Aparıcı, moderator, şoumen...

Aparıcı, moderator, şoumen...

Televiziya aparıcısının yaradıcı fəaliyyətinin əsasları (I yazı)

Elçin Əlibəyli
Beynəlxalq Televiziya və Radio Akademiyasının Həqiqi üzvü,
Sənətşünaslıq namizədi

Televiziya sənətinin yayım vahidi kimi çıxış edən veriliş və proqramlarda aparıcı, onun yeri və mahiyyəti əsas olmaqla,  həm də təmsilçi kimi ümumi yaradıcı prosesin tərkibində fəaliyyət göstərir. Telekanalların simalarına çevrilən aparıcıların yaradıcı fəaliyyətinin əsas mahiyyəti ekran obrazının yaradılması kimi mürəkkəb prosesi ehtiva edir.

Ekranda yaradılan obraz ideyanın çatdırılmasına, ünsiyyət yolu ilə təlqininə nail olmaq vəzifəsini icra edir. Televiziya aparıcısı yaradıcı sima olmaqla obrazı canlandırmalı, ünsiyyətin, rabitənin yaranmasına nail olmaqla özünün başlıca məqsədini icra etməlidir. Aparıcı fəaliyyətinin əsasları dedikdə onun davranışı, daxili vəziyyəti və psixoloji təsir gücü, habelə ekran obrazının yaratmaq bacarığı nəzərdə tutulur ki, bu mövzu çağdaş sənətşünaslığın əsas problemlərindən biri kimi tədqiqata cəlb olunmalıdır.

Televiziyada aparıcı obrazı bir çox cəhətləri ilə kinodakı obrazdan fərqlənir. Televizya aparıcısnda bədii məziyyətlərin zənginlik palitrası yoxdur, kasaddır, bundan əalvə onun ekranda başqalaşmasından daha çox özünün görünməsi önəmlidir. Bu barədə fərqli rəylər söylənilir. A.Novikova sovet dövrundə müəyyənləşmiş “aparıcı ekranda olduğu kimi görunməlidir” prinsipinin televiziya işini zəiflətdiyini deyir, onun müəyyən imicdə, sosial maskada çıxış etməsinin vacibliyini qeyd edir və aparıcı ampluasının yaranmasını zəruri hesab edir.

Fikrimizcə sosial maska və ya ampluaya malik aparıcı teatr və kino obrazından fərqli, özünün keyfiyyətləri ilə zəngin şəkildə çıxış etdikdə uğurlu təsir bağışlaya bilər. Ondan tamamilə başqalaşma tələb etmək, teatr qanunları ilə oyun gözləmək bəsitliyə gətirib çıxara bilər. Aparıcı ampluasını müəyyən etməklə onun özünü canlandırması daha effektiv ola bilər. O özünü, öz düşüncəsini, intellektini, davranıı və üslubunu meydana qoymalı, özünü ifa etməlidir.

Proqramın əsasını təşkil edən aparıcının obrazı rejissorun başlıca fəndi olaraq bütün digər fəndləri, bədii ifadə vasitələrini təyin edir. Məhz onun vasitəsi ilə müəllif öz ideyasını açıq və ya sətiraltı şəkildə seyrçiyə çatdırır. Çağdaş televiziyaçılıqda aparıcı obrazı seyrçiyə özünü bənzətməsi üçün təqdim olunan etalon kimi çıxış edir. Onun kamilliyi, yüksək səviyyəsi və davranış mükəmməlliyi seyrçinin mədəni mənəvi aləminə zənginlik gətirməli, onun dünyagörüşünü artırmalıdır.

