Milli-tarixi yaddaş problemi və Çağdaş Azərbaycan romanı

Milli-tarixi yaddaş problemi və Çağdaş Azərbaycan romanı


Röya Məftun qızı

Milli-tarixi yaddaş problemi və Çağdaş Azərbaycan romanı  

(E.Hüseynbəylinin "Yovşan qağayılar” əsəri əsasında)

Azərbaycan Dillər Universitetinin "Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi., AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutunun "Xarici ölkələr və beynəlxalq ədəbi əlaqələr” şöbəsinin doktorantı

 XX əsrin 80-ci illərindən etibarən Azərbaycanın tarixində yadda qalan bəzi sosial-mədəni və ictimai-siyasi hadisələr baş verdi. 1991-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi xalqımızın ideoloji və siyasi həyatına təsirsiz qalmadı. Bu dövrü həm də Azərbaycan ədəbi prosesinin yeni mərhələsi hesab etmək olar. Yenilik əsərlərin həm mövzusunda, həm məzmununda, həm də ideyasında özünü nəzərə çarpdıracaq dərəcədə biruzə vermişdir. Yeni yaranan ədəbiyyat təkcə bu günün yox, dünənin, arxada qalmış, lakin  bu günümüzü təqib edən keçmişin ifadəsidir. Elə bu səbəbdəndir ki, hansı mövzuda olursa olsun istənilən ədəbi nümunədə hər sətirin, hər cümlənin arxasından keçmiş boy verir, Azərbaycan oxucusuna nələrisə anlatmağa çalışır.
1990-cı illərindən sonra yaranan "yeni ədəbiyyat”  yaradıcı şəxslər üçün iflasa uğramış müharibənin, bu günlə dünən arasında çapalayan  tarixi yaddaşın, dərin mənəvi böhran keçirən, öz içində azmış  insanların təsvirini yaratmaq cəhdləri ilə xarakterizə olunur.  Bu ədəbiyyat sosial gerçəkliyi  şərh etməyə  çalışır, hər şeydən əvvəl qlobal səviyyədə ictimai-siyasi problemlərə gətirib çıxaran səbəbləri hər müəllif öz istedadı, öz dünyaduyumu, yaradıcılıq səviyyəsi çərçivəsində aşkarlamağa  səy göstərir.
Yeni yaranan "qəhrəman” tipləri müxtəlif insanlarla əhatələnsələr  də, onların tənhalığı  sosial planda qabardılır və bu qlobal problem bir çox əsərlərdə mərkəzi fiqur rolunu  oynayır. 
Nisbətən  yaşlı nəslin nümayəndəsi olan "altımışıncılar”,  90-cı illərdə yaradıcılığa başlamış müəlliflər  cəmiyyəti çulğuyan ictimai, sosial  problemlər haqqında düşünür və bədii yaradıcılıq vasitəsilə  işıqlandırmağa çalışırdılar. Yeni  ədəbiyyat yaranırdı. Bu mövzusundan başlayaraq məzmununa və ideyasına, formasına görə fərqli bir ədəbiyyat idi.  Azadlığı, müstəqilliyi təbliğ edən, nəticədə təqiblərə, təpkilərə məruz  qalan birbaşa və dolayısı ilə xalqı nəhəng bir imperiyaya qarşı səfərbər edən söz adamları 90-cı ildən sonra sanki onlara ruh verən hadisələrdən, yazıb-yaratmağa ilhamlandıran daxili, məhrəm mübarizədən azad oldular. "Azadlıq yanğısı” aram tapandan sonra artıq yeni problemlər meydana çıxdı ki, söz sanki bir müddət "dondu”, bütün olayları özündə ifadə edə biləcək yol, istiqamət tapmaqda çətinliyə düşdü. Azərbaycan xalqı elə mürəkkəb problemlərlə üzləşdi ki, bu mürəkkəbliyi çözə biləcək bədii əsər ərsəyə gətirmək üçün yalnız vaxt lazım idi. Çaşqın "altımışıncılar” düşünür, yeni nəsl isə hələ yetişməmişdi. Ədəbiyyat da ictimai-siyasi həyatda olduğu kimi keçid dövrünü yaşayırdı. Ədəbiyyat cəmiyyətlə ayaqlaşa bilmir, öz sözünü deməyə, mövqeyini bildirməyə gecikirdi. Cəmiyyətdən gələn impluslara cavab verə bilməyən ədəbiyyat həmişə dayandığı yerdə görünmürdü.
90-cı illər Azərbaycan ədəbiyyatının yeniləşən dünyada özünü təsdiq istiqamətində aparılan gərgin axtarış illəri idi. Artıq  hakim idealogiyaya qarşı aparılan "soyuq müharibə” başa çatmış, öz nəticəsini vermişdi. Yaşlı yazıçılarla bərabər 90-cı illərdə ədəbiyyata yeni mövzular gətirən, yeni problemlərdən yaradıcılıqlarında bəhs edən gənc yazarlar meydana çıxdı. Müharibə dövrü üçün ənənəvi olan mövzularla yanaşı, Azərbaycanın tarixi, keçmişi və bu günü, müstəqil olandan sonra sürətlə dəyişən gerçəkliyi haqqında əsərlər "qırmızı qaranlıqda yaşıl işıq” kimi üzə çıxmağa başladı.  
