Kişi yazarlar xanım həmkarları haqqında danışdı - SORĞU

Kişi yazarlar xanım həmkarları haqqında danışdı - SORĞU


 
Kişilərin, yoxsa qadınların ədəbiyyatda daha maraqlı nümunələr yaratdığı hələ də mübahisə mövzusudur. Kişi yazarlar özlərinin bu sahədə daha da irəli getdiklərini bildirsələr də, bəzən sözün üzərində kimin - qadın və ya kişi müəllifin hakimiyyətinin daha güclü olacağını zamanın ixtiyarına buraxırlar. "Kaspi”nin yazıçı və şairlər arasında keçirdiyi sorğu da bütün hallarda qadınların heç də ədəbiyyatda "zəif  bənd” olmadığını ortaya çıxardı.

Nəriman Əbdülrəhmanlı: "Elə qadın yazıçılar var ki..."
 
Tanınmış nasir Nəriman Əbdülrəhmanlı ən çox xoşladığı qadın yazar kimi türkiyəli yazıçı Əlif Şəfəqin yaradıcılığını bəyənir: "Əlif Şəfəq müasir Türkiyənin ən çox tanınmış yazarlarından biridir. Mən artıq onun 3 romanını tərcümə etmişəm. O, modern türk nəslinin ən gözəl nümunələrini yaradan yazıçıdır”.
N.Əbdülrəhmanlı gürcü ədəbiyyatının nümayəndəsi Maka Cokhadzenin yaradıcılığını da çox bəyənir: "Onun yaradıcılığı mənə çox doğmadır. Yazıçının bir neçə hekayəsini Azərbaycan dilinə çevirmişəm”.

Ölkəmizin qadın ədəbiyyatçılarının yaradıcılığına gəlincə, N.Əbdülrəhmanlı daha çox yazıçı Afaq Məsudun yaradıcılığını dəyərləndirir: "Onun hekayələrini, povestlərini, romanlarını xoşlayıram. Onun təhkiyə üsulu, ustalığı, dili mənə çox yaxındır”.

Nasirə görə, qadın və kişi yazarların yaradıcılığı arasında əsaslı fərq yoxdur: "Sadaladığım yazarların əsərlərinin üzərindən imzaları götürülsə, həmin əsərlərin kişi və ya qadın yazar tərəfindən ərsəyə gəldiyini müəyyənləşdirmək çətin olar. Əgər yazı kişi və ya qadına məxsus olması ilə fərqlənirsə, bu, qələm sahibinin zəifliyi ilə izah olunur. Əsərdə yazıçının daxili aləmindən başqa heç nə əks olunmamalıdır. Saydığım yazıçıları məhz ona görə qiymətləndirirəm ki, onlar ədəbiyyat yaradırlar. Qadın və ya kişi ədəbiyyatı onların anlayışında yoxdur”.

Kişi yazarların qadınlara nisbətən daha çox məşhurlaşmasına gəlincə, N.Əbdülrəhmanlı hesab edir ki, bu, zamanın min illər davam edən stereotipidir: "Qadınlar həmişə ikinci rolda olublar. Yalnız 20-ci əsrdən başlayaraq onlar öz yaşantılarını, hisslərini ədəbiyyatda təsvir etməyə başlayıblar. Ancaq elə qadın yazıçılar var ki, onları kişi yazarlarla nəinki yanaşı qoymaq, hətta yüksək qiymətləndirmək mümkündür. Son illər Nobel mükafatına layiq görülənlər arasında çoxlu qadınlar var. Eləcə də böyük mükafatlar alan, əsərləri dünyada yayılan qadınların sayı çoxdur”.

