Gürcü filmi: Sovet dönəmi və bu gün

Gürcü filmi: Sovet dönəmi və bu gün



Anar Rafiqoğlu


Bu dəfə hər zamanki tərzimdən fərqli olaraq, xarici filmləri deyil, yaşadığım və vətəndaşı olduğum ölkənin –Gürcüstanın istehsal etdiyi filmlər haqqında yazmaq istəyirəm. Gürcülərin xüsusiilə SSRİ dönəmində çəkdiyi filmlər öz dövrünə damğa vurmuş filmlər sayılır. "Jariskatsis mama” ("Əsgər atası”), "Mimino” ("Şahin”), "Natvris xe” (Dilək ağacı),  "Khareba da Gogia” ("Xareba və Qoqia”) və hər nə qədər Sovetlər dağıldıqdan az sonra çəkilsə də, yenə Sovet dövrünə aid edə biləcəyimiz "Udzinarta mze” ("Yuxusuzların günəşi”) ilk ağlıma gələn və izlədiyim ən önəmli gürcü filmlərindəndir. Bu filmləri izləyən şəxslərin ortaq şərhi bundan ibarətdir: çox real film idi.

Bəli, o vaxtlar sadəcə Gürcüstanda yox, ümumilikdə kino sənətində bir reallıq var idi. Cəmiyyətin, millətin problemləri nələr idisə, ya birbaşa, ya da dolayısı ilə elə bu problemlərə dair filmlər çəkilirdi. Sənətkarlar toplumun aynası hesab olunurdu. Əhalinin ucadan səsləndirə bilmədiyi problemlər filmlər, tamaşalar, bədii əsərlər vasitəsi ilə cəmiyyətə çatdırılırdı. İndi isə sözdə demokratiya olsa da, sənətkarlar qorxu və təşviş içindədir. Bunu desəm nə olar, filan şeyi yazsam nə deyərlər, bu cür bir film çəksəm adımı it dəftərinəmi salarlar və bu tərz şeyləri fikirləşməkdən, gerçək işi, sənəti ilə məşğul olmaqda çətinlik çəkir sənətçilər. Bunun nəticəsində də ortaya çox qeyri-təbii, mənasız, bayağı filmlər və digər sənətdən uzaq sənət əsərləri çıxır. Ancaq mən şəxsən bu işin hər zaman belə davam edəcəyini düşünmürəm. Çünki, artıq izləyicilər çox həssas və seçicidir. Sən yaxşı və mənalı film çəkməsən, girib internətdən yüzlərcə maraqlı film tapacaqlar. Heç sənin filminin adını belə xatırlamayacaqlar bir müddət sonra. Ona görə də kino və digər sənət sahəsində çalışan insanlar sözün əsl mənasında papaqlarını önlərinə qoyub düşünməlidir. Ya sənət üçün çalışıb, tarixdə qalacaqlar, ya da onun-bunun sifarişini, arzu-istəyini yerinə yetirərək tarixlə vidalaşacaqlar.

Nə isə... Bu yazım sadəcə tənqidi bir yazı deyil. Başda da qeyd etdiyim kimi, yazımda gürcü filmləri haqqında söhbət açacam. Və məqsədim təkcə keçmişdən nümunələr vermək deyil. Bu yaxınlarda maraqlanıb, yeni sayılacaq bir neçə gürcü filmi izlədim. Dedim görüm hər hansı bir inkişaf var, ya yox.  İzlədiyim və hal-hazırda yazımda analizini edəcəyim "Koma” adlı film məni yaxşı mənada xeyli təəccübləndirdi. Filmdə yüksək səviyyəli aktyorluq və rejissorluq işi, çağdaş gürcü sosial mühitini olduğu kimi gözlər önünə sərən ssenari sərgilənib.

