Herman Hesse. Məktub

Herman Hesse. Məktub

Hörmətli cənab Golke,
Rəssam tuşu ilə yazdığınız dəyərli məktubunuza görə Sizə minnətdaram. Sizin etüdləriniz mənim xoşuma gəlirdi, onların hər biri mənə yaxın idi və məni sevindirirdi.

Dünya tarixi, hərb, hər şeyin mənalı və ya mənasız olması barədə Sizin düşüncələriniz mənim öz düşüncələrimə daha yaxındır. Bizim fikirlərimiz çox oxşardır. Lakin həyatdakı davranış üçün əsas olan bizim fikirlərimiz yox, bizim imanımızdır.

Mən heç bir dini ehkamlara inanmıram. İnsanları yaradıb və onlara daş baltalardan tutmuş nüvə silahınadək müxtəlif vasitələrlə bir-birilərini qıraraq, bununla fəxr etməyə imkan verən bir tanrıya inanmıram. Bu qanlı dünya tarixinin üstündə yüksəlmiş göydəki hökmdarın bizi çox gözəl, xoşniyyətli məqsədlə yaradan bir tanrıya mən inanmıram. Buna baxmayaraq, məndə hissiyata çevrilmiş bir inam var.

İnsanın xoşxasiyyətli, alicənab, sülhsevər və fədakar olması barədə bir nəticəyə gəlmək çətindir. Lakin mən qəti əminəm ki, belə imkan var və normal şəraitdə bu imkan boy verərək çiçəklənə bilər. Budda, Sokrat, İsa kimi dühalar, hindlilərin, çinlilərin, yəhudilərin müqəddəs kitabları və incəsənət aləmində insan ruhunun yüksək dərəcəsinə ucalan yaradıcılıq mənim bu əminliyimə əsas verir. Müqəddəslərin simaları, Monteverdi, Bax, Bethovenin musiqisindən bir parça, Rojye, Qvardi və Renuarın rəsmlərindən bir hissə kifayətdir ki, bütün müharibələr və işgəncələr əvəzinə mükafatlandırılaq, bizim daxilimizdə başqa - xoşbəxt bir aləm açılsın. Hətta ona görə ki, incəsənətlə ifadə, güc vasitələrindən fərqli olaraq, minilliklərdən gəlib çıxır, o daha dayanıqlı və etibarlıdır.

Biz zorakılığa inanmayanlar və ondan uzaq duranlar etiraf etməyə məcburuq ki, heç bir proses getmir və dünyanı həmişəki kimi karyeristlər, hakimiyyətsevənlər və zülmkarlar idarə edirlər, bunların hamısını bir dəqiq ifadəyə çevirsək, onu fəlakət adlandırmaq olar. Biz bəzən qəzəbli, bəzən ümidsiz halda dövlətçilik və zorakılıq sisteminin əhatəsində ömür sürürük (Siz bunu Stalinqradda hiss etdiniz). Biz qəlbimizin uçuşları üçün sülh, gözəllik, azadlıq həsrətini çəkərək, bəzən arzulayırıq ki, bu dəhşətli atom silahları onları istehsal edənlərdən daha tez partlasın. Lakin bu qəzəbimizə baxmayaraq, biz bu vəhşi arzularımızı daxilimizdə boğuruq. Biz hiss edirik ki, zorakılığa zorakılıqla cavab vermək qadağandır. Bizim qəzəbimiz və bu nalayiq istəklərimiz bizə göstərir ki, insan aləmində şər və xeyir qarışıqdır. Şər ancaq karyeristlər və zülmkarların daxilində deyil, bizim - özünü özünü sülhsevər və xeyirxah sayan insanların daxilində də yerini alır. Sübhə yoxdur ki, bizim qəzəbimiz “haqlıdır”. O haqlıdır. Lakin o hərdən məcbur edir ki, biz dövlətçiliyə nifrət edənlər bu intizamsızlığa son qoyub, onu nizama salmaq üçün bəzən özümüz dövlətçiliyi arzu edək. Bu həyəcanımızdan utanaraq, biz ondan həmişəlik qurtula bilmirik. Dünyadakı hərb və şərdə bizim də payımız var. Və bu halları hər dəfə dərk edərkən bizə aydın olur ki, dünyanı şeytanlar idarə edir. Aydın olur ki, onlar belə bədnam hallara qəzəbdən yox, hansısa kor-koranəlik və ya təsadüf nəticəsində yol verirlər.

Bu ziddiyyətlər məntiqi yolla həll olunmur. Şər dünyada, bizim daxilimizdə mövcuddur, o, həyatımızla sıx bağlıdır. Lakin buna baxmayaraq, biz bəşəriyyətin şən və gözəl anlarını duyurduq. Onlar bizi təsəlliverici şəkildə sakitləşdirib, bizə ümid bəsləyərək, bizi xoşbəxt olmağa çağırır və biz sülhsevərlər bunu yaxşı anlayaraq, əmin edirik ki, başqalarının daxilində də belə hal mövcuddur. Biri-birimizə uyğunlaşdırıb, məhəbbət içində yaşamaq üçün bir ehtimal var.

Tərcümə:
Fərhad Sadiq