Sözügedən mövzuları yaradıcılığında işıqlandıran, maraqlı nəsr nümunələri ilə daim oxucuların görüşünə gələn "yeni nəsl ədəbiyyatının” dəyərli nümayəndələrindən biri də Elçin Hüseynbəylidir. Yazıçı sosial-tarixi reallıqları əks etdirən əsərləri ilə ardıcıl olaraq oxucuları düşündürməkdədir. Fikirlərimizi əsaslandırmaq üçün yazıçının "Yovşan qağayılar” romanı üzərində dayanmaq istərdik. Romanda keçmiş bütöv şəkildə yox, fraqmentlər şəklində gözümüz qarşısında canlanır və ədəbi qəhrəmanı məngənəyə salan sosial, ictimai problemləri dərk etməkdə ona yardımçı olur. Həyat və cəmiyyət haqqında duyğularını sistemləşdirən yazıçı "Yovşan qağayılar” vasitəsilə konkret insanın simasında ümumilli faciənin səbəblərini üzə çıxarmağa çalışır. Romanı  vərəqlədikcə bir məqam üzə  çıxır: qəhrəman konkret bir fərd yox, Azərbaycan xalqıdır. 
"Yovşan qağayılar” romanını oxuyarkən oxucunun gözü qarşısında mürəkkəb, ziddiyyətli həyat yolu keçmiş tariximiz səhifələnir. Roman sırf tarixi olmasa da, tarixilik onun ruhundadır. E.Hüseynbəyli 2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayında çıxışı zamanı bu məsələyə toxunarkən bildirir ki,  "İstanbulda "Romanda tarix və tarixdə roman” simpoziumunda belə bir sual qoyulmuşdu. Hansı əsəri tarixi roman adlandırmaq olar: Tarixi olay üzərində qurulmuş əsəri, yoxsa tarixi faktların romanda işlədilməsini. Hər halda üstünlüyü birinci fikrin tərəfdarları qazandı”. (1. s.9)  "Yovşan qağayılar”  əsəri də tarixi olaylar  üzərində qurulub və Azərbaycanda postmoderin ədəbiyyatın maraqlı nümunələrindəndir. Keçmiş ədəbiyyatla əlaqə, əvvəldən yığılan təcrübənin istifadəsi, gizli sitat gətirmə, yeni əsər yaratmaq məqsədilə əvvəlki elementlərin yerdəyişməsi, tədqiqatçı  N.Mankovskyanın təbiri ilə desək "əvvəlkilərin ədəbi kodlarının bədii modelləşmə vasitəsi kimi istifadə edilməsi”  "Yovşan qağayılar” romanının  əsas xüsusiyyətlərindəndir. Ümumiyyətlə, postmodern əsər oxucuya rebuslar, (tapmaca, müəmma) rəqəmlər təklif edərək, onların  assosiativ  qabiliyyətini oyatmaq, intellektlərini oyuna cəlb etmək üçün "aktiv” oxucu olmağa təhrik edir. 
"Ədəbiyyatın missiyalarından biri də genetik yaddaşı qoruyub saxlamaqdır”. 
Bu mövzu da özündə xalq və şəxsiyyət, xalq və tarix, milli inkişaf, xalqın kökü  və tarixi yaddaş kimi prinsipial məslələri birləşdirir. 
Romanda əsas məsələ Mahmud bəyin  yaddaşına girmək cəhdidir. Əsərin  əvvəlindən məlum olur ki, hekayəçinin və onun ailəsinin üzərində lənət var. Hekayəçi  nəslin  ən kiçiyi olduğundan lənəti də məhz o aradan qaldırmalıdır. Yoxsa bu lənət  onun övladlarına  da keçər, bütün həyatları alt-üst olar, onları yaşamağa qoymaz.  Müəllif  özü qeyd etdiyi kimi "yatan duyğuları”, "mamırlamış hissləri” oyatmağa çalışır.  Hekayəçi-qəhrəman onu sarımış bəlanın kökünü tapmaq üçün babasının yaddaşına girmək istəyir.   Keçmişdən xəbəri olmadığı üçün onu sarmış ictimai-sosial bəlalardan  yaxa qurtara bilmir. Elə bu səbəbdən də roman azmışların və çaşmışların gəzinti zalına çevrilir.
 Hekayəçi -qəhrəmanın mənən rahat yaşaması üçün o azad olmalı, özünü dərk etməlidir.   Əsərin qəhrəmanını öz  içinə pərçimləyən, onu öz içindən qopmağa, ayrılmağa qoymayan da məhz  azad olmamasıdır. O sadəcə bu "azadlığın” həsrətində və sorağındadır. Özünü dərk etmək üçün o mütləq babasının ona ötürdüyü informasiyaları tuta bilməli, qavramalıdır. Əks təqdirdə heç bir azadlıqdan söhbət gedə bilməz.   Keçmişdən imtina etmək, gələcəyin üzərindən qara xətt çəkməkdir.  Kimliyə sahib olmaq üçün düşünməli, yaddaş laylarını bir-bir qaldırmalı, hər daşında pərçimlənib qalmış xatirələri oyatmaq lazımdır. 
