Xan. Sancaqlı kölgələr və Şeytan ulduzu

Xan. Sancaqlı kölgələr və Şeytan ulduzu

Yarpaq.az oxuculara Xanın "Sancaqlı kölgələr və Şeytan ulduzu” romanından bir hissəni təqdim edir:

 

9-cu hissə

 

 

ANALIQ

 

 

1912-ci ilin payızı

 

 

"Bu kəndə ancaq kimsə öləndə yağış yağır” deyirdilər Çatağ kəndi üçün. Bu gecəki leysan ölümə qənaət etməmişdi, görünür. Birdən çox insan ölmüşdü bu gün. Bu qədər yağış bir fani üçün həddən artıq çox idi. Ariman qarı bunu yaxşı başa düşürdü. Qocaların deyimlərinə inanmasa da, öz hisslərinə hər şeydən çox güvənirdi. "Yağışlar səbəbsiz yağmır” deyirdi nənəsi balaca Arimanın saatlarla pəncərədən yağışa baxdığını gördüyü zaman. "Yağışlar bərəkət gətirir susuz torpaqlarımıza”. Balaca qız heç vaxt razılaşmazdı nənəsinin sözləriylə. "Yağışlar ölüm gətirir” deyirdi. Qızın az qala hər bir yağış damlasını baxışlarıyla göydən yerə enənə qədər izləməsi nənəsinə onun nələrsə gördüyünü hiss elətdirirdi. Nələrsə görürdü, bu dəqiqdir. Amma nələr? Yağış damcılarını yerə gətirən mələkləri? Yox, bu ola bilməzdi. Belə olsaydı, "ölüm” sözü yerinə o da nənəsi kimi "bərəkət” sözünü işlədərdi. Amma Ariman "ölümdə” israrlıydı.

Yalnız meşədən çıxandan sonra qucağındakı uşağa baxdı. Qəribəydi ki, yatmasa da, ağlamırdı. "Nə qədər vaxtdan bəri oradaydı? Ac olmalıdır, yəqin. Gərək, heç onu götürməzdim, nəyimə lazım idi axı?!” deyə həmişəki kimi deyinə-deyinə evinə aparan cığıra nə vaxt girdiyinin fərqində belə olmadı. Yolu necə xatırladığını da anlamadı. Sadəcə xəfif küləklə aralanan xəzan ona yol göstərmişdi. O da sakitcə, itaətkarlıqla, sağ qalmaq naminə uşağı qucağına alıb yola düzəlmişdi. Bunun nə anlama gəldiyini az-çox təxmin edə bilirdi. İstənilən halda şeytanla müqavilə təsiri bağışlayırdı bu "yaxşılıq”. Həyatı boyu heç kəsə yaxşılıq etməyən qarının vicdanı saysız cinlərin və bayquşların əhatəsində körpə bir uşağı görüncə oyana bilməzdi. Cinlərin qulaqbatıran qəhqəhələri və fəryadları ağacların sıxlığı seyrəldikcə uzaqlarda itib-batdı.

"Mən bu qızın qismətiyəm” dedi ürəyində və uşağın üzünə baxdı. Körpə uşaq qorxunc görünüşlü, vahiməli arvada baxıb gülümsədi. Bu gülümsəmə arvadın ürəyini bulandırdı. Ömrü boyunca belə eybəcərlik görməmişdi. "Necə də eybəcər uşaqdır, ilahi”. "İlahi?”. Özü öz sözündən utandı. Heç nəyi ilahiləşdirmək lazım deyildi onun fikrincə. İlahinin özünü belə. Dünyada yalnız bir tanrı var idi. Ölüm. Vəssalam. Bu uşağı da ölüm yaratmışdı. Bütün bədənini bürüyən laxtalanmış qan bunun sübutu idi. Qanlı qız idi o. Dünyaya gələr-gəlməz canlar aldığı hər-halından bəlliydi. Nə deyə gizlədirdi ki, əsl simasını? O ki, şeytanın qızıdır. Cinlərin himayə elədiyi uşaqdan xeyir gözləmək axmaqlıqdır. Bəlkə, atsın buralara qaçsın?! Evinin yolunu tanıyırdı. Uşağın hər nə cürsə həyatda qalacağına əmin idi. Bircə onun daxmasında böyüməsin. Bu yaşdan sonra heç körpə oyunlarına dözə bilməzdi. Bu onun üçün əsl Cəhənnəm əzabı olardı. Yenidən uşağa baxdı. Qırmızı yanaqlı körpə hələ də gülümsəyirdi. "Necə də eybəcər uşaqdır... İlahisiz”.

Bu gün yaşayacaqlarını öncədən görmədiyi üçün bacarıqlarına şübhə etdi. Bəlkə, artıq əvvəlki kimi deyildi?! Tükənmişdi? Gücləri tərk etmişdi onu palçıqlı dərənin lap dərinliklərindəki qoca daxmasında. Sözünə baxmırdı cinləri. Sancaqları kütləşmişdi. Batmırdı. Batsa da, təsir etmirdi. Cavanlığını xatırladı. Par-par parlayan sancaqları ovsunladığı vaxtları. Nəinki insanlar, cinlər belə qorxurdu onu görərkən. Otuz yaşındaykən altmış yaşındakı qarı kimi görünürdü. Amma hərəkətləri zirək, bədəni gümrah, zehni iti qalmışdı. Sancaqlarından fərqli olaraq ağlı heç vaxt paslanmadı. Nəfəsinin "sehri” azaldı yaşlandıqca, gözləri, qulaqları, iybilməsi zəiflədi. Caduları da bədən üzvləri kimi qocalırmışcasına sıradan çıxmağa başladı. Ona görə də izini-tozunu itirdi dünyadan. Zəifliyi görünsün istəmədi. Heç kimin bilmədiyi, heç kimin ayaq basmadığı yerlərdə yüzillərdən qalma bir daxma tapıb ora yerləşdi. Dərənin dibində onun evi, təpənin başındasa "Cinli qala” adlandırılan orta əsrlərə aid qədim tikili özlərinə yer edib sonsuza qədər burada qalacaqmış kimi aparırdılar özlərini. Evi elə bil məhz onun üçün tikmişdilər. Hətta tikməmişdilər, sanki əzəldən buradaydı. Elə o "Cinli qala” kimi. Hansı insan buralarda ev tikmək istəyərdi ki?!

