
Orxan Fikrətoğlu. Xas igidin dastanı (pyes)
- 14.02.2020
- 0 Şərh
- 1784 Baxış
Dastan
teatrı üçün
Qaranlıq
fon.
Səhnəyə
iki dekorçu daxil olur.
Onlar səhnənin
ortasına qədər gəlib dayanırlar.
Dekorçulardan
biri üzünü işıqçıya tutur.
Dekorçu:
- Ya cələb, o işığı bir az bəri elə!
İşıqçı
işığı səhnəyə yönəldir.
İşıq
dekorçuların əllərində tutduğu onlarla butafor qanadlara düşür.
Dekorçuların
özləri və üzləri görünmür.
Səhnə
arxasından səs eşidilir: - Sənə fürsət ona görə verilmir ki, varlanasan. Fürsət
ona görə verilir ki, var olasan, hal olasan! Varsanmı? Halsanmı?
İşıq
altında görünən qanadlar.
Səs: -
Varsanmı?
Ancaq
qanadlar görünməkdədir.
İşıqlar
tam sönür.
Davul səsi
altında səhnəyə Ravi daxil olur. O, üzərinə işıq düşmüş dekor qanadları
dekorçuların əlindən alıb səhnənin döşəməsi üstündə qalaqlayır.
Qaranlıqda
Ravi özü-özüylə danışırmış kimi danışır: - Sən yox idin. Səni ona görə yaratdıq
ki, olasan. Olmağın bizə vacib idi. Bizi sən tanımalıydın, tanımadın.
Anlamadın! Gül kimi dünyaya açıldın. Tələsdin. Elə bilirdin bu tayda, mən tərəfdə
başqa bir dünya da var. Əslində orda da, burda da nə varsa haldır ey qafil. Var
olmaq görünmək deyil. Hal olmaqdır. Haldan-hala keçməkdir. Onun halına
oxşamaqdır. Sən halını dəyişmək halında olmadın. Halsız oldun. Tələsgənsən.
Gecikənsən. Ləngsən. Qaçağansan. Yalansan. Sənə səbir verdik. Bildinmi?
İşıq
yanır.
Ravi: -
Bismillahir-rəhmanir rəhim. Ən əvvəl Allahdır. Sonra bizik.
Oyun
ifaçılarının hamısı səhnəyə daxil olub bir barmaqlarını göyə qaldırırlar.
Ravi: -
Ondan sonra biri vardı, biri yox!
Oyun
ifaçıları bardaş qurub Ravinin qarşısında döşəməyə otururlar.
Oyunçular
xorla zikr edirlər: - Bizi də o hala sal! Bizə də o, halın nağılını danış!
Havamızı dəyiş.
Ravi: -
Əvvəllər hər gün gecəydi. Hər səhər gecəydi. Hər gecə gecəydi. Gecəydi. Hər yan
gecəydi.
Hardasa
xoruz banlayır.
Ravi: -
Sonra xoruz banladı, səhər açıldı. Dünyada hər şey var idi. Xas igiddən savayı.
Bir səhər xas igid də doğuldu. Oldu xas igid. Xalis igid.
Divarda
quraşdırılmış kinoekranda "Xas igidin doğulması kadrları. İri planda həkimin
əlləri. Ağrı çəkən ana və nəhayət,
doğulan kimi saz havasına sağa-sola boylanan xas igid."
Fonda
saz ifası.
Ravi: -
Gözlərini açıb gördü başının üstündə altı mələk oturub.
Oyun
iştirakçıları əllərində tutduqları kətilləri səhnəyə qoyub üstünə otururlar.
Onlar altı nəfərdirlər. Hamısının da mələk təkin qanadları var.
Ravi: -
Biri-birindən gözəl. Hamısı qanadlı, telli. Xas igid gözlərini dolandırıb
suyuşirin, yanağı batıq mələyin üzündə saxladı. Əlini ona uzadıb...
Səhnədə
əlini yanağı batıq mələyə uzatmış xas igid: - Sən mənim bəxtimsən, ey yanağı
batıq mələk! Adın nədir sənin?
Ravi: -
Dedi.
Bu sözləri
eşidən o biri beş mələk kətillərini götürüb hirslə səhnədən çıxırlar. Yanağı
batıq mələk xas igidə yaxınlaşır.
Yanağı
batıq mələk: - O biri beş mələk ki, göyə çəkildi ha. Onlardan biri təkə qovuşmaq idi. Biri eşq. Biri elm. Biri
iman idi, o biri də ki ruzu!
Xas
igid: - Bəs sən kimsən? Bəs sən nəsən?
Yanağı
batıq mələk: - Mən səbirəm!
Xas
igid: - Sən mənim bəxtimsən!
Ravi: -
deyib xas igid dünyanın yollarına düşdü. Dünya yumruydu. Yanağı batıq mələk xas
igidin çiyni üstündə ora-bura hoppana-hoppana: - Səbir - dedi ona: - Səbr elə
ey xas igid. Uğurun səbrindədir, xalis igid. Səbirli oldun, uddun. Ola bilmədin,
heç nə! Batdın. Səbri özün seçdin axı! Taleyin səbr etməyindir!
Yanağı
batıq mələk əlinə saz alıb Şirvan şeşəngisi üstə oxuyur:
- Bura
gəlmisən getməyə
səbr elə
igid, səbr elə.
Digər
iştirakçılar bir ağızdan:
- Bura
gəlmişik getməyə,
Səbr elə
igid, səbr elə! - deyirlər.
Ravi: -
Xas igid mələyin sözlərini yarımçıq qoyub üzünü göyə tutdu.
Xas
igid: - Ehey… ey... dünya mənə qara gəlir ay mələk! Bəlkə nə qədər gec deyil,
geri qayıdım?
Yanağı
batıq mələk: - Səbr elə xas igid, səbr elə xalis igid. Onsuz da hamı gec-tez
geri qayıdır. Arif ol, sonra qayıt. Hələ yaşsan. Qurumalısan. Yanmalısan. Sənin
istinə qızınmaq istəyirik! Hərə bir yoldur. Sən də bir yolsan. Biz hamının uğurunu
istəyirik. Bazirganlıq dəmididir. Alış-verişdəsən. Malın can içində ruhundur.