    Hekayəçi anlayır ki, babasının yaddaşına girməyin yalnız bir yolu var: onun əşyalarını tapmaq. Lakin o təəssüf edir ki, babasına məxsus heç bir əşya qalmayıb. "Qalmışdısa da,  o, indi düşmən torpağında olan yurddaydı” –deyən hekayəçi Azərbaycan xalqına ağrılı bir mesaj göndərir. Çox düşünəndən sonra o əvvəllər qaldıqları yataqxanadakı evlərinə gəlir. Otağın küncünə atılıb qalmış nənəsinin köhnə sandığından tapdığı " "Qurani-Kərim”, onun arasından tapdığı yovşan, bir də babasının pul kisəsi ona keçmişə qayıtmaqda kömək edir: "Bu romanı yazmaq üçün mən babamın gen yaddaşına girməliydim, uzun illər  bizi kabus kimi izləyən lənətin kökünü  tapmalıydım. Babamı necə, niyə və kimin öldürməyinin səbəbini öyrənməli, qaranlıq məqamlara işıq salmalıydım. Lakin uzun müddət bacarmazdım. Bu  göründüyü kimi də asan deyildi, yəni bunu bacarmaq üçün nə kiməsə rüşvət təklif eləmək, nə də harasa imtahan vermək lazımıydı. Sadəcə  vicdanlı bir gen daşyıcısı kimi  dözümlü  və hövsələli  olmaq gərəyiydi. Bir də onu bilirdim ki,  bir şeyi istəmək, daim onunla yaşamaq  lazımdır, belə olanda hamı sənə yardımçı olur”. (4. s.6) Uşaq vaxtı babasının başına gələnləri nənəsindən soruşsa da o nəvəsinin suallarına cavab verməkdən həmişə boyun qaçırmış, həqiqəti hamıdan gizlətmişdi. Barmağını pul kisəsində açılmış yırtığa  qoyan  hekayəçi birdən-birə babasının yaddaşına girir. Nəticədə o bütün həqiqəti görür və dərk edir. 
Babası Mahmud  uşaq vaxtından Bahram ağanın evində işləmiş elə orda da böyümüşdü. Müsəlmanlar hərbi xidmətdən azad olduqları üçün onları müharibəyə aparmırdılar. Yalnız  ağa, bəy uşaqları müharibəyə gedə bilərdi. Bəhram ağanın oğlu Səlim uşaq  vaxtından zəif olduğundan ağa onun əvəzinə Mahmudu müharibəyə göndərir.  Mahmud bəylik almaq niyyətində olduğundan Bəhram ağa onun bu istəyini gerçəkləşdirərək  ona  böyük yaxşılıq edir.  Mahmud müharibədə göstərdiyi igidliyə görə bəyliyə çatır, doğma el-obasına qayıdır. Kəndin ən gözəl qızı  Sayalı ilə evlənib oğul-uşaq sahibi olur. Lakin bu xoşbəxtlik uzun sürmür. Bir gün kəndə xəbər yayılır ki,  Mahmudun dayısı Fərhadın oğlu Abbası doğrayıblar, onun arvadı Səlminazı  isə qaçırıblar. Əvvəl  hamı Kisəçilər məhəlləsindən şübhələnir. Lakin Kisəçilər  məhəlləsinin  ağbirçəyi  Zivər arvad gəlib onlara bildirir ki, : "Düşməni başqa yerdə axtarın bizim bu işdən xəbərimiz yoxdu”.  Çobanlar xəbər gətirir ki, Səlminazı Bəhram ağanın oğlu Səlim qaçırıb və onlar köhnə yurdda gizlənirlər. Mahmudun bəyliyə  çatmasında Bəhram ağanın böyük rolu olsa da belə bir namərdliyi onlara keçə bilmir. Mahmud köhnə yurda gedib onların qaldığı evi tapır, içəri daxil olub Səlimlə gəlini yatmış vəziyyətdə görür. Gözləyir ki, Səlim yuxudan dursun  və onu çölə çıxarıb haqq hesabı  çürütsün. Birdən Mahmud bəyin atı Mərcan kişnəyir və o Səlminazı duyuq salmamaq üçün Səlimin ağzını tutub xəncəri boğazına dirəyib, eşiyə çıxmasını əmr edir.  Çölə çıxan məqamda Səlim çevrilib naqanı götürmək istəyəndə onun niyyətini başa  düşən Mahmud bəy  Səlimin  boğazını xəncərlə kəsir. Mahmudun üstünə  cuman Səlminaz  səs-küy  salmağa başlayır. Səlminazın səsini kəsmək üçün Mahmud onu boğur. Son nəfəsdə Səlminaz Mahmuda lənət yağdıra-yağdıra "Görüm səni  düşmənsiz qalasan,  gədə əlində öləsən” –deyə qarğışlayır. Bu isə kişi üçün ən ağır lənət idi. O vaxt el içində sayılıb seçilən bir ər üçün ən böyük təhqir düşmənsiz qalıb, "gədə” əlində ölməsi idi. 
Bu faciədən  sonra yeganə oğlunu  itirən  Bəhram ağa   dərdə dözməyərək ölür.  Bəhram ağanın ölümündən sonra  kiçik qardaşı Qaraxan  Mahmuda xəbər göndərir ki, onlar bundan sonra düşməndirlər. Mahmud Bəhram  ağanın evində işlədiyi vaxtdan Qaraxanla onun münasibəti yaxşı deyildi. Uşaq vaxtı Mahmud Qaraxanın dəvəsini mindiyi üçün onlar möhkəm dava etmişdilər. Mahmud onu vursa da Qaraxan onu satmamışdı. Uzun illər onlar bir-birini göndərməmişdilər.    Qaraxan xeyli vaxtdı ki, qaçaq idi.  Onun qaçaq  düşməsinin səbəbi  İranla sərhədi qoruyan atamanın adamlarının onun sevimli atını qaçırması olmuşdu. Çünki o atı  Novruz bayramının şərəfinə  düzənlənən  at yarışında atamana uduzmuş və atından düşən  kimi  onu  güllələmişdi. Elə həmən axşam Qaraxan atamanın atını oğurlamış  "Belə bir atı Qarabağlı minməlidir” demişdi. Atışmada atamanı və adamlarını da öldürmüşdü. Sibirə sürgün olunmağa bir gün qalmış həbsxanadan qaçmışdı. 
