"YUĞ"u yox eləməyin!


Rəbiqə Nazimqızı yazır....

Neçə gündür ki, YUĞ teatrının taleyi ilə bağlı bu yazını yubadıram, növbəti sabahadək təxirə salıram ki, bəlkə, ona ehtiyac qalmaya. Neçə gündür, gözləyirəm ki, nazirlikdən kimsə çıxıb bütün günahı biz jurnalistlərin üzərinə ata. Deyə ki, hər şeyi şişirdən bizik, əslində, ortada narahatlığa səbəb olacaq bir şey yoxdur, YUĞ da bizim teatrdır, Allaha şükür, dövlət statusu var, siz onun taleyinə bizdən çox yanmırsınız ki?!.. Gözləyirəm desinlər, uyğun yer tapmışıq, kollektiv də bəyənib, bu-gün sabah köçəcəklər. Siz də gedib yazmağa başqa mövzu tapın. 

Gözləyirəm, amma xəbər çıxmır... 

Neçə gündür "YUĞ”un taleyi ilə bağlı bu yazını yubadıram, növbəti sabahadək təxirə salıram, çünki hər sətir məni YUĞ-un qapısına aparır, içəri keçən kimi Vaqif İbrahimoğlunun şəkli, divardakı afişalar, məqalə parçaları, asılqan hamısı canlanır, bir az aralıda, teatrın məşhur dörd sütunu, divarları və hər dəfə tamaşa başlayanadək harada saxlandıqlarını doğru-dürüst bilmədiyim teatr rekvizitləri qınaq dolu nəzərlərini üzümə dikirlər.  Çünki bu yazı yazılmamalıydı. Bu yazını yazdıran şərait yaranmamalıydı. Mən, Sən, O – Biz – hökumətli-müxalifətli, partiyalı-bitərəfli cəmiyyət icazə verməməliydi. Çünki YUĞ hamının teatrıdır, daha doğrusu, bu həm də düşüncə, məntiq məktəbidir (YUĞ estetikası məsələlərə bir nöqtədən yox, dörd sütundan, o dörd sütunun hər tilindən baxır. Baxır və səni də onunla birgə baxmağa dəvət edir. Sən onunla birgə axtarırsan – qəhrəmanların suallarını, öz cavablarını, bitmək-tükənmək bilməyən alternativləri, sənin daxilində səndən xəbərsiz mövcud olan Səni. YUĞ qəlibləri məhv edir, tamaşaçı özünü həm də səhnədə zənn edir. Məsələ təkcə məsafənin qısalığında deyil, sadəcə, YUĞ-çu (aktyor) obraza daxil olub onun içində qalmır, əksinə vaxtaşırı obrazdan çıxıb tamaşaçıya özünün əsl kimliyini xatırladır. Burada, bəlkə də, gizlin bir mesaj da var: "Məni oynadığımla səhv salma, onunla eyniləşdirmə”. Doğrudan da, qoy başqa teatrların təmsilçilərinin xətrinə dəyməsin, YUĞ-u eyniləşdirmək olmur, istəsən də olmur. Çünki bu teatr tamaşa etmək üçün deyil. Əlbəttə, o da nəql etmir, göstərir, amma əsas olan bu deyil. Əsas olan görünənin mahiyyətinə varmaq və  tamaşaçını da alt qatda gizlənən bu mahiyyətə, mənaya enməyə (bəlkə də, qalxmağa) vadar etməkdir. Əlbəttə, YUĞ estetikasını bəyənməyənlər də var. Çünki bu, beyin təmrinidir, düşüncə labirintidir, burada azmamaq, asanlıqla ünvana çatmaq üçün müəyyən hazırlığa malik olmalısan. Söhbət təkcə intellektdən getmir, sənə həm də məntiq və hissiyyat lazımdır. Başqa sözlə, bura baxıb getmək üçün deyil, gedib baxdığına dönə-dönə qayıtmaq üçündür. Bu mənada YUĞ təkcə Azərbaycan mədəniyyəti üçün deyil, həm də bütünlükdə Azərbaycan düşüncəsi üçün vacibdir. YUĞ-da qoyulan tamaşalardan ayrılıqda çox yazmışam, təkrarlamaq istəmirəm. Bircə məqamı deyim ki, YUĞ-da Azərbaycan və dünya klassikləri ilə yanaşı müasir ədəbiyyatımızın ən üzdə olan imzalarının - Kamal Abdullanın, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, Elçinin, Afaq Məsudun tamaşaları qoyulub. Teatrın bu gün Gəncədə, Şəkidə, Lənkəranda, Sumqayıtda çalışan yetirmələrinin, beynəlxalq festivallarda iştirak edən rejissorlarının ad və uğurlarını da sadalamaq uzun çəkər).