Sat, di görüm, qiymətini!
Ravi: -
Dedi və qeybə çəkildi. Xas igid düz söz dalınca düz getdi. Hələ duza getdi. Az
getdi, üz getdi. Amma getdi. Ha getdi, hu getdi. Gedib bir kəndə çıxdı. Kəndin
qapısı dar, içi geniş. Sonu, axırı görünmür. Fır-fır fırlanır. Bir günəşi var,
bir Ayı! Biri batanda o biri çıxır. O biri çıxanda bu biri batır. Bu batır, o
çıxır. O çıxır, bu batır. Nə rəng desən, adamı var. Pisi yaxşısından çoxdu. O
buna gülür, bu da ona. Bir dəstə padşahı var, bir dəstə cəlladı. Bircə adamı
işlədirlər. Bir quranı var, min dağıdanı. Min deyəni var, bir eşidəni. Yalanı
düzündən çoxdur. Qapıları tərsdir, tərsədir. Çayları geri axır. Güzgüsü adamı
baş-ayaq göstərir. Xas igid şəhərə girən kimi bir qapıya yaxınlaşdı. Döydü
açmadılar. Özü açıb içəri girdi. Gördü burda bir kişi döşəmə üstə tərs durub.
Başı aşağıdadır, ayaqları göydə. Durub tərpənmir. Xas igid dözmədi.
Xas
igid: - Neynirsən ay kişi!
Tərs
kişi: - Mən belə yaşayıram! Tərsəm. Sənə nə var?
Ravi: -
Xas igid tərs kişini itələyib yerə yıxdı.
Xas
igid: - Tərs durma, düz dur, adam tərs durmaz. Düz durar.
Ravi: -
Dedi! Tərs kişi xas igidin yaxasından tutub onu qazi ağanın hüzuruna apardı.
Tərs
kişi: - Qazi ağa, bu adam məni yaşamağa qoymur. Deyir ki düz dur! Mən tərsəm bəyəm?
Tərs durmuşam ki, mən?
Ravi: -
Qazi ağa xas igidə tərs-tərs baxıb fərraşları çağırdı. Bunu tutun...
Qazi
ağa: - Ölüncə vurun!
Ravi: -
Dedi. Fərraşlar xas igidi tut ağacına bağlayıb dana quyruğu ilə döyməyə
başladılar. Yol ilə bir tacir keçirdi. Xas igiddən nə sənə, nə mənə xoşu gəldi.
Yazıdı da! Fərraşlara pul verib xas igidi onlardan aldı. Gedin qazi ağaya deyin
ki, xas igid ölüb, - dedi. Fərraşlar da getdi. Tacir xas igidi qabağına salıb
evinə gətirdi. Evinin açarlarını ona verib dedi: - Xas igid, xalis igid mənim
qırx otağım var. Otuz doqquzu sənindir gir içində at çap. Amma qırxıncı otağa
girmə! Orda nə var soruşma. Oldumu?
Xas
igid: - Oldu!
Ravi: -
Dedi. Amma olmadı. Düz altı ay tamam olanda xas igid səbrini basa bilməyib
qırxıncı otağın qapısını açdı! İçəri girdi. Gördü ki, döşəmədə qəbri qazılıb.
Baş daşına şəkli vurulub. Sinə daşında adı yazılıb. Baş daşında öldüyü il də
var! Gördü qəbri üstə bir ağ qız oturub hönkür-hönkür ağlayır. Xas igid qızdan.
Xas
igid: - Sən kimsən?
Ravi: -
Soruşdu. Ağ qız.
Ağ qız:
- Mən sənin arvadınam!
Ravi: -
Dedi.
Xas
igid: - Uşağım da var?
Ravi: -
Soruşdu.
Ağ qız:
- Sən ölən gündən oğlanların uca dağların başında yağılarla vuruşur.
Ravi: -
Dedi! Xas igid geri döndü! Qapını açıb özünü görməyinə peşiman oldu! Axırını
bilib qırxıncı otağın qapısını bağladı. Kor-peşiman döşəməyə çökdü. Ay keçdi,
il dolandı tacir ticarətdən dönüb xas igidi axtardı. Gəzdi, tapa bilmədi. Birdən
olanı anlayıb barmağını dişlədi. Bildi məsələ nə yerdədir. Gəlib xas igidi
qırxıncı otağın qapısı ağzında tapdı. Gördü xas igid artıq hər şeyi bilir.
Soruşdu ki.
Tacir:
- Necəsən, xas igid?
Xas
igid: - Pisəm, ölmək istəyirəm.
Tacir:
- Yaxşı, get öl!
Ravi: -
Dedi! Xas igid yuyucunun yanına gəldi. Yuyat daşının üstünə uzandı. Dedi.
Xas
igid: - Yuyucu, mən daha ölmüşəm, tənimi yu, qayıdıram. Qoy təmiz olum.
Ravi: -
Yuyucu isti suyu xas igidin təninə axıtdı. Xas igid gözlərini yumub özünü aşıq
sifətində gördü. Siz də bir baxın! Görün oxşayır? Belə də. Mən oxşatmadım. Adam
aşıq olanda sifəti dəyişir axı.
Səhnəyə
bir aşıq daxil olur.
Aşıq: -
Mən xas igidəm!
Ravi: -
Buyur, xas igid.
Aşıq: -
Yuyucu yuyur tənimi şeirini divanı havası üstə deyir.
Yuyucu
yuyur tənimi.
Gözüm
açıq qarı kimi.
İsti su
sıxır canımı
İt
boynunda catı kimi.
Hopub
dünya bədənimə,
Çirki
hopub, tozu hopub.
Çirki
geymişəm əynimə.
Çirk əynimə
şax oturub.
Bildim
dünyanın sirrini,
Ruhum
soyuq, suyun isti.
Axirətə
ismarladım
İçim
pakdır, yuma, bəsdir.
Aşıq
şeiri bitirib səhnədən çıxan kimi xas igid Yuyat daşından ayağa qalxır.
Yuyucu:
- Sən ölməmisən!
