Niyazi Mehdi:

Niyazi Mehdi: "Əxlaq həmişə bizimlə gizlən-paç oynayır"

Professor Niyazi Mehdi olmayan yerdə olmuş kimi görünən əxlaq ilğımına qarşı çıxdığını deyir

Son vaxtlar cəmiyyətdə əxlaq məsələsi yenidən diqqət mərkəzinə gəlib. Bu mövzu ilə bağlı çılğın müzakirələr getməkdədir. Müzakirələrdə iştirak edənlərin mövzu ilə bağlı rəngarəng və maraqlı fikirləri var. Fikir mübadiləsinin gedişində professor Niyazi Mehdinin də özünəməxsus mövqeyi müşahidə edilməkdədir. Suallarımızı professor Niyazi Mehdi cavablandırır.

- Niyazi müəllim, doğrudanmı bu gün cəmiyyətdə əxlaq probleminin ciddi şəkildə müzakirəsinə ehtiyac yaranıb?

- Sizin sualınızın qabağına adam başqa sualla çıxmaq istəyir: bəyəm o biri günlərdə (çağlarda, dönəmlərdə) əxlaq probleminin ciddi müzakirəsinə ehtiyac olmayıb?! Əxlaq məhz o nəsnələrdəndir ki, həmişə bizi izləyir, həmişə üzünü, geyimini dəyişdiyi üçün olduğu yerdə olmamış, olmadığı yerdə isə olmuş kimi görünür. Əxlaq həmişə bizimlə gizlən-parç oynayır, ona görə də həmişə müzakirəsi aktualdır. 

Bəlkə sizin sualı belə qoymanız mənim «Nədən əxlaqi idealizmə qarşıyam!» yazımla bağlıdır. Orada mən əxlaqı gündəmdən çıxmış fakt saymamışdım ki, ona qarşı da çıxım. Orada mən bir az şərti desək, olmayan yerdə olmuş kimi görünən əxlaq ilğımına qarşı çıxmışdım. Orada mən ciddi bir məsələni söyləmişdim: toplum elə olmalıdır ki, insan ilişgilərinin bir çox ziddiyyətləri qanunların üstünə, çiyinlərinə düşsün və deməli, məhkəmə, cərimələrlə çözülsün. Əxlaqı çox yükləmək düz deyil, çünki onun qınaqdan başqa zorunlayıcı gücü yoxdur ki, adamları pis əməllərdən çəkindirsin. Çəkindirə bilmir, sonra da biz nalə çəkirik ki, əxlaq əldən gedib, əxlaqi böhran var. Bundan sonra da gücsüzlüyünə görə əxlaqa sayğımız azalır. Bizi narazı salan bir çox məsələlərlə bağlı əxlaqdan yox, hüquq-mühafizə sistemindən narazı qalmalıyıq.

Sözsüz, mən məsələni qabartmaq üçün bir az ağ eləyirəm. Ancaq hər halda demək istədiklərim, yəni əxlaqın yükü nə qədər, necə olmalıdır, əxlaqın sınırları haralarda qurtarır, qanun harada başlayıb, harada əxlaqa çatanda qurtarmalıdır, - artıq müzakirə üçün ciddi problemlərdir.

  - Sizcə, bu mövzu ilə bağlı həyəcan təbili çalmağa ehtiyac varmı?

-  Əxlaqı yəqin həmişə «həyəcan təbili çalmaq lazımdır» «terminlərində» düşünmək olar. Baxın, bu təbili Türkiyə də, Avropa da, Amerika da çalır. Ancaq eyni zamanda əxlaqı təbilsiz-filansız da düşünməyi öyrənmək gərəkdir. 

- Azərbaycan cəmiyyəti mövcud halı ilə hara gedir?

- Bizim cəmiyyət hər halda mövcud halı ilə ölümə getmir. Təbii ki, yer dağılmasa. Ancaq bu toplum bizim yaxşı saydığımız bir çox nəsnələri öldürməklə məşğuldur. Bu anlamda bizim toplum bizə dəyərli görünən xeyli nəsnələri öldürməyə doğru gedir. Ancaq soru bundadır: o nəsnələrdən hansı doğrudan da ölümə layiqdir, hansılar qorunmalıdır? Müzakirələr də bunun üstündə qurulmalıdır. Əslində Azərbaycan mediasına baxsan, görərsən ki, yazarlar bu düsturda deməsələr də bizim nələrimizi öldürüb nələrimizə sağ saxlamaq üstündə dartışırlar. Kimsə deyir ki, Azəri utancaqlığını öldürmək lazıdır, kimsə deyir bizdəki dindarlıq variantını, tövrünü öldürmək lazımdır.

