NİYƏ APARICILARIMIZ QÜSURLU DANIŞIR?

NİYƏ APARICILARIMIZ QÜSURLU DANIŞIR?

Azərbaycan teleaparıcısı, telejurnalisti, müəllif proqramının aparıcısı hansı dildə danışır? Onun danışıq tərzi və tempi tamaşaçını qane edirmi? Yabançı dillərin bizim aparıcılara təsiri nə dərəcədə güclüdür?
Azərbaycanda teleaparıcıların orta yaş həddi, fikrimizcə, 25-35 yaş arasındadır. Xanım aparıcıların sayı nisbətən çoxdur. Haradasa aparıcıların 60 faizi xanımlardır. Bu nisbətin xanımların xeyrinə dəyişməsi sovet quruluşunun dağılmasından sonraya təsadüf edir.
Kişi aparıcılar daha təmkinli, ciddi və konservativ təsir bağışlayırlar, dəyişikliklərə cətin uyğunlaşırlar. Ancaq bu, onların nitqini qüsurlardan da qoruyur.
Xanım aparıcılarda nitq problemi daha ciddi və qabarıqdır. Onlar verilişlərinin rəngarəng olmasını istəyir, ən çox buna fikir verirlər və nitqin səlisliyi məsələsini yaddan çıxarırlar.
Azərbaycanda telekanallara çıxan aparıcıları Azərbaycan dilinə münasibətdə iki qrupa bölmək olar: dili mükəmməl bilənlər və bilməyənlər.
Dövlət dilini dərinliyinə qədər bilən və ekrandan qüsursuz danışan aparıcılarımız əsasən xəbər proqramlarında görünürlər.
Dili bilməyənlər deyəndə təbii ki, Azərbaycan dilini tam bilməyən, orfoepiya normalarını pozan, səlis nitqi olmayan aparıcıları nəzərdə tuturuq. Onların yol verdiyi kobud səhvlər milli şüura təsir edəcək qədər ciddi və təhlükəlidir.
Qüsurlu nitqin əsas səbəbləri sırasında rus dilinin, Azərbaycan dialektlərinin və Türkiyə türkcəsinin təsirlərini, ümumi nitq savadının aşağı olmasını və bu sahədə nəzarətin yoxluğunu göstərmək olar.
Azərbaycanın dövlət müstəqilliyi qazanmasından artıq 16 il ötür. Amma belə deyək, rus dilini ana dili kimi qəbul edən, Azərbaycan dilini bilməyən və ya bu dildə çətin danışan insanlar hələ də çoxdur və onlardan bəzisi aparıcı kimi də fəaliyyət göstərir. Aparıcının hıqqana-hıqqana danışmasını cəmiyyətin sakit qarşılaması, buna ictimai təhdidin olmaması belə televiziya «mütəxəssislərini» daha da həvəsləndirir.
Sovet televiziyasında olan ciddi nəzarət filtrlərinin yoxa çıxması ilə müxtəlif şivələr, dialektlər teleməkana yol tapıb. Dialektləri telekanallara dilin zənginliyndən xəbərdar olanlar yox, məhz dili bilməyənlər gətirir.
Türkiyə türkcəsinin efirimizə təsiri göz qabağındadır. Aparıcılarımızın bir qismi, xüsusilə də bir müddət Türkiyədə yaşayıb fəaliyyət göstərənlər sanki Azərbaycanın ədəbi dil qaydalarının Azərbaycan xalqına lazım olmadığı qənaətinə gəliblər.
Ümumiyyətlə, Azərbaycan aparıcısı demək olar ki, ekstremal vəziyyətdə fəaliyyət göstərir. Efirə qonaq qismində dəvət alan bir sıra şəxslərin danışığı da bizim acı reallığı özündə əks etdirir. Aparıcılar rusdilli və ya türkdilli (Anadolu türkcəsi nəzərdə tutulur) qonaqların nitqinə uyğunlaşmalı olur, beləliklə, bəzən məcburiyyətdən ədəbi dil qaydalarını pozurlar.
