Seksuallığımı satmıram! - MÜSAHİBƏ

Seksuallığımı satmıram! - MÜSAHİBƏ

Madonna: "Mənim qayda-qanunlarım ikiüzlü olmamağı, özünə bəraət qazandırmamağı, kiməsə yalvarmamağı və başqalarına arxayın olmamağı özündə ehtiva edir”

Mahnılarında müxtəlif mövzülara toxunması, tez-tez fərqli üslublardan yararlanması, yaradıcı ve yenilikçi olması ilə digər müğənnilərdən fərqlənən Madonna dünya musiqi tarixində həm müğənnilər, həm də insanlar üzərində ən çox təsir buraxmış, 300 milyondan çox albom satışı əldə edərək tarixdə ən çox albomu satılmış qadın müğənni hesab olunur. Madonna 20-ci əsrin 25 nüfuzlu qadını siyahısına daxil edilmiş yeganə qadın müğənnidir. O, "Ginnesin Rekordlar Kitabı”na dünya tarixində "ən uğurlu qadın müğənni” adı ilə düşmüşdür.

Madonna, "Slant” jurnalı tərəfindən tarixdə ən çox yaxşı klip çəkmiş müğənni seçilmişdir. Ən bahalı videokliplər siyahısında onun "Die Another Day” klipi 6 milyon dollarla 2-ci yerdə, "Express Yourself”, "Bedtime Stores” klipləri isə ayrı-ayrılıqda hərəsi 5 milyon dollarla 3-4-cü yerde qərarlaşmışdır. 

Tarixdəki ən uğurlu konsert turnesi də Madonnaya məxsusdur. 2008-ci ildə "Hard Candy” albomunu dəstəkləyən "Sticy and Sweet” adlı dünya konsert turnesi zamanı 280 milyon dollarlıq bilet satışı əldə edən Madonna, 2009-cu ildə eyni adlı turnesi ilə 408 milyon dollar qazanaraq öz rekordunu təzələyib. Belə ki, o, 2006-cı ildə "Ginnesin Rekordlar Kitabı”na ən çox qazanan qadın sənətçi kimi düşmüşdü. 

Madonna həmçinin öz yazıçılığına, siyasi görüşlərinə, xeyriyyə işlərinə görə də diqqət cəlb edir. O, müasir ulduzlardan Britni Spirs, Nelli Furtado, Şakira, Qven Stefani, Kristina Agilera, Lady GaGa, Keti Perri kimi məşhurların üzərində təsir buraxmışdır.

Madonnanın "Papa Dont Preach”, "Vogue”, "Like a Prayer”, "La Isla Bonita”, "Like a Virgin”, "Hung Up”, "Ray of Light”, "Frozen”, "Die Another Day”, "Music”, "4 minutes” mahnıları məşhur top siyahılarda nömrə bir səviyyəsinədək yüksəlmişdi.

Otuz illik sənət karyerasında Madonna 9 dəfə "Grammy”, 2 dəfə "Qızıl Qlobus”, 24 dəfə "MTV Video Music Awards”, 30 dəfə "Billboard” mükafatı əldə edib.

Kult.az dünya şöhrətli müğənninin müsahibəsini təqdim edir.


"Dünyanı necə varsa, eləcə də qəbul etmək üçün özüm-özümlə mübarizə aparıram və xam xəyallara qapılmıram"


- Niyə siz hər şeyin öhdəsindən gələ bilirsiniz? Siz nə edirsinizsə edin – mahnı, klip, albom, konsert, kitab, film, -  bütün bunlar hamısı şöhrət qazanır, bununla da tamaşaçıları əldə saxlayırsınız. Yoxsa uğur qazanmağın universal reseptinə bələdsiniz?

- Aha, bələdəm. Hətta cavanlıq məhlulunun da reseptinə bələdəm. Görürsünüzmü, 55 yaşım var, amma təravətliyəm.

- Lütfən deyərdiniz, 25 il əvvəl necə oldu məşhurlaşdınız və ta o vaxtdan bu günə kimi şöhrət zirvəsində qaldınız?