Kisəçi məhəlləsi haqqında təsəvvür yaratmağa çalışan hekayəçi bildirir ki,  kisəçilərin  babası Əmiri  Gorus dərəsindən  tapmış qaçaqlar qoyun  dərisinə bükülü uşağı alaçığın  yanına qoyurlar. Uşaq kifir olduğundan  ona heç kim yaxın  durmur. Onu sonsuz  Zəroşa verirlər. Əmir  el-obada papaq ustası kimi tanınır, sonra  kisə düzəldərək o   daha da məşhurlaşır.  Əmirin tikdiyi kisələrin sirri onda idi ki,  o heyvanların dərisini diri-diri soyur və gördüyü  bu işdən ləzzət alırdı.  Heyvanların dərisində onların çəkdiyi ağrıların  izi qaldığından  "həmin izlər xüsusi  enerji  buraxırdı və həris, tamahkar  insanların xoşuna gəlirdi. Bu epizodu nəzərdən keçirdikcə  "Basatın  Təpəgözü  öldürdüyü boy”  yada düşür. Oğuz elinə də Təpəgözü  çobanlar qoyun dərisinin içində gətirirlər, bədheybət  olduğundan  ona heç kim övladlığa götürmək istəmir. Təpəgöz böyüyəndən sonra  Oğuz eli üçün əsl fəlakətə çevrildiyi kimi  Əmir  və ondan törəyən  kisəçi uşaqları  da xalqımız, el-obamız üçün  tarixi bəlaya çevrilir. 
Hekayəçinin verdiyi məlumata görə Kisəçilər ermənidən dönməydilər. "Onu da deyirdilər ki, Kisəçilər  gecə yatanda xaçlarını  boyunlarından asar, duranda çıxarardılar. Evlərini, çovustanlarının daşlarını da çəpəndazı qoyardılar. Onlar ölülərini də başqa cürə basdırırdılar. Biz onlara nə qız verər, nə də qız alardıq”. (6. s.23) Adətləri, dinləri fərqli olduğundan yerli camaata qarşı gizli ədavət bəsləyərdilər. Bir sözlə "pambıqla baş kəsməklə məşğul idilər”.  Kisəçilər Qaraxanla  Mahmud  bəyin arasındakı düşmənçilikdən də istifadə edərək   vəziyyəti daha da gərginləşdirməyə çalışırlar.
  Mahmud bəyin  qaçaqçılığa başlaması isə düşmən əlinə əlverişli fürsət verir.  Mahmud  bir gün evə gələndə görür ki, Sayalı yoxdur.  Evdə ona bildirirlər ki, kəndin bütün qız -gəlinini taxıl sahəsinə daraşmış  çəyirtikələri öldürməyə aparıblar,  Sayalı da ordadır.  Sayalını Əmirin oğlu Sarı gəlib evdən aparıb. Atını minib taxıl sahəsinə  çıxan Mahmud bəy bütün qadınların,  Sayalının da onlarla bərabər əyilib çəyirtikə öldürdüyünü, Sarının da onların  başı üstündə dayanıb  camaatın qız -gəlininə  tamahla baxdığını görüb qəzəbini boğa bilmir. Qəzəblənən Mahmud bəy əlindəki  qamçı ilə Sarını döyməyə başlayır. Bu işə rəhbərlik edən hər  bir kəsi güllələyib  Arazı keçərək  Şahsevən uşaqlarına  qoşulur. Bir müddətdən  sonra xəbər yayılır ki, Bəhram ağanın evi yandırılıb, bundan xəbər tutan Qaraxan Mahmudgildən şübhələndiyi üçün Fərhad kişinin yenicə tikdirdiyi  evi  yandırır.  Çox keçmir ki, Mahmudun  əmisi nəvəsi Sərxanı biçənəkdə doğrayırlar.
Vəziyyət gərginləşdikcə Mahmud bəy həqiqətin izinə düşməyə başalyır. Ona aydın olur ki, Qaraxanla onun düşmənçiliyindən istifadə edib öz mənfur niyyətlərini həyata keçirən daha qorxulu bir düşmənlə üz-üzə daynıblar. Mahmud bəy bir xeyli düşünəndən sonra  Qaraxanla danışmaq qərarına gəlir. O, Qarxanla birləşib  böyük bir dəstəylə düşmən üzərinə yeriyib onları məhv etməyi planlaşdırır.  Təkbaşına erməni və onlarla əlbir olan kazakların qarşısına çıxmaq olmazdı. 
O, Qaraxanı "Bazardüzü” də tapa bilmir. Sisyandakı etibarlı dostları deyirlər ki,  Qaraxanı Qarabağlarda Kəlbəlayi İsmayılgildə görüblər. Mahmud bəyin Qarbağlara gəlişi də bir nəticə vermir. Kəlbəlayi onu çox yaxşı qarşılayır, Qaraxanın iki gün əvvəl kənddən çıxdığını deyir. O, Kəlbəlayi İsmayıldan xahiş edir ki, Bəhram ağanın mülkünün yandırılmasından xəbəri olmadığını Qaraxana çatdırsın.  
