Ədəbiyyat sərhədlərə yox deyəndə…

Ədəbiyyat sərhədlərə yox deyəndə…

Orxan İsmayıl

Ədəbiyyat sərhədlərə yox deyəndə…
 
 
Günümüzdə kiçik bir uğur, hər hansı bir müsabiqədə nəticə qazanan Azərbaycan yazarının keçirdiyi hisslər, "sanatoriya”ya getmək üçün əlinə pul keçən oynaq xəstəsinin hisslərinə yaxındır. Bu müsabiqələrin, resenziyaların nə dərəcədə obyektiv keçirilməsi, zövqlərin hansı həddə qədər ixtisaslaşması, qiymətləndirmə metodunun üsul-formaları məsələnin digər, bir qədər kölgədə qalan tərəfləridir. Qaliblər məhkum olunmasa da, müzakirə masasına qoyulurlar.

Bu təamı ətrafdakıların hamısı dadıb, öz ağız dadlarına uyğun gəlib-gəlmədiyini bildirirlər.

Az əvvəl sona çatmış "Ədəbi Azadlıq – 2014” müsabiqəsi barədə. Təəssüf ki, ilk 20-likdəki hekayələrdən seçim edib, ilk onluğu müəyyənləşdirən gündən müsabiqədən xəbər tutdum. Müəyyən nəfərdən ibarət münsiflər heyyətinin gəldiyi qənaət idi bu 10-luq. Bundan sonrakı sıralamanı isə oxucular müəyyənləşdirəcəkdi.

Mən də o fikrə şərikəm ki, Azərbaycan oxucusu az olmaqla yanaşı, oxuduqlarını analiz edib, tətbiqi çıxarışlar edənlər bu azlığı lap az formasına gətirir. Onlar üçün ilk 5-6 cümlədən asılıdır əsərin "sonrakı taleyi”. Bədbəxt hekayə ya erotik çalarlarla, ya müəmmalı qətllə, yada hansısa uydurma qəhrəmanımızın "şücaətləri” ilə başlamalıdır.

Onluğa keçən yazarların hər birindən müsahibələr alındı və hekayələrinin hansı pillədə olacağı təxminləri soruşuldu. Maraqlı məqamlar ortaya çıxdı. Kimi onun üçün 2-ci yerlə 10-cu yer arasında ciddi fərq olmadığını bildirib, iddiasını ortaya qoyarkən, başqası "ədəbi müsabiqədə nəyəsə iddia etmək absurddur” deyərək bu iddianı ironik təbəssümlə qarşıladı. Səsvermənin gedişində ilk üçlük yerlərini əməllicə dəyişsələr də, qalib Hədiyyə xanım oldu. Onu təbrik edirəm, bu öz yerində, lakin, əvvəlcədən də dəyərləndirdiyim hekayələr arasında Hədiyyə xanımın hekayəsinin  ilk pillələrdə olması, bu qalibiyyətin məni müəyyən dərəcədə sevindirdiyini söyləyə bilərəm.

Bu gün Azərbaycan yazarı dini, ideologiyanı rədd edib, onun üçün əsl peyğəmbərin Markes, Kant, Hüqo, Dostayevski olduğunu söyləyə bilər. İnsan azaddırsa, ədəbiyyat fahişə insandır. Sərhədlər, xəritələr, kordinatlar yoxdur ədəbiyyatda. Mənsə düşünürəmki, ilk uğur rüşeymləri daş-qalaq etməkdən, imtinadan, təhdiddən böyüməməlidir. Ortaya qoya biləcəkləri ideya, mükəmməl fikir sivil formada da stereotiplərin atasını yandırmağa qadirdir.