Sabit Rəhman Çexov haqqında

Sabit Rəhman Çexov haqqında

Azərbaycanın görkəmli yazıçısı Sabit Rəhmanın Çexov haqqındakı məqaləsini təqdim edirik. 

Anton Pavloviç Çexov rus ədəbiyyatının ən böyük və görkəmli simalarından biridir. Yaradıcılığının çiçəklənən dövründə, cəmisi qırd dörd yaşında vəfat etmiş bu yazıçı qısa yaradıcılıq dövründə bədii ədəbiyyatın inciləri hesab olunan əsərlər yarada bilmişdir. 

İlk dəfə bu yazıçının haqqında bizə ibtidai məktəbdə rus dili müəllimimiz danışıb. Düzdür, ondan qabaq adını eşitmişdim, ancaq kim olduğunu bilmirdim. 

Uşaq idim, hələ heç məktəbə getmirdim. Böyük qardaşımın kitablarındakı şəkillərə baxmağı çox sevirdim. Mənim bu məşğələm qardaşımı heç açmırdı və kitablarını qarışdırdığım üçün məni həmişə danlayırdı. Ancaq bu mənə heç təsir etmirdi, çünki oxumaq bilməsəm də, bu kitablar dünyası mənə çox maraqlı görünürdü. Odur ki, bir gün qardaşım məktəbdə olduğu zaman yenə öz sevimli işimlə məşğul olmağa başladım və kitablardan birini vərəqləyəndə nə təhər oldusa, çeşməkli və saqqallı bir kişinin şəklinə baxanda qardaşım gəlib çıxdı, şəkli əlimdən aldı və boynumun ardına bir şillə vurdu. 
Anam o biri otaqdan:
-Ay balam, o uşağı niyə vurursan? – sualına qardaşım acıqlı-acıqlı cavab verdi:
-Çexovun şəklini cırıb.
Qardaşım məni çox istərdi və heç bir zaman döyməzdi. Ona görə də o zaman mən təəccüb eləmişdim ki,  bu Çexov nə qiymətli adamdır ki, onun üstündə əziz qardaş mənə əl qaldırdı?

Məktəbdə ilk dəfə müəllim bizə Çexovun "Yatmaq istəyirəm" hekayəsinin məzmununu danışanda təsirdən gözlərim doldu və bu yazıçının üstündə qardaşımdan yediyim şillənin mənasını başa düşdüm. 

Uşaqlıqda məhəlləmizdə hökm sürən yoxsulluq, aclıq, səfalət mənzərələrini çox diqqətlə müşahidə etdiyimdən mənə bu hekayədəki həyat son dərəcə tanış gəldi. Dövlətli bir qohumumuz vardı, onun uşaqları həmişə öz qulluqçularına gülərdilər ki, gecə yatanda balışa başını qoymamışdan gözünü yuxu tutur. Onlar bu istehzanı edəndə heç düşünmürdülər ki, o yazıq arvad səhər saat beşdən gecə on ikiyə-birə qədər böyük evdə, şıltaq bir ailənin hər işini görür, yabı kimi hər zaman ora-bura qaçır. Onun ayaq üstə, iş görən yerdə yuxuladığı təəccüblüdürmü? Çexovun " Yatmaq istəyirəm "hekayəsini ilk dəfə eşidəndə mən bunları düşündüm və bu yazıçı mənə elə yaxın, elə mehriban göründü ki... 

O zamanlar rusca bilmədiyimdən Çexovu oxumağa imkan tapa bilmirdim. Onun əsərlərinin tərcüməsi isə hələ Azərbaycan dilində yox idi. 

Bu hadisədən bir neçə il sonra Moskva Dövlət Bədaye Teatrı Bakıya qastrola gəldi. Bu teatrrın repertuarında Çexovun "Albalı bağı" əsəri də vardı. 

Mən bu əsərə baxanda elə bildim tamamilə yeni bir aləm kəşf elədim. Düzdür, incə yerlərini, duzlu, şirin yumorundakı dərin mənanı yaxşı başa düşə bilmirdim, ancaq Moskvin, Knipper-Çexova kimi artistilərin oyunu hələ indi də gözümün qarşısındadır. Xüsusən bizi Knipper maraqlandırırdı, çünki onun yazıçının həyat yoldaşı olduğu haqqında tələbələr arasında xəbər yayılmışdı. 