"Bura əzəldən mənə məxsus olub, ancaq mənə”.

"Cinli qala”-nın da sirrini çözmüşdü Ariman qarı. Gündüzlər ora dırmaşan tarixçilərə və şəhərdən gələn bəzəkli insanlara bir anlam verə bilmirdi. "Bura gecə çıxmalısan. Bədirlənmiş ay zamanı. Onda gör buranın sakinlərini. Necə canayaxındırlar, necə mehribandırlar” deyə düşünürdü içindən. Cavanlığında çox çıxmışdı bu qalaya, indiysə çoxdandır dırmaşmırdı. Yolları tamam dağılıb sökülmüş, palçıqlaşmış və keçilməz kol-kos basmışdı hər yanı. Niyə "Cinli qala” adlandırıldığıyla bağlı rəvayətlər uydururdu yerli camaat. Tarixçilər də bu nağıllara qulaq asıb qeydlər aparır, sonra hər inancsız cümlələrinin başına "deyilənə görə” sözünü artırıb eşitdiklərini olduğu kimi vərəqlərə köçürürdülər. Ariman qarısa xalqın dilində gəzən dəhşətli əfsanələrin, vahiməli hekayələrin həqiqət olduğunu bilirdi. Gözləriylə görmüşdü zira.

İllər əvvəl Çatağın ikisi azyaşlı uşaq, biri qoca kişi, ikisi ortayaşlı qadın olmaqla beş sakini bir neçə həftə aralığıyla yoxa çıxanda Ariman qarı məsələnin mahiyyətini hamıdan əvvəl anlamışdı. Hər kəs meşələrdə, kanalların bəndlərində, uçurum vadilərində meyitlər axtarsa da, Ariman qarı onların ölmədiyinə adı kimi əmin idi. Onlar ölməmişdilər, arxalarında heç bir iz qoymadan sadəcə yoxa çıxmışdılar. Qeybdə gizlədilmişdilər. Hadisələrin başladığı gündən yağmayan yağışlar da bunun sübutu idi. Sanki belə insanlar heç yaşamamışdı bu kənddə.

Ayın bədirlənməyini səbirsizliklə gözləyirdi qarı. İllər sonra Cinli qalaya dırmaşmaq üçün səbəb yaranmışdı. Yollar dağılsa da, cığırları tikanlı, yabanı kollar bassa da, ora necəsə çıxmalıydı. Şeytan ulduzunu öz gözləriylə görmək istəyirdi. Cinlərin, ifritlərin nələr planladığının marağı onu dəli edirdi.

Alatoranlıq vaxtı yağış başlayarkən "nəhayət ki” dedi qadın. "Şeytan ulduzu yaradacaqlar”. Sevincdən az qala gözləri yerindən çıxacaqdı. Öz-özünə səsli şəkildə gülür, uşaq kimi yerində atılıb-düşürdü. O qədər həvəslənmişdi ki, axşam qarşılaşacağı mənzərəni görmək üçün, sevincindən çölə çıxıb zivədən asdığı on qarğa leşinin bir göz qırpımında tüklərini yolub ocağın üstündə qaynayan bir qazan suyun içinə atdı. Başsız qarğalar buğlanarkən ziyafətinə bir neçə baş sarımsaq qurusu, qırmızı bibər və hətta dəfnə yarpağı belə atdı. Bir sürü cadugara çatacaq qədər bol hazırlanmış axşam yeməyi elə qazanda da qaldı. On qarğa üçün Cəhənnəm əzabı çoxdan başlamışdı.

Hava qaralmağa başlayarkən qoz ağacının qalın bir budağından hazırladığı çomağını da götürüb evindən çıxdı. Dərədən təpəyə yola düzəldi. İtkin düşmüş qadınların, qocanın, ən əsası da iki azyaşlı uşağın aqibəti onu qətiyyən narahat etmirdi. Hər yeri ələk-vələk edən kənd camaatı qorxaq inanclarına görə bircə Cinli qalaya baxmamışdılar. "Orada olmazlar, əşi. Balaca uşaqların orada nə işi var?!” kimi cümlələr Çatağın hər evindən eşidilirdi. Onsuz da, yağış başlayar-başlamaz hərə öz hininə çəkilib, qapıları bərk-bərk bağlamış, uşaqlar yorğanlarını başlarına çəkib qorxudan tir-tir əsmiş, böyüklərsə "bircə bu gecə şək etmək olmaz” deyib dua etmişdilər. "Ölümü bizim ailədən uzaq tut, Allahım. Ölümü balalarımdan uzaq tut” deyə tərpəndi dodaqlar. Halbuki, ölüm dualara kar idi. Onunla razılığa gəlmək, şərtləşmək mümkün deyildi. Gələcəkdisə, gələcəkdi.

Ariman qarı qanlı ulduzu qalanın giriş tağlarının üstündə görərkən sevinci şaxə qalxdı. Əllərini bir-birinə sürtüb "belə də bilirdim, düz bilirdim” dedi. İçəri girmək istədi, qaranlıq bir güc onu itələyib çölə çıxartdı. Qarı hər iki əliylə girişin çay daşlarından hörülmüş divarlarından tutub özünü içəri soxmaq istəmişdi. Nələr baş verdiyini öz gözləriylə görməliydi. Görməsə, bu cadunu təkrarlaya bilməzdi çünki. Görməliydi. Qaranlıq kölgələr isə daha güclüydülər. Ariman qarı qışqıraraq var gücüylə irəli atıldı və başını gözəgörünməz bir divara çırparaq geri həslədi. O qədər qüvvətlə dəymişdi ki, başı gicəlləndi. Buz kimi kölgələr üzərinə şığıyıb onu qollarından tutdular və sürüyərək çölə atdılar.

