Üst-üstə, yan-yana?

Üst-üstə, yan-yana?

HİERARXİYA NƏRDİVANI

Azərbaycanlı düşüncəsi hierarxikdir (yəni ierarxikdir, mən bilərəkdən orijinalını, düzünü yazıram). Hieros – müqəddəs, mənəvi, ali, cismanilikdən uzaq; arxein – idarə etmək, müəyyən etmək deməkdir. Termin kimi hierarxiya – yuxarıdan aşağıya düzülüşdə yuxarıdakının hakimiyyəti, üstdəkinin üstünlüyü deməkdir. Bu, yuxarının aşağı üzərində hegemoniyasıdır. Başqa sözlə, daha yuxarıda dayanan üstdəki müqəddəsdir, mənəvidir, alidir, idarə etməyə layiqdir. Bir sözlə, üstündür, yaxşıdır.

ÜSTÜN ÜSTDƏKİDİR

"Üstün” sifətinin açımı çox sadədir: "üstün – üstdəkidir” deməkdir. Hərfi mənada da belədir. Bu qədim yəhudi mifi mənim demək istədiyimi daha aydın deyə bilər: Adəmin birinci arvadı Lilit Adəmlə yatacağı vaxt, Adəmin öz işini onun üstündə icra etməsinə etiraz etmiş, özünün altda qaldığı seksual pozanı bəyənməmişdi. Mənası da bu idi ki, bəyəm sən Adəm məndən üstünsən ki, mənim üstümə çıxırsan?! (Yeri gəlmişkən, "üstündə işləmək” ifadəsi də, məncə, seksual aromatlı ifadədir, müəllifi də kişidir, amma sonralar mənası genişlənib). Mifin sonluğu bununla bitir ki, Lilit Adəmə boyun əyməyib, onu tərk edir, allah da Liliti əbədi olaraq lənətləyir, onu daim altdayatan, sözəbaxan Həvva ilə əvəz edir; başqa sözlə, bütün təkallahlı dinlərə, o cümlədən də islama görə, kişi qadından üstündür və buna görə də, kişi üstdə olmalıdır, hətta yataqda da!

YAXŞI YOXUŞDAKIDIR

Üstün mənasında başqa bir sözümüz də var: yaxşı. "Yaxşı” sözünün kökü "yoxuş”la eynidir. "Yaxşı yol” diləmək "yoxuş yol” diləməkdir, yəni ucal, yüksəl. Sözün kökü Orxon-Yenisey abidələrində "yog”, "yeg” kimi görünür. İndi dilimizdə "yey” kimi qalıb. Füzuli deyir: "Daği-hicran ilə yanmaqdan cigər qan olsa yey, Mülki-dil qəm mənzili olunca, viran olsa yey”. Bir sözlə, yaxşı, yoxuş, yox, yux(arı), yey – hamısı eyniköklüdür. Mənə burada gərəkli olan isə hələlik bu qəti son ucu almaqdır: Yoxuşdakı enişdəkindən yeydir, yuxarı yaxşıdır. Dilimiz belə deyir! Yəni nərdivandan xəbər verir. (Amma Humboldta söykənib, əksinə, belə də demək olar: Bizim kulturamız, dünyabaxışımız dilimizə belə dedizdirib).

AYAĞINDAN ÇƏK, BAŞINDAN BAS

Dilimizdə "üstün” və "yaxşı” sözləri zehnimizdəki nərdivanı göstərir. Şərqlilərin dillərə dastan olmuş paxıllığı və bunun nəticəsində də komanda kimi birləşə bilməməkləri hierarxik-vertikal düşüncənin məhsuludur. Hierarxik vertikallıqda bircə yol var: var olduğunu göstərmək üçün, bir nərdivan pilləsi yuxarıda, üstdə olmalısan. Yanaşı dayanmaq, böyür-böyürə durmaq yetmir. Dilimizdə "alçaq” sözü söyüşdür. Belədə, azəri necə paxıl olmasın, yan-yana durmaqla necə yetərlənsin? Fərqliliyini yarada bilməyən, əvəzedilməz ola bilməyən insan mütləq paxıl olacaq. Biradamlıq hierarxiya nərdivanında "ayağından çəkmək”lə, "başından basmaq”dan başqa nə baş verməlidir ki? Belə deyimlər hamısı nərdivanda yaranıb.