- Belə bir fikir var ki, cəmiyyətin bütün fərdlərindən yüksək səviyyəli əxlaq tələb etmək düzgün deyil. Bu fikri bölüşürsünüzmü?

- Bu fikri, axı, mən yazmışam, özü də yazmışam ki, əxlaqla bağlı Azərbaycandakı alışqanlığı silkələyim. Ancaq söylədiklərimin doğru açımı belə olardı: əxlaq çox ağır bir yükdür, ona görə də heç kimin onu aramsız, yerə qoymadan daşımağa gücü çatmır (heç müqəddəslərin də gücü çatmayıb). Ancaq sözlərimdən sonuc da çıxarmaq olmaz ki, adamlardan yüksək əxlaqı tələb etmək olmaz. Vəziyyət ona oxşayır ki, on manatı tələb edirsən ki, heç olmazsa, beş manatı ala biləsən və bu zaman on manatı tələb etməsən, axırda borcun on manat olması da yaddan çıxar.
 
- Bu mövzularla bağlı uzun müddətdir müzakirələr gedir. Mən diqqət etmişəm, bu müzakirələr zamanı çıxış edənlər daha çox problemləri qabartmağa üstünlük verirlər. Bəs sizcə problemlərin həlli üçün konkret nə edilməlidir? Prioritetlər nələr olmalıdır?

- Yox, uzun gedən müzakirələr deyil, əxlaqın ölümü üstünə (əxlaqı böhran üstünə) ağlaşmaların qurulmasıdır. Axmaq vəziyyət odur ki, kim daha bərkdən ağlayırsa, bircə əxlaqlı adam kimi görünür, ya da görünməsinə ümid edir, inanır. Dövlətin prioritetlərindən biri vətəndaşları əxlaqlı olmağa həvəsləndirməkdir. Ancaq əgər hər hansı idarədə xəbərçini irəli çəkirlərsə, orada düz olmağa necə stimul qala bilər?!

Bizdə dövlət və dövlət qurumları elə etməlidir ki, əsl yaxşı, mənəvi adamlar təklənməsinlər. Yaxşı adam olmaq hörmətli olsun. Qızlarımızı heç birimiz axmaq, yaramaz adama vermək istəmirik, hətta varlı olsa da. Ancaq vəzifəyə, işə gətirəndə kriteriyalarımız dəyişir.

- Sizcə, cəmiyyətdə əxlaqi aşınmanın müşahidə olunması təkcə Azərbaycan üçün xarakterik haldır, yoxsa bütün dünyada yaşanır?

- Əxlaq həmişə hər yerdə aşınır və həmişə, hər yerdə də əxlaqa arxa duran ərənlər gec-tez tapılır.

- Bəziləri Azərbaycanda bu sahədə müşahidə olunan problemlərin kökünün insanlarımızın dinə kifayət qədər bağlı olmaması ilə də əlaqələndirməyə çalışırlar. Qeyd edirlər ki, azərbaycanlılar millət olaraq dini dəyərlərə o qədər də bağlı deyillər.

- Bilirsiniz, bir yandan düz düşünürlər. Kant demişdi, əgər Allah yoxdursa, hər şeyi etmək olar. Bunu onun üçün demişdi ki, Tanrıya inam bizim əxlaqlı olmağımıza dirək qoyur. Ancaq o biri yandan, min dəfə görmüşük, o qədər adam var ki, yanlış dini imanda olduğu üçün qızların, ibadət qılmayanların başına oyun açır. Belə çıxır ki, din-iman əxlaqlı etdiyi kimi din-iman əxlaqsız da edə bilər. «Hansı iman, hansı şərtlər çərçivəsində din-iman əxlaqlı edir?» məsələsi geniş müzakirə olunmalıdır.

- Dünyanın və ölkənin xilasını əxlaqda axtaranlarla razısınızmı?

- Yox, güclü işləyən qanunlarda, qanunları düz işlədən qurumlarda axtarmağa razıyam. O başqa məsələ ki, bu qanunların hazırlanmasında, qurumların işləməsində əxlaqın da təsiri yaxşı olur.

İlham Quliyev
"Kaspi"