
Şumer əfsanələri. Enmerkar və Aratta hökmdarı
- 29.06.2020
- 0 Şərh
- 4052 Baxış
Mətn dövrümüzə
ayrı-ayrı parçalar və sözlər halında gəlib çatdığı üçün, poemanın məzmununu
verməyin daha yaxşı olacağını düşündük.
Bir dəfə
Uruk şəhərinin kahin-hökmdarı, günəş tanrısı Utunun oğlu Enmerkar Aratta dövlətini
özünə tabe etmək fikrinə düşdü. Tanrıça İnanna ona köməyini vəd etdi, hər şeydə
yardım edəcəyinə söz verdi. Enmerkar Arattaya çaparla xəbər göndərdi ki, Aratta
sakinləri həm ona qızıl, gümüş və qiymətli daşlardan vergi versinlər, həm də
Eriduda tikilən tanrı Enkinin məbədinin tikintisinə kömək etsinlər.
Çapar
yeddi dağ aşıb Arattaya çatdı və yerli hökmdara Enmerkarın əmrini çatdırdı. Amma
yerli hökmdar Enmerkara boyun əyməkdən imtina etdi, dedi ki, onu tanrıça İnanna
özü hökmdar seçib və o, İnannanın himayəsindədir. Çapar isə cavabında dedi ki,
İnanna artıq Urukda yaşayır və Enmerkara himayədarlıq edir.
Bu xəbər
Aratta hökmdarını çaşdırdı. Bir müddət fikirləşəndən sonra çapara cavab verdi.
Silahlı döyüş yerinə, hər tərəfdən hökmdarlığın marağını müdafiə edən bir
döyüşçünün müsabiqəsini təklif etdi. Bundan başqa, əgər İnanna artıq Arattanı tərk
edibsə, onda o Uruk hökmdarıyla danışığa getməyə hazırdır, amma əvvəlcə Uruk
hökmdarı ona çoxlu buğda göndərməlidir. Çapar Uruka qayıdıb Aratta hökmdarının
cavabını Enmerkara çatdırdı.
Enmerkar
əvvəlcə müdriklik tanrıçası Nidaboyla məsləhətləşdi, bəzi dini ayinləri icra
etdi. Sonra Arattaya bir karvan yükü buğdayla çapar göndərdi ki, əvəzində
qızıl, gümüş və ləl-cəvahiratı Uruka gətirsin. Aratta əhalisi buğdanın
çoxluğundan vəcdə gəlib daş-qaş və tikinti üçün işçi verməyə razılaşır, amma
Aratta hökmdarı qətiyyətlə etiraz edir və çapara Uruk hökmdarının ona vergi
verməli olduğunu bildirir.
Çapar Uruka
qayıdıb Enmerkara xəbər çatdırır, hökmdar yenə hansısa otun köməyilə dini ayinləri
icra edir. O, üçüncü dəfə çaparını Arattaya göndərir, amma bu dəfə tapşırıq
vermir, sadəcə öz əsasını – hökmdarlıq əsasını Aratta hökmdarına verməyi əmr
edir.
Hökmdarlıq
əsası Aratta hökmdarında dərin təəssürat oyadır, o, İnannanın Arattanı tərk
etdiyi üçün üzülür və Enmerkara döyüş müsabiqəsi təklif edir – qoy Uruk
hökmdarı öz döyüşçüsünü göndərsin, amma döyüşçü nə qara olmalıdır, nə ağ, nə qəhvəyi,
nə sarı, nə də rəngbərəng.
İlk
baxışdan mənasız görünən bu tələb Enmerkarı çox da narahat etmir, bəlkə də
Aratta hökmdarı dərinin rəngini yox, gözün rəngini nəzərdə tutur. Yenə çaparını
Arattaya göndərir. O, Aratta hökmdarının müsabiqə təklifini qəbul etməyə
hazırdır və öz döyüşüsünü göndərir, amma Aratta hökmdarı qızıl, gümüş və cəvahiratı
göndərməlidir. Əks halda Enmerkar Arattanı yerlə-yeksan edəcək.
Sonrakı
parça dövrümüzə ayrı-ayrı sözlər halında gəlib çatdığı üçün, poemanın bu hissəsini
bərpa etmək mümkün olmayıb. Amma araşdırmaçılar düzgün başa düşüblərsə, onda
Enmerkar gil lövhə üstündə əmr yazdıran birinci hökmdar olub. Çapar gil lövhəni
Aratta hökmdarına verib cavab gözləyir. Bu dəfə gözlənilmədən yağış və tufan
tanrısı İşkur Arattaya köməyə gəlir. İşkur küləyin köməkliyiylə şəhərə çoxlu yabanı
buğda və lobya gətirir. Aratta hökmdarı bu möcüzəni görən kimi əvvəlki özünəinamı
qayıdır. O, çapara bildirir ki, İnanna heç bir halda onu tək qoymayacaq.
Mətnin
növbəti hissələri də ayrı-ayrı sözlər şəklində qaldığı üçün, çox da başa
düşülmür. Amma qalan hissələrdən belə başa düşmək olar ki, nəhayət Aratta əhalisi
Uruk hökmdarı Enmerkara qızıl, gümüş və cəvahiratdan ibarət vergi verməli olub.
Tərcümə:
Həmid P.