Eşqin. Payız məni darıxdırır... (ŞEİR)

Eşqin. Payız məni darıxdırır... (ŞEİR)

Payız məni darıxdırır, İlahi!
Qəribliyim sanki yenə qalıbdır.
Sevinc addım-addım ötür yanımdan,
Arzularım çiskin-çənə qalıbdır.

Nə zalımmış bu ömrümü düzəldən,
Bir ömür ki, düz çıxmayıb yüz əldən...
Mənim bəxtim belə gəlib əzəldən,
Sabahlarım min dünənə qalıbdır.

Axı necə çıxım, gedim xoş yerə?
Bəsdi ruhum, bəsdir, məndən düş yerə.
Ümidləri xərcləmişəm boş yerə
O ümiddən bircə dənə qalıbdır.

Uzaqlaşdın məndən yenə yüz qarış,
Bu taleyim, vallah, mənə qışdı-qış...
Gah borandı, gah tufandı, gah yağış,
Son ümidim sönə-sönə qalıbdır.