Yazıçının fikrincə, qadınların ailə məsuliyyəti, yaşantıları da onların yaradıcılığına, özlərini ifadə etmələrinə təsir göstərir. Həmçinin cəmiyyətin qadın yaradıcılığına reaksiyası da buna təsir edir: "Ola bilsin ki, bu səbəbdən məşhur qadın yazarlar bir qədər azdır. Ancaq bu, əslində o qədər də vacib məqam deyil. Söhbət yüksək sənət əsərindən gedirsə, qadın-kişi ayrımçılığı qoymaq düzgün deyil”.

İlqar Fəhmi: "Məhsəti, Natəvan, Marina..."

Yazıçı İlqar Fəhmi üçün önəmli olan Azərbaycan və Şərq mədəniyyətidir. Belə ki, İ.Fəhmi Xan qızı Natəvanın, Məhsəti Gəncəvinin və rus ədəbiyyatından Marina Svetayevanın yaradıcılığını daha çox sevir: "Məhsətinin yaradıcılığı mənə ona görə maraqlıdır ki, qədim Şərq mədəniyyətinin intibah dövründə, kişilərin irfan fəlsəfəsini xırdaladığı bir vaxtda onların arasına elə formada daxil olub ki, zərrə qədər də zəif görünməyib. Natəvan da eyni zamanda kişilərin hegemon olduğu Şərq ədəbiyyatı xəttində öz yüksək səviyyəsini qoruyub. Svetayeva isə qadın hisslərini yüksək səviyyədə açmasına görə xoşuma gəlir. O, qadının dərinlikdə olan, hətta dilə gətirə bilmədiyi hisslərini ifadə etməyi bacarıb”.

Yazıçı hesab edir ki, qadınlar nəsrə nisbətən poeziya sahəsində daha uğurlu fəaliyyət göstərirlər: "Qadının özü başdan-ayağa poeziyadır. Onun təzədən poeziya uydurmasına ehtiyac yoxdur”.

Yazıçının fikrincə, poeziya zamanın süzgəcindən keçməlidir: "Müəyyən şeylər var ki, insan ondan məsafəcə aralanmalıdır ki, ona qiymət verə bilsin. İndiki dövrdə hazırda yaranan ədəbiyyata qiymət vermək bir qədər düzgün deyil. 20-30 ildən sonra bilinəcək ki, indiki yazarlardan kim qalacaq, kim yox. Bu baxımdan indiki yazarlara qiymət verməyə ehtiyac duymuram”.  

Vaqif Bəhmənli: "Qadınlar daha çox duyğusaldır"
 
Şair Vaqif Bəhmənli hesab edir ki, həm əvvəlki dövrlərdə, həm də indiki vaxtda qadın yazarlar arasında kişilər qədər cəsarətli və əsil sənət nümunəsi yaradan qadınlar çoxdur. "Onlar xüsusən son dövr Azərbaycan ədəbiyyatında təkcə zəif cinsin nümayəndələri kimi yox, elə əsil kişilər kimi sanballı yazırlar. Bu mənim müşahidə etdiyim ən gözəl cəhətlərdən biridir. Artıq prosesin özündə "bu, kişi, yaxud qadın yazardır”- deyə ayırmağa ehtiyac qalmır. Demək olar ki, enerjinin gücünə görə bu fərq aradan qalxıb. Bu gün yazıçı qadınlar xarici ədəbiyyatın tərcüməsi məsələsində öndə gedirlər. Xüsusən nəsr əsərlərinin tərcüməsi xoşuma gəlir”.

