Yazıçıya xüsusi təhsil lazımdırmı? – ARAŞDIRMA

Yazıçıya xüsusi təhsil lazımdırmı? – ARAŞDIRMA

Bu məsələni ötən onilliyin Nobel mükafatı laureatlarının timsalında araşdırdıq:
 
Yaxşı yazıçı, oxunan yazıçı olmaq üçün nə lazımdır? İstedad, inad və mənlik duyğusu... Bəs təhsil? Həkim inadına, mühəndis istedadına, pianoçu isə ambisiyalarına dayanaraq işləyə bilərmi? Ən adi nümunələri – Anton Pavloviç Çexov həkim, Lüis Keroll riyaziyyatçı, Lev Tolstoy mütəfəkkir olmaq üçün hüquq fakültəsindəki təhsilini yarımçıq qoymuş "ibtidai” filosof idilər – bir kənara qoyub elitlərin elitinə, ədəbiyyat üzə Nobel mükafatçılarına müraciət edək. Son onillikdəki adları götürək. Hara çevirsək də, Nobel – Olimp mükafatıdır və bu zirvəyə yalnız super peşəkarlar qalxa bilir. Gəlin görək bizim ən alilərimiz necə təhsil alıblar.  
 
2011-ci il. Tumas Transtremer (İsveçrə)
 
Həkim-psixoloq təhsili alıb. Öz peşəsindən həbsxanadakı yetkinlik yaşına çatmamış dustaqların tərbiyəsində istifadə edib. Transtremer – XX əsr isveç ədəbiyyatının ən böyük nümayəndəsidir, hələ sağlığında klassik kimi qəbul edilirdi. Belman (1966), Petrarka (1981) adına mükafatlara, ədəbiyyat üzrə Şimal Sovetinin mükafatına layiq görülüb. Ondan çox şeir toplusu nəşr olunub, çoxlu sayda kitabı əcnəbi dillərə tərcümə edilib. Göründüyü kimi, filoloji təhsilinin olmaması onun yolunda əngələ çevrilməyib.  
 
 
2010-cu il. Mario Barqas Losa (Peru)
 
Peruan-ispan nasir-dramaturqu, publisist, siyasi xadim. Bütün qəlbi ilə narazı olsa da, atasının təkidi ilə hərbi məktəbə daxil olmuş, təhsilini bitirməyə bir il qalmış isə dözə bilməyib məktəbi atmışdı. Mario jurnalist olur, sonra San-Markos Universitetinin filologiya fakültəsinə daxil olur və hətta ədəbiyyatşünaslıq üzrə dissertasiya müdafiə edir.    
 
2009-cu il. Qerta Müller (Almaniya)
 
Rumıniyada anadan olub, universiteti alman və rumın ədəbiyyatı mütəxəssisi kimi başa vurub. Zavodda tərcüməçi işləyib, Çauşeskinin gizli polisi ilə əməkdaşlıqdan imtina etdiyi üçün işdən azad edilib və uşaq bağçasında tərbiyəçi kimi fəaliyyət göstərib, yeri düşəndə evdə alman dilindən dərslər də verib. Sonralara frau Müller həyat yoldaşı yazıçı Rixard Vaqnerlə birlikdə Almaniyaya köçüb, burada mühazirələr oxuyur və gördüyümüz kimi, olduqca səmərəli bir yaradıcılıqla məşğul olur. 
 
2008-ci il. Jan-Mari Qustav Le Klezio (Fransa)
 
Müasir fransız ədəbiyyatının ən çox tərcümə edilən yazıçılarından biri. İlk romanını 23 yaşında yazıb və dərhal Honkurov mükafatına layiq görülüb. Le Klezio üç dildə kamil danışıb-yaza bilir. Filoloji təhsil alsa da, daha çox tarixlə maraqlanaraq, Meksika tarixi üzrə doktorluq işi müdafiə edib.
 
 
2007-ci il. Doris Lessinq (Böyük Britaniya)
 
Görkəmli yazıçı, hekayə, pyes, publisistik məqalələr müəllifi. 1999-cu ilin dekabrında Şərəf Ordeni ilə təltif olunub (bu ordenə xalq, millət qarşısında xüsusi xidmətləri olan insanlar layiq görülürlər). Doris əvvəlcə katolik məktəbində, sonra isə paytaxtdakı qızlar üçün məktəbdə təhsil alsa da, oxumağı yarımçıq qoyub. Lessinqin heç bir ali təhsili yoxdur. Xəstə baxıcısı, telefon operatoru, jurnalist kimi fəaliyyət göstərib. Lakin bütün bunlar ona Harvard universitetinin doktoru elmi dərəcəsini almağa mane olmayıb.
 
