Cavanşir Yusifli: “Son vaxtlar yaxşı bir nəsr əsəri oxumamışam” (MÜSAHİBƏ)

Cavanşir Yusifli: “Son vaxtlar yaxşı bir nəsr əsəri oxumamışam” (MÜSAHİBƏ)

"Bizdə poeziyada montaj halları sürəkliləşib, çap edilən şeirlərə baxıram, elə bil ki, əvvəlcə qafiyələr yazılıb, sonra boş yerlər doldurulub”

"Ən qəribəsi odur ki, heç bir dil, hətta rus dilini səthi bilən adamlar bir də görürsən tərcümə problemlərindən silsilə yazılar yazırlar”


- Bu gün ədəbi tənqid ədəbi prosesi bütün spektrləri ilə, konseptual tutarda görsədə bilirmi?
- Bu gün ədəbi tənqid təbii olaraq ədəbi prosesi bütün spektrləri ilə, konseptual tutarda göstərə bilmir. Çünki ədəbi prosesin özü yayğındır, zahirən görünən əlamətlər mahiyyət səciyyəli deyil, bundan da başqa, ədəbi tənqid müəyyən mənada ədəbi proses üzərindəki müfəttiş funksiyasını itirsə də, hələ tam olaraq ona hava və su kimi lazım olan yeni keyfiyyətləri qazanmayıb, indi o, guya baş verən hadisələrin içində ədəbi-fəlsəfi qanunauyğunluqlar axtarmağa çalışır, ədəbi tənqid iki yol ayrıcına gəlib çıxıb: o, ya total eyniləşdirmə yolunu tutmalı, ədəbi fiqurları bir-biri ilə döyüşdürməklə məşğul olmalı, ya da ədəbi prosesi elə təhlil etməlidir ki, təbii canlanma, fikir ayrılıqları, sağlam ədəbi döyüşlərə gətirib çıxarası, yaxud belə deyək, bu gün Azərbaycan ədəbiyyatında baş verən prosesləri, siz dediyiniz kimi, "tutumu” etibarı ilə dünyaya inteqrasiya edə bilən bir ortam yaransın. Bunun fikirimzcə böyük mənası var. Ancaq bütün bunlar niyyətlə bağlı bir məsələdir: niyyətin hara, mənzilin də ora. Bəzən deyirlər, özü də haqlı olaraq deyirlər ki, əsərin yaranması "intim işdir”, bunu müzakirələr çıxarmağın, bu barədə danışmağın əhəmiyyəti yoxdu. Ancaq insanlara istədikləri mətləbləri sonsuza qədər demək, ifadə etmək fürsətinin verilməsi, belə deyək, dolu bir qabın bir gün "dibinin görünməsi” insanı görmək istəmədikləri ilə də tuş gətirə bilər.  Normal mübahisələrə qədər bütün "cəngəllikləri” keçmək zorundayıq, bu hamılıqla olan bir işdir, əsəri də, müəllifi də, oxucunu da yalançı mistikadan qurtarmaq lazımdır. Milyon dəfə "sirr, sehr” sözlərini işlədib oxucunun beynini piyləməyə ehtiyac yoxdu, tənqidçi oxucuyla konkret mövzuda söhbət etməlidir. Qayıdaq konkret vəziyyətə. Bizdə çox yazmaq, geniş yazmaq, mövzunun duzunu öldürmək, sözü dağılana qədər "yaymaq” xəstəliyi ilk baxışdan görünən bir nəsnədir. Qəzetlərin birində Azərbaycan ədəbiyyatının klassiklərindən bəhs edən silsilə yazılar dərc edilir, baxırsan, çox yaraşıqlı cümlələrdir, doğrudan da həmin dahilərdən sıx-sıx sitatlar da gətirilir, ancaq mətləb yoxdu,  problemin nədən ibarət olması məlum olmur. Yəni az qala hərşeydən bu şəkildə - məsuliyyətsiz bəhs etməyin istənilən sayda nümunəsini heç bir əzəiyyət çəkmədən tapa bilərsiniz.
Bu mənada baxanda, indi bizim ədəbi prosesimizdə az qala "hamı tənqidçidir”, vəziyyət elə gətirib ki, bu köklü, saysız-hesabsız, amma həm də təmkin tələb edən problemlərin çözülməsi ilə ən az məşğul olan deyəsən elə tənqidçilərdir.
Bu qarmaqarışıq mənzərə niyə yarandı, başqa cür ola bilərdimi... Məsələ burasındadır ki, köhnə ideoloji və estetik baza son mətləbinə qədər tükənib, yeniləri formalaşmayıb və yazı adamlarına elə gəlir ki, bu meyarları onların özləri yaratmalıdırlar, tələskənlik və səbirsizlik son nəticə etibarı ilə bütün diqqətin texniki, yaxud poetik-texnoloji məsələlərin üzərinə cəmlənməsinə səbəb olur. Yazının fəlsəfi mətləbdən, insan haqqında həqiqətdən deyil, texniki aspektlərdən irəli gəlməsi keyfiyyət (və dərk -!) amilinin arxa plana keçməsinə səbəb olub. Son illər yazılan romanlara bu romanların "təhlilinə” həsr edilən polemikalara diqqət yetirsək, "texniki məsələlərin” nə qədər önəmli olduğunu (baş apardığını) görərik. Şübhəsiz ki, bu əsərlərdə yeni, orijinal baxış bucağı, yeni təhkiyə bucağı yaratmağa meyl var, ancaq bu nümunələr daha çox həvəskarlıq göstəriciləridir. Ancaq indinin ədəbi döyüşləri hətta ən mənasız çalarları ilə də əhəmiyyətlidir, o mənada ki, istisnasız olaraq bütün baxışlar saf-çürük edilir, belə bir fikir formalaşır ki, bu aləmdə ətalətə, mühafizəkarlığa yer yoxdur, hər şey dəyişməli, özü də fasiləsiz olaraq... Fikrimcə, bu dinamika bizə nəsə verəcəkdir, çünki yeniliyə can atmanın, yeni söz yaratmağın... heç bir başqa alternativi yoxdur.

