Əlibala Əhmədov -

Əlibala Əhmədov - "Tetçerə" (şeir)

TETÇERƏ

Mənim adımı ən yaxşı çağıran nəfər var idi,
qısaldaraq çağıran,
ilk dəfə edən bunu
İndi maşınların şütümə səsinin içində
o çağırışı axtarıram
sanki nələrisə özündə
gizləyib aparırlar, onlar....
Mən özümə qayıtmaq üçün səni axtarırdım - külün kağız halını xatırlamaq mümkündür deyə

Amma kül heçvaxt yenidən kağıza çevrilməyəcək.
Artıq bunu hiss etmək belə çətin olur, onun üçün.
Çətin olur.
Burda bir şairin
bir müğənninin
bir rokçunun adını çəkə bilərdim
latınca əfsunlu bir cümlə işlədə bilərdim
içimin üzüntüsündən titrətmə yaratmaq üçün
amma ürəyimin kədərini, ruhumun üzüntüsünü ancaq özüm tanıyıram.

İnsan kədərindən hərflər yaradıb, heç kəsə köçürə bilməz.
Bu sadəcə xatırlatmadır, həmin adama nələrisə....

Mənim ürəyim çökür,
ruhumun rəngi uçur
ağ güllərin üstünü gəzərək, puçluqların uzağına.
Mən məhv olmuşam, diriliyimin qollarında.
ölmüşlüyümü yaşayıram.

Sən adımı ən yaxşı qısaldan qadın idin

Bunu ən yaxşı bacaran 

Ruhumu sevgiylə titrədən yeganə səs.

Sonra qısalan tək gerçək xoşbəxtliyin ömrü oldu....