Qarı palçıqlı uçurumdan aşağı doğru yomalanarkən divarların əks tərəfindəki məxluqlara qışqırdı.

"Mən sizdənəm, mən insan deyiləm, mən də şeytanam. Mənim də tanrım ölümdür”.

Qalanın damı uçmuş əsas zalı qıf kimi bütün yağışı öz üzərinə çəkirdi. Bu qədər yağış belə yerdəki daşların üzərinə səliqəsizcə çəkilmiş qanlı ulduzu yuya bilmirdi. Ulduzun hər küncü qalanın bir qülləsinə toxunurdu. Hər qüllədə də bir insan dayanmışdı. Divarların dibi boyunca qara kölgələr boy verib yenidən yoxa çıxırdılar. İki uşağın, qocanın və iki qadının göz bəbəkləri kor insanlardakı kimi tamamilə ağarmışdı. Hətta bir az da artıq. Az qala işıq saçırdılar. Boyunları bükük, yorğun və gücsüz görünürdülər. Şüurları və yaddaşları özləriylə deyildi. Uşaqların hər ikisinin dizləri və dirsəkləri çapılmışdı. Elə bil onları təpədəki qalaya sürüyərək gətirmişdilər. Qocanın üzündəki cırmaq izlərinin nəyə, kimə aid olduğunu demək çətin olardı. Yaşlı adamın paltarları cırıq-cırıq idi. Yaxası göbəyinə qədər süzülüb sökülmüşdü. Qadınların da vəziyyəti digərlərindən fərqli deyildi. Yaylıqsız başlarındakı səliqəsiz saçlarını yağış baş dərilərinə yapışdırmışdı. Saçlarının aralarında çör-çöp, kol-kos qırıqları açıqca görünürdü. Dırnaqları qırılmış, kəsik-kəsik olmuş yalın ayaqlarının topuqlarındakı sıyrıqlardan qan damcıları güclə də olsa, özlərini göstərirdilər.

İldırımın çaxmasıyla birdən-birə hər yan aydınlandı. Dünyanın başqa heç bir yerində ildırımla göy gurultusunun arasındakı məsafə bu qədər qısa çəkməzdi. Elə gurultu qopdu ki, deyərdin, düz qalanın ortasında top atdılar. İnsanların heç birinin qılı da tərpənmədi. Elə bil, heç nə görmədilər, heç nə eşitmədilər. İkinci ildırım ulduzun düz mərkəzinə düşdü. Uşaqlardan nisbətən balaca olanı bu zərbədən büdrəyərək yerə yıxılsa da, tez ayağa qalxıb əsgər kimi öz mövqeyinə geri döndü.

Bir neçə dəqiqədən sonra ildırımlar dalbadal qalanı döyəcləyərkən divar diblərindəki kölgələr daha həyəcanlı şəkildə hərəkətlənmişdilər. İnsanların ətrafında dövrə vurur, gülüşür, möhkəm qışqırırdılar. Dayandığı yerdən ilk yıxılan yaşlı adam oldu. Arxasındakı uçurumdan boşluğa doğru yomalandı. Ardınca qadınlar və uşaqlar da özlərini qalanın hündürlüyündən dərəyə atdılar. Atlayarkən heç biri zərrə qədər tərəddüt etməmişdi. Onları idarə edən başqa qüvvələr idi.

İldırımlar azacıq ara verər-verməz ulduzun mərkəzində qaranlıq, dumanlı bir quyu yarandı. Quyunun ağzı açılıb bağlandı və O göründü. Dərisi qapqara, gözləri qıpqırmızı, dırnaqları paslı dəmir kimi kirli, ruhsuz və rəhmsiz. Yüz ildən bir qurbanlar verilirdi onun üçün. Şeytanın oğluydu o. Heç vaxt məhv edilməyəcəkdi. Ətrafındakı kölgə ordusu qiyamətə qədər ancaq ona tabe olacaqdılar. Onun iradəsindən kənara heç kim çıxa bilməzdi.

Nəhəng kölgə baxışlarını yuxarı qaldırıb ritualı izləyən yad insana baxdı. Qırmızı gözləri qalanın divarına dırmaşaraq hər şeyi gizlin-gizlin izləyən qarının gözlərini deşdi sanki. Qarı o dəqiqə əllərini yapışdığı daşlardan aralayıb yerə atıldı və var gücüylə qaçmağa başladı. Ayağındakı qaloşların bir tayı palçıqlı yolda ayağından çıxdı. Ağac budaqları ayağına batsa da, sürətini azaltmadı. Təpədən dərəyə doğru qaçarkən beynində yalnız bir şeyi düşünürdü.

"Mən də sizdənəm. Mən də şeytanam, insan deyiləm”.

"Bilirəm” deyə cavab verdi qulaqlarındakı səs. "Sənin ölümünə hələ bir az da var, mənə lazım olacaqsan, qarı”.

Səs sözlərlə yox, rəsmlərlə girmişdi beyninə. Elə bil səsin sahibi başının içindəki qızıl taxtda oturaraq boğuq səsiylə təmkinlə demişdi. Dodaqlarını tərpətmədən. Düşündüyünü sadəcə olduğu kimi qarının beyninə qoymuşdu, vəssalam. Özünü ifadə etmək üçün onun danışmağa ehtiyacı yox idi. Ariman qarısa gördüyü möcüzə qarşısında həyatında olmadığı qədər qorxmuşdu. Halbuki, özü istəmişdi bura gəlməyi. İstəməmişdi, can atmışdı bütün varlığıyla. Bədirlənmiş ay zamanı yağış başlayarkən içinə dolan möhtəşəm sevinc hissiylə uçaraq dırmaşmışdı qalaya. İndi də eyni həyəcanla, bu dəfə sevinərək yox, qorxaraq aşağı enir, dodaqlarında eyni cümləni təkrar edirdi:

"Mən də şeytanam, mən də şeytanam”.