- Bəs yazının, mətnin keyfiyyətinin müəyyənləşdirilməsi meyarı nədir?
- Bəlkə, bu sualı indiki şərait üçün belə qoymaq olar: meyar nə zaman itir? Son illərin mübahisələri, qəzet səhifələrində yer alan intervülərindən də göründüyü kimi, ədəbi prosesə əlahiddə, mətnlərdən, onların illər boyu, zaman-zaman yaratdığı cazibə sahəsindən kənar "maraqlardan” irəli gəlir. Ədəbi prosesin içindən istınilən faktı, hadisəni götürüb, mövcud sınırlarını genişləndirmək, lazım olmadığı halda onu başqalarına qarşı qoymaq, istədiyin nəticələri çıxarmağın bir adı var: qeyri-elmi yanaşma. Adətən bu anormal mübahisələr, yaxud "xoruz səsi eşitməmiş deyimlər” bir neçə günün içində əriyib gedir. Çünki əsası yoxdu, arxasında bədii mətn, ən əsası isə elmi məntiq dayanmır. Ədəbi hadisələrin genezisindən danışanda bəzən o qədər ifrata varırırq ki, artıq bu, daha çox ədəbiyyatdan çox genetika elminə oxşayır. Sonra bir adamın bu səpkidə bir neçə intervüsünü yanaşı qoyursan, düşünürsən, bu alim botanika ilə məşğul olsaydı, hansı mənzərə yaranardı?
İndi fikir bölüşmək, yazı çap etdirmək üçün portallar da var. Dözümün, niyyətin varsa, əsərin haqqında deyilən fikirlərlə də tanış ola bilərsən. Bütün bunlar sənin üçün o qədər imkanlar yaradır ki, bunların hansını seçsən mürəkkəb bir prosesdən keçməli olacaqsan. Kənardan baxış, yəni səbirlə hər şeyi izləmə əlavə perspektivlər açır. Məlum olur ki, hələ çox az adam ciddi yaradıcılıqla məşğul olur, deyilən iradlardan ciddi nəticələr çıxarmaq istəyir, yaxud haqsız və bilərəkdən, əsəbləri qızışdırmaq üçün atılan sözlər qarşısında təmkin nümayiş etdirə bilir. Portallarda müxtəlif obrazlar var, bunlar ədəbi prosesin hər gün əriyən, ancaq hər gün peyda olan fiqurlarıdır.
Başqa bir fakt. Hər hansı nasirin hekayəsi, yaxud şairin şeiri çap edilərkən tənqidçinin, yaxud ümumiyyətlə qələm əhlinin fikir, mülahizə bölüşmək istəyi təbii qarşılanmalıdır, ancaq təcrübə və mövcud faktlar sadəcə görüntü yaratmaq mərəzinin qabarıq olduğunu görsədir. Elə bil gözlərimizin görmədiyi, yaxud hələ yaxşı seçmədiyi yerdə nəhəng bir yalan dəryası var, hamı bu yalana bulaşıb.