Mən bun məqamlardan YUĞ-un bu günkü qaranlıq taleyi fonunda danışmalı deyildim, mənli-sənli, sizli-bizli cəmiyyət icazə verməməliydi. Amma bu gün bu camaat, bu cəmiyyət yalnız qarın davası döyür. "Biz nə hayda, sən nə hayda" deyib keçməyin, başa düşürəm, yemək lazımdır ki, ölməyəsən, üstəlik, devalvasiya çoxlarına maddi və psixoloji zərbə vurub. Heç kəs teatr hayında deyil. Amma guya devalvasiyadan əvvəl o adamlar teatra gəlirdilər, kitab oxuyurdular, ya kinoteatra gedirdilər? Amma elə öz qohum-qonşularımdan bilirəm ki, hansısa müğənninin konsertinə, yüngül yumor şoularına bir ay əvvəldən hazırlıq görülürdü. Bu mənada YUĞ-un bu gün işığını söndürüb onu qaranlıq küçələrə düşməyə vadar edən həm də bizik. Yəni bu xalq.

Xalq qarın davası görür, səlahiyyətli orqanlar susur. YUG-a yaxın ziyalılar heç olmasa, estetik cəhətdən doğma olan iki teatrın birləşdirilməsini təklif edirlər. Belə görünür, "YUĞ” bu ölkədə yazarlardan, jurnalistlərdən və sənətşünaslardan başqa heç kəsə lazım deyil...

Görünür, lazım deyil. Bunu çoxdan başa düşmüşdüm... Bir dəfə kefimin olmayan vaxtında "Don Kixot”tamaşasından yazmışdım. Daha doğrusu, tamaşa gedə-gedə içərimdə baş verən təlatümlərdən. Redaktor dostlardan biri yazıya maraqlı başlıq qoymuşdu: "Don Kixotun Bakıdakı evi”. Bir az düşünmüşdüm və gülümsəmişdim. Bəli, YUĞ teatrı bizim evimizdir. Mənim kimi əlindən yazı yazmaqdan başqa heç nə gəlməyən Don Kixotların...

O zaman gülümsəmişdim, indi alınmır. Gözləyirəm, amma özüm də bilmirəm nə gözləyirəm. Bağışlayın, yazını xoş sonluqla bitirə, əlini-ayağını yığışdıra bilmirəm. Bir dəfə "Feysbuk"da YUĞ-çular səhvən məni də teatrın kollektivi siyahısına tag etmişdilər, iş yerlərimin arasına YUĞ da düşmüşdü beləcə. Teatr işçilərin evidir. Mənim də sığınacağım. Sığınacağımı sökmək istəyirlər. getməyə də yer göstərmirlər. Mən də mətnin binasını - konstruksiyası dağıdıram acığımdan. İlk dəfədir ki, yazdığım yazının hissələri arasında rabitəni tapa bilmirəm... Rabitə itib. Hər yerdə. Hər şeydə. Bütün addımlarda... hadisələrdə...

Bəlkə də, belə faciəvi tonlarda vidlaşmaq lazım deyil... O zaman vidalaşıram və inanmaq istəyirəm ki, Kafkayla salamlaşnmağa mütləq bir yer tapılacaq. Bu yazıya başlığı belə də qoya bilərdim: ""Don Kixot"un vida nəğməsi". İstəmədim...