
Etqar Keret. Üç qısa hekayə
- 03.02.2020
- 0 Şərh
- 3069 Baxış
Ruhlar
Balaca olanda
müxtəlif adamlar gəlib qapımızı döyürdü, atam açar deşiyindən baxırdı, amma
qapını açmırdı, onlar qapını döyməyə davam edirdilər və mən qorxurdum, atam
yanımda, xalçanın üstündə oturub pianoya söykənirdi və məni bərk-bərk
qucaqlayıb deyirdi: "qorxma, bunlar sadəcə ruhlardı”, ruhlarsa qışqırırdı: "Şifman,
aç qapını, evdə olduğunu bilirik”, bunlar sadəcə səslər idi və səslərin
evimizin ətrafında dolanıb pəncərə qapaqlarını açmağa çalışdığını eşidirdim və
atam qulağıma nəsə pıçıldayırdı və səslər bayırda qışqırırdı və atam deyirdi: "görürsən,
bunlar sadəcə ruhdu, sadəcə səsdi”, və səslər qışqırırdı: "biz yenə qayıdacağıq”,
və onlar həmişə qayıdırdılar və biz gizlənirdik və anam səssiz öldü, təkcə cəsədi
qaldı və biz onu aparıb basdırdıq və bizi ora bir adam apardı, o adam da
ağlayırdı və atam mənə kitabdan haçan ağlamaq lazım olduğunu göstərdi, çünki həmin
adam da onlardan biriydi və bir həftə sakitlik oldu və sonra onlar yenə gəlməyə
başladılar, biz yenə küncdə gizləndik və hərdən atam onların nə deyəcəyini təxmin
edib əvvəlcədən deyirdi, hərdən mən və mən təəccüblənirdim ki, haçansa mən
onlardan qorxurdum, amma indi onlar mənim ağzımdan çıxan sözləri tenis topu
kimi özümə qaytarırlar və atam da öldü pianonun yanında, mən onu qucaqlamışdım,
o da məni qucaqlamışdı, mən qorxurdum o isə heç nə demirdi və onu məzara
qoyanda da heç nə demədi və həmin adam onun üçün ağlayanda da heç nə demədi, o
adamın kitabdan ağladığını bilirdim və üstünə torpaq atanda da atam heç nə demədi
və mən də heç nə demədim çünki deyəsən mən də onlardan biriydim.
Meymun əmi
Lukaç gecə
yuxuda gördü ki, yenə cəngəllikdədi. O, budaqdan-budağa tullanır, banan yeyir,
o biri erkəklərə ilişirdi. "Ey, qorxaq, - tükləri günəş altında parıldayan Lukaç
deyirdi, - gəl bura, Lukaç əmi sənə həyatı başa salsın”. Amma bütün erkəklər öz
yuvalarında gizləndi, çünki bilirdilər ki, Lukaça baş qoşmaq lazım deyil.
Lukaç yuxudan
duranda başı ağrıyırdı. Bədənindəki yaralar gicişirdi. Yaraların közləri
qopmuşdu, deyəsən Lukaç yuxuda onları qaşımışdı. Qəfəsdən çıxıb qapını bağladı,
üçüncü laboratoriyaya getdi (dəri xərçəngi laboratoriyasına). O, burda işlədiyi
üçün qürrələnirdi. Başqa heyvanların üstündə elə-belə, boş-boş eksperimentlər
aparırdılar, götürək elə ikinci laboratoriyanı (kosmetika laboratoriyası), amma
Lukaç vacib eksperimentlərdə iştirak edirdi. Səhər doqquz iynəsinə vaxtında
çatdı. Bu gün İrena növbətçiydi. "Bəsdi yaralarını qaşıdın, daha da pis edirsən
axı”, - İrena dedi. Lukaç onun dediyinə əməl etdi. O, İrenanı o biri
labnorantlardan daha çox istəyirdi.