Burada obraz verilişin ideya yükündən irəli gələn tələblərə cavab verən tərzi taparaq ünsiyyətdə, kommunikasiyada gərəkli cəhətləri sadiqliklə qorumağa hesablanmış böyük ustalıqla yaranmalıdır. Verilişin xarakteri, auditoriya seqmenti, mövzu dairəsini nəzərə almaq, tələb olunan “dildə” özünün şəxsi keyfiyyətləri ilə danışmaq, fərdi cəhətini ekrana daşımaq məqsədə nail olmaq deməkdir. Hər seyrçi ekran başında seyr müddətində aparıcının nə istədiyi, məqsədi, məqsədə nail olmaq üçün atacağı addımları və yanaşma tərzini bilməli, məhz bu cəhətlərinə görə onu digərindən fərqləndirməlidir. Əsas fərqi təşkil edən cəhətlərə, təbii ki, ünsiyyətin və manipuliativ mexanizmlərdən istifadə dərəcəsinin əlavə olunması tam mənzərənin açılışına xidmət edərdi. Ünsiyyət mürəkkəb psixoloji mərhələ olmaqla fərdin şəxsi sahəsinə daxil olmaq cəhdidir. Bu zaman bir neçə vacib tələblərin icra olunması gərəkdir ki, şəxs özünün dairəsinə müdaxiləyə imkan versin. Səmimilik, mərhəmlik, intellekt, dünyaduyumu kimi mənəvi keyfiyyətlərlə bərabər baxışları, jestikulyasiyası, mimikası kimi fiziki çalarlar da obrazın tələblərindən çıxmamaq və özünün daim istifadəsində olmaq şərti ilə üzvü şəkildə icra olunan cəhətlər kimi vacibdir. Əks halda ünsiyyətin baş verməsi mümkün deyil və cəmisi bir neçə saniyə ərzində rabitə pultun digər düyməsini sıxmaqla qırıla bilər.
Nəzərə alsaq ki, televizor pultu heç də həmişə bir nəfərdə olmur, onda  ünsiyyətdə bütün ailə üzvlərinin mənəvi, psixoloji durumundan asılı olmayaraq, baxmağa cəlb etmək üçün maraqlandırmaq, ünsiyyət dairəsinin onları da əhatə etməsinə nail olmaq kimi mürəkkəb vəzifə hər bir aparıcının gələcək televiziya karyerasını müəyyən edir.

Ekranda aparıcı qismində görünən şəxsin tirajlanması (A.Novikova) fərdi keyfiyyətlərinin itirilməsinə səbəb olur və “donur”, ətraf dünya ilə qarşılıqlı əlaqədə olan modelə və müəyyən təyin olunmuş ideyaların ötürücüsünə çevrilir və ictimailəşir, fərddən daha çox təmsilçiyə çevrilir. “Sosial maskaya” malik aparıcı öz ictimai rəyini ifadə etməyə, auditoriyanın müəyyən hissəsinin dünyagörüşünü, sosial-psixoloji durumunu çatdırmağa iddialı, müəyyən qrupun təmsilçisi, ümumiləşmiş sifəti kimi çıxış edir.

A.Novikova “sosial maska” anlayışını araşdıraraq ekranda şəxsiyyət kimi qalmağın mümkünsüzlüyünü bildirir. "Sosial maska"nın rejissorun, jurnalistin, ekranın təbii xüsusiyyətlərinin iradəsindən asılı olmayaraq, auditoriya qarşısında daim görünməklə, sosial mövqeyə sahib olmaqla yaranması rəyi ilə razılaşsaq da, birinci fikri sonadək araşdırılmamış və yanlışlıq kimi dəyərləndiririk. “Sosial maska" anlayışı bir qədər şişirdilmiş məhfumdur və bunu heç də bütün aparqıcılara aid etmək olmaz. Televiziya tarixinə nəzər yetirdikdə tam əks mənzərənin şahidi oluruq. Ekrana çıxan aparıcının getdikcə artan nüfuzu, sosial çəkisi onu şəxsiyyətə çevirərək, ictimai həyatda fəal çıxışına, siyasi xadimə çevrilməsinə səbəb olur.

Aparıcı, müəyyən bir obrazı tapdıqda ondan möhkəm yapışaraq verilişdən verilişə ötürməsi ilə populyarlığını, sözünün çəkisini artırdığını qeyd edən tədqiqatçı, seyrçilərin onu dinlədiklərini, verilişə qoşulduqlarını bildirir və çoxmilyonlu tamaşaçının qarşısında ardıcıl çıxan insanın onun üzərində müəyyən hakimiyyətə sahib olmasını təsdiq edir. Bununla da şəxsiyyətini itirmə rəyinin düzgün olmadığı üzə çıxır və müəllif öz-özünü inkar etmiş olur. Tirajlanmanın mənfi cəhətlər törətdiyini bildirən A.Novikova ekranda olan insanın fərdi cəhətlərini yox edərək müxtəlifliyini, daxili dinamikaya məxsusluğunu, təkrarsızlığını söndürərək, onu “sosial maskaya” çevirdiyini və getdikcə maraqsızlaşdırdığını ifadə edir. Burada yenidən müəllifin fikri ilə razılaşmayaraq deməliyik ki, aparıcı məhz bu şəxsi keyfiyyətlərini ekrana gətirərək obrazın yaranmasına nail olur, onu tamamlayır, onların vasitəsi ilə digərindən seçilərək seyrçi üçün maraqlı olur. O, adi insandan ictimai əhəmiyyət daşıyan, öz şəxsi keyfiyyətləri ilə rəftar edən şəxsiyyətə çevrilir.