 

"Necə də eybəcərdir, ifritə” dedi qucağındakı uşağa baxarkən.

Yerdəki xəzanın altından fısıltıları belə eşidilməyən ilanların, hündür ağcaqovaqların, palıdların budaqlarının arasında ustalıqla gizlənən bayquşların, əqrəblərin, çaqqalların və saysız hesabsız kölgələrin müşayiətiylə, nəhayət, meşədən çıxaraq uçuq daxmasına çatmışdı. Daxmanı ilk dəfə görürmüş kimi sevindi. Eyniylə Cinli qaladan enib imarətini qoyduğu yerdə gördüyü gün olduğu kimi. Nə qədər də işinə yarasalar, cinlərlə münasibəti sevmirdi. Uşaqlığından bəri onu yalnız buraxmayan kölgələr son zamanlar onu lap təngə gətirmişdi. Daha nə qədər dözməliydi bu həyata?! Həmişə içində duyduğu qaranlıq parıltının səbəbini araşdırmış, belə qənaətə gəlmişdi ki, sonsuzluğun vəd olunduğu müqəddəslərdəndir o. Ölüm onu seçmişdi. Ölsə də, ölməyəcəkdi. Bunu bilirdi. Eləysə niyə qorxurdu? Qorxurdu çünki Ariman qarı. Əlləri əsirdi. Üstəlik, qucağındakı tük qədər çəkisi olan körpənin ağırlığına görə yox, görmədiyi gələcəyinə görə. Gələcəyindən xəbərsiz yaşamaq ona xas xüsusiyyət deyildi. Bəzən yuxuda, bəzənsə sadəcə meşədə gəzişərkən gözünə şəkillər və hadisələr görünürdü.

Qılınc, silah, alov...

Bütün bunların bircə anlamı var idi:

"Ölüm yaxınlaşır”.

"Qaçma, Ariman, qaçma ondan. Ona doğru qaç, həm də var gücünlə”. İçindəki ağıllı hesab elədiyi tərəf belə deyirdi. "Başqa nə edə bilərsən ki?! Harada olsan, səni haqqlayacaq. Barı ölərkən öldür. Sonsuz Cəhənnəmin açarı günahsız canlardır. Sən də şeytansansa, ölərkən öldür, qoca”.

Gələcəyinin məchulluğu elə bu körpəylə başlamışdı. Məcbur edilmişdi onu götürməyə, vadar edilmişdi. Götürməyə bilməzdi. Ya götürməliydi, ya da... götürməliydi. Zaman da bunu tələb edirdi. Təbiət də, hətta qadınlığı və anlaya bilmədiyi bir duyğusu da. Bu duyğunun qeyri-müəyyənliyi də ürəyini bulandırırdı. Ən azı uşağın gülümsəməyi qədər. Qucağındakına nifrət etsə də, onu ata bilmirdi. Bax, bu duyğunu anlamırdı. Nənəsi onu belə görsəydi, deyərdi:

"Analıq sənə heç yaraşmır, pintibaş”.

– "Pintibaş” sənsən, kaftar, – deyə qışqırdı evinin qapısının ağzına çatarkən.

Kimə? Niyə? Niyə qışqırırdı? Əsas sualsa beləydi: Niyə "analıq” sözünə görə yox, "pintibaş” sözünə görə əsəbləşmişdi? "Analıq” nə idi ki?! Onun anasıyla arasında heç bir bağ yox idi. Heç yaranmamışdı da. Nə onun anasından xəbəri vardı, nə də anasının ondan. Dünya xəbərsiz görüşdürmüşdü onları. İki yad insanı ölüm bir-birlərindən uzaqlaşdırarkən biri bu dünyada, digəri o dünyada yadlıq çəkməmişdilər. "Bircə bu qoca kaftar da ölsəydi...” nənəsinin zəhlətökən dərəcədə mehriban sifətinə baxarkən düşünürdü. O da ölmüşdü ən sonunda. Ən sonunda ölməyən qalmayacaqdı. Sonsuzluğun vəd olunduğu yeganə şəxsin özü olduğuna inanırdı qarı. Bəlkə, hələ də bu fikrindən daşınmamışdı? Beyni özündən aslı olmadan dünyanın reallıqlarını dərk etməyə başlayarkən.

Yun ətəyini yuxarı qaldırıb, enli şalvarını aşağı endirib kolların arasına sıçarkən, günlərlə ağzına bir loxma qoymadığı vaxtlarda qarnı quruldayarkən, meşədə gün təpəsinə döyərkən, dodaqları quraq çöllər kimi çatlayıb susuzluqdan yanarkən o da adi bir insan olduğunu düşünürdü. Amma ara-sıra gözünə görünən gələcək, başqalarının keçmişi, cadu bacarığı əbədi Cəhənnəmlə "müjdələnmiş” insan olduğu inancını daha da möhkəmləndirirdi.

"Hansını seçərdin? Boğulmağı, yoxsa yanmağı?” deyə soruşmuşdu divar dibindəki qaranlıq kölgə.

"Yanmağı” demişdi balaca Ariman heç düşünmədən. "Cəhənnəmə alışdırar”.

 

Birotaqlı daxmasına girən kimi uşağı içəridən qapının ağzına qoydu. Qoymadı, atdı elə bil. Lazımsız əşya kimi tulladı bir küncə. Uşaqsa səsini də çıxartmadı. Uşaq dediyin ağlayar, zırlayar, adamın zəhləsini tökər. Bu uşaq bircə Ariman qarının zəhləsini tökə bilərdi bu ədəbiylə.

