İlkin Tomar - Bir cümlə sən yaz, bir cümlə mən.

İlkin Tomar - Bir cümlə sən yaz, bir cümlə mən.


Bir cümlə sən yaz,

bir cümlə mən,

nədən başlayaq?

Sonrakı həyatımızdan,

yoxsa ayrılan yollarımızdan?

Bir xatirə sən danış,

dolsun gözlərimiz,

son dəfə birgə ağlayaq,

Danışaq dost olan düşməndən,

düşmənə çevrilən dostlarımızdan.

Dostlarımız ilk bahar,

narın yağış,

bir də sevgi olardı,

Bahar da gələr,

yağış da yağar,

nə biləydik sevgi yalan,

yox olandı.

Aramızdan keçməyən su,

çətirsiz tutdu bizi,

başımıza yağdı sonda,

Eşqin yükü ağır imiş,

yetmədi gücümüz,

atdıq,

qaldı yarı yolda.

Nə dost ola bildik,

nə də ki, cütlük,

sadəcə ikiyə bölünmüş şəkillərdə qaldıq,

Dünən sən Leyli,

mən Məcnun idim,

bu gün isə tamam yadıq.

Eyni şəhər,

eyni küçə,

eyni eyvan,

bir baxışlarım dəyişib.

Nağıla dönüb o günlər,

solub pəncərəndə güllər,

bu küçə əfsanələşib.

De görüm,

hədiyyələrim qalır,

ya çoxdan zibil yeşiyindədir?!

Yox!

Verdiyin saat qırılıb,

qutusu evimin xatirə guşəsindədir.

Hə!

Sənə yazdığım şeirlərim də,

sadiq olmadı sənə,

Sayını itirmişəm sonrakıların,

o şeirlər daha deyilmədi kimlərə?!

Əslində səninlə vardı həvəs,

duyğu dolu sözlər,

ilham pərim,

Saxtalaşdı məhəbbət,

ucuzlaşdı hislər,

sən gedəndən cırıldı sinə dəftərim.

Sənə ürəyim də,

sadiq qalmadı,

fani dünyatək doldu,

boşaldı,

İndi təkəm,

hiss edirəm yalnızlığı,

saraya bənzər qəlb,

daxmatək daraldı.

Qollarım da,

saysız incə bellərə sarıldı,

əllərim yad əllərə oldu sükan,

Sənlə vardı qısqanclıq,

sönməz od-alov,

içimdəki yatırılmaz üsyan....

Ən çox xəyanət edən sənə,
oldu bu şirin dilim.

Sənə satdığım yalanların,
müştərisi çoxaldı,
bir qara qəpiyə dəymədi sözlərim.

Bir vaxt sən mələk idin,

indi dönmüsən kabusa,

hiylə gülüşlü bir iblis.

O yolların tozu yatdı,

yağdı yağış,

yağdı qar,

qalan xatirən qəlbimdə silinməz bir iz.

Yadındamı?!

içkidən uzaqdım,

heç sevməzdim, anlamazdım sərxoşları.

İndi heç boş qalmaz badəm,

sərxoşam, doludur piyaləm,

dost seçmişəm qədəhləri,

azıb səhv salmışam yolları.

Bir nöqtə sən qoy,

Bir nöqtə mən,

Yeni sətir açaq,

Yenidən yazaq,

Cümlələrdə azaq,

Bir nöqtə qoy,

Ayrılaq, ayrılaq..






İlkin Tomar