Ravi: -
Dedi!
Xas
igid: - Ölmüşəm! Necə ölməmişəm. Ölmüşəm axı!
Yuyucu:-
Ölən daha danışmır! Ölən dinmir, susub dinməzcə agah olur!
Xas
igid: -İndi neynim? Necə ölüm?
Yuyucu:
- Adam özü ölmür ki. Adamı göydəki öldürür. Ondan ölüm istə! Vaxtın çatıbsa verəcək.
O, hamını tanıyır.
Xas
igid dizi üstə döşəməyə çökür.
Xas
igid: - Allah, nə olar ölümümü mənə indidən ver. Çox yaşamağa səbrim yoxdur.
Axırda onsuz da öləcəm də! Niyə bir də
bu qədər yaşayım?
Kinoekranda
ucsuz-bucaqsız göy üzünün dərinlikləri üstündə üzü görünməyən bir kimsənin
gülüş səsi eşidilir.
Kim isə
ucadan gülür...
Ravi: -
Əstəğfürullahi rəbbin və tövbi iləy!
Səhnəyə
ağ dəvə çıxır.
Ravi: -
Xas igid gördü ki, ölmür! Bildi ki, vaxtı çatmayıb. Çəkilib bir yolun kənarında
oturdu. Gördü yol ilə qar kimi ağ bir dəvə gəlir! Ağ dəvə gözəl idi. Ağ idi. İşıqlıydı. Ləmpə kimiydi. Yolu
yolağası da bəlliydi. Səbri də vardı.
Xas
igid: - Yenə söz demək istədim!
Yenə səhnəyə
özünü xas igid kimi göstərən aşıq çıxır.
Aşıq: -
Mən xas igidəm ha!
Ravi: -
Bildik də!
Aşıq ağ
dəvə şeirini deyir.
Aşıq: -
Ağ dəvə.
Ağ dəvə
ağca dəvə.
Ölənlər
öldü getdi,
Həmişə
sağca dəvə.
Xurcunun
qoşa tağlı
Ağ dəvə,
ağca dəvə.
Hüyrügün
göyə bağlı.
Ağ dəvə,
ağca dəvə.
Gəlmisən
aparmağa
Ağ dəvə,
ağca dəvə.
İzn ver
ağlamağa,
Ağ dəvə,
ağca dəvə.
Dünyayla
barışmadım
Ağ dəvə,
ağca dəvə.
Sənə nə
tez alışdım?
Ağ dəvə,
ağca dəvə.
Belinin
üstü hamar
Ağ dəvə,
ağca dəvə.
Sənsən
tək mənə qahmar
Ağ dəvə,
ağca dəvə.
Məni
bir də gətirmə.
Ağ dəvə,
ağca dəvə.
Bu
dünyada itirmə.
Ağ dəvə,
ağca dəvə.
Başına
fırlat məni.
Ağ dəvə,
ağca dəvə.
Dünyadan
çıxart məni.
Ağ dəvə,
ağca dəvə.
Ağ dəvə.
Şeir
bitir.
Ravi: -
Ağ dəvə xas yatdı. Xas igid, xalis igid ağ dəvəyə minib yoluna suvar oldu.
Böyük bir şəhərin ayağında ağ dəvə xas igidi belindən düşürüb qeybə çəkildi.
Xas igid şəhərə gecəylə bir girdi. Gecə qara, cücə sarı. Həmin bu sarılı qara
gecə alma bağında şahın qırx incəbel kənizi lümlüt soyunub hovuzda çimirmiş.
Padşahın qızı da bu qırx incəbel lüt gözəlin içində yaxası bağlı qaftanda
oturub hovuza baxırmış. Hələ bir az
sonra çiməsiymiş. Necə olursa xas igid
bu gözəl görünənləri çəpərdən boylanıb görür. Və göz günahına batıb qızlara
baxır. Düzdür, özü çəpəri bu yana aşmır. Durur. Amma dili durmur. Aşır. Deyir
ki, gəl ay aşıq. Gəl, qadan alım sənin.
Aşıq: -
Mən aşıq deyiləm, aşiq xas igidəm.
Ravi: -
Buyur!
Aşıq
sinəndəki nar böyüyüb şeirini deyir.
Sinəndəki
nar böyüyüb,
Yaxan
düyməli, düyməli.
Mənim
boyda lal böyüyüb,
Yaxan
düyməli, düyməli.
Gözlərin
işığa dərddi,
Ağ bədənin
bazubənddi.
Hamının
sinəsi açıq,
Səndə
ay qız nə adətdi?
Yaxan
düyməli, düyməli.
Bu nə
doğru, bu nə oyun?
Nə
yemişəm, nə də doyum?
İstəyirsən
lap lüt soyun,
Yaxan
düyməli, düyməli.
Aşıq
şeiri bitirib səhnədən çıxır.
Ravi: -
Qırx incəbel qız aşığın səsini eşidib üzünü gördülər. Ayıb yerlərini ağ əlləriylə
gizlədib bağın içinə doğru qaçdılar. Səslərini də özləri ilə apardılar ki, səsləri
utanmasın. Qırx incəbel qız gözdən itən kimi, qırx qoluzorlu keşikçi tapıldı. Gəlib
xas igidin qolunu burub padşahın sarayına apardılar. Padşah taxtda oturmaqdan
darıxırdı, bezmişdi. Xas igidi onun taxtına yaxın gətirib diz çökdürdülər. Bu
xas igiddir dedilər. Sənin qızını və qırx incəbel kənizini lütcənə görüb. Onu
öldürəkmi?
Padşah
tənbəlliyindən hirslənə də bilmirdi. Tənbəl-tənbəl əsnəyib - Öldürün - dedi. Bu
xas igidi həmən öldürün! Bu köpəkoğlu adamdır. O, qədər qızı birdən lüt görmək
olarmı heç? Barı birinə baxsaydı! Xas igidi dar ağacından asmağa apardılar. Dar
ağacı qara idi, xas igid ağ idi. Xas igid darın qaralığını görüb ona belə dedi:
-
Dar
ağacı, əyil öpüm üzündən.
Dara
düşdüm bu dünyanın yolu dar.