– Ağlamamağa and içmisən? – dedi. – Ya indi ağla, ya da heç vaxt. Gecə ağlamağa başlasan, səni qarğa dırnaqlarını qaynatdığım qazana atacam. Bayquş dostlarının qulağından iraq.

Böyrünə doladığı yapışqan kəndirdən başsız qarğa leşlərini götürüb eyniylə uşağı atdığı kimi bir küncə tulladı. Ona elə gəldi ki, qarğalardan biri ayağa qalxıb getmək istədi. Gördü bunu, ya ona elə gəldi? Əmin olmadı. Ayağa qalxıb qarğalara baxdı. Ayağıyla təpiklədi bir neçəsini. Heç biri tərpənmirdi. Hara gedəcəkdilər ki?! Başlarını təmiz itirmişdilər, yazıq quşlar. Bu qorxunc daxmada necə davranmalı olduqlarını belə hesablaya bilmirdilər. Üç yüz il yaşamaqlarının nə mənası olacaqdı, guya?! Üstəlik, əgər, sonsuzluqla müjdələnməmisənsə, ha üç yüz il, ha üç gün, nə fərqi var?!

Geri-geri çəkilərək sevimli küncündə yerə oturdu. Bir dizini qucaqlayıb belini taxta divara dayadı. Yorulmuşdu. Hədsiz yorulmuşdu. Gözləri oturduğu yerdə axırdı. Bir dəfə asta-asta yumub açdı göz qapaqlarını. Sonra bir dəfə də və bir neçə dəfədən sonra artıq açılmırdı. Qartaldimdik burnunun tutulmağına görə möhkəmdən xoruldamağa başladı. Qapının ağzındakı uşaq göy gurultusuna bənzər xorultu otağa yayılarkən hər an ağlaya bilərdi. Amma yenicə doğulmuş körpə yetişkin insanlar kimi səbrini basdı, təmkinini qorudu. Ona "analıq” edəcək qadınla ilk gecədən soyuqluq yaratmaq istəmədi sanki. Heç bir şey etmədən yerdə səssiz-sakit uzansa da, bu davranışı uşağa müdrik bir əhval qatırdı.

 

Ariman qarı o gecə bir yuxu gördü.

Meşənin dərinliyində, ağacların tüklü insan saqqalı kimi bir-birinin üstünə çıxdığı yerlərdə, körpə uşağı tapdığı çalanın içindəydi. Bayquşlar da yox idi, kölgələr də. Buna baxmayaraq, yenə də tək olmadığını hiss edirdi. Qeybdən qulağına gələn boğuq səs bunu təsdiqlədi.

– Ona ad ver! – dedi səs.

"Zəhləmi tökərlər də” düşündü qarı.

– Onu böyütmək üçün düzgün adam seçməmisiniz, – Ariman qarı qışqırdı.

– Ona ad ver. O, sənin deyil, bizimdir. Onu biz qoruyacayıq, sən yox. Sən sadəcə ona ad ver və çəkil qırağa. O, seçimlərini çoxdan edib. Səni seçib. Başqa çarən yoxdur.

Yerdəki nəm yarpaqların arasından qırmızı bir ilan qarının ayaqlarına dolandı və yuxarı doğru süründü. Qarının bütün bədəni qıc oldu. İlanlardan xoşu gəlmirdi. Dərisinin pulcuqları bədəninə sürtüldükcə xırçıltı səsləri eşidilirdi. Qalın paltarlarının altıyla sürünüb boynuna dolandı ilan. Başını əvvəlcə qarının bir qulağına yaxınlaşdırıb fısıldadı.

– Ona ad ver.

Sonra tələsmədən burularaq digər qulağında haça dilini bir neçə dəfə çıxarıb saldı və fısıldadı.

– Ona ad ver.

Ən sonunda, sakitcə burulub gəldiyi kimi asta-asta yerə düşdü və qırmızı-sarı yarpaqların arasıyla gözdən itdi. Ariman qarının bədəninin qıcı hələ də açılmamışdı. Barmaqları gərilir, boynunun damarları şişirdi. "Bu nə zibildir” dedi. "Çıxarın məni buradan, istəmirəm sonsuzluğu. Çıxarın məni”.

 

Ariman qarı oturduğu yerdə gözlərini açdı. Alnındakı tər muncuqlarından biri kirli üzündə sürüşərək çənəsindən aşağı damcıldadı. Udqundu qarı. Elə bil görünməz əllər boğazını sıxırdı. Uşaq hələ də qoyduğu yerdəydi. Onu bükdüyü qalın şalın kənarlarından balaca əlləri görünürdü. Havada mənasız hərəkətlər edən əl qarıya şeytanın əli kimi göründü. Dərisinin üstündəki qan laxtalarını leysan yağış belə yuyub təmizləyə bilməmişdi. Nə qəribədir ki, ağlamırdı da. Bu yaralar quruduqca dərisini tarım dartmalı, bu isə körpəni incitməliydi. O isə bundan məmnun kimi görünürdü. Ariman qarı düşündü: "Ona ad verməliyəm”.

Ayağa durub uşağın yanına gəldi. Hava yavaş-yavaş işıqlanırdı. Səhər açılırdı. Günəşin özü görünməsə də dünyanın üzərində, işığı buralardaydı artıq. Ariman qarı yerə çöməldi. Uşağın üzünə baxdı. Eybəcər idi. Balaca burnu, incə dodaqları və iri gözləri vardı. Çox eybəcər idi. Qarı bu uşağa nifrət etdiyini düşündü. Onu heç sevməmişdi. Əlində əlacı olsaydı, burada da boğub öldürərdi. Birdən utandı düşüncələrinə görə. O, balaca, körpə bir uşaq idi. Onun nə günahı vardı?! Dünyaya gəlməyi arzulamamışdı, bəlkə də. Diqqətlə baxanda, hətta, gözünə şirin və gözəl belə göründü. Sonra yenə diksindi. Ürəyi ağzına gəldi və ögüdü. Qarı ona nə ad verəcəyini tapmışdı. Ona ən zəhləsi getdiyi adamın adını verəcəkdi. Sakitcə aşağı əyilib uşağın qulağına pıçıldadı.