ABŞ təcrübəsini misal kimi gətirən tədqiaqtçı N.Qolyadkin aparıcının efirdə başqası ilə dəyişdirilməsini ölkədəki prezident dəyişikliyi ilə müqayisə edərək, onun əhəmiyyətini göstərir. Televiziya aparıcısının uzun illər fəaliyyətinin yüksək dəyərləndirildiyini, seyrçinin öyrəşdiyi sifətin ekrandan yoxa çıxması ilə auditoriyanın itməsi, rəqib verilişə maraq yaranması hadisəsinin baş verdiyini qeyd edir.

Aparıcının kommunikasiya prosesində bəhrəli iştirakı onun şəxsi hazırlığından, keyfiyyətlərindən və bir də peşəkarlıq səviyyəsindən asılıdır. Hazırlıq deyildikdə aparıcının təhsili, dünyagörüşü, müxtəlif sahələrdən toplanan biliklər sistemi, jurnalistika prinsiplərindən xəbərdarlığı və bir də ünsiyyətə girmək təcrübəsi (onun ictmai həyatda fəallığı, tələbə, gənclər qurumlarında iştirakı, yazılı mətbuatda çıxış etməsi və s) nəzərdə tutulur.

Keyfiyyətlər onun şəxsi göstəriciləri- səmimiliyi, intellekti, özünəgüvəni, daxili inamı əks etdirən görünüşü, nitq sərrastlığı, ifadəli, düzgün, zəngin danışıq tərzi və bir də insanlarda yaratdığı rəyi əks etdirir. Burada rəy həm ekrana çıxanacan olan fikirlər, həm sonrakı dövrdə seyrçilərin onun barəsində düşündükləri, ona olan hisslərini ifadə edir.

Televiziya aparıcısının peşəkarlığı onun bilavasitə mənsub olduğu peşədən xəbərdarlığını ehtiva etməyərək daha geniş anlamı əhatə edir. Jurnalistika, artistizm, ünsiyyətçilik, kommunikasiyaya girmək qabilliyəti, müəyyən situasiyaları yaratmağa, yaranmış situasiyanı idarə edərək istədiyi məcraya yönəltmək, həmsöhbəti ilə söhbəti qurmaq və bir də seyrçi ilə rabitəni qurmaq imkanlarına malik, bu işi bacarıqla, fəndlərlə, qaydalara əməl etməklə yerinə yetirmək aparıcı peşəkarlığının təməl prinsiplərini təşkil edir.

Deyilənlər aparıcının daxili aləmini, hazırlığını ifadə edir. Lakin aparıcı ekranda görününcə ona verilən qiymət təkcə bu hazırlıq səviyyəsi ilə deyil, həm də xarici görkəmi, fiziki hərəkətləri əsasında verilir. Mimikası, jestikulyasiyası, davranışı diqqətdən kənarda qala bilməz. Aparıcının makiyajı, saçı və geyimi də kommunikasiya prosesində rol oynayır, rəyyaradıcı mahiyyət daşıyır. Əksər halda tamaşaçı ekranda nəyin səslənməsinin fərqinə varmayaraq, əsas diqqəti təbəssümə, mimikaya, jestlərə, ünsiyyət ədasına yönəldir. Tədqiqatçı B.Budanın tədqiqatı bu məsələdə olduqca maraqlı cəhətləri üzə çıxarmağa imkan vermiş oldu. Onun araşdırmaları göstərir ki, qadınlar kişi aparıcılarını izləyərkən saçın rənginə, üzün quruluşuna, göz və əlin formasına diqqət yetirirlər. Kişilər isə qadın aparıcılarının dinamikasına maraq göstərirlər. Onları daha çox mimika, plastika, jestikuliyasiya və bunların üzvü vəhdətdə çıxış etməsi maraqlandırır. Yəni ilk növbədə gördüyünə diqqət yetirməklə onun əsasında tamaşaçıda təəssürat yaranır. Yalnız bundan sonra ikinci mərhələ- intellektual imkanları, erudisiyası və savadı diqqətə gəlir, bu barədə rəy yaranır. Bundan sonra aparıcı görkünün fərdi cəhətləri, yeniliyi, özünəməxsusluğu diqqətə gəlir ki, bu da bütünlüklə rəyin yaranmasına xidmət edən sonuncu mərhələdir. Məhz bu yolla aparıcı haqqında tamlıqla rəy yaranır. Hər bir cəhət yekun rəyin xarakterini təyin etməyə qulluq edir. Ona görə də görünüş, fiziki cəhət diqqətdən kənarda qalmamalı və onun efir çıxışında mühüm yeri unudulmamalıdır.