"Albalı bağı" əsəri bizə çox təsir eləmişdi. Mənə elə gəlirdi ki, Çexov göz yaşı doğuran əsərlər müəllifidir; mahir bir cərrah kimi həyatın aldadıcı qabığını kəsir və içəridə nə böyük yaralar, nə çox irin olduğunu oxucuya, tamaşaçıya göstərir. 

Bu nöqteyi-nəzərindən Çexov mənim üçün çox maraqlı idi, çünki mən hələ heç yazmağa başlamamışdımsa da, ədəbiyyatı həyatım qədər sevirdim. Ancaq ümumiyyətlə biz, bir qrup gənc həyatdakı bütün hadisələrə gülüşlə, qəhqəhə ilə yanaşmağa meyl göstərirdik, ona görə də yumorist-satirik yazıçıları bütün yazıçılardan üstün tuturduq. Mən rusca bir kəlmə bilmədiyim vaxtlar Qoqolun "Müfəttiş"in neçə aylar ərzində lüğətlə oxuyub başa çıxmamışdım. Cəlil Məmmədquluzadəyə olan məhəbbətimiz bizi aparıb onun sevimli müəllimi Qoqola çıxartmışdı. Qoqol isə yumor-satira sahəsində böyük bir aləm idi, onunla maraqlanmamaq mümkün deyildi. 

Bəs Çexov?.. Bizim hələ onun yumorundan xəbərimiz yox idi. Mən ondan olunan bütün tərcümələri oxuyurdum. Ancaq tərcümədə yumor qalmır, hamısı itib-batırdı. Hələ indinin özündə də Çexovun əsərləri nəşriyyatlarımız tərəfindən adi tərcüməçilərə tapşırırlar, onlar da böyük yazıçının xırda miniaturlarını böyük həvəs və sürətlə korlayıb Azərbaycan oxucusuna dovşanın suyunun suyunu təqdim eləyirlər. Məncə Qoqol, Çexov kimi yazıçıların əsərləri yaradıcı tərcüməçilər tərəfindən edilməlidir. Qərəz... Bu ayrı bir mövzudur və ətraflı yazılmalı, təhlil edilməlidir. 

Çexovu biz yumorist kimi sonralar tanıdıq. Bu bizimçün elə bir dünya idi ki, ucu-bucağı yox idi. Yaradıcılığının ilk illərində Çexov yalnız gülməklə məşğuldur.Hələ böyük, iri planlı əsərlərini yazmamışdan qabaq o, bütün Rusiyada şöhrət qazanır, adı dillərdən dillərə düşür. Çexovun yumorunda elə qəribə xüsusiyyət var ki, onu oxuyan həyatı, insanları daha dərindən sevməyə başlayır. Bu yumor ürəyin gəncləşməsi, əsəblərin sakit olması üçün sanki bir dərmandır. Elə bil həkim Anton Pavloviç öz xəstələrinə ədəbiyyat vasitəsilə dərman verir. O zamanın yumoristik jurnallarında " Antoşa Çexonte " imzası ilə nəşr etdiyi bütün hekayələt, felyetonlar öz təbiri ilə desək, " xırda-xuruşlar " optimistik həyata müsbət əlaqə bəsləməyə çağıran bir gülüşlə yazılmışdır. 

Bu gülüşün bir xüsuiyyəti də var. Oxuyanda hiss eləyirsən ki, onu yaradanın çox böyük, geniş və sızıldayan qəlbi var. Qoqol kimi, Çexovun da yumoru göz yaşları ilə yoğrulmuşdur. Ancaq Qoqol, Şedrin satirasından fərqli olaraq Çexovun yaratdığı satira yumşaq, daha təsirli və həyatidir. Qoqol elə qəhqəhələr çəkir ki, qulaqlar cingildəyir, Çexov isə həm güldürür, həm də düşündürür, oxucunu özüylə bərabər fəlsəfi mühakimələrə sövq edir. 

Bu cəhətdən mən Çexovla Mirzə Ələkbər Sabirin arasında qəribə bir bənzəyiş hiss edirəm. Məsələn, Sabir "Nə dərs oleydi, nə məktəb"lə yanaşı "Ey dərbədər gəzib, ürəyi qan olan çocuq" kimi şeir də yazmışdır. Birində böyük satira varsa, o birində doğrudan da qan olan ürək hiss olunur. Bu şeirlər həm güldürür, həm də düşündürür. "Yatmaq istəyirəm" hekayəsinin məzmununu eşidəndə mənim bu şeir yadıma düşdü.  Ümumiyyətlə bir çox cəhətlər var ki, Sabirlə Çexovu bir-birinə bənzədir. Satirik miniaturlər yaratmaq, az sözlə böyük fikir ifadə etmək, gülə-gülə ağlatmaq nöteyi-nəzərindən hər ikisi böyük ustaddır. Bu cür yaradıcılıq cəhətdən aralarında müəyyən yaxınlıq olduğu kimi, həyat cəhətdən də qəribə bənzəyiş var. 