Avtomobillə törətdiyi qəza nəticəsində həbsə atılan bir gəncin həyatından bəhs edən bu film, deyərdim ki, Sovet dövründən sonra çəkilmiş ən yaxşı 3-5 gürcü filmi sırasına daxildir. Filmin bir özəlliyi də orasındadır ki, burada ana-arvad söyüşlərindən və ümumi həbsxana jarqonlarından gen-bol istifadə olunub. Buradaca qeyd etmək istərdim ki, ümumiyyətlə, gürcü filmlərində real danışığa çox önəm verilir. Məsələn, söyüşdən istifadə olunası səhnələrdə hökmən söyüşdən istifadə edilir. Daha buna uşaq baxar, ağsaqqallarımız nə deyər deyə yanaşmırlar və mənə görə düz də edirlər. Filmdə reallıq olmalıdır. Sən məhbus obrazını oynayırsansa, həbsxana aləmindəsənsə, orada ədəbiyyat müəllimləri kimi illah da etik qaydalara uyğun danışmaq məcburiyyətində deyilsən.

Bundan əlavə, bu filmdə məhbus psixologiyası, umut və çarəsizlik, şiddət və qorxu hissləri, nə aşağı, nə yuxarı, tam olaraq olduğu kimi çəkilib. Gürcüstanlılar və Gürcüstan siyasətini yaxından izləyənlərin xatırladığı kimi, Mixeil Saakaşvili iqtidarı dönəmində həbsxanada məhbuslara qarşı törədilmiş işgəncə videoları mediaya sızdırılmış və əhalinin böyük etirazlarına səbəb olmuşdu. Bunun nəticəsində bir nazir dərhal istefa vermiş, Mixeil Saakaşvili və komandası isə keçirilən parlament seçkilərində məğlub olaraq, hakimiyyəti əldən buraxmışdı. Bunu niyə yazıram? Çünki film sırf o dövrdə həbsxanalarda yaşanan bu hadisələri bədii formada insanlara çatdırmaq məqsədi ilə çəkilib. Yəni gürcü kino sənəti, belə deyək ki, bu filmin timsalında az da olsa özünə qayıdıb, yenidən toplumun aynası olmağa çalışıb. Ancaq bunu nə dərəcədə bacarıb-bacarmadıqlarına qiymət vermək izləyicilərin və kinoşünasların öhdəsində olan bir məsələdir. Haqq naminə burasını da qeyd edim ki, o dövrdə çəkilmiş işgəncə videolarının bir oyun olduğunu, hər şeyin sırf Mixeil Saakaşvilinin iqtidardan getməsi üçün qurğulandığını iddia edənlər də az deyil...  

Filmdə sadəcə həbsxana deyil, eyni zamanda Gürcüstanın səhiyyə və hüquq sahəsinə yönəlik də kəskin tənqidlə müşayiət olunan səhnələr çəkilib. Ancaq bununla belə, filmdə çatışmayan, ya da belə deyək, yaxşı alınmayan nüanslar da olmamış deyil. Məsələn, filmin musiqi tərtibatı heç yerinə düşməyib, bəzi səhnələr var ki, orada daha yaxşı musiqi parçalarından istifadə olunsaydı, filmin keyfiyyəti daha da artardı. Çünki, filmi yaddaşlarda saxlayan ən önəmli ünsurlərdən biri də, heç şübhəsiz musiqidir.

Rejissorun bəzi səhnələrdə istifadə etdiyi animasiya effektlərinin də bu cür ciddi bir filmə yaraşmadığını və hətta buna ehtiyac olmadığını da deyə bilərəm.
Ssenari hər nə qədər yaşanmış bir hadisə əsasında yazılmış olsa da, çatışmayan tərəfləri də yox deyildir. Sadəcə həbsxana idarəçilərinin törətdiyi şiddətləri göstərmək də, açığı bu film barədə məndə sanki bir az qərəzli halda keçmiş rejimi lap gözdən salmaq üçün çəkilmiş bir film təəssüratı da oyatdı. Çünki həbsxanada şiddət yalnız idarəçilər tərəfindən törədilmir, məhbusların öz aralarında olan dava-dalaşa, şiddətə, rəqabət ortamına filmdə demək olar ki, heç toxunulmayıb. Sanki qəddar idarəçilər olmasa həbsxanada qalan hər şey güllük-gülüstanlıqdır kimi göstərilib və bu nə dərəcədə yerinə düşüb, deməkdə çətinlik çəkirəm.

Yenə də bütün əskikliklərə baxmayaraq, yekunda filmin gələcək adına ümidverici olduğunu vurğulamaq istərdim. Bu cür filmlər artmalıdır ki, kino sahəsində rəqabət şəraiti yaransın. Çünki rəqabət olmayan ortamda, inkişafdan söz gedə bilməz.