Həmçinin yuxarıda göstərdiyimiz kimi görk və onun xarakterik cəhətləri də aparıcılıq fəaliyyətinin əsas mahiyyətini təşkil edir. Aparıcı nə üçün ekrana çıxdığını, nə istədiyi və hansı suala (verilişin ideyasından irəli gələn sual, bəzən buna «süjetin əsas sualı» da deyirlər) cavab axtardığını bilməklə bərabər, hansı yolla gedəcəyini, necə yanaşacağını da dəqiq bilinməlidir. Ekranda aparıcının «hansı rolu ifa» etdiyi dəqiqliklə, xarakterik cəhətlərinin bütün elementləri nəzərə alınmaqla bilinməlidir. Burada üslub xüsusiyyəti, fərdi cəhətlər qorunmalı, sabitlik saxlanılmalıdır. Qarışıqlıq, çaşbaşlıq yaratmaqla bütöv və üzvi görkün yaranmasına mane olaraq ekranda bir çox aparıcılar öz yerlərini tapa, tez bir vaxtda seyrçinin maraq dairəsinə daxil ola bilməyib, bu sənəti tərk edirlər. Doğrudur, zorla ilişib qalma halları da olur ki, bu, seyrçinin həmin veriliş vaxtı deyinərək kanalı dəyişməsi ilə nəticələnir. Amma aparıcıların bir çoxu ictimai rəylə ümumiyyətlə hesablaşmyaraq, öz bildiklərini etmələri halına tez-tez rast gəlinir. Onlar üçün seyrçinin rəyi heç bir rol oynamır. Ona görə də reytinqlərdə olan uğursuzluğun səbəbini araşdırmaq kimi mühüm bir fəaliyyət diqqətdən kənarda qalmamalıdır. Layihənin rəhbəri, rejissoru və aparıcısı seyrçilərin hansı personajı gözlədiyini, düşünülmüş obrazın verilişin xüsusiyyətlərinə nə dərəcədə uyğun olduğunu, gələcək aparıcının şəxsi cəhətləri ilə yaxınlığını dəqiq müəyyən etməlidirlər.

Ekranda olan informasiyanın qavranılmasında vizual cəhətlərlə bərabər səs amili də həlledicidir. Bu baxımdan aparıcının səs quruluşu, danışıq tərzi, nitq ifadəliyi əhəmiyyətini saxlayır. Aparıcının səs obrazı daha çox informasiyanın keyfiyyətindən və xarakterindən asılıdır. Xoş xəbəri söyləyərkən (informasiya proqramlarında) yüksək tonda səslənmə, dərindən nəfəs alma baş verir. Kədərli xəbəri çatdırarkən isə sürətin azalması, tonun aşağı düşməsi duyulur. Seyrçi birbaşa bu dəyişmələri hiss etməsə də informasiyanı qavramasına təsir edir. Səsin emosional gücü, təsir imkanları danılmazdır. Səs tonunun qulağa yatımlıq səviyyəsinin aşağı olması, düzgün köklənməməsi informasiyanın çatdırılmasına böyük manelər yarada bilər. Aparıcının səsi xoşagəlimli, melodik, qulağayatımlı olmalıdır. Nazik çığıltılı və ya kobud, boğazdanyuxarı səslər seyrçidə mənfi emosiyalar yaradır. Düzgün və ifadəli nitq də unudulmamalıdır. Bir çox halda cəfəngiyyat söyləmək, yalançı söz oyunu qurmaq, mənasız söz yığını ilə vaxtı doldurmaq cəhdi də psixoloji ünsiyyətə mane olur və kommunikasiyanın baş verməsinə imkan vermir. Aparıcı bütün hallarda nə üçün efirə çıxdığına əmin olmalı, məqsədə doğru yönəlmək, inkişafa nail olmaq üçün dəqiq, sərrast, ifadəli nitq qurmalıdır. Bir çox aparıcılarda yaranan arxayınlıq, öncədən hazırlaşmama nəticədə cəfəngiyyat axının ekrana çıxmasına rəvac vermiş olur. Psixoloqların tədqiqatlarından aydın olur ki, seyrçi informasiyanı qavramaqdan çox, özü ilə eyniləşdirdiyi aparıcının davranışı əsasında yaranan yaşantı ilə baş verən hadisəyə yol açır, ya da özünü müdafiəyə qalxır. Seyrçi aparıcını özü ilə bərabər tutaraq ondan səmimiyyət, hörmət, ehtiram tələb edir. Əks halda yaşantı və bunun nəticəsində kommunikasiyaya girmə alınmır, seyrçi başqa kanalı seçir.

Televiziya aparıcısından tələb olunan bir cəhət də onun məişət müdrikliyindən xəbərdarlığı və assosiativ düşüncə tərzinə malik olmasıdır.  Bu cəhətlər onun ünsiyyətçiliyini artırır, həmsöhbətləri ilə rabitəni effektiv qurmasına və bütün mümkün situasiyalarda qərar verərək onu öz xeyrinə (verilişin inkişaf xəttinə, intriqasına) yönəltməsinə imkan verir.