V.Bəhmənli bugünkü Azərbaycan nəsrinin ən layiqli nümayəndəsi kimi Afaq Məsudun yaradıcılığına üstünlük verdiyini bildirir. Şair Fransada yaşayan azərbaycanlı yazıçı Ümm-əl Banunun və bu yaxınlarda dünyasını dəyişən, Haaqada yaşayan həmvətənimiz Gülşən Lətifin yaradıcılığını və Həyat Şəminin şeirlərini sevirsə, ədəbi tənqid sahəsində Bəsti Əlibəyli, Nərgiz Cabbarlı və Elnara Akimova kimi tənqidçilərin yaradıcılığını dəyərləndirir: "Onlar Azərbaycan tənqidində susqunluq olduğu bir vaxtda yazıları çox gözəl təhlil edir, ədəbiyyata həvəsləndirirlər. Bunun özü də böyük köməkdir. Bu da ədəbi prosesdə öz sözünü deyir”.  
Şair Seyran Səxavət ingilis yazıçılarından Lilian Voyniç, Aqata Kristi, Azərbaycan yazıçılarından Əzizə Cəfərzadə, Ələviyyə Babayevanin yaradıcılığını çox sevdiyini bildirir. Müasir Azərbaycan ədəbiyyatından Afaq Məsudun yaradıcılığını dəyərləndirən S.Səxavət hesab edir ki, ümumilikdə qadın və kişilər arasında hansı fərq varsa, bu onların yaradıcılığına da aiddir.


Elçin Hüseynbəyli: "Qadınlar daha duyğulu yazırlar"


Yazıçı Elçin Hüseynbəyli fransız yazıçısı Jorj Sandın əsərlərini çox xoşlayır. Həmçinin Azərbaycan ədəbiyyatında  Sara Nəzirovanın yaradıcılığını dəyərləndirən yazıçı müasir ədəbiyyatda Afaq Məsudun yaradıcılığına üstünlük verir: "Vaxtilə Əzizə Cəfərzadənin tarixi romanları var idi. İndi də xanım yazarlar çoxdur”. Hal-hazırda qadın yaradıcılığı ilə bağlı hər hansı ciddi bir əsər oxumadığını söyləyən E.Hüseynbəyli maraqlı müşahidələri olan qadın yazarların olduğunu da istisna etmir. Belə ki, onların yazdığı maraqlı hekayələr, publisistik əsərlər, poeziya nümunələri var: "Həyat Şəminin, Fərqanənin maraqlı poeziya nümunələri var”.
Yazıçının fikrincə, ailənin ağırlığı daha çox qadının çiynində olduğundan bu onların yaradıcılığına təsir edir: "Azərbaycan cəmiyyətində evin ağırlığı həmişə qadının üzərində olub. Qadınlar evə daha çox bağlı olurlar. Bu baxımdan, onların kişilərə nisbətən tez məşhurlaşması problemlidir. Ancaq mən deyərdim ki, bu gün ədəbiyyatşünaslığın ağırlığı da qadınların çiynindədir. Bu sahədə maddi problemlər olduğundan kişilər daha çox başqa sahələrə meyil edirlər. Əvvəlki illərə nisbətən qadın yazarların sayı qat-qat artıb”.

Qadınların nəsrə nisbətən daha çox poeziyaya meyl etmələrinə gəlincə, dramaturq hesab edir ki, poeziya ədəbiyyatın kübar növüdür: "Qadınlar həm də poeziyaya ona görə meyil edirlər ki, nəsr yazmaq onlardan çox vaxt istəyir. Roman yazmaq üçün onlara saatlarla vaxt, stol arxasında oturmaq lazımdır. Qadınların elə bir imkanları yoxdur ki, onlar aylarla oturub roman yazsınlar. Evin qayğıları, uşaqların yükü qadının üzərinə düşür. Bundan əlavə, istisnaları çıxmaqla, qadınların beyin, yük və düşüncə tutumu kişilərinki qədər geniş deyil”.

E.Hüseynbəyliyə görə,  qadın yazarlarla kişi yazarlar arasındakı fərq emosional gücdədir: "Qadınlar daha çox duyğusal olurlar və onlar duyğulu yazırlar. Qadınlar daha çox zərif məqamlara toxunurlar. Ona görə də poeziyaya, lirikaya daha çox üstünlük verirlər. Bu baxımdan, qadın yazarlar arasında təkcə Afaq Məsud fərqlənir. O, həyatın ən sərt üzlərini də yazmağı bacarır. Ona görə də mən qadın yazarlarla kişi yazarlar arasındakı fərqi yalnız duyğu və hissiyyat baxımından görürəm”.  