– Leyla... Adın Leyladır, adın Leyladır, adın Leyladır, – üç dəfə təkrarladıqdan sonra qurumuş dodaqlarını uşağın qanlı qulağından araladı. Ona anasının adını vermişdi. Leyla.

Tam da bu eybəcər uşağa yaraşan bir ad idi, amma nəsə çatışmırdı. Ad quru qalmışdı. "Leyla” qaranlıq kölgələrin arasında bir balaca ada kimi tək idi. Yanına başqa bir ad da lazımdır. Nə? Nə?

Qarı uşağın dərisini başdan-başa örtən laxta qana baxdı. Qan da yaraşırdı bu eybəcər uşağa. Qan onun yazısında var idi. Qanla doğulmuş, qanla öləcəkdi. Sonra bir daha aşağı əyildi və daha sakit şəkildə pıçıldadı:

– Xuni... Adın Leyla Xunidir, adın Leyla Xunidir, adın Leyla Xunidir.

Uşaq gözlərini zillədiyi tavandan ayırıb "analığına” baxdı. Bu ad xoşuna gəlmişdi sanki. "Çox sağ ol” deyirdi iri gözləri. "Səni incitməyəcəm, məndən qorxma”. Ariman qarı uşağın baxışlarındakı yazını oxuya bilirdi və bu, onu dəhşətə gətirirdi. Bu uşaq bədbəxtlik gətirəcəkdi. Buna əmin idi.

 

Bir neçə saatdan sonra Günəş artıq qırmızı-sarı hörüklərini göstərmişdi. Hava isinirdi. Yağışın yaratdığı palçıq evin dörd tərəfini mühasirəyə almışdı. Üstəlik, yalnız indi fərqinə vardı ki, qaloşunun da bir tayını itirib. "Qaloşumdan xoşları gəlir” deyə düşündü. İllər əvvəl "Cinli qala” hadisəsində olduğu kimi dünən də cinlərin ordusuyla qarşılaşan kimi qaloş ayağından uçmuşdu. "Nələrinə lazımdır axı bu rezin?”

Uşaq hələ də qapının ağzındaydı. Yatmışdı, deyəsən. Əli də, ayağı da tərpənmirdi. Amma balaca sinəsi qalxıb düşürdü. Nəfəs alırdı. Birdən qarıya elə gəldi ki, bu baxıcılıq işi onun bütün bacarıqlarını göyə sovuracaq. Uşaq gələcəyini görməyə mane olurdu. Hər iki əlinin içinə baxdı. Ovucları qırış-qırış idi. Bu ovuclara baxarkən hər zaman nəsə görərdi. Gələcəyindən kiçik bir parça, cəmi bircə şəkil belə olsa... İndiysə bu qırışlar yalnız bir həqiqəti hayqırırdı: "Qocalmısan, qarı, qocalmısan”.

– Qarı! – kimsə uzaqdan qışqırdı. Qadın səsi idi. – Ay qarı!

Ariman qarı tələsik addımlarla bayıra çıxdı. Gələn onun başının bəlası Gülavi xatun idi. Bir türlü yaxasını buraxmırdı bu qadın. Ondan qurtulmaq kölgələrdən qurtulmaqdan daha çətin idi. Hərçənd, qarıya xeyli yardımları da toxunurdu. Ərzaq gətirirdi ona mütəmadi olaraq. Həm də cadu-sehr məsələsində də istedadlıydı. Baxıcılığı da yaxşıydı. "Görəsən, dünən yaşadıqlarımı da görmüşdü? Görüb, görüb. Ona görə səhərin gözü açılmamış gəlib” deyə düşündü.

– Nə var? Nəyə gəlmisən? – əlli metr aralıda dayanmış Gülavi xatuna qışqırdı.

– Ərzaq gətirmişəm. Özün istəmişdin. Yağ, yumurta və kartof. Həm də bir-iki şey soruşmaq istəyirdim, – dayandığı yerlə evin arasında palçıqdan bir bataqlıq vardı. Yanında dayanan yüklü eşşək belə Ariman qarıya baxanda qorxub gözlərini qaçırtmışdı. Eşşəyin ayaqları dizlərinə qədər palçıq idi. Bura gələnə qədərki yol da gül-çiçəklə örtülü deyildi. Gülavi xatunun da üst-başı qapqara palçıq idi. Görünür, bir neçə dəfə yerə yıxılıb. Öskürə-öskürə qalmışdı.

– Qoy yerə ərzaqları, çıx get, – deyib daxmasına girdi Ariman qarı. Gülavi xatun heç vaxt onun sözündən çıxmırdı. Dediyi kimi də edəcəyinə əmin idi.

– İki gün əvvəl yağış yağırdı, qarı, – Gülavi xatun mənalı-mənalı söz atdı ortaya. Daxmanın qapısı asta-asta aralandı. Ariman qarının ağ saçlarının altındakı qıyıq gözlərindən ildırımlar çıxırdı. – Bilirsən də nə deyirlər?! Ancaq kimsə öləndə...

– Mənimlə əlaqəsi yoxdur, – dedi Ariman qarı. – Mənə ilişmir Çatağ əhli, mən də onlara ilişmirəm. Çox yaşlanmışam, adam zəhərləmək hayında deyiləm.

– Mən demədim ki, sən nəsə etmisən. Sadəcə bəzi xəbərlər var. Kəndə söz-söhbət yayılıb. İki gündür hamının dilində yalnız bir ad var. Arjin.