Daxili dinamika aparıcının axarı təyin etməsinə, yönəltməsinə imkan verən gücdür. Lakin bu gücü idarə etmək üçün düşüncə tərzinə, məntiqə, duyuma (efir duyumu, verilişin ideya duyumu, seyrçinin maraq duyumu) malik olmalı, jurnalistika peşəsinin prinsiplərindən xəbərdar olmalıdır. Dramaturji situasiyanı yetişdirərək, kolliziyanın yaranmasına təkan vermək və cilovu əldən buraxmayaraq lazım olan səmtə yönəltmək olduqca mühüm keyfiyyətdir.

Çağdaş tok-şoularda qarşı tərəflərin üz-üzə qoyulması yolu ilə həqiqətin üzə çıxması metodu olduqca geniş tətbiq olunur. Lakin bir çox hallarda aparıcı öz funksiyasını düzgün müəyyən etmədiyindən və ya dərhal reaksiya vermək imkanından özünü məhrum edərək verilişin gedişatını xaosa çevirir.

Aktual mövzunu çözüm hədəfi kimi seçməli olan tok-şou ümumiləşmiş tərzdə, olduqca geniş və şou formatına sığmayan, bir neçə saatlıq müzakirə tələb edən problemlərə toxunmaqla iflasa uğrayır. Tok-şouda mövzu konkret olmalı, bu barədə tərəflərin fərqli fikirlərinin üzə çıxmasına yardım etməlidir. Ümümiləşmiş, əhatəli mövzunun çözümə qoyulması yolverilməzdir.

Əsası otuz il əvvəl Fil Donahyu tərəfindən qoyulan danışıq şousu televiziyanın ayrılmaz hissəsinə çevrilib. Araşdırmaçı O.Gerasimova tok-şouya tərif verərək onu təcrübəli, suala cavab verməyə həmişə qadir olan, auditoriyanı hər hansı problemin həlli yollarını tapmağa yönəltməyə çalışan şoumenlər tərəfindən idarə olunan həqiqət axtarışına bənzədir. Mövzu seçiminə toxunan müəllifin qənaəti ilə razılaşmamaq olmaz. Konkretliyi heç zaman unutmamağı əsas şərt kimi qoyan müəllif, “hər nəsnə haqqında danışmaq lazımi nəticəni vermir” deyərək, mübahisə sərhədlərinin nə qədər dəqiq və konkret cızılarsa, mövzuya daxil olma, dərindən çözüm aparma və müəyyən qənaətə gəlməyin mümkünlüyünü söyləyir. “Bəzən olduqca geniş, sərhədsiz mövzu seçilir və nəticədə tok şou “hər şeydən və heç nədən” bəhs edən səthi söhbətə bənzəyir” (O.Gerasimova) və tok-şounun yaradıcı heyətinin qeyri-peşəkar yanaşması ilə onun başlıca məqsədinin icrası mümkünsüz olur.

Mövzunun düzgün müəyyən olunması ilə bərabər əsas mübahisə mövzusunun konkret müəyyənləşməsinə ehtiyac var. Adın enerjili, dəqiq, daxili ritmli, eyni zamanda ifadəli olması əsas şərtdir. Qanadlı ifadələrlə, qarışıq və ümumiləşmə ilə ifadə olunan mövzunun adı istənilən çözümün baş tutmasına mane olacaqdır. Problemin müzakirə oluna biləcək tərəfini dəqiq müəyyən etməklə ad seçimində istifadə olunması insanları mübahisəyə, müzakirəyə yönəldə bilər.

Tok-şou aparıcısı mövzu ilə bağlı veriləcək sualları da doğru məqsədə yönəlik tərzdə tərtib etməlidir. Aparıcı diskussiya mövzusunun açılışına xidmət edəcək səmtləri düzgün tapmaqla və sualları məhz bu istiqamətdə verməklə çözümün baş tutmasına nail olmalıdır. Bir çox moderatorlar  söhbəti qura bilmədiklərindən çoxlu sayda sual verməklə işini bitmiş sayır ki, bu yolverilməzdir. Suallar konkret və az sayda olmalıdır ki, hər birinin ətrafında yetərincə müzakirə aparılsın. Misal kimi “Qoy desinlər” (Birinci) tok-şou moderatorunun gedişat boyu cəmisi 5-6 maddədən ibarət sual verərək çözümün uğurlu alınmasına nail olmasını göstərmək olar. Həmçinin sual tərtibatında xüsusiyyətlər, açıq ziddiyyətlər, konkret hadisələr (faktlar, dəlillər) nəzərə alınmalıdır. Hər bir sual mübahisəyə yönəltmək təbiətinə malik, təhrikedici olmalıdır. Sual tərtibatında diskussiyalılıq qorunmaqla heç bir şəkildə cavabı hazır və insanlara mövqe sırımalı şəkildə qurulmamalıdır. Aparıcının “dəqiq mövqeyi, dərindən əminliyi, prinsipiallığı, müzakirə olunan problemi təfərrüatı ilə bilməsi, geniş erudisiya, çıxış etmək və auditoriyanı idarə etmək qabiliyyətinə malik olması” (O.Gerasimova) əsas şərt kimi göstərilir.