 
2006-cı il. Orxan Pamuk (Türkiyə)
 
Pamuk Türkiyədə olduğu kimi, onun sərhədlərindən kənarda da nəşr olunur. Valideynləri onu mühəndis görmək istəyirdilər. Odur ki, Orxan İstanbul Texniki Universitetinin mühəndis-inşaatçı fakültəsinə daxil olur. Lakin üç ildən sonra təhsilini yarımçıq qoyur, çünki yazıçı olmaq istəyirdi. Daha sonra isə jurnalistika və Nobel mükafatı...  
 
 
2005-ci il. Harold Pinter (Böyük Britaniya)
 
Kral Akademiyasını bitirərək aktyorluq sənətinə yiyələnir və İrlandiyada kiçik əyalət truppasında işə başlayır. Harold Pinterin yaradıcılığı dramaturgiya ilə bağlıdır: ilk pyesini Bristol universitetinin teatr fakültəsinin tələbələri üçün yazıb. Sonra isə bir-birinin ardınca yeni-yeni əsərləri ərsəyə gəlib. Nəticədə Pinterin pyesləri dramaturgiyada yeni bir hadisə kimi qəbul edilərək hətta bəzən "pinterizm” adı ilə elmi araşdırmaların obyektinə çevrildi.
 
 
2004-cü il. Elfrida Yelinek (Avstriya)
 
Romançı, dramaturq, şair və ədəbi tənqidçi. Nobel mükafatından başqa Henrix Böll (Köln, 1986), Georq Bühner (1998), Henrix Heyne (2002), Frans Kafka (2004) mükafatlarına layiq görülüb. Elfrida 13 yaşında Vena koservatoriyasına daxil olur, burada bir çox musiqi alətlərində ifa etməyi öyrənir. Orqan sinfi üzrə konservatoriya diplomu alır. Elfrida Yelineki cəsarətlə təxribatçı, kobud, qalmaqallı yazıçı və dramaturq adlandırmaq olar. O, xüsusi filoloji təhsil almasa da, çox məhsuldar işləyərək böyük şöhrət qazanıb.   
 
 
2002-ci il. İmre Kertes (Macarıstan)
 
 
Kertes bütün ömrü boyu ədəbi fəaliyyətlə məşğul olub. Əvvəlcə tərcüməçi (alman dilindən macar dilinə və əksinə) işləyib, sonra isə şəxsi ədəbi karyerasına başlayıb. İki il nasist düşərgəsində keçirib ki, bu da onun ədəbi yaradıcılığına xüsusi təsir göstərib. Ali təhsili olmayıb.
 
 
2001-ci il. Vidiadxar Suracprasad Naypol (Trinidad)
 
Hind mənşəli ingilis dilli yazıçı. Oksford universitetini bitirib, incəsənət üzrə bakalavr dərəcəsi alıb. 1971-ci ildə Bukerov mükafatına layiq görülüb. Harada incəsənət varsa, orada ədəbiyyat da var. Bu yazıçı "peşəkarlar komandası”na bir xal əlavə edib.     
 
Nəticə necədir?
 
Görkəmli yazıçıların çoxumu peşəsinə uyğun təhsil alıb? Nəticə, təəccüblü də olsa, heç-heçədir. 2001-2011-ci illərdəki 10 laureatdan 5-i peşəkar təhsil alıb, 5-i isə yox. Ancaq yenə də gənc yazarlar yoldan çıxmamalıdırlar. Bir bizim siyahıya baxın: "təhsilsiz” yazarlar 81-92 yaş arasında Nobelə layiq görülüblər. Onlar müharibələr, inqilablar görmüş, rejimlərin dəyişməsinin şahidi olmuş, ölkələrini, hətta qitəni belə tərk etməyə məcbur olmuşlar. Bir sözlə, onların öz universitetləri olub. Ancaq daha gənc yazıçıların oxumaq üçün həm imkanları, həm də vaxtları olub və onlar da bundan səmərəli istifadə ediblər. Hər bir işdə həm istedadın, həm də zəhmətin payı var. Və bu ikinci hissə Sizin öz əlinizdədir.

axar.az