"De görüm,
- İrena iynəni vuranda Lukaç soruşdu, - xərçəngin dərmanını tapandan sonra məni
buraxacaqsınız? Cəngəllik üçün yaman darıxmışam”. İrena iynən onun çiynindən çıxartdı,
və Lukaç qızın kədərləndiyini gördü. "Narahat olma, İrena, həmişəlik getməyəcəyəm
ki. Məni tanıyırsan da, bir aylıq istirahətdən sonra divara dırmaşaram.
Qayıdandan sonra könüllü surətdə Alzeymer xəstəliyinin tədqiqatına yazılaram,
yenə bir yerdə işləyərik”. İrena onu qucaqlayıb ağlamağa başladı və Lukaç bilmədi
nə eləsin. "Gör ağlıma nə gəldi, - o qızın boynunu sığallaya-sığallaya dedi, -
sən də məzuniyyət götürərsən, bir yerdə gedərik. Sənə böyüdüyüm yerləri göstərərəm.
Ailəmlə tanış edərəm, mənzərələrə baxarsan. Yaxşı olacaq. Orda hər şey yaşıldı”.
İrena cavab vermədi, Lukaçı qucaqlayıb ağlamağa davam elədi. Yavaş-yavaş sakitləşdi
və Lukaçı buraxdı. Sonra bir addım dala çəkilib gülümsədi. "Əlbəttə səninlə gedəcəyəm.
Bu il mənə məzuniyyət verməlidilər”. "Əla, - Lukaç sevincək İrenanın hələ də nəm
olan gözlərinə baxdı, - elə yaxşı olacaq ki. Görərsən”.
Kasenelenbogen
Cəhənnəmdə
məni qaynar su qazanına saldılar. Ağrı dözülməz idi, qışqırdım. Ekranda cənnəti
göstərirdilər. Deyəsən ekranda bir-iki saniyə Kasenelenbogeni gördüm. O qolf
oynayırdı, ya da kriket.
Arvadım
bir dəfə demişdi: "Yeddi ildi sürünürsən, xeyri də yoxdu. Maaşını artırmırlar,
çünki özünü qiymətə mindirə bilmirsən. Məsəlçün, Kasenelenbogenə bax”. Mən məsəlçün,
Kasenelenbogenə baxdım. Ömrüm boyu ona baxdım. Çimmək istədim, amma isti su gəlmirdi.
Çox güman Kasenelenbogenin isti suyu vardı.
Harda olurdumsa
olum, həmişə mənə Kasenelenbogeni nümunə göstərirdilər. Məktəbdə, evdə, idman
zalında, işdə. Kasenelenbogen dahi deyildi, sadəcə məndən bir az uğurluydu.
Öz
xahişimlə işdən çıxdım. Başqa şəhərə köçdük. Babat qazanmağa başladım. On il
Kasenelenbogen haqda heç nə eşitmədim. Oğlum oldu. İsveçrədə yaşayan xalam
öldü, mənə xeyli miras qoydu. Bazel – Tel-Əviv reysiylə uçan təyyarədə Kasenelenbogeni
gördüm.
Yanımda
ravvin oturmuşdu. Dayanmadan danışırdı, amma ona qulaq asmırdım. Kasenelenbogenin
peysərinə baxırdım. "Sənin həyatın mənasızdı. Ruhsuz və ideyasız yaşayırsan”, -
ravvin dedi. Portağal şirəsi istədim. Kasenelenbogensə fransız konyakı sifariş
etdi. "Məsəlçün, götürək elə o cənabı,” – ravvin dedi. Yerimdən sıçrayıb
salonun o biri başına qaçdım. Stüardessa yerimə oturmağımı tələb etdi: "Enişə
yarım saat qalıb. Bu saat yerinizə oturub kəməri bağlayın, baxın, görün o cənab
necə eləyib…” Qəza lükunu açıb özümü aşağı atdım.
O biri
dünyada intihar böyük günah sayılır. Məni cəhənnəmə aparanda başqa sərnişinlərlə bir yerdə Kasenelenbogeni gördüm. Onlar cənnətə
gedən omnibusda oturmuşdular. Sən demə təyyarə eniş vaxtı qəzaya uğrayıb. Əgər
bir az gözləməyə səbrim çatsaydı… Kasenelenbogenin etdiyi kimi.
Tərcümə:
Həmid P.