Ağac
var ki, meyvə bitir qolunda.
Meyvən
ölüm, qolun kəndir, adın dar.
Dar
ağacı qara idi. Xas igid ağ idi. Dar ağacı xas igidə belə dedi: - Ey xas igid,
ağ olsan da, ağ eləmə! Mən şair zad deyiləm. Amma məsələ belədir.
Dar
ağacı: - Heçdən vara qapıyam mən.
Məndən
keçir haqqa gedən.
Quc
boynumu kal meyvəm ol.
Mən yol
olum, sən yol gedən.
Xas
igid dar ağacına çıxdı. Kəndiri özü boğazına doladı. Keşikçilər işi belə görüb
getdilər keşiklərini çəkməyə. Xas igid gözlərini yumdu. Dar ağacı dar-dar
yeridi getdi girdi gecəyə. Gecə qara, cücə qara. Xas igid qaranlıqda gözlərini
açdı. Ay dar dedi, mən dardayam hələ? Dar ağacı: - Darda olsan da hələ kalsan -
dedi, - hələ ölə də bilmirsən, düş get əvvəlcə ölməyi öyrən. Sonra gəl! Səni
növbəsiz buraxacam!
Xas
igid dar ağacından düşüb dünyaya qayıtdı. Yol-yol, il-il yeridi. Qabağına bir
qarı çıxdı.
Qarı: -
Saçlarım qocalıqdan çürüyüb! Ayaqlarım yollara oxşayır. Gözlərim göyə. Görən
kimi xas igidi tanıdım. Ondan səbr eləyə bilmirsən? Soruşdum. Sənin nə yaşın
var ki? Gör indi mən bu illərdə nələr çəkmişəm?
Xas
igid: - Ay nənə səbri-zadı boş burax! Mən əvvəldən ölmək istəyirəm necə ölüm?
Ravi: -
Dedi.
Qarı çənəsi
əsə-əsə güldü.
Ravi: -
Qarı beləcə bir il sərasər güldü, beş il parta-part güldü. Gülə-gülə də çıxıb
getdi. Yəni ki, ölə bilsəm elə özüm ölərəm də! Xas igid yenə yola çıxdı. Bu dəfə
yoldan soruşdu.
Xas
igid: - Əvvəlin hardan gəlir, bilən yox. Axırın harda bitir görən yox. Hamı səndən
keçir. Sən də hamıdan. Sən heç kiminsən, hamı sənindir, ay yol! Ölmək istəyirəm
necə ölüm, bilmirsən?
Ravi: -
Yol toz-toz tozlandı.
Yol: -
Mənim üstümlə get. Ölüm mənim üstümdədir. Nə görmüsənsə, görəcəksənsə hamısı mənim
üstümdədir!
Ravi: -
Xas igid də getdi. Getdi-getdi gördü yol kənarında bir ev durub. İçindən işıq gəlir.
Evin qapısını açıb salamsız-kəlamsız içəri keçdi. Gördü evin içində bir adam
oturub. Qarşısındakı mizin üstündə bir bağlama var. İşıq da bu
"bağlamadan" gəlir.
Xas
igid : - Ay adam sən kimsən? Bu işıq nədir belə?
Adam: -
Mən özüm adamam. Bağlamadakı isə sözdür.
Xas
igid: - O söz nə sözdü elə ki, bu cür işıqlanır?
Ravi: -
Adam öz sözünü xas igidə demədi. Əvəzində dedi ki, hər adamın öz sözü var. Bu mənim
sözümdür. Sənin də öz sözün olacaq. Xas
igid adamdan küsdü. Sözsüz-sözsüz çıxıb getdi. Bağlamadakı söz də bağlı qaldı.
Evin içindəki adam xas igidin arxasınca çığırdı.
Adam: -
Tələsmə! Başını gərəksiz suallarla yorma. Səbr elə! Hər sözün öz vaxtı var. Sən
heç kimsən. Səni yaradan zamanı gələndə bütün sözləri olduğu kimi hamıya
açacaq.
Ravi: -
Xas igid bir at aldı. Bəxtəbəxt atın başını buraxıb üstünə hoppandı. Yüyənsiz
at ola. Ot ola. Atdır da! Otlaya-otlaya gedib bir uçurumun qarşısında dayandı.
Xas igid əyilib uçurumun dibsiz dərinliyinə baxdı. Gördü uçurumun qaranlıq dibi
görünmür. Başını qaldırıb dibsiz göy üzünə baxdı. Gördü göyün də sonu
görükmür. İndi bu dərə göylə, göy dərənin
hansı dərin idi, hansı doğru idi görəsən? Məna hansındaydı? Göyəmi çıxmalı, yerəmi
düşməliydi? Xas igid bilmədi özünü dərəyə atsın, ya göyə atsın? Beləcə xas igid
bir il bu aralıqda dayandı. Sonra altındakı at tale misalı dünyaya qayıtdı.
Dünyadan çölə çıxmaq sizə asanmı gəlir? Buranın bircə qapısı var. O da qismət
olarsa! Xas igid atın belindən düşüb bir dəmirçiyə şəyird durdu. Dəmirçi körük
basdı. Xas igid dəmir döydü. Beləcə bir neçə il dəmirin istisi xas igidi
qarsa-qarsa keçdi. Bir gün xas igid daş səkinin üstündə oturub körükdə döyülməkdən
əyilmiş göy üzünə baxırdı. Bir azdan ayağa qalxıb yenə dəmir döyəcəkdi. Gördü
göyün üzü gömgöydü. Və bu gömgöy göy üzündə tənha bir quş uçur. Xas igidin
xalis qalmış ürəyi yayxandı, dili yerində durmadı. Gözləri qaynaq olunan dəmir
kimi əriyib yerə düşdü. Quşa baxıb dedi:
Tənha
quş sən məndən güclü,
Mən səndən
kövrəyəm.
Mən
uduzdum taleyimə,
Girdim
boyunduruğa.
Sən
uçursan. Sən güclüsən.
Mən sənə
dəmir nəğmələr oxuyacam
hər səhər.
Quş dilə
gəldi.
