AZƏRBAYCANLI «ÇARLİ ÇAPLİNLƏR»

AZƏRBAYCANLI «ÇARLİ ÇAPLİNLƏR»

Aliyə

Əziz oxucular, yəni həm də teletamaşaçılar, köşədaşlar, diribaşlar, heç özəl telekanallarımızda yayımlanan əyləncəli zarafat verilişlərini seyr etdinizmi? Bu tip verilişlərin səviyyəsi barədə düşündünüzmü? Onların insanı aşağılamaq kimi kobud bir tedensiyasını duydunuzmu?
Küçədə-bacada veriliş hazırlayan əyləncə proqramlarının müəllifləri, ciddi söz yiyələrinin «bayağı, ucuz» adlandırdığı zarafat verilişlərinizlə tarix üçün nələr etdiyinizin fərqindəmisiniz? Düzdür, sizin şəhər sakinlərinə və qonaqlara yaşatdığınız naxoş anlar sivil cəmiyyətlərdə hüquq pozuntusu adlanır. Amma nə olsun, əvəzində tarix üçün bunlar reallığın qiymətsiz detallarıdır. Tarix də incəsənət kimi qurban tələb edir. Məgər bu zarafata məruz qalan respondentlərin reaksiya və fikirləri, geyimləri, sifət ifadələri, bir sözlə, görünən hər şeyi, göstərilən məkanın ortastatistik göstəriciləri deyilmi? Axı bu verilişlər adətən elitanın və eyni sayda kontrelitanın var-gəl etdiyi «Tarqovıy» küçəsində hazırlanır. Guya Azərbaycan Bakıdan, Bakı da «Tarqovı»dan ibarətdi.

Arqument və kontrarqument

«Çəkirəm ha», «Türkün məsəli» kimi bivec verilişlərin yaradıcı heyəti adamlardan, istirahət etmək istəyən adamların əsəblərindən, pərtliyindən, savadsızlığından, hətta sadəlövhlüyündən, bəzən düşüncəsizliyindən, riyasından istifadə edib şou veriliş hazırlayır ki, qalanları da baxıb gülsün. Bu tip layihəni normal hesab etmək üçün Aydan və ya başqa planetdən, heç olmasa Avropadan gəlmək lazımdır. Guya bizim camaat o qədər komplekssizdir ki, bu tip yüngül zarafatlardan inciməsin? Amma öz aramızdır, bir məsləni dəqiq ölçüb-biçmisiniz. Onların əksəri şöhrətə meyllidir. Hətta bir az qabağa gedib onları kamera qarşısındakı qeyri-səmimiliyə görə ittiham etmək olar. Məsələn, verilən suala "bilmirəm" demək əvəzinə cəfəngiyyat danışan iştirakçı-respondentlər azmıdır bəyəm? Bilmədikləri nəsnələr barədə nağıl danışan bu «fantaziya dahiləri»nə əcəb olmurmu?

İnsanın dəyəri

Əsasən bu verilişlərin zarafatları qurban-qəhrəmana şər atmaqla fabula qurur. Böhtana düşmək elə realdır ki, «veriliş qurbanları» heç nədən şübhələnmir, və əyləncə ovçularının toruna düşür. Bəs, bu verilişlərin adamlarda yaratdığı stresin, əsəbin hesabını kim ödəyir? Tutalım ki, belə verilişlərin qurbanları öz əsəblərini özlərini televizorda görəndə unudur, bəs veriliş müəllifləri yeni qurbanlar axtaranda Vidadi Babanlının sözü olmasın, vicdanlarını necə susdururlar? Axı bu kimi verilişlərin qurban-qəhrəmanları içində əsəb və ürək damar xəstəliklərindən əziyyət çəkənlər az deyil? Hələ mən bu «zarafat»ların təhqirli, «mənəvi ziyan» olacaq tərəfini demirəm ki. Şit zarafatıyla abırlı adamlara, hətta ziyalı nümayəndələrə hücum planı hazırlayan sayın veriliş müəllifləri niyə bu barədə düşünmür? İnsanın dəyəri bu qədərmi aşağıdır? Bu qədər ciddi arqumentimin qabağında verilişin ideya müəlliflərindən gələn cavabı da təxmin etmişəm: «Noolsun, xarici telekanalların da bu tipli verilişi var və bəziləri elə bizdə də yayımlanır. Olmaz ki, belə verilişlər bizdə də olsun?». Olar, çox əcəb. Amma diqqət etmisinizsə onların zarafatları qəhrəmanları təəcübləndirməyə, çaşdırmağa, mat qoymağa, ən pis halda iyrəndirməyə yönəlib. Bizdə bu tip verilişlər təəccübləndirmir, veriliş qurbanlarını emosional şok, əsəb stresi yaşamağa vadar edir.

«Ölü canlar»

Ancaq deyim sizə, elə bunlar özləri də o ürəkbulandıran şouları qaçırmazlar! Bu verilişlər dayansa, nə qədər tamaşaçının təəssüflənəcəyini hiss edirəm. Bekarçılıqdandır. Darıxırlar. Telekanalların aşağı titrlərinə SMS yazan yüzlərlə azəri gəncin vaxtını tanışlıq üçün əttökən yalvarışlar öldürür. Belə şou-xəbər, maqazin, əyləncə verilişləri darıxmaq xəstəliyinə ağrıkəsici, keyləşdirici həblər kimidir. Bu, telekanalların özünəməxsus taktikasıdır, - səmimiyyət şousudur. Amma xatırladım ki, əksər ağrıkəsici həblər ağrıyan (darıxan) hüceyrələri öldürür. «Ölü canlar»dan birbaşa diri «qurbanlara» keçirəm. Əziz zarafat verilişinin qurban qəhrəmanları, inciməyin, sağlamlığınızı itirmək və hətta ölmək ehtimalı olsa da, siz minlərlə tamaşaçı üçün dopinq həbləri kimisiniz. Xeyirxah, fədakar adamlar, sizə eşq olsun!

P. S. Təsəvvür edin, uzun illər, bəlkə də əsrlər keçib. Paytaxtın bu günü ilə bağlı ələgələn vizual materiallardan yalnız «Çəkirəm ha» verilişinin lentləri qalıb. Bu cızıq-cızıq olmuş, köhnəlmiş təsvirlərdə (səs də korlanıb) azərbaycanlı «çarli çaplinlər» tamaşaçıları kövrəldir. Gülmək heç kimin ağlına gəlmir. Tarixin yumor hissi yoxdu!