- Son illər Azərbaycan ədəbi tənqidində durğunluq hökm sürdüyü söylənilir. Tənqidçi kimi son müşahidələrinizi bilmək istərdik…
- Yəqin ki, yuxarıda qismən bu sualı da əhatə edə bildim. Ədəbiyyat, ədəbi təfəkkür cəmiyyətdən, ictimai fikirdən ayrı bir şey deyil. Bu gün hər bir sevincin içində dəhşətli bir faciə, çıxılmazlıq yaşanır, əlinə yenicə qələm alan gənc də, sovet dövründən üzü bəri yazıb-yaradan insanlar da özlərini bu ortamın içində görürlər, dünyada elə fövqəladə hadisələr baş verib ki, bunları adekvat şəkildə, millətinin taleyi kontekstində ifadə etməyə qələm acizləşib. Fikrimcə, yenə yol, sənə yazmağın yolunu göstərən millətin ədəbi tarixindən gəlməkdir, onu fəhm etmək, ondan çıxış etməkdir. Belə bir misal gətirim. Yaxınlarda çox məşhur bir fransız yazıçısı ilə, Avropada çox oxunan "Pələng ovu” romanının müəllifi Olivye Rolinlə görüşdüm. Bax, indi haqqında danışdığımız mətləblərdən söz düşəndə dedi ki, o, mənsub olduğu millətin ədəbiyyat tarixini çox gözəl bilir, istənilən zaman keçmişə boylandıqda ortaya qəliz, başsındıran suallar çıxmır. XX əsrdə dünyanı dağıdan fransız poeziyasının oxucuları bu gün az qala barmaqla sayılacaq qədərdir. Çünki bu poeziya indi "dilini itirib”, qəlizləşib, ətrafı yaddan çıxaran bir "oyun sisteminə” çevrilib. Ancaq bu onun bu günkü halıdır, gələcək proqnozu deyil. Bizdə poeziyada montaj halları sürəkliləşib, çap edilən şeirlərə baxıram, elə bil ki, əvvəlcə qafiyələr yazılıb, sonra boş yerlər doldurulub. Yaxud elə yazılıb ki, məsələn, sağ kənarındakı son hərfləri alt-alta oxuduqda bir ad, bir isim... alınsın. Söhbət vəzndən, janrdan və ölçüdən, yaxud ölçüsüzlükdən getmir, söhbət anormal proseslərin nəticəsi olan qaçılmaz şəraitdən gedir. Bu "situasiya” müvəqqətidir, ancaq təsbitlənən, faktlaşan hər hansı münasibətin ləkəsi qalır. Fakt kimi. Ortada saysız-hesabsız texniki vasitələr var, hamı çilingərlik, tornaçılıq, xarratlıq... edir, əsl mətləbi yazan adamlar ya dünyaya gəlməyiblər, ya da sümükləri çoxdan sürmə olub. Mən başa düşürəm, prosesə bu cür "çəpəki” baxmaq düzgün deyil, əsəbiliyin göstəricisidir. Ancaq səmimi şəkildə deyirəm, hələlik ağlıma başqa bir söz gəlmir. Bir də, üfüqü görmək üçün boylanmaq lazım deyil, çünki o özü görsənir, sənin işin görünən nəsnənin arxasını düşünməkdir.