Quş: -
Ey xas igid. Ey dili-qafil. Oturmaqdan için çürüyüb! Qafiyələnmirsən daha. Təbin
qaçıb. Halın ayrı haldır. Yerə girmisən. Torpaq olmusan. Sənə evlənmək
lazımdır. Bəlkə evlənib düzələsən! Durma dəmirçiyə xəbər göndər, səni evləndirsin!
Bəlkə onda təzələndin.
Xas
igid ayağa qalxıb üzünü dəmirçiyə tutur.
Xas
igid: - Atayi-mehriban, ya məni evləndir, ya da çıxıb gedirəm!
Dəmirçi:
- Ya xas igid, sən kimi istəyirsən barmağınla göstər, mən gedib onu sənə alım!
Xas
igid: - Dövlətli qızı al! Dövlətli görmüş olar!
Dəmirçi:
- Görmüş olmağına görmüş olar. Amma onlar səni bəyənməz. Onlar başqa oğlan
axtarırlar. Kiminləsə qohum olub daha da güclənmək istəyirlər.
Xas
igid: - Onda kasıb qızı al. Kasıb qudurğan olmur!
Dəmirçi:
- Elə olur. Sən kasıbın qudurmuşundan qorx. Kasıb həm də görməmiş olur. Tez
çönür. Elə deyir ver yeyim. Ört yatım. Gözlə canım çıxmasın. Nə qədir bilir, nə
qiymət. Yediyi yemək kimi bütün ömrünü yeyəcək.
Xas
igid: - Bilmirəm. Ata get mənə tacirin qızını al! Yoxsa burdan gedəcəm!
Ravi: -
Dəmirçi tacirin qızına elçi düşdü. Tacir qızını xas igidə vermədi. Get özünə
tay axtar dedi. Sən kim, mən kim? Dəmirçi çar-naçar qalıb suçunun qızını aldı.
Xas igid gözəl idi. Qız onu görən təki bəyəndi. Sən mənim bəxtimsən dedi. Məni
qucaqla.
Xas
igid suçunun qızını qucaqlayıb öpdü. Suçunun qızı özündən getdi. Elə xas igid də.
Onlar evləndilər. Bir ay keçdi, Suçunun qızı dəyişib dedi:
-
Xassan, qazsan, nəsən bilmirəm. Get mənə qızıldan ləyən al gətir.
Xas
igid duruxub: - Ləyəni neynirsən, suçunun qızı?
Suçunun
qızı: - İçində çiməcəm!
Ravi: -
Xas igid yerə tüpürüb o şəhərdən qaçdı. Gedib bir ayrı şəhərdə bir ayrı ağacın
altında oturub oxumağa başladı.
Xas
igid: - Yumrudur dünya dediyin. Yolları yumru-yumrudur.
Ayrı şəhərin
ayrı dəmirçisi xas igidin tamam ayrı səsini eşidib ona yaxınlaşdı.
Dəmirçi:
- Qardaş dəmirçisən?
Xas
igid: - Dəmirçiyəm! Hardan bildin?
Dəmirçi:
- Yolları əyməyindən!
Ravi: -
Dəmirçi ilə xas igid dostlaşdılar. Dəmirçi xas igidi evlərinə qonaq apardı.
Olanından yedilər, içdilər uzanıb baş-ayaq yatdılar. Gecə ikisi də qarışıq yuxu
görüb hövləng ayağa qalxdı. Xas igid dedi.
Xas
igid: - Dəmirçi qardaş. Yuxumda taxta at gördüm.
Dəmirçi:
- Mən də! Xeyir olar axırı!
Ravi: -
Xas igidlə dəmirçi küçəyə çıxıb yuxunun yozumunu gecədən soruşdular. Gecə dedi.
Gecə: -
Kimsə öləcək!
Ravi:-
Elə gecə bunu demişdi ki, hardansa cənabi-Əzrayıl gəlib çökdü dəmirçinin sinəsinə.
- Bəsdir yaşadın - dedi - vaxtdır yığış. Qayıdırıq!
Dəmirçi
əvvəlcə qorxdu. Baxma da. Adamdır axı. Günahı olmamış deyil. Sonra - yaxşı -
dedi. Allahın əmridir. Can yiyəsi odur. Verən də odur, alan da odur! Biz nəkarəyik
ki, öz canını ona qaytarmayaq? Amma icazə ver, xas igidin qulağına bir gizli
söz deyim. Əzrayıl bir kənara çəkilib qulaqlarını tutdu. Sonra da deyirlər ki,
Əzrayıl pis mələkdir. Sən bir qanacağa bax! Əzrayıl gözlərini də yumdu ki, heç
nə görməsin. Dəmirçi əyilib xas igidin qulağına pıçıldadı.
Dəmirçi:
- Ey xas igid, görürsən ki, gedər oldum. Bu dünyada bir arzum qaldı.
Xas
igid: - Sənin üçün nə desən edəcəm! Arzunu de!
Dəmirçi:
- Dəmirdən bir təzə söz düzəltmək istəyirdim. Vaxtım çatmadı. Düzəldə bilmədim.
Mənim üçün düzəldərsən o sözü?
Xas
igid: - Söz məndən böyükdür, qardaş. Mən onu bacarmaram!
Ravi: -
Dəmirçi öldü. Xas igid qaldı. Səhər açıldı. Xas igid dəmirçinin ruhsuz bədənini
torpağa tapşırıb yola çıxdı. Orda aynan, burda ilnən gedib bir ağ evin
qarşısına çıxdı. Evin qapısı yox, bacası yox. Pəncələri də görünmür. Amma
qırımından evdi. Bu ağ ev Tramp əmioğlunun "ağ evi" deyil ha.