Tok-şouda əsas şərtlərdən biri də onun necə başlamaqdır. Heç bir halda aparıcı başlanğıcda hansısa mövqeyə və ya tərəfə meylli olduğunu büruzə verməməli, problemin əhəmiyyətini, praktik dəyərini, müzakirənin qaçılmaz və vacib olduğunu qeyd etməklə kifayətlənməlidir. Moderator auditoriyanı gedişata kökləməklə, həqiqət axtarışına dəvət etməyə çalışmalıdır. Bu mərhələdə əsas düzgün qoyulduqda çözümün sonrakı taleyi uğurlu ola bilər. Gedişat zamanı aparıcı barışdırıcı mövqedən uzaq olmaqla mübahisənin yaranmasına çalışmalı, tərəflərin mövzudan sapmasına, ümumi ifadələrlə kifayətlənməsinə imkan verməməli, tez-tez qıcıqlandırıcı situasiyalar yaratmalıdır. Onun üzvi, enerjili, templi yanaşım tərzi ilə gedişat daha canlı və məqsədə ünvanlı ola bilər. Bir çox hallarda verilişin gedişatında aparıcı tərəflərin bu mərəhələdəki mövqeyini müəyyən etməsi üçün özünəməxsus taym-aut götürməsi, çıxarışlar, nəticələr deməklə auditoriyanı, həmsöhbətləri analiz etməsi yolveriləndir. Bu ona söhbətin istiqamətini müəyyən etmək, tərəflərin rəyini öyrənmək üçün lazım olan fənddir. Xaosun, anlaşılmazlığın yaranmasına imkan verməməklə aparıcı  yumşaq, nəzakətlə və eyni zamanda qətiyyətlə bu situasiyadan çıxmağa çalışmalıdır. Mövzuya hazırlıqlı olmaqla aparıcının müzakirə olunacaq məsələlərlə bağlı ətraflı məlumatlarla silahlanması, yardımçı vasitələrdən, videosüjetlərdən yerində istifadə etməsi vacibdir. Həmçinin gedişatı nəzarətdə saxlayan moderator söhbətlərdə təkrarçılıq, auditoriyada yorğunluq hiss etdiyi anda artıq yekunlaşmağa başlamalıdır. Heç bir halda tok-şou qəfil kəsilməməli, mövzunun tam çözülməsi ilə nəticələnərək yekunun verilməsi ilə bitməlidir. Tok-şounu yerində və nəticə ilə bitirmək aparıcıdan əlavə duyum qabiliyyəti tələb edir.

Verilişin yaranmasını şərtləndirən amillərdən ən əsası düzgün aparıcı obrazının tapılması ilə bərabər bu obrazın inkişafına səbəb olacaq mühitin biçimləndirilməsidir. Onun mühiti- səhnə tərtibatı, işıq-rəng həlli, mizan-səhnə, mizan-kadr verilişin mövzusundan doğaraq aparıcı obrazını tamamlamalıdır. Səhnə tərtibatının uyğunsuzluğu seyrçidə mənfi rəyin yaranmasına xidmət edərək, bəzən maraqlı bir layihənin, uğurlu aparıcının ekran həyatını qısaltmış olur. Səhnə tərtibatının mühüm əhəmiyyəti, aparıcı obrazının tamamlanması, verilişin mövzu ilə vəhdətdə çıxış etməsi N.Qolyadkinin ABŞ televiziyaları misalında gətirdiyi nümunələrlə bir daha təsdiq etmək olar. Orada televiziya ənənəsində səhnə tərtibatının uzun müddət dəyişməz qalması ilə verilişin, auditoriyanın sabitliyini qorumaq məqsədi güddüyünü göstərir.