Mahmud bəy Dəjəlin çaylağının yanındakı nar meşəsinə girəndə görür ki, Qaraxan ağaca söykənib yatır. O da digər bir ağaca söykənib düşməninin oyanmasını gözləyir. Qaraxan ayılanda Mahmudun ona toxunmadığını görür. Qaraxan Fərhad kişinin onun atının quyruğunu  kəsdiyini deyəndə Mahmud bəy bildirir ki, dayısı heç vaxt belə namərd iş tutmaz. Hətta  Fərhadın özünün də atının qaçırılması xəbəri Qaraxanı tamamilə çaşdırır. O da bu işi  etmədiyini deyir. Söhbət əsnasında  hər ikisi başa düşür ki,  onların düşmənçiliyindən istifadə edib, araya  rəxnə salanlar var. Yalnız bir çıxış yolu var: ümumi düşmənə qarşı birləşmək.  Onlar söhbət etdikləri  vaxt qəfil güllə açılır və Qaraxan yerə yıxılır: "Bu onların işidir. Mən onlardan çoxdan şübhələnmişdim. Düşməni tanımaq üçün, görünür ikimizdən birimiz ölməliymiş. Tanrının qisməti belədi... Ancaq belə dayanma, kəndə qaç. Kazaklarla dığalar bizə qarşı nəyisə hazırlayırlar. Gorusla Hadrut tərəfdə də vəziyyət yaxşı deyil. Zarıslı Pənah bəyin  oğlunu, Cövdətin qardaşını öldürüblər. O bir müddət susdu və köpək uşaqları məni arxadan vurdular”- dedi. (6. s.70) 
Qaraxan öləndən sonra kəndə gələn Mahmud bəyə dayısı oğlu Baloğlan "Dayı hər tərəf  kazaklarla doludur. Kisəçilər məhəlləsinin uşaqları "Mərcanı tapdılar, mən də onu buraxdım, at qaçdı.-dedi”.  Mahmud bəy bunu eşidən kimi silahlanıb Araza tərəf qaçmağa başladı. Əsgərlər atı qovurdular. Onların atdığı güllə Mərcanın sağ qoluna dəysə də at qaçamaqda davam eləyirdi. Mahmud  bəy də əsgərlərə tərəf atmağa başlayır. Düşmənlər Mahmudu güllə yağışına tuturlar. Mahmud bəy sağ çiynindən  və qulağından yaralanır.  Mahmudun evini yandırmağa hazırlaşanda, o ailəsini qorumaq  məqsədilə silahını əsgərlərə verir. "Dəstəyə Sarı rəhbərlik edirdi. O belə nəticəyə gəlir ki,  Mahmudu  öldürməsələr gec-tez onları öldürəcək. Mahmud bəy həqiqəti başa düşmüşdü. Onlar xəyanətkar və satqın idilər. Mahmud bəyin onlarla döyüşməyə həvəsi yox idi. Kisəçilər və onun müttəfiqləri  düşmən olmağı da bacarmırdılar. Onlar kol dalından vurmağa öyrəşmiş əclaflar idi. Sonuncu gülləni Sarı atdı və "Göydə Mahmud bəyin tanımadığı, indiyə kimi görmədiyi bomboz. Yovşan rəngli quşlar uçurdu”(6. s.71) 
Postmodern  düşüncə tərzinə görə "mətn heç vaxt avtonom şəkildə mövcud olmur”. "Yovşan qağayılar” romanının əsasında da özündən əvvəl ədəbiyyatımızda yaranan milli-tarixi yaddaşla bağlı olan bir çox əsərlər dayanır. Əsəri oxuyarkən  İ.Şıxlının "Dəli Kür”, F.Eyvazlının "Qaçaq Kərəm”, F.Kərimzadənin "Qarlı aşırım” romanları gözümüz qarşısında canlanır. Y.Kristevanın təbirincə desək  "hər bir mətn başqa mətnlərin kəsişdiyi yerdir”. F.Eyvazlının "Qaçaq Kərəm” romanında belə bir epizod var. Kərəmlə İsrafil ağa aralarında olan "haqq-hesabı  çürütmək üçün” bir-birlərini axtarırlar. Bir gün Kərəmin evinə gəlib çıxan İsrafil ağa onun şirin yuxuya getdiyini görüb toxunmur, amma patrondaşını çıxarıb onun yanına qoyur: yəni ki, burda olmuşam.  Və yaxud əsərin süjet xəttini izləyərkən  Mahmud obrazı ilə Cahandar ağa obrazı arasında da varislik əlaqəsinin olduğunu görürük. "Süjet digər süjetləri sitat gətirmək adıyla təzədən dirilə bilər" fikri bu məqamda bir daha öz təsdiqini tapmış olur.
Ümumi bəla gələn zaman Mahmud bəy "Mərd düşmən namərd dostdan yaxşıdır” prinsipinə əməl edərək  düşməni Qaraxanla birləşib ümumi düşmənə qarşı  mübarizə aparmaq qərarına gəlir.  F.Kərimzadənin "Qarlı aşırım” romanında da Kəlbəlayi İsmayıl Arazı keçməzdən əvvəl öz gəlinini düşməninin evində gizlədir.  Sözügedən əsərləri  bir məqam birləşdirir: babalarımızın qeyrəti, mərdliyi, qüruru, mənəvi bütövlüyü. Heç də təsadüfi deyil ki, Elçin Hüseynbəyli romanda Kəlbəlayi İsmayılın adını çəkir. Mahmud bəyin müasiri olduğunu vurğulayır.  Azərbaycan xalqının əsl siması olan Cahandar ağa, Qaçaq Kərəm, İsrafil ağa, Kəlbəlayi İsmayıl, Mahmud bəy, Qaraxan əsrlər boyu öz oxunda fırlanan, heç bir təzyiq, təpki qarşısında yolunu sapmayan, əqidəsini, mənliyini dəyişməyən əsl Kişilərdir.