- Bax, bəzi adamlara yaman paxıllığım tutur. Məsələn, sizə. Çünki siz şöhrətin və uğurun nə demək olduğunu dəqiq bilirsiniz. Mənsə ikili həyat yaşayıram. Bunun müsbət və mənfi cəhətləri var. Maddi cəhətdən nə qədər uğur qazanmışamsa qazanım, amma mübarizəmdən heç zaman qalmamışam, elə indi də dünyanın ikiüzlülüyü, ziddiyyətləri ilə mübarizə aparıram. Bu dünyada öz yolumu tapmağa çalışıram. Dünyanı necə varsa, eləcə də qəbul etmək üçün özüm-özümlə mübarizə aparıram və xam xəyallara qapılmıram. Mübarizə aparıram…

- Bəlkə mübarizlik sizin xasiyyətinizdir?

- Ümumiyyətlə, təbiət mənə çox şeylər bəxş edib. Amma malik olduğun nəsnələrə bütünlüklə sahib olduğunu düşünərkən, nə istedadın varsa, çıxıb gedir. Həmişə öz qabiliyyətlərimin və ya istedadımın yiyəsi olmadığımı anlamışam. Mən sadəcə istedadımın meneceriyəm. Bunu dərk etməyin özü elə uğurun yarısı deməkdir. Bundan başqa, bilik əldə etməyə çox həvəsliyəm və həmişə yeni nələrsə öyrənirəm. Özümdən daha ağıllı adamlarla işləməyə çalışıram. Nə qədər çox savadlı olsam, bir o qədər çox özümü ifadə edə bilərəm. Əgər bir işin qulpundan yapışıramsa, onda bu işi sona çatdırmalıyam. "Sonadək” mənim peşəmdə - maksimal şöhrət və maddi qazancdır. Atam deyərdi ki, əgər dörd gün ardıcıl olaraq, fikrimizi heç bir başqa yerə yayındırmadan, eyni işlə məşğul olsaq, onda maskimal nəticə əldə edə bilərik. Mən həmişə bu qaydaya riayət edirəm. Amma məşğul olduğumuz işlər bəzən dörd gündən daha artıq zaman tələb edir.


"Mənim sinif yoldaşlarım öz acı dillərini işə salıb, üstümə düşürdülər. Mənsə onlara tabe olmaq, hamı kimi olmaq əvəzinə, öz fərqli xüsusiyyətlərimi müntəzəm şəkildə dərinləşdirirdim"


- Atanız həmişə sizə ciddi təsir edib?

- Mən beş yaşımda olarkən, anam döş xərçəngindən vəfat etdi. Bundan ən çox əziyyət çəkən atam oldu. Atam üçün bizim aramızdakı əlaqələr çox vacib idi. İndi özüm də ana olduğumdan bunu qiymətləndirməyi bacarıram. Atamın mübarizə apardığı yeganə şey mənim acısını çəkdiyim hisslər idi. Büsbütün tənhalıq, yiyəsizlik və günahlar. Məndə elə hisslər vardı ki, sanki cənnətdən qovulmuşdum. Cənnət – anamın sağ olması idi. Sonra sanki dəhşətli bir günah işlətdim və bu günahım ucbatından cənnətdən qovuldum. Böyüyərkən hardansa oxudum ki, uşaqlar öz yaxınlarından kimisə itirdikdə, onlara elə gəlir ki, nəsə dəhşətli bir günah işlədiblər. Atam ikinci dəfə evləndi və nəticədə mən səkkiz uşaqlı ailənin ən böyük qızı oldum. Həm atama, həm də ögey anama kömək edirdim. Onlar da bunu qiymətləndirirdilər. Bunu hiss edirdim. Atam mənə təşəkkür etməkdən qalmırdı. Bu təşəkkürün maddi formada olması şərt deyildi... bu, ümumiyyətlə vacib deyil. Vacib olan odur ki, etdiyim yardımlara atamın dəyər verməsini dərk edirdim. Onu məyus etmək istəmədiyimdən, məktəbdə üzləşdiyim çətinliklərlə bölüşmürdüm. O qədər çətinliyim vardı ki... Məktəbdə çox sevmirdilər məni, ələlxüsus da yuxarı siniflərdə... 

