6 milyonu kimə verməli? - ARAŞDIRMA

6 milyonu kimə verməli? - ARAŞDIRMA

Bəlli olduğu kimi, serialların çəkilməsi üçün ayrılan ilk vəsait (5 milyon manat) yalnız televiziya kanallarına verildi. Bəzi televiziyalar serialları kino şirkətlərinə - prodakşnlara həvalə etdilər, bəziləri isə özləri çəkdilər. Amma serial sektoru fəaliyyətə başlayandan bu günə qədər adı eşidilməyən, işi olmayan prodakşnlar üzə çıxmağa başladı ki, bu da beyinlərdə sual yaratdı. Bəs illərdir onlar serial bir yana, kino sferasında niyə görünmürdülər? 

Məntiqli düşüncə isə bir fikri təlqin edirdi: film sektorunda illərdir külüng döyən, onun ağrısını, acısını çəkən,  Mədəniyyət və Turizm Nazirliyinin etimadını qazanmaq üçün tər tökən prodakşnlar ("Nərimanfilm”, "Buta”, "Ritm”, "Öz”, "Dərviş”,”Cinealliance” və s.) daha da aktivləşəcək və keyfiyyətli seriallar ortaya çıxacaq. Amma biz bu sektorda həmin prodakşnları görmədik. 

Prezidentin sərəncamı ilə serial çəkilişinə ayrılmış 6 milyon manatlıq maliyyənin heç olmasa bir hissəsinin bu dəfə birbaşa prodakşnlara verilməsi məsələsi gündəmdədir. Bir müddət əvvəl Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ayrılmış vəsaitin təkcə telekanallara deyil, prodakşnlara da verilə biləcəyini açıqlayıb: "Bu mərhələdə istəyirik ki, qarışıq bir formadan istifadə edək. Ölkədə çoxlu sayda prodakşnlar mövcuddur. Onların hərəkətə gəlməsi də vacibdir. Dünya ölkələrində televiziya kanalları özləri serial çəkmirlər, bunu daha çox sifariş verirlər. 

Dövlət hər il serialların çəkilişinə dəstək göstərmək kimi bir öhdəlik götürməyib. Dünyada belə bir praktika yoxdur. Ona görə də kino sahəsində çalışan ayrı-ayrı özəl qurumların güclü qurumlara çevrilməsini istəyirik. Çalışacağıq ki, həmin qurumlar serial çəkilişləri ilə əlaqədar öz işlərini ortaya qoysunlar. Bu ideyanı bir daha müzakirə edəndən sonra qərar veriləcək”.

Bəs görəsən, serial vəsaiti hansı prodakşnlara verilməlidir?  "Gündəlik Teleqraf” məsələni mütəxəssislərlə birgə araşdırdı.  

"Ritm” prodakşının  bədii rəhbəri, kinorejissor Elçin Musaoğlu bu sektorda maliyyənin bütövlükdə prodakşnlara verilməsinə tərəfdardır: "Televiziyalar dünyanın heç bir yerində serial, film istehsal eləmir. Onlar hətta verilişləri də prodakşnlara sifariş verirlər. Televiziya öz yaradıcı işi ilə məşğul olmalı, prodakşn şirkətləri də inkişaf etməlidir. Əks vəziyyətdə prodakşnlar necə inkişaf edəcək, film çəkəcək? Mədəniyyət və İncəsənət Universitetini hər il bitirən çoxlu sayda tələbələr harada yetişməlidirlər? Axı rejissorların hamısı televiziyada işləyə bilməz. Fikrimcə, bizim prodakşnlara da özlərini doğrultmaq üçün şərait yaradılmalıdır. 
Bildiyimə görə, Türkiyədə serialın bir seriyası 400 min manata başa gəlir. Az puldur? Xeyr, buna görə ortada keyfiyyət də var. Bizdə isə bir seriya 8-9 min manata başa gəlir. Hansı keyfiyyətdən danışmaq olar və kim onlara baxacaq? Başqa bir nüansa da diqqət yetirməliyik. Hesab edirəm ki, ayrılmış maliyyənin hara və nəyə xərcləndiyinə nəzarət olunmalıdır. Film çəkən prodakşnı kimin oğlu, qohumu açıb - bax bunlar da nəzarətdə saxlanmalıdır. 