Çexov uşaqlığını və gəncliyini atasının baqqal dükanında məhv etmişdir. Odur ki, Anton Pavloviç hər zaman: "Uşaqlıqda mənim uşaqlığım olmamışdır", deyə yazmışdır. Sabir isə sabun dükanından yaxasını qurtara bilməmişdir. Hər ikisi yaradıcılıqlarının ən çiçəklənən dövründə ağır xəstəliyin əzabı ilə dünyadan getmişdir. 

Düzdür, ilk baxışda bu bənzətmə bəzilərinə qəribə görünə bilər, çünki Çexov dramaturq-nasir, Sabir isə şairdir. Ancaq ədəbi janrlarına baxmayaraq, bu yazıçıları çox incə tellər bir-birinə bağlayır. 

Çexov ölməz obrazlar silsiləsi yaratmışdır. Çexovun tipləri həyatdan o əsərlərə gedib, indi də təkrar olunur, aramızda ayrı adlarla yaşayır. Bu tiplər təkcə rus həyatı üçün deyil, bütün xalqların həyatı üçün xarakterikdi. Çexov bütün dünyanın qabaqcıl adamlarının sevimli yazıçısıdır. 

Mən bir neçə misal gətirmək istəyirəm. 
Bizim rayonda Ələkbər adlı bir adam vardı. Hamı ona nədənsə Çəmən Ələkbər deyirdi. Çəmən Ələkbər uzun zaman qorodovoy vəzifəsində çalışmışdı. O qədər onun-bunun dalınca düşmüş, casusluq eləmişdi ki, camaat arasında deyərdilər ki, evdə xörək qazanının qapağını açırıq, içindən Çəmən Ələkbər çıxır. 

Bu Çəmən Ələkbər əhalini lap zara gətirmişdi, heç bilmirdilər neyləsinlər ki, yaxalarını onun əlindən qurtarsınlar. Yalnız inqilab, çarizmin əleyhinə gedən mübarizə xalqın dadına çatdı. Bircə günün içində xalqı tir-tir əsdirən qorodovoyun ulduzu batdı. 1917-ci ildə çar Nikolay Romanovla bərabər Çəmən Ələkbər də taxtdan düşdü.  Ancaq elə bilirsiniz xasiyyəti dəyişdi? Qətiyyən yox. Düzdür, paqonlarını, tapançasını, kakardlı şapkasını çıxartdı, xarici görkəmini dəyişdi, ancaq xasiyyəti etibarilə qorodovoy ruhu Çəmən Ələkbərdə qaldı ki, qaldı. Bu səfər o, camaatı qeyri-rəsmi sürətdə zara gətirirdi.  Onun əlindən arvadlar nəinki küçəyə, hətta başıaçıq öz həyətlərinə də çıxa bilmirdilər; uşaqlar küçədə oynamırdılar, kişilər isə bərkdən gülməyə qorxurdular. Ziyalılar arasında ona Çəmən Ələkbər yox, Unter Prişbeyev deyirdilər. Yalnız 1920-ci ildə, apreldən sonra bu unter Prişibeye qaçıb harada isə gizləndi və camaatın yaxası qurtardı. 

Çexov elə bil öz məşhur tipini bu kişiyə, bu qorodovoya baxıb yaratmışdı. 

Ali məktəbdə bizimlə bir tələbə oxuyurdu. Adı  Xasay idi, amma həm xarici görkəminə, həm də xasiyyətinə görə uşaqlar onu "Buqəlamun" (Xamelon) deyə çağırırdılar. Xasayın sifəti gündə beş dəfə dəyişirdi. Mən bunu məcazi mənasında yox, həqiqi mənasında deyirəm. Gün çıxanda Xasay bir cür olurdu, gün batanda ayrı cür. Birdən adama elə gəlirdi ki, Xasay xeyli kökəlib, bir azdan görürdün ki, bir sümük, bir dəri qalıb. İşığın dəyişməsi, havanın dəyişməsi, nastroyeniyanın dəyişməsi onun sifətini dərhal dəyişirdi. Ancaq Xasayın buqəlamunluğu bununla bitmirdi. O daxilən, qəlbən son dərəcə yaltaq bir adam idi. Müəllim desəydi ki, bərk istidir, Xasay soyuqdan tir-tir titrəsəydi belə deyəcəkdi. " Bəli, yoldaş müəlim, yaman istidir ". Təkcə müəllimlərlə yox, öz tələbə yoldaşları ilə də bu cür idi. Gündə min cür söz danışardı, hamısı da bir-birinə zidd. Xasay dünən dediyini bu gün danardı. 