Roman tarixi, ictimai-siyasi gerçəkliyi daşıdığı üçün oxucunun gözü qarşısında real, tarixi hadisələr canlanır. Özündə tarixin bizim üçün bəlli olan həqiqətlərini işıqlandırır. Unutduğumuz tarix özündən bizi yenidən xəbərdar edir. Keçmiş qayıtmırsa, gələcək heç vaxt gəlmir. Yaddaşımızın "silkinməyi”  üçün bir yovşan ətri kifayətdir ki, hər bir şey, keçmişdə qalan və baş verən nə varsa qayıtsın. Bugünki  tarixi bəlaların  hansı kökdən rişə çəkdiyini bildirsin. Yaddaş qağayı xislətlidir. Heç yerə qanadlanıb getmir, biz onu itirdiyimiz  yerdə həmişə tapa bilərik. Yazıçı "yovşan qağayılar”  vasitəsilə Vətənimizin bütün  dərdlərini, başına gələn müsibətlərin Azərbaycan  oxucusuna  çatdırmağa çalışmış və manqurtlaşmayanları yaddaşlarına sahib çıxmağa tələsdirmişdir. Qəhrəmanı bir sual düşündürür  - onun babası əsl gerçəklikdə kim olub?  "Türk qövmlərinin kimlik pasportu” kimi səciyyələndirilən yovşan yaddaşın rəmzidir.  Heç də təsadüfi deyil ki "Kitabi-Dədə Qorqud” dastanında Beyrəklə Banuçiçək bir-birinə yovşan bağışlayır. Uzun illərin  ayrılığından sonra Banuçiçək  onu tanımayanda Beyrək sevgilərinin nişanı olan yovşanı Banuçiçəyə verəndə o hər şeyi anlayır. Yovşan burda da yaddaşın rəmzi kimi xarakterizə olunur. Heç də təsadüfi deyil ki, sandıqda və ya dolabda saxlanılan paltarların korlanmaması üçün yovşan bitkisindən istifadə edirlər. Demək, yovşan həm də qoruyucudur. Hər bir şeyin təravətini, təzəliyini qorumağa, hifs  eləməyə xidmət edir. Əşyaların da, hətta  qəribə səslənsə də türk düşüncə tərzinə görə yaddaşın da. Qağayılara gəlincə isə, qağayılar əsərdə də deyildiyi kimi öz vətənlərinin zibilliyində eşələnməyi qürbətdən üstün tuturlar. Vətənə, doğmalığa həris quşlardır.  Nizami Tağısoy bu ada öz münasibətini bildirərkən qeyd edir ki, "E.Hüseynbəylidə yovşan bir yandan birbaşa bu şücaətin, rəşadətin simvoludursa, digər tərəfdən (bu əlbəttə, bizim qənaətimizə görə belə nəzərdən keçirilir) yovşan  qağayılar Azərbaycanın büsbütün aran ərazilərində qurulmuş qaçqın, köçkün düşərgələrinin kənardan baxdıqda  qeyri-adi  bənzətməsidir”. (8. s.299) Amma fikrimizcə bu daha dərin, daha geniş mətləbləri özündə daşıyan bir bənzətmədir. Yovşan qağayılar sanki romanda – bu millətin taleyidir, qismətidir, hara qaçırsa qaçsın başının üstünü almış qəzadır, fəlakətdir. Yüz ildə keçsə, min ildə keçsə bu milləti haqlayan əcəl quşudur: sanki o sənin baban, yeddi arxa dönənin necə ölübsə, səndə elə öləcəksən bu sizin taleyinizdir və siz bu aqibətdən qaça  bilməzsiniz deyir.  O, son anda yaddaşlarda  daşlaşmış məqamları oyatmaq üçün gəlir. Başımıza gələn bəlaların mənasını o zaman dərk edirik ki, yovşan qağayılar "fatihə” oxuyur. "Belə davam etdikcə nə əsərin baş qəhrəmanı babasının qan yaddaşının kodunu aça biləcək. Nə də bizlər mübtəla olduğumuz dərdə əlac tapacağıq. Bax, müəllifi narahat edən də budur. Əsərdən belə bir fikir də hasil olur ki, bu gün heç də Azərbaycanda özlərini ziyalı sayanların hamısı (müəllimlər, jurnalistlər, yazıçılar və b.) Qarabağın yoxluğunu öz milli, fərdi, şəxsi, mənəvi problemlərinə çevirməyə meyilli  deyillər. Yəqin elə bu baxımdan da Elçin Hüseynbəyli "yaddaş” məsələsini ortaya atıb və bütün bəlalarımızın əsasında da bu koda girməyə can atmamağımızı böyük çatışmazlığımızın kimi açıb göstərir. Çünki belə olmasaydı redaktorun (qəhrəmanın, müəllifin –N.T) yaddaşa  münasibəti  bəzi üzdəniraq ziyalıların  tənəsinə səbəb olmaz və bunun üstündə onun məhkəməsi qurulmazdı. (8. s.305) 
"Yovşan qağayılar” əsəri istər üslub, istər dramaturji konstruksiya baxımından ənənəvi  romanlardan fərqlənir. Əsərin içərisindəki  başlıqlar da  orijinaldır. Roman dünyada səs salan postmodern dünyabaxışın  əks etdirir. Əsərdəki  fraqmentallıq, plüralizm, ironiya, çoxcəhətlik prinsipləri gözlənilir. Ilk baxışda bir-bir ilə əlaqəsi olmayan hadisələrin, fraqmentlərin vahid ideyaya xidmət  etdiyini görürük. Müəllifin  keçmişinə, səhv  etmiş ata-babalarına  qarşı ironik  münasibəti  hər fikirdə  özünü biruzə verir. Oxucu əsərin inkişafı boyu Niyə? Bəlkə sualı və ehtimalı qarşısında qalır.