- Bəziləri hesab edir ki, sanballı ədəbi nümunələr yaradılmadığı üçün ədəbi tənqid susur. Doğrudanmı bu gün ədəbi tənqidin yenidən canlanmasına təkan verəcək ədəbi məhsullar ortaya qoyulmur?
- Ədəbi prosesdə hər bir "səsin”, Əli Kərim demişkən hətta "yarım səsin” də cavabı, reaksiyası var. Ancaq bu reaksiyanın adekvat olub-olmamasından söz açıla bilər. Çox zəif əsərlər haqqında nələr yaradılır, üzdədir, heç bu yazıları yazan insanlar da sığortalanmağa cəhd göstərmirlər, qurtulan, formalaşan cəmiyyətin xarakteri belədir. Ancaq istisnalar da var. Bir nəfərə deyəndə ki, bu qədər istedadlı ola-ola niyə yalnız "çəlimsiz” əsərlərdən yazırsan, iyirmi ildən sonra baxıb görəcəksən ki... Deyirdi ki, yox, mən daha çox əsərdə görmək istədiklərimdən yazmağa üstünlük verirəm. Nəsimi yaxşı deyib: ...söz bazarçısı, yalandı....
Bunlar epizodlardır. Ədəbi proses, bir millətin ədəbiyyatı epizodlar üzərində qurulmur, hər hansı dövrdə "tullantının” xüsusi çəkisinin çox olması, onun zəifliyinə dəlalət etmir. Ədəbiyyat arasıkəsilməz bir prosesdir. Hər yazı yazan onu yaratmır ki...

- Bu günün ədəbi mənzərəsini necə xarakterizə edərdiniz? Kimləri oxuyursunuz, kimlərin yaradıcılığı haqqında tənqidçi kimi öz fikirlərinizi bildirmisiniz?
- Bu günün ədəbi mənzərəsi yuxarıda təsvir etdiyim kimidir. Zəif əsərlər daha çoxdur. Zəif əsərlərlə "at çapmaq” ehtirası daha güclüdür. Söz yalana bələnib...

- Nəsrin və poeziyanın hazırkı inkişaf tempini ayrı-ayrılıqda necə qiymətləndirərdiniz?
- Əslində bizim ədəbi prosesdə "hər şeyi mühakiməyə çəkmə” tendensiyası güclüdür. Poeziya, nəsr, dramaturgiya, ədəbi publisistika, tənqid... bunların hamısına aid nümunələr sönükdür. Həm də: ədəbi prosesin öz tarixinə baxdıqda, bir az da "non sensdir”. Ən istedadlı, son zamanlar özümün də yazı həsr etdiyim qələm sahiblərinin yaradıcılığında bir neqativ tendensiya hökm sürür. Bu nümunələrin böyük əksəriyyəti elə bil bir modelin içindən çıxıb. Deməli, ədəbi proses (və ədəbi təkamül-!) müəyyən mənada deformasiyaya uğrayıb. Belə deyək, hər bir yeni şeirinin özü də bir çevrənin içindən çıxır, bu çevrə getdikcə sənin müəlliflik haqqına yiyələnir, mətnlər bir-birinin ayağını tapdalayır, çünki məkan darısqaldır, yazı prosesində söz "əşyanın” içinə deyil, həmin çevrənin dibinə batır və hər dəfə eyni ştamp alınır.
Təəssüf edirəm ki, son zamanlar yaxşı bir nəsr əsəri oxumamışam. Əslində, kəmiyyət baxımından şikayətlənməyə heç bir əsas yoxdur. Nasirlərimiz var, onlar durmadan yazırlar, kitablar çıxır, hekayələr dərc edilir və dövri mətbuatda bu əsərlər haqqında kənar müəlliflərin könül sözlərini oxuyuruq. Bilirsiniz, bütün ədəbi cameə xudmani bir məclisə bənzəyir, tostlar zəncirvarı ardıcıllıqla davam edir. Namuslu söz neçə vaxtı ki, qapı arxasında gözləyir. Hər şey sünidir, hər şey miskindir, hər şey alçaldıcıdır...

