“İtən vaxt” haqqında ballada

“İtən vaxt” haqqında ballada


Vidadi Qafarlı
Teatrşünas

Məkan:
Oda Teatrı
Əsər: "İtən vaxt” monotamaşası
Müəllif: Samir Sədaqətoğlu
Quruluşçu rejissor: Xalq artisti Cənnət Səlimova
Bəstəkar: Firudin Allahverdi
İfaçı: Əməkdar artist İlqar Cahangir.

"Gözətçi saat neçədir? ... Mən zamanı itirmişəm...”, - "Oda”nın "İtən vaxt” monotamaşası bu sözlərlə başlayır. Və...”Oda” salır məni oda, tamaşa başlayan kimi mən də zamanımı itirirəm, düşürəm zamansızlığın burulğanına, məkansızlığın ağuşuna,  düşürəm "Oda”dakı odaya, Vətən savaşında bir qolunu itirmiş keçmiş əsgərin düşdüyü məhbəs odasına. Yadıma Nazim Hikmətin salındığı Bursa həbsxanası düşür, Musa Cəlilin ömrünə son qoyan Moabit əsir düşərgəsi düşür, Xəlil Rza Ulutürkün salındığı Lofortovo zindanı düşür. ..

O, danışır, ... Bu gün dustaq olan keçmiş döyüşçü, təkqollu əsgər danışır... bura, məhbəsə düşənə kimi yaşadığı həyat hekayəsini danışır...Vətəndən məhəbbətlə, Vətən xainlərindən nifrətlə, itirilən torpaqlarımızdan həsrətlə, itirdiyi döyüş yoldaşlarından ürək yanğısı ilə, xiffətlə,  puç olmuş arzularından kədərlə danışır...

O, danışır, ... mən sanki muğam dinləyirəm, döyüşə, mübarizliyə, qəhrəmanlığa səsləyən "Heyratı”nı, "Mənsuriyyə”ni dinləyirəm, daş qəlbləri belə sızldadan "Segah”a, "Qarabağ şikəstəsi”nə qulaq asıram.

O, danışır, ... Və mən... unuduram ki, teatrdayam, monotamaşadayam, unuduram ki, bir aktyorun teatrına gəlmişəm. Çünki o, danışmır və mən də  qarşımda aktyor görmürəm. Mən qarşımda  Vətən yolunda bir qolunu itirsə də, Vətənə olan sevgisi müqabilində bu gün məhbəsdə olsa da onun uğrunda yenə də döyüşməyə, özünü qurban verməyə hazır olan əsl əsgər görürəm.
Əməkdar artist İlqar Cahangir özünün daxili və fiziki plastikasının vəhdəti, səsi və bədəni üzərində hakimliyi, ifaçılıq palitrasının zənginliyi və rəngarəngliyi sayəsində canlandırdığı əsgər obrazının yaşadığı həyatı, hiss və həyacanı özü ilə birgə bizə də yaşadır. Tamaşanın təsirli alınmasında əsərin mətnindəki ifadələrin səlistliyi və sərrastlığı, monoloqun dramaturji strukturunda təhkiyənin inkişaf xəttinin dəqiq tapılması da sözsüz ki, xüsusi rol oynayır.
O, danışır, ...Və ... "Oda” artıq odalıqdan  çıxır, qəlbi yaralı Vətənə, patça-parça olmuş Azərbaycana çevrilir. Və biz də Odadan "çıxırıq”, onunla birgə Qarabağa gedirik, Vətən müharibəsində iştirak edirik, əsgər dostumuzun döyüşdə mərminin üzdüyü başını öz əlləriylə axtardığını gözlərimizlə görürük, milli xainlərimizin satqınlığı nəticəsində Qarabağımızı itiririk.., məğlub bir döyüşçü kimi, torpaqlarımızla yanaşı bir qolunu da itirmiş əsgər kimi geri qayıdırıq.., kəsilmiş ayağının çəkməsini qarşısına qoymuş, başını aşağı dikərək küçədə qarmon çalıb mahnı oxumaqla pul yığan keçmiş əsgərlə rastlaşırıq, ... amma "adamlar o çəkməyə nə qədər qəpik-quruş atsalar da o çəkmənin boşluğunu doldura bilmirlər”, buradan göz yaşı ilə təzə uzaqlaşırıq ki, "şəhərin barlarında, restoranlarında, buradakı əxlaqsız qızların qoynunda "itkin” düşən” satqın həmvətənlərimizi görürük... və... bir satqını, vətən xainini cəzalandırdığımıza görə ... məhbəsə salınırıq... yenidən "Oda”ya qayıdırıq, Vətən savaşında bir qolunu itirmiş keçmiş əsgərin düşdüyü məhbəs odasına...

O, danışır, ...  butün tamaşa boyu fonda musiqi səslənir... O, uşaqlıq xatirələrini danışanda bir zümzümə eşidirəm, qırılmış arzularından danışanda bir inilti eşidirəm, döyüş səhnələrini, əsgər yoldaşlarını xatırladanda bir hönkürtü eşidirəm...

O, danışır, ... hardansa yadıma Rembrandtın "Azmış oğulun qayıtması” tablosu düşür. Həmin tabloda alaqaranlıq otaqda atasının qarşısında diz çokmüş oğul təsvir olunur. Vaxtı ilə atasına arxa çevirib getmiş, bu gün isə günahlarını etiraf etmək, tövbə etmək səviyyəsinə yüksələrək bağışlanmaq diləyi ilə atasının qarşısında diz çökən Oğul və uzun illər intizarla bu günü gözləyən Ata. Rəssamın ümid, nikbinlik işığı qataraq qırmızı rəngin çalarları ilə işlədiyi bu tablo insanın içini tərpədir, onda bir təlatüm yaradır, insanı tövbəyə, saflaşmağa çağırır...  

O, danışır...

...mən artıq diz çökmüşəm, bəs sən?!