– Bu adı heç eşitməmişəm, – Ariman qarı sorğu-sual olunan cinayətkar kimi aparmışdı özünü. – Arjin... Arjin... Heç eşitməmişəm. Tanımıram onu.

– Bilirəm, tanımırsan. Mən belə hələ də kənddə yaşaya-yaşaya tanımırdım onu. Çox az-az görürdüm, görəndə də gözlərimi çəkə bilmirdim bu qızcığazdan. Axırıncı dəfə aylar əvvəl görmüşdüm. Bazarda, – eşşəyin belindəki kartof kisəsini güc-bəlayla yerə qoyduqdan sonra başını qaldırıb qarıya baxdı və daha da mənalı şəkildə əlavə etdi. – Hamiləydi.

Bu söz Ariman qarını bir az düşündürdü. Hamiləydi. Hə, nolsun? Hamilə olanda nə olar?!

– Yəni... – Ariman qarı izah tələb edirmiş kimi soruşdu. Bu baxışlar Gülavi xatunun xoşuna gəldi. Onu mövzuyla maraqlanan görmək qadını sevindirmişdi.

– Yənisi odur ki, qarı, Arjin iki gün əvvəl damarlarını kəsib. Evində ölü tapıblar qonşular. Hamının dilində dolaşan söz-söhbət isə, əlbəttə, bu deyil. Evdə daha iki meyit tapılıb. Arjinin yaşlı əri Rza və kaftar qayınanası. Hər ikisinin başını odun baltasıyla paralayıblar. Divarlar qan içindəymiş, – Ariman qarının diqqətlə ona baxdığını görən qadın onu maraqlandıran əsas sualı verdi. – Cin çarpması ola bilər?

– Ola bilər... Olmaya da bilər. Mən bilmirəm. Görməmişəm, eşitməmişəm, – yenidən içəri keçmək istəyərkən ağlına bir şey gəldi. – Süd var?

– Süd?

– Hə, süd. Südün var?

– Mənim südüm ilk doğuşdan qurumuşdu. Heç vaxt da gəlmədi, – Gülavi xatun sualın məqsədini anlamasa da, cavabladı.

– Sənin südün qurusun elə, onu demirəm! – Ariman qarı bir az da əsəbiləşərək qışqırdı. – Süd lazımdır mənə. Keçi südü, camış südü... Bəd ayaqda it südü də olar. Təki süd olsun.

– Həəə... Elə süd? – Gülavi xatun başını qaşıyaraq dedi. – Nə üçün istəyirsən südü? Hansı əməl üçün? Tərkibinə keçi südü qatılan heç bir əməl barədə eşitməmişəm. Səndən öyrənəcəyim çox şey var.

– Əməl zad yoxdur, qutarmışam mən, – qarının hirsi əllərini yelləməyindən aydın olurdu. – Sadəcə var, ya yox, onu de bilim.

– Var, var... İndi yükdə yoxdur, amma axşamtərəfi gətirə bilərəm. Keçi südü.

Bu vaxt Gülavi xatunun qulağına bir səs gəldi. Cingiltili bir səs. Uzaqdan – qarının daxması tərəfdən. Küçük ulayırdı elə bil. Küçük yox, uşaq səsiydi bu. Dəqiq uşaq səsiydi. Körpə bir uşaq var gücüylə ağlayırdı. Ariman qarısa özünü elə aparırdı ki, elə bil, heç nə eşitmir. Gözlərini Gülavi xatuna zilləyərək nə deyəcəyini gözləyirdi.

– Uşaq ağlayır?

– Mən heç nə eşitmirəm, – qoca yalançı əsl qoca olsa da, əsl yalançı deyildi. Heç vaxt yalan danışa bilməmişdi. Cəzalanacağını bildiyi vaxtlarda belə həqiqətləri söyləmişdi.

– Yox, yox... Uşaq ağlayır, – bu dəfə daha qətiyyətlə dedi qadın. – Sənin daxmandan gəlir səs.

– Nə uşaq? Nə səs? Uşaq zad yoxdur...

– Eh, qarı, qarı... Bircə bu yalan danışmağı da öyrənsəydin... Səninlə əlaqəsi qalan, evinə gəlib-gedən bircə mən varam. Səncə, məndən nəsə gizlətməyə dəyər? Uşaqdır bu... Ağlayır.

"Zibilə qalasan aaa, uşaq. Ağlamağa vaxt tapdın da” deyə düşündü qarı. "Sən də Cəhənnəm ol, çıx get dəəə... On saat çənə döyəcək ayaqüstü. Arjin belə gəldi, balta belə getdi, cin çarpması, nəbilim nə. Çıx get də...”

– Arjin haqqında bir şeyi demək yadımdan çıxdı, qarı. – Gülavi xatun önəmli bir şeyi xatırlamış kimi dedi. – Arjin damarlarını doğrayarkən uşağı qarnında deyildi. Hər yeri axtarıblar, amma körpə tapılmayıb. Heç kimin xəbəri yoxdur körpədən. Bəlkə, elə bu uşaq...

– Nə? Nə demək istəyirsən? Bircə uşaq oğrusu olmağım qalmışdı...

– Ariman qarı, səndən çox şey öyrənmişəm, amma uşaqlar... Onlara toxunmuruq, bilirsən. Hətta ən zalımlarımız belə uşaqları qurban etmir. Bu əsl şeytanlıqdır.

– Nə gic-gic danışırsan? Onu öldürəcəyimi düşünürsən? – Ariman qarı dişlərini bir-birinə sıxdı. – Onu mənə əmanət ediblər. Başqa da bir sual istəmirəm. Ərzaqları yerə qoy, cəhənnəm ol. Süd də yadından çıxmasın.