Si-Bi-Es telekanalında 1981-ci ildə Kronkaytı De Rezin əvəz etməsi hadisəsi zamanı ənənənin qorunduğunu təsdiq etmək üçün səhnə tərtibatında yalnız rəng həllində kiçik dəyişikliyin aparılması nümunəsi ilə müəllif bu amilin mühüm yerini əks etdirir. Lakin aparıcı şəxsiyyəti, səhnə tərtibatı heç bir halda televiziya proqramının ümumi məzmununu üstələməməli, onun, ideyanın çatdırılmasına xidmət edən alət olmalıdr.
Aparıcının barışdırıcı və ya üçüncü tərəf rolunu oynaması düzgün yanaşma deyil və bu yekunda iflasa gətirib çıxarır. Aparıcı (haqlı olaraq ona moderator deyirlər) idarə etməli, yönəltməli və gerçəyin üzə çıxması üçün birbaşa və ya çarpaz yanaşma tərzindən istifadə etməlidir. O, dinamikanı qorumalı, emosinal qalxınmanı təmin etməli və dramaturji xəttə sadiq olmalıdır. Ziqzaqvari inkişaf xəttinin tok-şoular üçün xarakterik olmasını nəzərə alsaq, burada aparıcının davranışı, dinamikasının əhəmiyyətinin necə böyük olduğunu anlayarıq. Ziqzaqı- qalxınma, enmə və yenidən qalxınma, toqquşma, yenidən enmə, qalxınma, final-nəticə modelini (bir neçə başqa modelləri də misal gətirmək olar) məhz aparıcının ustalığı, məharəti və idarəçilik qabiliyyəti təmin edə bilər.

Rusiyada “İtoqo” (NTV), “Odnako” (Birinci) kimi əyləncəli publisistik teleşərhlərdə ictimai rəyə birbaşa təsir, onu müəyyən səmtə yönəltmək cəhdləri açıq duyulur. Azərbaycanda Orxan Fikrətoğlunun aparcılığı ilə “Zorxana” (ANS) siyasi prosesləri sadələşdirilmiş şəkildə təqdimatına yönəlib. Orxan Fikrətoğlunun sadə nitqi, gediş kimi istifadə etdiyi Xeybər obrazı tamaşaçıya doğma olduğundan hər hansı baş vermiş ciddi siyasi hadisəyə məhz onun şərhini dinləmək marağını oyadır. Leksik-sintaksis quruluşda eyni köklü sözlərin təkrarı, mozaik nitq, kalambur oyun təəssüratı yaradaraq tamaşaçını özünə cəlb edir, onu azarkeşə, müəllifin iti zəkasının izləyicisinə çevirir.
O.Fikrətoğlunun çıxışı məhz bu maraq hesabına geniş şəkildə izlənilir.

Aparıcı amilinin verilişin ruhunun təyinində əsaslı rol oynayan başlıca cəhət olduğunu qeyd etmək lazımdır. Məhz aparıcının obraz həllinin uğuru, təqdimatda və bütün mətnlərdə obraz xüsusiyyətlərini qoruyub saxlayaraq verilişin ab-havasına milli koloritin əlavə olunması, “Çal-çağır”ı zənginləşdirir və anoloji proqramlardan fərqləndirir.
Proqramın aparıcısı Dilarə Əliyevanın el-oba dilindən bəhrələnərək duzlu, məzəli və ironik danışıq tərzi, süjetləri, məhz bu üslubda - pıçhapıç edən qadın obrazının diliylə təqdim etməsi, ardınca qonaqla, məhz bu tərzdə söhbətləşməsi üslub-dil kompozisiyasının üzvi vəhdətini yaradaraq, proqramın janr xüsusiyyətlərinin qorunmasına imkan verir. Bu vəhdəti ustalıqla quran aparıcı, əslində şou-biznes aləminin real mənzərəsini və qalmaqalları ironik tərzdə, qismən də sarkazmla ifadə etməklə canlılıq, dinamika və gülüş yaradır. Proqram hadisələrin ciddi və olduğu kimi təqdimatı ilə bərabər, əyləncəlilik prinsipini qoruyub saxlayaraq faktların təqdimatında bu cəhəti məharətlə istifadə edir. Ekran qarşısında tamaşaçı həm istirahət edir, həm də maraqlandığı informasiyanı alır.

Bitkin kompozisiyalı verilişdə postmodernist təqdimetmədən irəli gələrək mozaik dramaturji elementə meyl və aparıcının yanında deyingən, xəbər gətirən qadın obrazı, onun dramaturji həllinə yardım edir, canlılıq yaratmaqla bərabər, verilişin tempo-ritmini çevikləşdirir.

Ardınca gələn süjetlərdə müxbirlərin el dilində baş verənlərə aydınlıq gətirmələri, araşdırmalar, həmçinin vizual həldə dinamika, köməkçi vasitələrlə gücləndirmə elementləri, kliplər, titrlər, aksentlər, təkrar kadrlar xəbərin zənginliyinə və təqdim etmə kaloritinə təsir edir. Süjeti çevik və cəzbedici edən bu amillər, digər kanallarda olan verilişlərdən fərqlənməsinə gətirib çıxaran başlıca amildir.