Hamıdan fərqlənirdim, musiqi və baletlə maraqlanırdım. Uşaqlar isə onlardan fərqlənənlərə qarşı çox amansız olurlar. Mənim sinif yoldaşlarım öz acı dillərini işə salıb, üstümə düşürdülər. Mənsə onlara tabe olmaq, hamı kimi olmaq əvəzinə, öz fərqli xüsusiyyətlərimi müntəzəm şəkildə dərinləşdirirdim. Nə qoltuğumun altını, nə də ayaqlarımı qırxırdım. Kosmetikadan istifadə etmirdim. Qəşəng və tərbiyəli qızın riayət etməli olduğu heç bir qaydaya tabe olmurdum, buna görə də "dişlərinin dibindən çıxanları” deyirdilər mənə. Amma bu, mənim üstünlüyümü daha da artırırdı. Ürəyimdə deyirdim ki, ay uşaqlar, qaynayıb-qarışın, axı siz Malerin kim olduğunu bilirsiniz!

14 yaşımda rəqsə getdim, bu da mənə çox kömək etdi. Heç bir qarşıdurmasız-filansız öz yolumu tapdım. Atam bu işimə qarışmamaqla mənə kömək etmiş oldu. Atam, ümumiyyətlə, elə adamdır ki, onu silkələmək çətin məsələdir. Mənim ömrümün böyük bir hissəsi atamı təəccübləndirməyə, onun razılığını almağa getdi. Lap uşaq vaxtımdan... Mən maniakal əlaçı qız idim, atamda daim yaxşı təəssüratlar oyatmağa çalışırdım. O, mənim işlərimə çox da mane olmurdu. Həmişə bilirdim ki, atam məni sevir.

- Bəs ögey ananla münasibətlərin necə idi?

- Mən ondan incimirdim: heç zaman onun haqqında anam kimi fikirləşmirdim. Sadəcə, məni böyüdüb boya-başa çatdıran və o illərdə mənə nəzarət edən bir qadın sayırdım onu. Yeniyetməliyimin hansısa bir dövründə ögey anama heç məhəl qoymurdum. Ana nəvazişindən məhrum qaldığımı düşünürdüm və xarakterimdə bəzi gizlinliklərin də məhz bu səbəbdən olması istisna deyil.


"Televizor təxəyyül imkanlarını məhdudlaşdırır, adamı kütləşdirir. Televizordan asılılıq isə şərdir. Şər – istənilən asılılıqdır"


- Siz tənha idiniz?

- Bir ailədə ki səndən başqa yeddi uşaq ola, özünə qapanmaq çətin məsələdir. Ümumiyyətlə, çoxuşaqlı ailədə tərbiyə almaq bütün ömrün boyu səninlə qalır. Biz çox da kasıb deyildik, amma hələ indiyədək mağazadan istədiyim şeyi almıram. Puritan tərbiyəsidir. Pula diqqət. Özünüməhdudlaşdırma.

- Bəs öz övladlarınız üçün məhdudiyyətlər tətbiq edirsinizmi?

- Mən daha çox ciddiyəm. Övladlarıma imkan vermirəm ki, otaqlarında qarışıqlıq yaratsınlar, həmişə səliqə-səhmana fikir verməli olduqlarını qarşılarında tələb kimi qoyuram. Həmişə dərslərini yoxlayıram. Lurdes balaca olarkən, istədiyi nəyisə ona verməyəndə, döşəməyə sərilirdi və bir oyunlar çıxarırdı ki, gəl görəsən... Mən bir dəfə də olsun təxribata getmədim. Uşaq öz valideynlərinin həyatını idarə etməli deyil. Uşaq bilməlidir ki, bunun məsuliyyəti kimin üzərindədir... Mən uşaqlarıma heç telezivora da çox baxmağa imkan vermirəm.

- Televizor – şərdir?

- Sadəcə, televizor təxəyyül imkanlarını məhdudlaşdırır, adamı kütləşdirir. Televizordan asılılıq isə şərdir. Şər – istənilən asılılıqdır.