– Çıxmaz, çıxmaz, – Gülavi xatun qarının qəzəbindən çəkindiyi üçün istəksizcə dedi. – Axşamüstü bir də dəyərəm sənə. Süd də gətirərəm. Hə, yaxşı yadıma düşdü...

"Çıxıb getməyəcək ki...”

– Məmləkətdə qəribə hadisələr tüğyan edir, – Gülavi xatun dedi. – Elə bütün dünyada da. Çox keçməz, müharibə başlayacaq. İnsanlar öləcək. Deyirlər, tezliklə ölkəni gavurlar işğal edəcək. Məmləkətin süqutunu görən baxıcılarımız belə olub. Baş verəcək fəlakətlərlə bağlı öncəgörmən olmayıb ki?

– Olmayıb, – qadın sözünü bitirməmiş Ariman qarı cavab verdi. Ölkənin vəziyyəti, kimin kimi öldürməyi qarını heç maraqlandırmırdı. Buna görə narahat da deyildi. Sonsuzluqla müjdələnməyin müsbət tərəflərindən biri də bu idi. Heç nədən qorxmamaq.

– Üsul-idarə dəyişəcək. Dini sıxışdıracaqlar, deyirlər. Bu hamımızı narahat etməlidir, tək məni yox. Ardahandakı baxıcılar da bunu deyir, Çamurludakılar da, Susuzluqdakılar da. Mən də belə düşünürəm. Sənin fikrin bizim üçün çox dəyərlidir. Qorxmaq lazımdır?

– Qorxu barədə yalnış adamdan soruşursan, qadın, – Ariman qarı dedi. – Qorxuyla heç yerdə qarşılaşmamışam, necə göründüyünü, necə qoxduğunu və nəyə bənzədiyini təsəvvür belə etmirəm. Mən qorxuya koram, lalam... Süd lazımdır. Uşaq acdır.

Axır ki, uşağın varlığını etiraf etmişdi. İki qadın bir müddət baxışdıqdan sonra Gülavi xatun sakitcə başını yellədi. Qarının doğrudan da müharibədən və yaxınlaşan fəlakətdən xəbəri yox idi. Yəni, bu qədər zəifləmişdi ki, belə böyük dəyişikliyi hiss etmirdi? Gələcək uğramırdı onun yuxularına artıq. Üzünün qırışları saysız bıçaq kəsiyi kimi görünürdü. Çox dərinləşmişdi bu yarğanlar. Gözləri daha da balacalaşmışdı və beli daha bükük görünürdü. Ariman qarı ilk dəfəydi ki, Gülavi xatuna belə zəif təsir bağışlayırdı. Hər dəfə onunla görüşərkən hansısa qarışıma hansısa otun hansı miqdarda atılmalı olduğuyla bağlı suallar yağdırsa da, bu dəfə sehr-caduyla bağlı heç nə soruşmadı. Eşşəyin ombasından bir şillə vurub "dəh” elədi. Qaragöz, boz eşşək ehmalca və ləngərli şəkildə hərəkətə başladı. Üzünü daxma tərəfə çevirmədən yola düzəldi.

Ariman qarı yalan deməyi bacarmışdı bu dəfə. Uşaq məsələsində olmasa da, məmləkəti və onun kimiləri gözləyən fəlakətin yozumlarını etmişdi. Uzun zamandan bəri yuxusunda dolaşan nəsnələri xatırladı. Qılınc, silah, alov, qan... Bunlardan qaçış yox idi. Gələcək ona görünmüşdü əslində. Qılıncla və silahla öldürülüb, alovda yandırılacaqdı. Belə yozurdu ölümünü. Hələlik ölməmək üçün əlində bir səbəb var idi. Daha doğrusu evin qapısının ağzında. Səbəb yerdə uzanıb ağlayırdı. İlk dəfəydi ağlayırdı. Ağlayarkən də eybəcər idi.

– Qanıvı yumaq lazımdır, ifritə, – dedi əsəbi şəkildə. – Yoxsa bu yaralar dərini cıracaq. Süd gələnə kimi isə qarnına bir şey getməyəcək. Buna görə ağlayırsansa, ağlamaya bilərsən. Bəxtin gətirmədi, balaca. Baxıcın bir az məsuliyyətsizdir. Leyla Xuni... Adın da özün kimi eybəcərdir.

Ariman qarı uşaqla danışa-danışa onu çölə çıxarıb dəmir bir ləyənə qoydu. Köhnə paltarının ətəyini cırıb nimdaş parçanı dünənki yağışdan sonra yerdə yaranmış kiçik, palçıqlı gölməçələrdən birində islatdı və uşağın dərisini qaplayan qan izlərini silməyə başladı. Palçıqlı su uşağın bədənində büllur kimi ağarırdı. Bir azdan qızın ağappaq dərisi parlamağa başlayarkən qarı "eybəcərliklə” bağlı düşüncələrini bir daha sorğuladı. Eybəcər idimi, həqiqətən də? Qanlı olduğu dəqiq idi.

– Özümün nə vaxt çimdiyim yadımda deyil, amma görürsən də, səni çimizdirirəm. Əslində körpə uşaqlardan zəhləm gedir. Çox avam və axmaq olurlar. Mən uşaq olarkən qonşumuzdakı arvad da belə qanlı doğuş eləmişdi. Uşaq da ölmüşdü, arvad da. Mənə borclusan, Leyla Xuni...

Onsuz da dəli kimi görünən qarı indi heç olmasa bir insanla söhbət edirdi. Bu insan təzəcə doğulmuş çağa olsa da... Xırıltılı səsi palçıqlı yolun bitdiyi yerdən oğrun-oğrun onu güdən Gülavi xatunun qulaqlarına çatmasa da, qadın Ariman qarının uşağı öldürmək istəmədiyini yəqinləşdirmişdi özlüyündə. Nəinki öldürməyəcəkdi, hələ qoruyacaqdı da. Bunu hiss edirdi.