NƏRDİVANI DİNLƏR YARATDI

"Allah”ı və yaxud "(Göy)Tanrı”nı göyə, səmaya yerləşdirən "səma”vi dinlərin hamısı hierarxik düşüncəlidir. Əslində isə ən başda, ən yuxarıda dayanan yox, yanaşı dayana bilən hər bir fərd dəyərlidir. "Səma”vi dinlərdə isə yalnız Səma dəyərlidir, Dünya fanidir, Allah əkbərdir, insan əsgər! "Dünya” ərəb dilində hərfi mənada "alçaq” deməkdir! Yer-Göy hierarxiyasında dünyəvilik alçaqlıqdır. Dediklərimə ərəbcə baxanda "dünyəvilik” tərəfdarı olmaq "alçaqlıq” tərəfdarı olmaq deməkdir. Dinsizlər dindarların gözündə necə də alçaq görünürlər! Tənqidçi müxalifət siyasi hakimiyyətə ayaqdançəkən xəyanətkar göründüyü kimi.

VAR OLMAQ ÜSULUMUZ

Hierarxik-vertikal düşüncə tərzi ötüş, müqayisə, paxıllıq, monotonluq, maraqsızlıq və son nəticədə bədbəxtlik və dağıntı gətirir. Bu ona oxşayır ki, rəngarənglik əvəzinə, yalnız bir rəngin min bir çeşidi olur. (Çox hörmətli professor Niyazi Mehdinin "Niyə özümüz özümüz üçün maraqsızıq?” sualını xatırladıram).

Qərbin düşüncə modeli müxtəliflik (fərqlilik), Şərqinki isə mükəmməllikdir (kamillik) və Qərbi irəli aparan da budur (J.S.Mill). Biz şərqlilər daha kamil, başqa sözlə, daha ali, daha allaha yaxın, daha yuxarı başda olmaq istərkən, Qərbli sadəcə fərqli olmağa çalışır, o, öz fərqliliyini yaradır, təki ayrı cürə olsun, təki maraqlı olsun.

Biz üst-üstə düzülmüşük, yan-yana da düzülmək olar. "Cəmiyyət” ust-üstə cəmlənmədir, "sosium” yan-yana düzülmək. Yan-yana düzülüşdə hər biri dəyərlidir, hər biri mənalıdır, hər biri sevimli, hər biri gözəl, hər biri yaşamağa layiqdir. Üst-üstə düzülüşdə isə, üstdəki daha dəyərlidir, üstdəki daha mənalıdır, üstdəki daha sevimlidir, üstdəki daha gözəldir, üstdəki daha çox yaşamağa layiqdir. Üst-üstə düzülüşdə gec-tez üstdəki altdakına qurban verilir, yan-yana düzülüşdə hər biri üçün qurban getməyə dəyər! "Daha”nı yaradan "ən”dir. "Daha” "ən”dən xəbər verir. Bizi "daha”ya "ən” sürükləyir. Şərqdəki səmavi Allah İnsanı var olmağa qoymur!

Sən məndən hündür ola bilərsən, dağlar dərələrdən hündür olan kimi və dərələrin aşağıdalığı onları dağların yanında dəyərsiz etmədiyi kimi; amma sən görünmək, var olmaq üçün məni "üst”ələmək məcburiyyətində deyilsən, məndən fərqli olsan, bəsindi.

ÖLÜM ÜÇBUCAĞIMIZ

Şərqdə despotizm ilə monoteizm – eyni bulaqdan su içir! Elmdə buna "sosio-kosmik paralellik”, "mikrokosmik-makrokosmik harmoniya” adı verilir. Buna görə də, mən dönə-dönə yazmışam və demişəm: Din-Mentalitet-Hakimiyyət – bizim içinə düşdüyümüz ölüm üçbucağının təpə nöqtələridir: Üçü birində. Üçünü də birdən vurmaq lazımdır! Aldanmayaq, üçü də ən dərində bir-birinə bitişikdirlər, lap dərin qatlarında bir-birlərini nəinki inkar etmirlər, əksinə, yaşadırlar. Dilimiz də bunu ifşa edir. Ona görə də, bu dini şüur və bu milli mentalitet durduqca, mövcud siyasi hakimiyyət komandasını dəyişməyin prinsipcə heç bir mənası olmayacaq. Amma yenə də dəyişmək lazımdır!

***
Sadəlövhlər isə hələ də soruşurlar ki, milli mentaliteti(mizi)n, yaxud müsəlman şüuru(muzu)n siyasi idarəetməyə nə təsiri ola bilər?

Ağalar Məmmədov
Azadlıq Radiosu