Studiyaya qonaq gəlmiş şou-biznes ulduzu ilə yorucu və tempsiz söhbətlər aparan digər verilişlərdən fərqli olaraq “Çal-çağır” ziddiyyətli məqamları, toqquşmaları qabardır və gəzən şayiələrə aydınlıq gətirir. Bu söhbətin də asan və qulağa yatımlı bir tərzdə təqdimatı maraq kəsb edir. Verilişin başlanğıcında qonaqla bağlı süjetin özündə olan dinamika, qalmaqal tamaşaçını maraqla oturub verilişə baxmağa sövq edir.

Televiziya aparıcılarının yaradıcı fəaliyyətlərinin nəzəri əsaslarını təhlil edərək onu konkret nümunələr üzərində əsaslandırmağa çalışdıq. Dəyişkən təbiəti, obraz çeşidliyi biçim müxtəlifliyi yaratsa da ümumi prinsiplər, yaradıcı meyarlar və biçimlənmiş ünsiyyət prosesində iştirak edən mənəvi əhval qaydaları və fiziki davranışlar sistemi sabitdir. Yaradıcı fəaliyyətin mahiyyətində duran ünsiyyət qurmaq, qorumaq və verilişin ideyasının çatdırılmasını təmin etmək, hadisəni inkişaf etdirərək, məntiqi nəticənin əldə olunmasına yönəltmək onun başlıca sənətkarlıq tərəflərini müəyyən etdiyindən təhlil prosesi bu meyarlarla aparıldı. Yaradıcı fəaliyyətin təhlili və onun metodologiyasında praktik nümunələrlə müqayisəli kontent analizi vermək yolu ilə çözümün aparılması elmidir və yanaşma ətraflı mənzərənin yaranmasına xidmət edir. Aparıcının janr tələblərindən irəli gələn obrazı, davranış müxtəlifliyi nəzərə alınmaqla təhlil yuxarıda qeyd olunan prinsiplər əsasında fərdi cəhətlərin, üslub xüsusiyyətlərinin üzə çıxarılması yolu ilə aparılmalıdır. Elmi işdə televiziya aparıcılarının yaradıcı fəaliyyətlərinin nəzəri əsaslarını müəyyən edərək onun əsas prinsiplərini, təhlil metodologyiasını təklif etdik. Mövzunu genişləndirməklə konkret janra uyğun aparıcı obrazlarının yaradıcı fəaliyyətinin nəzəri əsaslarının da yaradılması televiziyaşünaslığın qarşısında duran vəzifədir və bu mövzu sənətşünaslıq elminin maraq dairəsinə daxildir.


Ədəbiyyat siyahısı:

1.    Andreeva M. Matveeva L. Şkoporov N. Psixoloqiçeskiy analiz  professionalğno-
vajnıx kaçestv tvorçeskix rabotnikov televideniə. Moskva 1991.
2.    Boreükiy R. Ostorojno: televidenie. Moskva 2002
3.    Boqomolov Ö. Xronika pikiruöheqo televideniə. Moskva2004
4.    Qaymakova B., Makarova S. Novikova V., Ossovskaə M. Masterstvo Gfirnoqo
vıstupleniə. Moskva, 2004
5.    Qerasimova O. Masterstvo  şoumena. Moskva, 2006
6.    Qerasimova O. İmprovizaüiə  şoumena. Moskva, 2006
7.    Qolədkin N. Analiz auditorii. Moskva 2000.
8.    Doüenko E.L. Psixoloqiə manipuliaüii. Fenomenı, mexanizmı, zahita. Moskva,1996 q.

9.    Zazıkin V., Qosteev A. Psixoloqiçeskie problemı gffektivnosti vozdeystviə
televideniə i radiovehaniə. Moskva 1989.
10.    Zazurskiy Ə. Teleradiogfir: İstoriə i sovremennostğ. Moskva 2005.
11.    Kara-Murza S. Manipuləüiə soznaniem. Moskva, 2000q
12.    Matveeva L., Anikeeva T., Moçalova Ö. Psixoloqiə televizionnoy  kommunikaüii.
Moskva 2006.
13.    Muratov S. TV-gvolöüiə neterpimosti. Moskva 2001
14.    Muratov S. Televidenie v poiskax televideniə. Moskva 2001,
15.    Novikova A. Televidenie i teatr: pereseçenie zakonomernostey. Moskva, 2004
16.    Saruxanov V. Azbuka televideniə. Moskva 2002.
17.    Tertiçnıy A. Analitiçeskaə jurnalistika: poznavatelğno- psixoloqiçeskiy
podxod. Moskva 1998.