Elə bil Çexov öz məşhur "Buqələmun" əsərini Xasaydan götürmüşdü. Biz onun özünə də deyərdik: "Sən Çexovun tipisən. Buqələmunsan” . 

Bizim məhəllədə qaloş Məhəmməd adlı bir adam vardı, elə bil Çexovun "Qıfıllı adam" hekayəsindən çıxıb gəlmişdi. Ümumi yataqxanada bir otaq vardı, nömrəsi dörd olduğu halda, biz ona " Altı nömrəli palata " deyirdik.  Qərəz... nə deyim, Çexovun yaratdığı tiplər hər zaman bizim yanımızda, ətrafımızda idi, öz-özümüzü təhlil eləyəndə təəccüblə görürdük ki, Çexov bizim daxilimizdən, ürəyiminzdən xəbər verir. 

Məncə, yazıçının böyüklüyü əsasən bundan məlum olur. Əgər yaratdığı obrazlar oxucunun ürəyində səslənmirsə, oxucuya mehriban, tanış görünmürsə, onda, deməli haman yazıçı həqiqi mənasında yazıçı deyil, məqsədinə nail olmayıb; əsərləri doğulan gündən ölüb. Şair demişkən: "Həyata gəlmədən əvvəl məmatı çatmışdır. 

Çexov hər şeydən əvvəl böyük dramaturq olmuşdur. Onun pyes yazmağı təsadüfi olmamış, dramaturqluq bu böyük yazıçının ətində qanında olmuşdur. Öz məktublarının birində kimə isə yazır ki, mən dramaturgiyadan qaçmaq istəyirəm, ancaq qaça bilmirəm, çünki teatr məni maqnit kimi özünə çəkir. Hər yeni pyesdən sonra o, and içir ki, bir daha yazmayacaq, ancaq mümkün olmur, yenisini başlamalı olur, çünki teatr müəllifdən əsərində güclü konflikt, peripetiya yaratmağı tələb etməklə kifayətlənmir, özü müəllifin həyatında anlaşılmaz, böyük bir peripetiya yaradır. Teatr dramaturqu isti sudan çıxarıb, buzlu suya salır və ya əksinə... 

"Çayka"nın Peterburqdakı müvəffəqiyyətsizliyi Çexov üçün böyük bir zərbə olmuşdur. Onu tamaşaçılar hoydu-hoyduya götürmüşlər, fitlə teatrdan yola salmışlar. Çexov tamaşanın sonuna belə qalmayıb, ordan birbaşa vağzala qaçıb. Ancaq Moskvada, Bədaye Tetrı nəinki hər zaman yaşayan, ölməz bir " Çayka " tamaşası yaradıb, hətta pərdəsində çayka şəklini özü üçün daimi bir nişan olaraq qəbul edib. Dramaturq üçün bundan daha fərəhli nə ola bilər.  

Çexov dramaturgiyada tamamilə yeni bir çığır açıb, yeni bir aləm yaradıb. Onun özünə məxsus dramaturgiya xətti var, qələmi var, heç kəsin xəttinə, qələminə bənzəmir. "Çexov dramaturgiyası", "Çexov üsulu" – dedikdə onun dram əsərlərindəki ustalıq, söz içində söz başa salmağı bacarmaq, incəlik, zəriflik yadımıza düşür. Ona görədir ki, yalnız yüksək sənətkarlığı olan teatr kollektivləri Çexovun əsərlərini tamaşaya qoyduqda müvəffəqiyyət qazana bilir. Bu əsərlər şablon, ştamp sevmir, heç bir aktyor-rejissor sxeması bu əsərlərə uya bilmir. 

Çexov tələbkar və təvazökar bir yazıçı olmuşdur. Onun həm yaradıcılığı, həm də həyatı bizimçün məktəbdir. Biz bu böyük ustadan hər zaman öyrənməliyik. 

Edebiyyat.biz