Da Vinçinin sərgisi 2,4 milyard dollara sığortalandı

Da Vinçinin sərgisi 2,4 milyard dollara sığortalandı

Leonardo da Vinçinin noyabrın 9-da Londondakı Milli Qalereyada açılacaq sərgisi 2,4 milyard dollara sığortalanıb. "The Daily Telegraph" qəzeti yazır ki, şəkillərin mümkün zədələnməsi və oğurlanması məhz bu məbləğdə qiymətləndirilir.

Muzeydə 2012-ci il fevralın 5-dək davam edəcək sərginin keçirilməsi zamanı gücləndirilmiş təhlükəsizlik sistemi fəaliyyət göstərəcək. Şəkillərin hamısı xüsusi şüşə altında yerləşdiriləcək.

"Leonardo da Vinçi: Milan sarayının rəssamı" adlanan ekspozisiya Böyük Britaniyada ilin ən əsas sərgi layihələrindən biridir. Sərgidə dahi rəssamın 9 əsəri nümayiş olunacaq. Sərgi həm də onunla unikaldır ki, orada əvvəllər heç vaxt sərgilənməyən şəkillər nümayiş olunacaq. Şəkillərdən səkkizi ekspozisiyaya xaricdən gətirilib. Britaniyalıların əksəriyyəti onları ilk dəfə görəcəklər.

Sərginin təşkilatçıları diqqəti da Vinçi yaradıcılığının onun Milan hökmdarının saray rəssamı kimi çalışdığı dövrə, yəni 1480-1490-cu illərə cəmləşdiriblər. Sərgilənən şedevrlər arasında iki "Madonnalar qayalarda", "Sincab dərisi geyinmiş qadın", "Gözəl Ferronyera" var.

Qəzetin yazdığı kimi, açılışı birbaşa efirdə yayımlanacaq sərgiyə maraq həddindən artıq yüksəkdir. Muzeyin əməkdaşının sözlərinə görə, Milli Qalereya artıq sərgiyə rekord sayda bilet satıb. Onun muzeyin tarixində ən populyar sərgi olacağı gözlənilir. Bu səbəbdən qalereya axşam saatlarında, eləcə də Milad bayramı günlərində də işləməyi planlaşdırır.

Leonardo da Vinçinin bütün həyatı boyu 20-yə yaxın şəkil çəkdiyi hesab edilir. Onlardan yalnız 15-i qorunub saxlanılır. Da Vinçinin əsərlərinin çoxunun qiyməti məlum deyil.

Trend