Cavid Qədir - Hüqo  saatlarındakı zaman

Cavid Qədir - Hüqo saatlarındakı zaman

Bir gün bir filmə baxdım, bütün həyatım dəyişdi...

Yox, başıma belə şey gəlməyib. Həm dediyim ifadə əslində "bir gün bir kitab oxudum, bütün həyatım dəyişdi” formasında Orhan Pamukun "Yeni həyat” romanının ilk cümləsidi. İndiyədək həyatımı dəyişəcək qədər təsir buraxan nə kitab oxumuşam, nə filmə baxmışam. Bu pafosu, gəlişigözəl cümlələri, riyanı, ağıllı, duyarlı görünmək cəhdlərini, hamısını, hamısını, hamısını heç olmasa bu yazını oxuyanadək bir kənara qoyun -  özünüz olun. 

Bilirəm, vallah, and olsun bütün dinlərə, and olsun bütün müqəddəslərə, and olsun ilk dəfə and deyə bir nəsnəni düşünüb tapmış adamın yatdığı torpağa, bilirəm ki, sizdə də olmayıb belə şey. Ahmet Altan "Özünü doğmaq” essesində yazır: "Gizlədiyin hər şeyi bildiyinə inandığın biriylə qarşılaşanda ondan qurtulmaq üçün onun yox olmasını, ölməsini belə, istəyə bilərsən. Cinayət belə, keçə bilər bir anlıq ağlından. Və qorxunc həqiqət budur. Gizlədiyin hər şeyi bilən biri var. O sənsən”... 

Ona görə də etiraz etməyin...

Yaxşı, bir az dəyişək taktikanı. Heç olmasa, ürəyinizdən xəbər verən, beyninizdəki qırışların kələfini Qordo düyününə çevirən, ahənrüba kimi sizi özünə çəkən filmlər, yaxud kitablar olub. Bir filmdən də mən danışım. Yox, bu o siz dediyiniz filmlərdən deyil. Adi, sıradan bir filmdi, vəssalam. Keçən əsrin iyirminci illərindəki Parisdən, hə, hə, az qala hamımızın görməyi xəyal etdiyi sevgilərin şəhərindən...

Amma film sevgidən danışmır...

Martin Skorsezenin rejissor kürsüsündə oturduğu "Hüqo” filmi psixoloji dramdır, azacıq fantastikaya da yer ayıran rejissor çalışıb ki, fantastika tamamilə kölgədə qalsın. Və buna, məncə, nail ola bilib. İMDB balı 7,6 olan film daha çox insan şəxsiyyətinə, onun həyatda tutduğu mövqeyə, inandıqlarına, qarşısına qoyduğu məqsədə nail olma cəhdlərinə ümumi baxışdı.

Aktyor kimi hədsiz bəyəndiyim, filmlərini maraqla izlədiyim Ben Kinqsli, tamaşaçılara daha çox "Üzüklərin hökmdarı” filmindən tanış olan, elə bu günlərdə 91 yaşında dünyasını dəyişən Kristofer Li də aktyor heyətində yer alıb. Hər iki aktyorun usta oyunu filmə bir ayrı rəng qatıb.

Bütün bunlardan əlavə, filmdə dünya kino tarixinə ötəri  ekskursiya da var. Tamaşaçı bu hissədə maraqlı məlumatlar əldə edir...

Birinci Dünya müharibəsindən qısaca söz açan ekran əsəri müharibənin, güc tətbiqinin, zorakılığın dünyaya, insanlığa, mədəniyyətə necə öldürücü zərbə vurduğunu təsirli kadrlarla göstərir. 

Qəhrəmanlardan biri, kinorejissor Corc Melies müharibənin gətirdiyi ağrı-acı, xaos, qırğın ucbatından sənətindən əl çəkir, çəkdiyi filmlərin lentlərini yandırır, kinostudiyanı da başlı-başına buraxıb müharibəyə gedir. O qədər böyük xəyal qırıqlığına uğrayır ki, adamlardan qaçmağa başlayır. İnsanlar onu "öldü” bilir, unudulur; amma hamı tərəfindən deyil...

lll

Hüqo adlı 11 yaşlı yetim uşaəq Parisdəki vağzalların birində saatları qurmaqla məşğuldu. O, eyni zamanda, vağzal nəzarətçisi olan polisdən də gizlənməlidir. Çünki ələ keçsə, onu yetimxanaya göndərəcəklərini çox gözəl bilir. Hüqo, çətin olsa da, heç kəsin gözünə görünmədən saatları qurur, divarların arasındakı keçidlərlə hərəkət edərək istədiyi yerə gedir. Filmin bu hissəsi "Səfillər”dəki Jan Valjanın kanalizasiya sistemi ilə qaçışını xatırladır. Bu fikrə gəlməyimin bir başqa səbəbi də qəhrəmanın adının Hüqo olması, hadisələrin isə Parisdə cərəyan etməsidir. Hər iki personaj yanlışlıqlara yol versə də xeyrə xidmət edir, öz məramlarından vaz keçmirlər...