Bu ölkədə rejissorların sayı da, adları da məlumdur. Mədəniyyət və Turizm Nazirliyinin tanıdığı, bildiyi, etimad göstərdiyi prodakşnlar var. Ciddi prodakşın keyfiyyətli iş təqdim etməkdə maraqlıdır. Çünki bilir ki, keyfiyyətli işin ardınca digər sifarişlər də gələcək. Əks halda o prodakşn işləyə bilməz, batar. Biz "Ritm”də illərdir sənədli, qısametrajlı filmlərin çəkilişi üçün gənclərə şəraitlər yaradırıq. Və çəkilən filmlər xarici festivallarda mükafatlar alır. 

Seriala həvəs göstərən gənclərimizin ideyalarını Milli Televiziya və Radio Şurasına  təqdim etmişik. Amma təəssüflə bildirirəm ki, hələ də onlardan xəbər yoxdur. Xəbər olacaqmı, buna da şübhə ilə yanaşıram. Ona görə soruşuram indi serial çəkən prodakşnları kim yaradıb? Güləşçi də prodakşn açır... Gülməlidir. Dediyim odur ki, ayrılan maliyyəyə nəzarət olmalıdır. 

Əks təqdirdə ekranda 9 dəqiqə eyni təsvir, bir məkanda iki insanın dialoqu və demək olar, eyni simalar görürük və görəcəyik. Bu təqdimatla kim  "Möhtəşəm yüz il”i qoyub, öz seriallarımıza baxar? Bu sahədə boşluq göz önündədir və imkan var ki, öz serial məktəbimizi yaradaq”.  

"Dərviş” prodüser mərkəzinin sədri Əli İsa Cabbarov: "Serialları ekranlaşdıran prodakşn şirkətlərinin maliyyələşməsinə qəti tərəfdaram. Onsuz da kanallar özləri prodakşnlara sifariş verirlər. Məsələn, "Sirr” və "Pərvanələrin rəqsi” teleserialları da prodakşn istehsalıdır. Bu, həm maliyyə, həm də yaradıcı nöqteyi-nəzərindən daha effektlidir. Serial çəkilişi ilə bağlı televiziyalara köçürülən maliyyə vəsaiti itkidən başqa bir şey deyil. Mən buna da razıyam ki, kanallar tender keçirsin”. 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru Qərənfil Xəlilova: "Dövlətimizin seriallara dəstəyindən sonra "Carçıfilm” türk kinematoqrafçıları ilə birgə "Qaranlıqlar çiçəyi”, "Döngələr” seriallarını istehsal etdi. Dekabr ayından isə üçüncü serialın -"Qarabağnamə”nin çəkilişlərinə başlamışıq. Bizim yalnız bir dəfə prodakşnla iş birliyimiz olub. "Döngələr” serialının Rusiya səhnələrini çəkərkən bir Ukrayna prodakşnı ilə əməkdaşlıq edəsi olduq. O prodakşn saat kimi işləyirdi, çəkilişlər çox yüksək səviyyədə təşkil olunurdu, deməli, yaxşı işləmək mümkündür. Onların səyyar qrim otağı, səyyar enerji bloku, rejissor otağı və başqa imkanları var idi. Bunun nəyi pisdir ki? 

Azərbaycanda isə heç bir prodakşnla iş birliyimiz olmayıb.  Doğrusu, Azərbaycanda serialların çəkilişi üçün maliyyənin prodakşnlara ayrılması ilə hansı nəticəni əldə etmiş olacağıq, bunu demək çətindir. Kino, serial çəkmək  çox ağırdır, gəlin razılaşaq ki, televiziyanın da birbaşa funksiyası kino çəkmək deyil. Amma prodakşn bu məsuliyyəti üzərinə götürürsə, deməli, bütün fikrini bir işə - sifariş olunan serialın çəkilişinə yönəldəcək. Məhz buna görə maliyyənin prodakşnlara verilməsi məqbul sayılır”. 

"Pozitiv media” şirkətinin rəhbəri, "Pərvanələrin rəqsi” serialının rejissoru Rövşən İsax deyir ki, özü şirkət rəhbəri olsa da, bu serialda şirkəti təmsil olunmur: "Mən serial çəkməyə qərar verəndə hələ maliyyə ayrılmamışdı. Biz ssenarini yazdıq, aktyorları araşdırdıq. Görünür, serial çəkməyimlə bağlı informasiyalar sürətlə yayılıb,  ATV kanalının o vaxtkı rəhbərliyi məni danışığa dəvət etdi. Danışdıq, ümumi parametrləri razılığa gəldik, işə başlayacaqdıq ki, sərəncam çıxdı. Düzünü deyim, prezidentin bu haqda sərəncam verəcəyi ağlıma gəlməzdi. Amma mən maliyyənin prodakşnlara verilməsinin tərəfdarı deyiləm. Pərakəndə bir vəziyyət yaranacaq. MTRŞ serial çəkilişi üçün prodakşna maliyyə ayıracaq, prodakşn serialı çəkəcək, amma sonra  televiziya onu qəbul etməyəcək. Səbəb müxtəlif ola bilər”. 