Müəllif romanda bir yox, bir neçə sosial, siyasi, qlobal problemlərə toxunur, onların dramaturji inkişafda həllinə nail olmağa çalışır. Azərbaycan oxucusuna ismarıc göndərir:  unutsanız sizi eyni fəlakətlər  və bəlalar gözləyir.  Tarix  yaddaşsızları bağışlamır. Düşməni zamanında  sinəsindən vurmaq lazımdır ki, sonra  onun arxadan zərbəsinə tuş gəlməyəsən. 
"Yovşan qağayılar” əsərində elə tale yüklü məsələlər qaldırılır ki, müasir dövrdə bir çox yazar bu problemlərə baş vurur, təhqiqat aparır. Hər bir söz adamı bu problemlərin kökünü araşdıraraq həyəcan təbili çalır. Oxucunu oyanmağa, hər şeyi dərk etməyə, babalarının yaddaşına, taleyinə sahib çıxmağı  tövsiyə edir. Belə olmadığı təqdirdə lənət damğası hər zaman bizi də, övladlarımızı  da, gələcək nəsilləri də izləyəcək. Və bir ömür bu qara qayğudan yaxa qurtara  bilməyəcəyik. Əşyaların satılması ilə bağlı fikirlərlə müəllif vətənimizin  nə üçün əldən getdiyi səbəbinə aydınlıq gətirməyə çalışır. Vətən məhz kiçik, hardasa nəzərdən uzaq  əşyalardan başlayır. Biz  millət olaraq unutmamalıyıq ki, kiçik əşyalar birləşib böyük, vahid bir  Vətən  olur. Zamanında bu kiçik əşyalara sahib çıxsaydıq, onda vətənimizi  də belə asanlıqla  itirməzdik.  Kisəçilər uçuq daxmaları saxladıqları halda biz bütün əşyayi dəlillərimizi əldən verib, müəllifin təbirincə desək "satıb sonra böyük dəlili – Vətənini axtarırıq. Kiçik şeylərin qədrini bilmək, qiymətləndirmək lazım idi ki, lənət damğası üzərimizdə yaşamayaq qərinələr, əsrlər boyu. Ən dəhşətlisi odur ki, kim yaddaşına sahib çıxmaq  istəyirsə əsərdəki təsvirlərdən dolayı onun məhv edildiyini görürük. Bu baxımdan romanda sətiraltı da olsa  37-ci il  repressiya dövrünə də işarə vuran müəllif kimi yaddaşının izinə düşürsə, onu qaytarmaq, kimliyinə sahib çıxmaq istəyirsə, onun sonu yoxdur. 
Əsərdə  elə məqamlar var ki, yazıçı burjua inqilabçılarının tarixi gedişlərini də tənqid atəşinə tutur. Özünü  onların xələfi hesab edir. Yazıçı romanda bir tarixi nüansı da yaddan çıxarmır. O babasının uyuduğu torpağın şumlandığını vurğulayır. Tarixi  həqiqətdə ondan ibarətdir ki, sovet dövründə müəyyən qədər  qədim, lazımi, sübut üçün  yararlı əraziləri şumlayırdılar ki, heç bir izi qalmasın.  Əsas məqsəd bu dəlilləri məhv etmək idi. Hekayəçi   Kisəçilər məhəlləsində təzə, yaraşıqlı evlərlə bərabər, köhnə,  uçuq  daxmaların sökülməyib saxlandığına  uşaq vaxtı təəccübləndiyi halda, zaman keçdikcə bunun nə üçün belə olduğunu anlayır. Bizim qədim ərazilərimiz, torpaqlarımız, hətta  qəbristanlıqlarımız  şumlandığı halda, onlar  uçuq daxmalarını sökməyib qədim eksponat kimi qoruyub  saxlamışdılar. Biz isə tarixi gerçəkliyi unudub düşmənlərimizə heykəl qoyub şənlərinə xoş söz deyib, şeirlər oxumuşduq: "Neftçilər metrosunda "elektriçkadan” çıxanda divardakı mozaikaya baxdım. Mənə elə gəldi ki, əlində tüfəng  tutanlardan biri vaxtı ilə babamı gülləyən Sarı, əmri verən isə hermofrodit tarixiçi professoru. ətrafda dayanmış kazak əsgərlərinin başındakı çap papaqları isə Kisəçilər tikmişdilər və onların hamısı babamın  təsvir etdiyi Sərkisə oxşayırdı. Stansiyanın o biri  başındakı mozaikada  isə bir qrup yeyib-içirdi, kimlərsə yallı gedirdi. Onlar  babamı güllələtdirən, yaxud sifariş verən Kisəçilər məhəlləsinin ağsaqqallarıydı...” (6. s.74)  Bu epizod vasitəsilə yazıçı daha bir tarixi həqiqətə istehzalı münasibətini gizlətmir. Şura hökuməti qurulandan sonra xalqımızı qırğına vermiş, cinayətkar dəstələrin başında duranlara Azərbaycanda heykəllər qoyulmuş, küçələrə, metro stansiyalarına, məktəb və xəstəxanalara adları verilmiş, xalq qəhrəmanları kimi təbliğ olunmuşlar. Çılpaq, əsl həqiqət isə tarixin dolanbac yollarında azmış, yoxa çıxmışdı. Görünür,  Fransız yazarı Pier  Nor "Tarix yaddaşı məhv edir” deməkdə haqlıdır.