"Bəzən güclü olmaq – heç nə etməmək deməkdir, bəzənsə, əksinə, zəifliyini nümayiş etdirməkdir"


- Bəs siz öz şöhrətinizdən asılı deyilsiniz? Belə söhbətlər gəzir ki, arxanızca vaxtında limuzin gəlməyəndə, şüvən qoparırdınız...

- ...Sonra bir daha belə etmədim. Gərgin olduğumdan belə edirdim. Heç bir ulduz-filan olmadığımı və şöhrətimin saxta olması ilə bağlı şübhələrimin təsdiqini gözləyirdim. Sonra şöhrətdən təngə gəldim. Hamı məşhur olmağa can atır, bu isə başdanxarablıqdır. Mənsə deyirəm ki, bütün bunlar boş şeylərdi. Ulduz olanadək xeyli səhvlər buraxırsan. Şəxsən mən həyatdan o qədər sərt şapalaqlar almışam, amma hələ də ağlıkəm olaraq qalmaqdayam.

- Sizin qızınız artıq yeniyetmədir. Münasibətləriniz çətinləşməyib ki?

- Qızımın həmişə öz şəxsi mövqeyi olub. Lurdesin bu xüsusiyyəti dəyişməyib. Lap çoxdan anlamışam ki, onun şəxsiyyət kimi formalaşması mənimçün taleyin çağırışıdır. Onun fərqli olduğunu qəbul etməliyəm. Həm də, buna sevinməliyəm. Onun güclü olması gələcəkdə öz köməyinə çatacaq. Mənimçünsə az problem yaradacaq.

- Elə siz özünüz də güclü qadınsınız... Güclü olmaq nə deməkdir?

- Aslanın erkəyi-dişisi olmaz. Həm qadınlar, həm də kişilər arasında xeyli sayda güclülər və zəiflər var. Dünyada hər şey mənimçün çoxmənalıdır. Bəzən güclü olmaq – heç nə etməmək deməkdir, bəzənsə, əksinə, zəifliyini nümayiş etdirməkdir. Mənim üçün güclü olmaq – müdriklikdir. Bəlkə də dünyada ən yaxşı xüsusiyyət öz yerini bilməkdir. Nə özünü Yer kürəsinin göbəyi, nə də xırda canlısı saymaq lazımdır. Öz gücünü və yerini real qiymətləndirmək gərək.


"Əgər geriyə qayıdıb, olanları-keçənləri təhlil edib araşdırası olsaq, onda anlayacağıq ki, dəyişməkdə, öyrənməkdə, böyüməkdə, müdrik, həssas və güclü olmaqda bizim imdadımıza çatan nəsnələr, elə bizim pis qəbul etdiyim nəsnələrdir"


- Belə bir fikir var ki, siz öz mahnılarınızda, kliplərinizdə, konsertlərinizdə "seks satırsınız”, seksuallığınızı nümayiş etdirməyiniz sizin uğurunuzu şərtləndirir. Başqa sözlə, bütün dünya "Madonna ilə yatır”.

- Mən öz seksuallığımı nə satıram, nə də kirayə verirəm! Mən heç kimə məxsus deyiləm! Hətta mənimlə yatağını paylaşan və ya paylaşmış adamlara da məxsus deyiləm. Madonna ilə yataqda yalnız mən oluram. Mən yalnız özümə məxsusam!

- Siz katolik ailədənsiniz, amma kabbalaya iman gətirirsiniz. Bu, qəribə deyilmi?