Seriallar üçün dövlət tərəfindən maliyyə ayrılmasını çox yüksək qiymətləndirən AGP (Art Global Production) şirkətinin rəhbəri Mahir İbrahimov maliyyə məsələsində hazırda "Xəzər” Televiziyası ilə narazılıqlarının olmadığını deyir: "Bizim prodakşnın istehsalı olan "Həyat varsa” bədii serialı "Xəzər” Televiziyasında nümayiş olunur. Hazırda həmin televiziya ilə çox gözəl əməkdaşlığımız var. Amma əməkdaşlığımızın ilk dönəmlərində televiziya ilə maliyyə baxımından sıxıntımız oldu. Əsas məsələ odur ki, insan bu işi sevib-sevmədiyini dəqiqləşdirməlidir. Əlbəttə, seriyaları çəkərkən məkanlarla, aktyorlarla bağlı xeyli narahatçılığımız olub. Bu cür səviyyə ilə 110 film-serial çəkmişik. Özünə hörmət edən, kinoindustriyadan başı çıxan insan puldan da öncə keyfiyyəti düşünür”. 

Maliyyənin ilk mərhələdə telekanallara verilməsini dəstəkləyən M.İbrahimov hesab edir ki, serialı indi də prodakşnlar çəkir: "Məsuliyyət televiziyalarda olur, amma prodakşnlar da televiziya ilə bilavasitə təmasda olduğu üçün işə ciddi yanaşırlar. Prodakşn bilir ki, hər həftə televiziyaya bir seriya təhvil verməlidir. Yəni, istədin-istəmədin televiziya ilə təmasdasan, məlumatlısan. Bu nöqteyi-nəzərdən düşünürəm ki, ilk mərhələdə maliyyənin telekanallara ayrılması düz addım idi. Çünki prodakşnı heç kim tanımır. Televiziya isə prodakşının bilavasitə görən gözüdür, onu qurumlara, insanlara tanıdır. Bu serial sayəsində AGP də tanındı, rəğbət qazandı. 

Maliyyənin prodakşnlara ayrılması da müsbət qarşılanmalıdır. Mən düşünürəm ki, ayrılan maliyyənin həcmi ildən-ilə artırılmalıdır. Başqa yol yoxdur. Çünki hələ bizdə serial sektorunun təməli qoyulmayıb. 
Türkiyəni misal çəkəcəm. Orda bütün serialların titrlərdən sonra ekrandakı sponsor siyahısına baxın. O sponsorların serial üçün ayırdığı  maliyyə kifayət qədərdir. Həmin  sistem isə bizdə inkişaf etməyib. Bəli, yaradıcı baxımdan bizim çatışmayan cəhətlərimiz var: biz yaxşı çəkmirik, sünilik var, obraz yoxdur, dublyaj, montajda axsamalar göz önündədir. Sponsor da bunu əsas gətirərək, bizə deyir ki, 5 manat verirəm, oturduğum stolda, içdiyin stəkanda mənim brendimi nümayiş etdirməlisən. Əvəzində isə elə məbləğ ödəyir ki, adam onu deməyə utanır. Nəticədə çox cılız format alınır”. 

"Oscar film production” şirkətinin rəhbəri Yaşar Əhmədov: "Maliyyənin prodakşnlara verilməsi onların fəaliyyətini genişləndirməyə xidmət edəcək. Amma bütün hallarda yenə də televiziyaların rolu olmalıdır. Çünki son nəticədə onun yayımlanmasına icazəni televiziya verir. 
Bəzi televiziyalar ayrılan maliyyəni çox xərcləməsinlər deyə heç bir prodakşnla əməkdaşlıq etmədilər. Və öz daxili imkanları hesabına serial çəkməyə səy göstərdilər. MTRŞ,  müəyyən qurumlar, eləcə də, televiziyaların özləri bunun acı nəticəsinin şahidi oldular. Amma bəzi televiziyalar prodakşnlarla işlədilər və bunun nəticəsində reytinqdə ön sıralarda qərarlaşdılar. Ona görə maliyyənin birbaşa prodakşnlara ayrılması daha məqsədəuyğun hesab edilir”.

Teleqraf.com