Qulu Ağsəs: "Qadının özü poeziyadır"

"Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs əsərlərini maraqla oxuduğu qadın yazarların adını sadalamaq istəməsə də, ümumilikdə xanımların ədəbi yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü: "Poeziya nəsrə nisbətən daha yumşaq, plastik, incə və kövrəkdir. Nəsr kobuddur, qabadır. Qadının özü isə poeziyadır. Hər qadın bir şeirdir. Mənə elə gəlir ki, qadının həyatda da yeri poeziyadır, yaradıcılıqda da. Təbii ki, nəsr yazan xanımlar da var. Onların yaradıcılığında nəsrin codluğunu qoruyan yazılara da rast gəlmək olur”.

Şair qadın və kişi ədəbiyyatı arasında o qədər fərq görmədiyini söyləsə də, ədəbiyyatda daha çox kişilərin yaradıcılığının tərəfdarı olduğunu da etiraf edir: "Əgər gözəlliyin, nəcibliyin simvolu kimi qadınlarla kişilər heç bir müqayisəyə gəlmirsə, ədəbiyyatda da qadınlar kişiləri böyük hesabla qabaqlayırlar. Son vaxtlar qadınların ədəbiyyatda rolu get-gedə artmağa başlayıb. Bunun da bir çox səbəbləri var. Hətta bunu məişətlə bağlayanlar da var ki, əvvəllər qadın ailə qayğıları ilə məşğul olurdu, amma bugünkü qadın texnikanın köməyi ilə bir sıra məişət qayğılarından qismən də olsa qurtulub. Qadının vaxtı artdığı üçün o, öz potensialını yaradıcılıqda daha çox üzə çıxarmağa başlayıb. Ancaq mən bunun səbəbini təkcə məişətdə görmürəm. Mənə elə gəlir ki, qloballaşan dünyada qadın və kişi arasında bərabərlik başlayıb. Qadınlar daha çox müstəqil olublar və onların müasir dünyada rolu qat-qat artıb. İnsanın da rolu artanda o, bir sahə ilə kifayətlənmir. O, bütün sahələrə nüfuz etməyə çalışır. Bu mənada qadınların həm dünya, həm də Azərbaycan ədəbiyyatında xeyli sayda nümayəndəsi var”.

Q.Ağsəs hesab edir ki, bu tendensiya get-gedə artmağa başlayacaq. Belə ki, hazırda dünyada əsərləri bestsellərə çevrilən cavan xanımlar var: "Hətta aralarında biri evdar xanımdır. Qadın düşüncəsi, təhkiyəsi, nəsri dünya üçün maraqlıdır. Ancaq maraq başqa, peşəkarlıq başqadır. Qadınların yazdıqlarına naşirlər, redaktorlar daha çox sevgi və mərhəmətlə yanaşır. Ancaq sırf ədəbi kriteriyalarla yanaşmağın vaxtı gələcək. Qadının ədəbiyyatda rolu artdıqca, artıq qadın-kişi söhbətləri ədəbiyyatda yığışandan sonra, yəqin ki, onlara daha sərt yanaşılacaq və içində ən yaxşıları seçiləcək”.

Q.Ağsəs qadınların çağdaş ədəbiyyatda rolunun artdığını etiraf etsə də, inkişafın gələcəkdə daha yaxşı və ya pis olacağı haqda proqnoz verə bilmir: "Çünki ədəbiyyatın tezisi yoxdur. Ancaq bugünkü dövrdən çıxış edib kişilərin dominant olduğunu deyirəm. Sözün üzərində kimin hakimiyyətini – qadın və ya kişi müəllifin daha güclü olacağını yalnız zaman göstərə bilər”.

Təranə Məhərrəmova
"Kaspi"