Qarışdırmayın. Xas igid evin qarşısında yerə çöməldi. Bardaş qurub evə tamaşa
etməyə başladı. İçi rahatladı. Ev də ev idi ha. Damından adama tərəf ilıq bir
meh əsirdi. Ağ evin sağ tərəfində bir ağ ağac da əkilmişdi. Budağında iki quş
oturmuşdu. Biri ağ quş idi. O biri qara quş idi. Özləri üçün danışırdılar. Ağ
quş qara quşa - bacılı-bacılı - deyirdi, - bu igid həmin o xas igiddir. Xalis
igiddir. Bu ağ binanın içində onun bəxti var. Taleyi bura yazılıb. Səbrini
basıb qırxca gün oturduğu yerində otura bilsə, evin qapıları üzünə açılacaq. O
da bəxtinə qovuşacaq. Yox, səbr eləməsə, başı bəlalar çəkəcək. Ortada da bir
zad olmayacaq! Qara quş: - yəqin Allah
basaratını açar. Bu da oturar - deyirdi.
Xas
igid quş dilini bilmir axı. Heç öz danışdığı dilin də arifi deyil. Odur ki
dincini alan kimi ayağa qalxıb dabanına tüpürdü. Oturmadı. Gecəyə yaxın yol kənarında
bir çobana rast oldu.
Xas
igid: - Çoban qonaq istəyirsənmi?
Çoban:
- Niyə istəmirəm. Allahın göndərdiyi qonaqsansa, yaxın gəl. Niyyətin pisdirsə,
gəlmə. Qayıt!
Ravi: -
Xas igid çobanın evinə qədəm qoydu. Oturdular. Danışdılar. Süd içib, pendir
yedilər. Yenə baş-ayaq yatdılar. Səhər açıldı. Çobanın ağappaq ağ qızı əllərinə
su tökməyə gəldi. Xas igid gördü ki, çobanın ağ qızı qəşəng qızdır, özü də təzəcə
dəyib. Ayaqları da möhkəmdir, oğlan doğar. Qıza su atdı. Qız su altından quru çıxdı. Ona bir yaş cavab
verdi. Axşam çobanın gözünü aldadıb alaçığın arxasına keçdilər. Nə danışdılar,
nə danışmadılar bilmirəm. Onu bilirəm ki, çobanın ağ qızı xas igidə üç ilə üç
oğlan doğdu. Üçünü də bələyib yükün üstünə uzatdı. Çoban da xas igidin əlinə
bir çomaq verib - qoyuna gedəndə hayy de - dedi - heç vaxt vay demə! Hürküb xəstə
quzu doğar.
Xas
igid beləcə çobanlıq eləməyə başladı. Bir gün Allah dünyaya qar yağdırdı. Çoban
üçün qar bərəkət gətirdi. Xas igid üçün qayğı. Xas igidin ruhu ağradı. Gözləri
yaşardı. Bir çönüb çobana baxdı. Bir çönüb çobanın ağ qızına baxdı. Bir çönüb
yükün üstündə uzanmış oğlanlarına baxdı. Heç nə demədi. Köksünü ötürdü. Hardasa
uzaqda doqquz baş qurd uladı. Xas igid bu ulartıdan sonra lap darıxdı. Ayağa
qalxıb qurd səsinin arxasınca eşiyə çıxdı. Gedib qara yolun kənarında oturdu. Gördü yol ilə bir dərviş gəlir.
Dərviş gəlib xas igidə salam verdi.
Dərviş:
- Ayağın yorulub, ya için?
Xas
igid: - İçim yorulub, baba!
Ravi: -
Dərviş qarın üstünə oturub dedi.
Dərviş:
- Su bir yerdə duranda iylənər, xas igidim. Bir yerdə çox qalma!
Xas
igid: - Üç uşağım var. Neynəyim?
Dərviş:
- Mən özüm uşağam. İzn ver gedim!
Xas
igid: - Hara gedirsən?
Dərviş:
- Hamımız hara gediriksə, mən də ora gedirəm!
Xas
igid: - Sən get! Mən səninlə getməsəm də gedirəm! Oturduğum yerdə də gedirəm.
Ravi: -
Dərviş gedəndən sonra xas igid bir il yatmadı. Yuxu nədi bilmədi. İkinci ilin
tamamı çobanın beş qoyunun oğurlayıb bazara çıxardı. Satıb puluna bir at aldı.
Atı minib çobanın qızından irağa qaçdı. At onu gətirib sıx meşəyə çıxardı.
Talada atdan endi. Dizini qucaqlayıb ana qarnında yatırmış kimi şirincə yatdı.
Beş gün gözünü açmadan yatdı. Altıncı gün səsə oyandı. Gördü uzaqdan ona tərəf
bir qoca gəlir. Əlində güzgü. Gözündə biclik. Dilində kəlmə. Xas igid ayağa
qalxıb qocayla qucaqlaşdı. Ona yer göstərib əyləş dedi. Qoca oturan kimi sözünə
başladı.
Qoca: -
Ay xas igid. Mən qocayam, sən cavansan. Səndə olan məndə yoxdur, məndə olan səndə
yoxdur!
Xas
igid: - Nəyi deyirsən, baba? İllərimi deyirsən?
Qoca: -
Yox ayağımı deyirəm!
Xas
igid: - Başa düşdüm. Atı verdim sənə. Götür, halalın olsun. Əvəzində sən mənə nə
verəcəksən?
Qoca: -
Mən sənə güzgü verəcəm. Baxib özünü görəcəksən. Mən özümü ancaq bu yaşda
gördüm. Əvvəl elə bilirdim başqayam. Ancaq bu yaşda özümü tanıdım. Özgəyəmmiş!
Xas
igid: - Özümü tanımaq nəyimə lazımdır ki?
Qoca: -
Dünyada vacib olan budur da elə! Güzgünü götür. Sakitcə özünü axtar.
Xas
igid: - Yaxşı!
Ravi: -
Xas igid beləcə qocayla sövdələşdi. Razılaşdı. Qoca atı minib şəhərə tərəf
çapdı. Xas igid güzgünü qarşısına qoydu. Özünə baxmağa başladı. Bir il baxdı.
İki il baxdı. Çox baxdı, az baxdı. Özünü tapa bilmədi. Özü yox idi. Güzgüdən
ona yad bir adam baxırdı. Bir gecə çiyninə bir quş qondu. Ona - Özünü güzgüdə
niyə axtarırsan? Axtarma - dedi - özün özündəsən. İçindəsən. Orda axtar. Öz
yoluna çıx. Xas igid elə bil yuxudan
oyandı. Güzgünü torpaq üstünə atıb ayağa qalxdı. Əyilib bir də güzgüyə baxdı.