- Bu günün ədəbi gəncliyini ümidverici hesab etmək olarmı?
- İstənilən dövrdə gənclik ümidvericidir. Ancaq indi "gənclik” anlayışı da dəyişib, "gənc şair”, "gənc nasir” ifadələri devalvasiyaya uğrayıb, bu gün elə bil hamı sıfırdan başlayıb, hər şeyi özü yaradacağı iddiasındadır. Ən pisi də odur ki, daha çox iddialar görsənir.

- Müasir Azərbaycan – dünya ədəbi prosesinin qarşılıqlı gəlişməsi çağdaş ədəbi tənqidimizin maraq dairəsində necə görünür?
- Bu çox mürəkkəb sualdır. Söz, informasiya deyilən şey, hərəkətində sərbəstdir, kəşf etdiyimiz vasitələr, xüsusən texniki üsullar, texnologiyalar bu hərəkəti görmək üçündür, yaratmaq üçün deyil. Dünya ədəbiyyatı deyilən proses o zaman aydın olur ki, mən ayrı-ayrı dövrlərin, fikir və ideyaların keçid, giriş-çıxış məqamlarını görə bilim, əks halda bütün dünya ədəbiyyatı bir-birini qılınc kimi doğrayıb kəsən meyllərdən, mənasız mətləblərdən, qarşıdurmalardan və sirrini aça bilmədiyimiz "özəlliklərdən” başqa bir şey olmayacaqdır. Bir mətləbi analiz etmək üçün vasitə axtarmağımız təbiidir, ancaq bu vasitəni, yaxud metodu hər şeyin üstünə qoymaq kənaraçıxmadır. Siyasi-ideoloji məqsəd daşıyır və elə buna görə də sıx şəkildə ən müxtəlif "qabaqcıl” texnologiyaların tətbiq edilməsini tələb edir. Bütün bu "tətbiq etmələrin” son nəticəsi bilirsinizmi nədir: yalnız bir ölçü var, yalnız bir meyar var, çalışıb ona yaxınlaşmaq lazımdır, özü də maksimum dərəcədə. Diqqət yetirin, bizdə kənarda, başqa dillərdə görünmək istəyənlər ilk növbədə bu "yeganə ölçüyə” istinad edirlər, özünü ifadə bütün hallarda kənarda qalır. Bu isə yaradıcılıqda səs, söz, nəfəs polifoniyasına bir qəsddir. Sadəlik necə deyərlər, bütün oyunlar qurtarandan sonra başlayır və hər şeyi əvəz edir, heç bir mürəkkəb kombinasiyaya ehtiyac duymur.

- Bəs ədəbi və filoloji tərcümənin problemlərindən necə bəhs edilir?
- "Mövsümçü” tənqid nədən yazır-yazsın, ilk növbədə komplekslərini ifadə edir, "atəş mövqeyi” seçir və... Ən qəribəsi odur ki, heç bir dil, hətta rus dilini səthi bilən adamlar bir də görürsən tərcümə problemlərindən silsilə yazılar yazırlar.

- Azərbaycan ədəbi tənqidinin gələcəyi nə vəd edir?
- Azərbaycan ədəbi tənqidinin gələcəyi çox ümidlərin doğrulacağını vəd edir. Hər şeydən öncə, tənqidlə ədəbi proses arasındakı "sözsüz” düşmən münasibətləri, hay-küylü təmənnalar birdəfəlik silinəcəkdir. İndi vəziyyət elədir ki, əvvəllər filoloq hazırlayan institutlarda tədris mükəmməl deyil. Baza köhnədir, onun önəmli bir hadisə ortaya qoyacağı çox böyük sual altındadır. Başqa sözlə, mühit yoxdur.

- Yaradıcılığınızda yeni nə var, nə yox?
- Əli Kərim haqqında "Fraqmentlər” kitabı, məqalələr, filoloji və bədii tərcümələr toplusu  çapa hazırdır. Görək...

Müsahibəni apardı: Xuraman Hüseynzadə