Balaca qəhrəmanımızın həyatı təkcə bundan ibarət deyil. O, vağzal binasında dükanı olan oyuncaq təmirçisindən bəzi oyuncaq detalları da oğurlayır. Fərq burasındadır ki, bununla o, saatsaz olan atasının yarımçıq qalan işini bitirməyə çalışır. Atası ölməzdən əvvəl avtomoton adlı bir cihazı təmirə çalışır, bu cihazlar adama bənzəyir və hərəsi də bir işi bacarır. Bəs qəhrəmanımızın avtomotonu nə bacarır? Bunu öyrənməyin bircə yolu var: onu təmir etmək. Detalları isə ona görə oğurlayır ki, üzə çıxsa onu kimsəsiz olduğundan yetimxanaya göndərəcəklər. Atasının işi yarım qalacaq.  Bu üzdən gündəlik yeməyini də, lazımlı ehtiyat hissələri də oğurlamağa məcburdu. Amma işlər həmişə istədiyimiz kimi getmir axı. Növbəti oğurluq zamanı oyuncaqçı (çox sevdiyim aktyorlardan olan Ben Kinqsli) Hüqonu yaxalayır. Atasının qeydləri olan dəftərçəni ondan alır. Hüqo qaçmağı bacarsa da, dəftərçədəki qeydlər olmadan təmiri bitirə bilməz. Ona görə yenidən oyuncaqçının yanına qayıdır. O isə dəftərçəni yandırdığını bildirir. Ümidini itirmiş Hüqo oyuncaqçının xaç qızı İzabeldən kömək istəyir. Bəlli olur ki, Corc - oyuncaqçı heç də həmişə oyuncaqçı olmayıb. Və dəftərçənin həm də birbaşa onunla əlaqəsi var. Bəs sonra necə olacaq? Hüqo bu düyünü çözə, cihazı təmir edə biləcəkmi?..

Paralel olaraq Hüqonu öz əvəzində vağzalda işlədən və aylardır it-bat olmuş əyyaş əmisinin meyiti Senadan tapılır. Qəhrəmanımızın yolundakı çətinliklər ikiqatına çıxır. Çünki həm bu düyünü çözməli, dəftərçəni yenidən geri almalı, həm də saatçı olmadan saatların necə işlədiyini öyrənmək istəyən vağzal nəzarətçisindən gizlənməlidir. Filmin kuliminasiya nöqtəsi Hüqonun İzabelə dediyi sözlərdir:

- Bütün dünyanı böyük bir cihaz olaraq xəyal edərdim. Dəzgahların içərisində heç vaxt ehtiyat hissələri olmur. İşləmələri üçün nə lazımdısa,  var. Dünya nəhəng bir cihazdısa, mən onun ehtiyat hissəsi ola bilmərəm. Burda olmağımın mütləq bir səbəbi olmalı...

Cihazın təmiri, qaranlıq məsələlərə işıq tutulması və digər məsələlər təfərrüatdı. Xırdalıqlardan yan keçərək daha bir məsələyə diqqət çəkmək istəyirəm. Filmin sonlarına yaxın Ben Kinqsli - Corc deyir: "Həyatım heç təxmin edə bilməyəcəyim qədər ağır dərs verdi, Hüqo. Xoşbəxt sonluq yalnız filmlərdə olurmuş”.

Haşiyə çıxım, adını unutduğum bir Azərbaycan filmində belə bir kadr var. Gözəl bir qız tramplindən dənizə tullanır, onu seyr edən gənc, qızın gözəlliyini nəzərdə tutaraq, deyir:

- Elə bil kinodur.

Kənarda dayanmış nisbətən yaşlı kişi də replika atır:

-  Rəhmətliyin oğlu, elə kinodu da.

Burda dilemma yaranır: Rejissor (artıq Martin Skorseze) nə demək istəyir? Axı bu sözlər özü də filmdə deyilir. Həqiqətənmi həyatda xoşbəxt son aramaq ağılsızlıqdır? Yoxsa xoşbəxt sona çatana qədər dirənmək, mübarizə aparmaq lazımdır? Bu dilemmanı həqiqətənmi rejissor qurub, ya sadəcə mənim təxəyyül məhsulumdur? Cavablar maraqlıdırsa, bu adi, sıradan filmi izləyin.

Filmin verdiyi mesajlardan biri də vəhşilik, savaş, qan tökmək, başqalarının haqqını tapdamaq kimi əməllərin dünyanı iyrənc, yaşanmaz bir məkana, xaos burulğanına çevirdiyinə, sülh və qarşılıqlı anlaşma olmadan, incəsənət və gözəlliyə dəyər vermədən məhvinin labüdlüyünə cəmiyyəti, insanlığı inandırmaqdı. 

Əks halda bizim də filmdəki avtomotondan fərqimiz olmaz. Hisslərimizə önəm verməsək bu cihaz kimi ancaq bəlli çevrədə, əvvəlcədən planlanmış şəkildə yaşayar, vaxtı gələndə ölüb gedərik.

P.S. Hisslərinizə dəyər verin, inanmaqdan vaz keçməyin. Heç vaxt unutmayın ki, heç nə düzəlməyəcək, amma hər şey yaxşı olacaq. Lap elə Hüqo kimi...



 Cavid Qədir