Teleməkana nəzarət funksiyalarını həyata keçirən qurumun rəhbəri Nuşirəvan Məhərrəmli də müsahibələrinin birində «milli dilimizin teleefirdəki vəziyyəti ilə razısınızmı» sualına «Biz özümüz özümüzə hörmət etmirik. Bu məsələdə qeyri-normal vəziyyət hökm sürür» cavabını verib. Milli Televiziya və Radio Şurasının sədri son zamanlar ingilis dilində verilişlərin artmasını da bir problem kimi qeyd edib və bildirib ki, bizdə dünya praktikasına zidd olaraq belə hallarda ekranın aşağısından subtitrlər verilmir.
Təhsil səviyyəsinin aşağı düşməsi, telekanallarda aparıcı işləməyin professional hazırlıqdan çox başqa nüanslardan asılı olması aparıcıda öz işinə etinasız münasibət formalaşdırır. Verilişinə sponsor tapan şəxs fərli-başlı nitqi olmadan da efirə çıxacağına əmindir.
Aparıcıların nitq qüsuru danışıq tempinə də aiddir. Çox vaxt teleaparıcı mətni elə sürətlə oxuyur ki, məlumatı başa düşmək olmur. Bu təkcə aparıcının günahı deyil, müəyyən vaxt ərzində, tutalım, 20-25 saniyəyə mətn oxunmalıdır. Ola bilsin, eyni mətni xarici dildə eyni müddətə oxuyanda qeyri-adi heç nə baş vermir. Amma bunu «dünya standartı» kimi qəbul etmək olmaz. Bizim dilin öz xüsusiyyəti, hər dilin öz tempi var. İngilis dili öz tempinə görə rus dilindən iki dəfə, fransuz dili bundan da çox sürətlidir. İngilisdilli kanalın efirindən qısa vaxtda daha çox informasiya çatdırmaq olar. Həm də ingilis dilində xeyli ixtisardan istifadə olunur ki, bu, vaxta bir az da qənaət etməyə imkan yaradır.
Danışıq tempinin pozulmasına misal kimi bir sıra müəllif verilişləri ilə tamaşaçıların görüşünə gəlmiş Mehriban Ələkbərzadəni göstərmək olar. M.Ələkbərzadənin həddən artıq sürətli danışıq tempi ilə dilmizin təbii tempi, eyni zamanda Mehriban xanımın Azərbaycan tarixindən hazırladığı silsilə verilişlərin, həmçinin çox maraqlı «Persona» layihəsinin tempi arasındakı uyğunsuzluğu duymamaq mümkün deyil. Müəllif bu layihələrdə yalnız rejissor kimi iştirak edib aparıcılığı başqasına həvalə etsəydi, həmin layihələrin uğuru bir az da artıq olardı.
Aparıcının öz işinə biganəliyinin başqa səbəbləri də var. Müstəqil olmağımıza baxmayaraq hələ sovet sistemindən miras qalmış inzibati idarə formaları bu gün də telekanallarda hökm sürür. Aparıcılar cüzi məvaciblə, demək olar, katorqa şəraitində işləyirlər. Bəzi kanallarda hətta 5-10 dəqiqə işə gecikən jurnalistin məvacibindən cəza kimi 10-20 manat tutulur. Aparıcının gecə-gündüz, işdən sonra qalıb işləməsi isə «nəzərdən qaçır». Bir kanalı təpk edib digərində işə düzəlmək də qəliz məsələdir. Məkan balaca, imkanlar dardır. Belə vəziyyət aparıcının yaradıcı həvəsi üçün öldürücüdür.
Azərbaycan teleaparıcısının qüsurlu nitqi əslində hər şeydən əvvəl iki məqamla bağlıdır: Azərbaycan televiziyasının milli inkişaf konsepsiyasının və bundan doğan qanuni nəzarətin yoxluğuyla.

İsmayıl İSMAYILOV