Orxan Saffari. Qonşu qızı Aniya (Hekayə)

Orxan Saffari. Qonşu qızı Aniya (Hekayə)

Aniya var idi. Qonşu qızı Aniya. Mələksima bir qız. Qüsurluydu həm də. Qüsuru da gözəl idi. Üzünün gözəlliyi unutdurdu hər şeyi. Bənizi buludun ağ misalı.

Ah, Aniya, Aniya...

Evlərimiz yan-yana idi onda. Çəpər, hasar yox idi. Qapılarımızın taybatay açıq vaxtı. Gecələr hamının məhəllədə yığışdığı, kişilərin söhbət etdiyi, nərd oynadığını, qadınların qeybət etdiyi, uşaqların da ora-bura qaçışdığı zamanlar. Sanki uşaqlıq bizimlə bərabər böyüdü o gündən sonra... 

Aniya məndən böyük idi. İndi yaşı otuzu keçər. Onun kimi qüsurlu adamlar adətən daha təmiz, daha gözəl ürəkli olurlar. Bilmirəm onda da bu qüsurlu olduğuna görə idi, ya özü elə idi. Amma hər nədirsə, çox gözəl idi.

Sevərdi hamını. Çölə-bayıra da çıxmazdı heç. Balaca pəncərəsindən sevərdi həm də. Elə hey otağının pəncərəsindən baxırdı adamlara. Ora onun öz dünyası idi. Sirli, sevgi dolu  dünyası.. 

Hər gün bir sevgi dolurdu otağına. Onunla birgə yaşayırdı orda. 

Mən lap uşaqlığımdan danışıram. Sünnət olunanda onun qırmızı qara ətəyini geyinmişdim. Bax, həmin o vaxtdan...

Hər gün bir nəfəri sevirdi. Məktəbdən gəlirdim, görürdüm ki, pəncərənin qabağında dayanıb adamlara baxır. Çağırırdı məni görcək.  Sonra da kimisə sevdiyini deyirdi utana-utana. Mənə də tapşırırdı ki, həmin adama deyim.. 

Anidən həmin adam da çıxdımı məhləyə, gülə-gülə pəncərənin qabağından qaçıb gizlincə onu sezirdi. Onun pəncərəsindən sevgi çox gözəl idi. İndi düşünürəm, kaş elə onun pəncərəsindəncə sevərdim mən də hamını. O pəncərədə yaşanan bütün sevgilər gözəl idi, təmiz idi. Heç bir məqsəd, çirkliliyə söz ola bilməz. 

Anyanın pəncərəsi..

Günün birində də məni sevdi. Mən böyümüşdüm onda bir az. Bığım çıxmışdı, boyum-buxunum yerində. Mənə də başqası dedi ki, səni sevir. O gündən məni görcək pəncərədən qaçmağa başladı. Onun hansı hisslər keçirdiyi təsəvvür edirdim. İndi həmin hissləri düşünmək məni xoşbəxt edir. Hamıdan qaçdığı kimi qaçırdı məndən.  Sevgidənmi qaçırdı?!
Halbuki mən onun sevgisinə gülümsəyirdim onda. Onun sevgi pəncərəsi mənim də üzümə açılmışdı...

"Nə xoşbəxt imişəm bir zaman, Allah"

Dostumu itirmiş kimi oldum onda. Gözləyirdim ki, başqa birini sevsin, sərçə balası kimi təzədən qonum o pəncərəyə. O, özü də sərçə kimi qız idi.  

Sevmədi...

Sonra elə oldu ki, məhləmiz çəpərləndi, hasarlar çəkildi. Qapılar günün günorta vaxtı bağlı oldu. İnam, etibar, sevgi nə var idisə getdi hamısı.  Qadınlar evə yığışdı, kişilər çölə çıxmadı. Uşaqlar da tez böyüdü nəsə...

Bircə onun ətəyi çıxmadı ağlımdan. Bir də o sevgi pəncərəsi. Sonra o sevgiyə də hasar hörüldü. Qəfil oyanıb gördüm ki, pəncərə yoxdu. Elə Aniyagildə. Köçdülər. 

Sərçələr getmirdi, axı..

O gündən sonra harda qırmızı-qara ətək görsəm, onu xatırlayıram. 

Fonda: Ahmet Kaya, Penceresiz kaldım, anne...