Cüzeppe Unqaretti. Xarabalar ölkəsidi mənim ürəyim (Şeirlər)

Cüzeppe Unqaretti. Xarabalar ölkəsidi mənim ürəyim (Şeirlər)

İtalyan şair Cüzeppe Unqaretti (1888-1970) Misirdə doğulub böyüyüb (atası Süveyş kanalının tikintisində işləyirdi). 1912-14-cü illərdə Parisdə yaşayıb, Apollinerlə, M. Jakobla, Pikasso ilə dostluq edib. Birinci dünya müharibəsi vaxtı italyan ordusuna könüllü yazılıb. 1936-42-ci illərdə Braziliyada yaşayıb, San-Paulu universitetində italyan ədəbiyyatı kafedrasının müdiri olub. 1970-ci ildə İtaliyada ölüb.
Yaradıcılığa başlayanda futurizmə meyl etsə də, sonralar Salvatore Kvazimodo və Eudjenio Montale ilə birlikdə italyan qermetizminin əsasını qoyub. Sağlığında on dörd şeir kitabı çap olunub, esse və məqalələri bir neçə kitabda toplanıb. Şekspir, Eliot, Rilke, Rasin, Mallarme və başqa şairlərin əsərlərini italyan dilinə tərcümə edib. 


San-Martino del Karso

Bu tikililərdən
Heç nə qalmadı
Ürək ağrıdan
Xarabalıqdan başqa

Yanımda olan
Adamlardan isə
Heç xarabalıq da
Qalmadı

Ürəyimdə
Hamısı üçün qəbirüstü
Xaç ucaltmışam

Xarabalar ölkəsidi
Mənim ürəyim


Əsgərlər

Özünü
Payız ağaclarındakı
Yarpaqlar kimi
Hiss edirsən


Final

Sakitləşib, heç nə pıçıldamır artıq dəniz
Bu dəniz

Daha yuxusu da yoxdu, rəngi də dənizin
Bu dənizin

Artıq rəhm diləyir dəniz
Bu dəniz

Buludlar əks etmir dənizdə
Bu dənizdə

Kədərli duman bürüyür dənizi
Bu dənizi

Bax, dəniz də öldü
Bu dəniz



Bu başqa gecədi

Soyuq əllərimlə
Tapıram
Öz üzümü

Və görürəm
Sonsuzluqda azıb qalmış
Özümü

20 aprel 1917



Tənhalıq

Bütün qışqırıqlarım
İldırım kimi
Göyüzünün
Zınqırovlarına
Çırpılır

Və itir
Qorxu içində

Santa Mariya La Lonja
26 yanvar 1917


Yatmaq

Mən də yatmaq istəyərdim
Bu ölkənin
Qar köynəyinə bürünüb
Rahat-rahat
Yatdığı kimi

26 yanvar 1917


Əbədiyyət

Təsvirəgəlməz uçurum var
Qopardılmış çiçəklə
Hədiyyə verilmiş çiçək arasında


Viqiliya

Bütün gecəni
Öldürülmüş
Yoldaşımın yanında
Onun
Dolunaya baxan
Əyilmiş
çənəsinin yanında
onun
mənim susqunluğumu
qamarlayan əllərinin yanında
sevgi məktubları
yazdım

həyat eşqim
heç vaxt indiki qədər
güclü olmamışdı

23 dekabr 1915



Tərcümə: Həmid P.