
Biz insanıq, yoxsa at?
Köşə
- 29.07.2025
- 0 Şərh
- 110 Baxış
Nicat Şükürlü
Squid Game serialında Gi-Hun "Biz at deyilik, biz insanıq. İnsanlar..." deyərək etiraz edir. Bəs dünyada nə qədər insan at kimi çapdığının və ya çapıldığının fərqindədir? Ümumiyyətlə, nə vaxtsa Gi-Hun kimi at deyil, insan olduğumuzu anlayacağıq mı? Çətin. Ona görə çətin deyirəm ki, insan yaradılış məqsədindən artıq geri dönülməyəcək qədər uzaqlaşıb. Bəlkə də şişirtmiş olaram- yüz min insandan biri sözün əsl mənasında yaşayır, ya yox.
Filankəs filan yerə getdi, filankəsin toyu belə keçdi, filankəs filan qədər kitab oxudu. Bəs mən? Başlayırıq at kimi çapmağa. Nəyi var özümüzü çaparaq qan-tərin içində qalırıq, nəfəsimiz kəsilir. Unuduruq ki, məsələn, Roma, Paris, Praqada yox, elə ölkə hüdudları içində də istirahət edərək xoşbəxt olmaq mümkündür. Hələ kredit götürüb səyahət edənlər var... Günə bir kitab oxunan marafonlar keçirilir. Mənasız bir şeydir. Aya beş-altı yox, iki üç kitab oxu. Əsas olan yazıçının mesajını tutmaq, anlamaqdır. Evlənirsən, xoş günündür, bir qoşunun iştirak etdiyi məclisdənsə, hovuzun qırağında sənə əziz, doğma olan beş-on insanla toyunu keçirt.
Çəlləkdə yaşayıb uşağın bulaqdan əli ilə su içdiyini görəndə tək istifadə etdiyi əşya olan su qabını artıq sayıb tullayan Diogen ilə kapitalizmin köləsi olmuş dövrümüzün insanları arasında kəskin uçurum yaranmışdır. Bu dövrün insanı narahatdır. Həmişə nəyəsə gecikdiyi, nəyisə tam etmədiyi düşüncəsi içindədir. Belə olduqda həyat işgəncəyə çevrilir. Axı nə qədər çapmaq olar? Bu sonu olmayan yarışda insanlar nəfəs dərmək üçün bircə saniyə dayanmırlar. Əhsən ən möhkəm çapana, çapılana, atdan daha çox ata oxşayana!