Gömgöy səmanın bir tərəfi güzgüyə düşmüşdü. Səma güzgüdə bütöv deyildi . İnsan
da belədir. Güzgüdə tam görünə bilməz. Bəs ruh! Yaxşı, deyək ki, insan güzgüdə sifətini görür, bəs fikirlərini necə?
İnsan daha çox fikirdir axı. Xas igid də səma kimi idi. Ona oxşayırdı. Gömgöy səma
da güzgüdəki görüntüsü ilə sanki torpaq üstünə düşmüşdü. Adam çaşırdı. Yeri
göydən, göyü yerdən ayıra bilmirdi. Deməli güzgü yalan imiş. Xas igid beləcə
güzgünü göyə, göyü güzgüyə tapşırıb yolun ağına çıxdı. Gördü göydə quşlarla bahəm
ağ-ağ çərpələnglər də uçur.
Xas
igid çərpələngin birini dindirdi.
Xas
igid: - Sən də quşsan?
Çərpələng:
- Quş deyiləm, amma uçuram!
Xas
igid: - İpin olmasa uça bilərsən?
Çərpələng:
- Hamımız o ipimizi tutan ələ bağlıyıq! Bizi o əl qarğıddan, parça kəsiyindən
düzəldib. Xətri hara istəyir ora da
uçurdur.
Xas
igid: - Bəs külək?
Çərpələng:
- Küləyi də o əsdirir!
Xas
igid: - Səni bilmirəm. Mənim ipim öz əlimdədir!
Ravi: -
Xas igid çərpələngin ona sonuncu dəfə nə dediyini eşitməyib sol tərəfə buruldu.
Uzaqdan tanımadığı bir şəhərin darvazaları görünürdü. Xas igid şəhərə çatıb üç
dörd dəfə qapının daqqulbabını taqqıldatdı. İçəridən ona hay verən olmadı.
Qapılar bağlıydı. Xas igid dincini almaqdan ötrü bir daşın üstünə oturdu.
Darvazaların ona yazığı gəldi. Özləri açıldılar. Xas igid ayağa qalxıb şəhərə
girdi. Şəhər yolun solunda tikilmişdi. Evləri, küçələri sola baxırdı. Quşları
sola uçurdu. Ağacları sağdan-sola bitirdi. Adamları, itləri solaxay idilər.
Pişikləri sola miyolduyurdu. Şəhərin sağ tərəfi yox idi. Nə vardısa soldaydı.
Xas igid acmışdı. Kisəsindən bir alma çıxarıb dişlədi. Bunu görən şəhər camaatı
onu qazinin yanına gətirdilər.
Qazi
ağa ondan: - Qərib, almanı sağ əlinlə niyə tutursan, cinsən?
Xas
igid: - Cin zad deyiləm! Xas igidəm. Xalis igidəm. Sağ igidəm. Düz igidəm.
Qazi: -
Biz əyriyik?
Xas
igid: - Sizi bilmirəm. Mən əyri deyiləm. Sağa gedənəm. Həmişə də sağam! Sağ da
olacam.
Qazi
ağa: - Sən gəl belə elə ay sağ olmamış. Gəl biz sənin sağ əlini kəsib sol əlinin
yerinə qoyaq. Sol əlini kəsib sağ əlinin yerinə qoyaq. Ol bizim kimi solaxay.
Sola gedən!
Xas
igid: - Məsələ əldə deyil. Mənim təkcə sağ əlim sağ deyil e. Özüm də sağam.
Qazi: -
Sən sağ ola bilməzsən. Sağ adam burda sağ ola bilməz. Sabah sənin bu sağ
boynunu sol əlimlə özüm vuracam. Burda sağlar sağ ola bilməzlər. Sən pis dəbsən.
Səni insanlara unutdurmaq lazımdır. Sənin
sağ olmağının özü bizim üçün əngəldir.
Ravi: -
Qazi xas igidi qaranlıq zindana saldırdı ki, səhər başını vurdursun. Xas igid
qaranlıq zindanda sağ gözüylə ağladı. Sağ ayağı üstə dayandı. Yerdən qalxanda
yerə sağ əliylə dayaq verdi. Keşikçi işi
belə görüb zindanın qapılarını sol əliylə açıb içəri keçdi. Üzünü xas igidə
tutub dedi: - Xas igid, əslində mən də sənin kimi sağam. Sadəcə özümü sol kimi
göstərirəm. Nə qədər ki, mən sağam, sən də sağsan. Qaç canını bu sollardan
qurtar.
Xas
igid sağ ayağı üstə eşiyə çıxıb sağ dabanına tüpürdü. Sol şəhərdən çıxıb özünü
gecənin içinə saldı. Gecənin içiylə bir xeyli yol gedib səhərə çıxdı. Səhər dənizin arxasından
keçirdi. Xas igid dizlərini sahilə qoyub balıqlar padşahını səslədi.
Xas
igid: - Sənə sualım var. Üzünü mənə göstər, balıqlar padşahı!
Balıqlar
padşahı sudan çıxıb üzünü xas igidə tutdu: - Nə olub xas igid. Məndən nə istəyirsən?
Xas
igid: - Su çoxdu, quru?
Balıqlar
padşahı: - Su çoxdur!
Xas
igid: - Mənə icazə verərsən suda yaşayım?
Balıqlar
padşahı: - Boğularsan axı!
Xas
igid: - Sən elə elə ki, boğulmayım da! Padşah deyilsən?
Balıqlar
padşahı: - Yaxşı, gəl yaşa!
Ravi: -
Xas igid özünü suya atdı. Balıqlar ölkəsinə üzdü. Balıqlar onu sevdi. Ayrı
dünyanın adamıdır deyib, ayrı yaşamaq üçün ona iri balıqqulağından tikilmiş bir
ev bağışladılar. Qırx incəbel xəmsi balığı ona kəniz oldu. Hallıca-dulluca bir
kök balıq dəli kimi xas igidin xaslığına vuruldu. Ədəli-dədəli su toyu eləyib
evləndilər. Xas igid danışan. Kök balıq susan. Beləcə sulu-sulu yaşadılar. Bir
gün xas igid yaman darıxdı. Üzüb-üzüb başını sudan çıxardı. Ürəyi axdı. Əridi.