"Tarix o zaman başlayır ki, ənənə yox olur, artıq o vaxt başa çatır ki, sosial yaddaş tənəzzülə uğrayır”. Nə qədər ki, xatirələr mövcud olmaqda davam edir, onu yazılı şəkildə təsbit etmək zəruri deyil. Cəmiyyətdə və insanlar arasında bu və ya digər dövrün tarixini yazmaq zərurəti o zaman yaranır ki, onlar öz keçmişlərindən çox uzaq düşür, keçmişlə bağlı xatirələri olan şahidləri tapmaq çətinləşir. 
Hekayəçi babası ilə bağlı hadisələri xatırladıqdan sonra ətrafında cərəyan edən olayları  daha dərindən dərk edir. Kisəçilər uzun illərdən sonra yenidən fəallaşmış yaddaşla bağlı məqalə yazdığı üçün onu məhkəməyə vermişdilər. "Mən bütün Azərbaycan xalqını yaddaşsızlıqda günahlandırdığım üçün onlar məni məhkəməyə vermişdilər”.   Bu dəfə onlar  onlar kisəni istəyirdilər. Hətta kisənin  onlara məxsusluluğunu  təsdiq edən damğanın olduğunu iddia  edirlər.  Hətta onu təhdid edirlər ki, özünü əziyyətə salıb babasının yaddaşını qaytarmağa cəhd etməsin: "Ondan baban xeyir tamadığı kimi sən də xeyir tapmayacaqsan” kimi sözlərlə hədə-qorxu da gəlirlər. Silahlanmış Kisəçilər redaksiyanın həyətinə hüçum edərək hekayəçi-qəhrəmanı öldürürlər. Babasının yaddaşına sahib çıxmaq istəyi sözügedən əsərin qəhrəmanın məhvinə səbəb olur. 
"Qəhrəmanlıq- məqsədə doğru gedərkən öz həyatını hesaba almayan insanın düşüncə tərzidir”.  Mahmud bəy , Qaraxan, hekayəçi-qəhrəman demək olar eyni aqibətin qurbanı olurlar. Səbəb sahib olduqlarımızın qədrini bilməmək, düşmənimizi vaxtında tanımamaq, bir millət olaraq siyasi cəhətdən yetkin olmamağımızdadır. Heç də təsadüfi deyil ki,  Mahmud bəyin vaxtilə döyüş meydanlarında çapan atı Mərcan sahibinin ölümündən sonra kimsəsiz qalır, hekayəçi babasının sevimli atını çox illər sonra zibillikdə eşələnən görür. Bu hadisə ona çox pis təsir edir. Yazıçı bu  epizodu yaratmaqla Azərbaycan xalqının ağrılı taleyinə işarə edir. Torpağının iyirmi faizini itirmiş xalqın atının döyüş meydanında deyil, zibillikdə eşələnməyi qəribə paradoksdur. Demək, ümummilli faciənin kökü xalqın öz dəyərlərindən, sahib olduqlarından uzaq düşməsi, özünün əsl həqiqətdə kim olduğuna yadırğaması, cəsarətini, özünə inamını itirməsi, Mərcan kimi  tarix səhnəsində kimsəsizləşib əslində olduğundan təzadlı bir  vəziyyətə düşməsidir.  Yazıçı: Ey xalq sənin babanın atı döyüş meydanında düşmən canına  vəlvələ salıb bütün dünyanı ayaq altında qoyduğu halda, indi sənin torpağların yağı tapdağı altında inləyir, Qıratın, Düratın, Boz atın  zibillikdə eşələnib qarnını doyurmaq hayındadır mesajı ilə öz oxucusuna ünvanlanır.
 Romanı səhfələdikcə bir həqiqət üzə çıxır: imtina edilə bilinməyən keçmiş bu gün baş verən hər bir ictimai-siyasi olayın köküdür.  "Yovşan qağayılar”  yaddaş kitabıdır. Bu kitab vasitəsilə E.Hüseynbəyli xalqımızı çoxsaylı fəlakətlərlə üz-üzə qoyan milli-tarixi faciələrimizin hər birini işıqlandırmaqla  oyanmağa, nələrə qadir olduğumuzu bir yovşan ətriylə yadımıza salmağa,  qağayılar kimi vətəni bütün varlığıyla sevməyə və eyni zamanda tarixdən dərs götürüb düşmənə qarşı  səfərbər olmağa çağırır.
                                                      Ədəbiyyat

1. Azərbaycan yazıçılarının XI qurultayı. Ədəbi həyat: Qurultaydan qurultaya. Bakı., "Yurd”, 2004
2. Əlişanoğlu T. Azərbaycan "Yeni nəsr”i. Bakı., "Elm”, 1999 
3. Cəfərov N. Genezisdən tipologiyaya. Bakı., BDU nəşr, 1999
4. Hüseynbəyli  E. "Yovşan qağayılar”. "Azərbaycan”jurnalı. 2005, N:4
5. Quliyev Q. Dəlidən doğru xəbər. Bakı., "Mütərcim”, 1999
6. Tağısoy N. Etnos və epos: keçmişdən bu günə. Bakı., "Mütərcim”,2010