Yəni hər gününü son gün kimi yaşa. Doğru bildiyin yoldan da geri dönmə. Bədənin ölümə hazırlanarkən sən yaşamdan kam al. Çünki ömrün və ölümün nə təkrarı, nə bərpası var”.  

Haaa bir də unutmadan deyim;  duru qal, dupduru! 

İmza;  Torpaq sevdalı, dəniz duyğulu, daşlara küskün adam!


04 may 2019  
Saat 01:20