Aşığı səslədi.
Xas
igid: - Gəl qardaş, sazsız deyə bilməyəcəm!
Aşıq səhnəyə
daxil olub oxuyur:
- Mən
bimirəm vətən nədir
amma darıxdım darıxdım.
Göydə
uçan boz sərçəyçün,
çöldə yovşançün darıxdım.
Darıxdım
suda qalmaqdan.
Darıxdım döyə baxmaqdan.
Darıxdım
yosun balıqdan
yaman darıxdım, darıxdım.
Ravi: -
Bu sözləri yaşayandan sonra xas igid üstü-başı yamyaş sudan quru çıxdı. Bir daşın üstündə oturub bir neçə ay suyla
quru arasında qaldı. Sudan balıqlar, qurudan adamlar onu yanına səslədi. Xas
igid xalis igid bu səs-küyün içində bir necə il oturdu. Sonra bir az da oturdu.
Ondan sonra bərkdən ayağa qalxdı.
Xas
igid: - Sahildə özümə bir ev tikəcəm. Həm suyu görüm. Həm də qurunu!
Ravi :
- Dediyini elədi. Beləcə bu minvalla bir qədər də quru ilə yaş arasında yaşadı.
Sonra yenə darıxdı. Oturub saatlarla göy üzünə baxdı.
Xas
igid: - Ay Allah, məni quş elə, uçmaq istəyirəm!
Ravi: -
Bir gün qanadları çıxdı. Uçub-uçub lap uzaqlara uçdu. Qalxıb yerə göydən baxdı.
Gedib o biri planetləri dolandı. Gəzdi. Yenə yerə qayıtdı. Bir buludun üstündə
oturub fikrə getdi.
Xas
igid: - Hər şeyi gördüm. Bütün dünyanı gəzdim. Dənizin təkinə endim. Göyün üzünə
qalxdım. Düzü-dünyanı gəzib-dolandım. Bir maraqlı zad görmədim. Görəsən bu
insanlar burda necə yaşayır? Gedim bir ölümü də görüm. Bəlkə oralar buralardan
maraqlı olacaq.
Ravi: -
Beləcə deyib xas igid buludun üstündən torpağa hoppandı. Dizi üstə ölümün
qarşısında durdu.
Xas
igid: - Mən xas igidəm. Yaşayıb yarımadım. Məni ora apar da nə olar? Burda
yaman darıxıram.
Əzrayıl:
- Dur bir rəqs elə sənə əl çalacam. Oynayıb qurtaranda öləcəksən. Həyat bir rəqs
uzunluğundadır. Tez bitir. Burda yaşamaq istəsəydin, bir rəqsin ritminə düşəcəkdin.
Sən bacarmadın. İnsanların heç biri dünya rəqsinin hansı halda olduğunu
anlamır. Sən də elə. Hala düşsəydin, adam balası kimi yaşayacaqdın!
Xas
igid: - Oynamıram. Elə belə apar, bura mənə yaddır.
Əzrayıl:
- Yaxşı gəl!
Ravi: -
Xas igid bir göz qırpımında bədənindən çıxıb Əzrayılla bərabər bir yaşıl budağa
qondu. Gördü bədəni torpaq üstünə kürk kimi sərilib. Özünü bəyənmədi.
Xas
igid: - Mən buydummu?
Əzrayıl:
- Buydun da. Bəs nə idin? İddiana baxma. Olanın bu idi. İnsan hala düşməyincə
elə-belə çirkli bədəndir də. Başqa nədir ki?
Xas
igid: - Nə çirkliyəmmiş.
Əzrayıl:
- Sən səbir eləmədin! Təmizlənməyin səbrindən asılıydı. Doğulanda Yaradan sənə
ağıl da vermişdi, bəxt də. Bunları ürəyində tapmağa sevgin çatmadı. Hər şey öz əlində
idi. İndi otur özünə yuxarıdan bax. Şükürlər olsun ki, burda vaxtın, zamanın
çoxdur. Bax, o təzəcə qazılan qəbir var ha. Görürsən? Sənin qəbrindir. O, qəbrin
üstündə ağlayan isə çobanın ağ qızıdır. O, səni doğrudan da sevirdi. Oğlanların
da sənə görə uca dağların başında vuruşurlar. Onların da istisini ciyərlərinə çəkmədin…
Xas
igid: - Bir də ora qayıda bilərəmmi.
Əzrayıl:
- Heç zaman qayıda bilməzsən. Amma yenə səbr elə!
Ravi: - Xas igidin yerə sərilmiş bədəninə yazığı gəldi.
Neçə nəfərə pislik eləmişdi. Onlardan halallıq almaq istədi. Dünyada qalan o
işıqlı sözün hansı söz olduğunu öyrənmək istədi. Dəmirçi dostu üçün dəmirdən
söz düzəltmək istədi. Nəyi orda unutmuşdusa burda xatırladı. Amma faydası nəydi?
Xas
igid: - Bilsəydim başqa cür yaşayardım… peşimanam - dedi.
Ravi: -
Neynəyərdin?
Xas
igid üzünü Raviyə tutur.
Xas
igid: - Ravi, bayaqdan bəri nəql etdiyin bu yazını sən yazmamısan bəyəm? Dəyiş
də ömrümü. Nə olar? Bir dəfə də dirilt məni!
Ravi: -
Yazıya pozu yoxdur, xas igid. Mən kiməm ki?
Əzrayıl:
- Dur, gedək!
Ravi: -
Xas igid çevrilib son dəfə dünyaya baxdı. Yenə bir şey anlamayıb çiyinlərini çəkdi.
Dünyada səhər açılmışdı, qəfil doğulmuş misalı, qəfil ölüm misalı mən də bu mətni
qəfil yerdə bitirdim. Bir az uzun danışmağa səbrim çatmadı. Vəsəlümü əlyekum və
rəhmətullahi və bərəkətuh.
"Ədəbiyyat
qəzeti”