- Bəlkə də yataqdan daha intim məsələ inamdır. Hər kəs öz inamını tapmalıdır. Mənim tapdığım inamda xüsusi tələblər yoxdur. Bu, dünyanı, fəlsəfəni anlamağın üsuludur. Biz bütünlüklə özümüzə görə məsuliyyət daşıyırıq, heç kəs bizim əvəzimizdən nəyisə müəyyənləşdirmir. Mən öz taleyimin memarıyam. Tutduğum əməllərə və dediyim sözlərə cavabdehəm. Dünya mənim ətrafımda fırlanmır və heç mənim maraqlarıma xidmət etməyə də borclu deyil. Sadəcə Xeyir və sadəcə Şər deyilən bir şey yoxdur. Əgər geriyə qayıdıb, olanları-keçənləri təhlil edib araşdırası olsaq, onda anlayacağıq ki, dəyişməkdə, öyrənməkdə, böyüməkdə, müdrik, həssas və güclü olmaqda bizim imdadımıza çatan nəsnələr, elə bizim pis qəbul etdiyim nəsnələrdir. Eləysə, ümumiyyətlə, Şər varmı? Kabbala mənə kömək etdi ki, özümçün nəsə bir qanun-qayda yaradım və bunun əsasında da ömrümü yaşayım.

- Həmin qanun-qayda özündə nələri ehtiva edir?

- Heç kəsi bezdirməmək, ittiham etməmək, başına gələn xoşagəlməz hadisələrə görə başqalarını günahkar görməmək... Çünki bütün bunlar vaxt aparan şeylərdir. İkiüzlü olmamaq, özünə bəraət qazandırmamaq, kiməsə yalvarmamaq və başqalarına arxayın olmamaq...

- Yəni, başqalarına güvənməmək?

- Arxayın olmamaq dedikdə, işi özündən itələməmək. Peşəkarlığa güvənmək. Hiss etdiklərinə güvənmək, başqa sözlə, öz şəxsi intuisiyana güvənmək. 


"55 yaş hər şeyə maddi baxımdan yox, realist baxaraq dünyada qeyd-şərtsiz sevginin, mənfəətsiz təşəkkürün, eqoizmsiz sədaqətin olmasını anlamaq üçün yaxşı dövrdür"


- Deyilənə görə, birinci aktyor ərinizlə boşanmağa səbəblərdən biri də kinoda rol almağınız idi. İndiysə özünüz də filmlər çəkirsiniz. Bəs indi ehtiyat etmirsiniz ki? Axı indiki əriniz rejissordur...

- Həmkar olmaq qorxulu deyil, yarışa girmək qorxuludur. Mən indi öz yerimi bilirəm. Bir-iki kiçik büdcəli filmlər çəkmişəm. Öz pullarım hesabına... Bunları da internet vasitəsilə yaymaq fikrindəyəm. Mən sadəcə olaraq bu işlə məşğul olmaq istəyirəm. 20 ildir bunu arzulayırdım və nəhayət, arzularımı gerçəkləşdirmək zamanı gəldi, "Alçaqlıq və Müdriklik” filmini çəkdim. Bununla kiməsə nəyisə sübut etmək istəmirəm. Hətta Londonda da çəkdim: uşaqlarım burda məktəbə gedirlər, mənsə onlardan ayrılmaq istəmirəm. Ümumiyyətlə hesab edirəm ki, uşaqlar harda məktəbə gedirlərsə, ev də orda olmalıdır.

- Xoşbəxtlik 30 il əvvəl sizin üçün nə demək idi və indi nə deməkdir?

- 30 il əvvəl Nyu-Yorkda sağ qalmaq, başım üstündə damın olması, günəş altında torpaq almaq, birtəhər dolanmaq və dünyaya öz səsimi duyurmaq mənim üçün xoşbəxtlik idi. İndi isə bütün bu möcüzələrin mənim başıma gəlməsinə görə minnətdarlıq duyğusu ilə yamaşaq - xoşbəxtlikdir.

- Siz heç kimə paxıllıq etmirsiniz?

- Yəni... öz övladlarıma paxıllıq etmədiyim dəqiqdir. Həmişə onlara arxa-dayaq olacam. Amma mənim köməyimə ehtiyacları olmayacaq. Mən realistəm.

- Yəni, siz indi də "material girl”sunuz?

- 55 illik ömür "girl” deyil, heç "material” da deyil. 55 yaş hər şeyə maddi baxımdan yox, realist baxaraq dünyada qeyd-şərtsiz sevginin, mənfəətsiz təşəkkürün, eqoizmsiz sədaqətin olmasını anlamaq üçün yaxşı dövrdür. Budur mənim realizmim.

Tərcümə: Ramil Rahiboğlu
Kult.az