Qulu Ağsəs:

Qulu Ağsəs: "O şeirləri ancaq dəli yaza bilər…" - MÜSAHİBƏ

"Vaxt gələcək azərbaycanlılar bir-birini tərcüməçi vasitəsi ilə başa düşəcəklər"

Son dövrlər mətbuatda az görünən, şeirlərini az-az çap etdirən, ədəbi prosesin mərkəzində dayansa da, hər şeyi kənardan izləməyə üstünlük verən şair, "Ulduz” jurnalının baş redaktorunun müavini Qulu Ağsəslə söhbət etdik. Qulu yenə də yarıciddi-yarızarafatlı ovqatında idi...

– Yazıçılar Birliyi tərəfindən başqa ölkələrə göndərilmirsiniz, tədbirlərdə də az-az görünürsünüz. Bu sizə qarşı olan ögey münasibətin göstəricisidir, yoxsa?

– Yox. Bu mənim tədbirlərə və xarici ölkələrə olan ögey münasibətimin göstəricisidir. Sadəcə təyyarəyə minə bilmirəm. Çünki təzyiqim var. Yazıçılar Birliyində hər həftə onlarla tədbir olur. Çoxu da layiqsiz adamların tədbirləri. Həmişə də eyni kontingenti dəyirmi masanın ətrafında görmək olar. O adamların işləri-gücləri yoxdur, ömürləri-günləri Natəvan klubunda kimlərisə tərifləməklə keçir.

– Bəs şeirlərinizin az çap olunmasının səbəbi nədi?

– Şeirlərimin az çap olunmasının səbəbi öz senzuramdan keçməməsidir. İnsan ədəbiyyatın nə demək olduğunu bildikcə, az dərc olunur, ehtiyyatlı olur. Mən də istəsəm, ağzıma gələni yazıb ekisperiment adı altında dərc etdirə bilərəm. Amma, mən heç vaxt belə ağılsız addım atmaram, çünki başım ayağımın altında deyil, ayağım başımdan aşağıdadır. Mənim səviyyədə şeirin texnikasını bilən az adam var. Mexyanadan, qəzəldən tutmuş hər cür şeir yaza bilərəm. Amma mən heç nəyi həddindən artıq etmək istəmirəm. Necə ki, muğam hamını bezdirdi, indi də Allahın köməkliyi ilə heç kəs aşıqlara qulaq asmayacaq. Hansı sənəti gözdən salmaq istəyirlərsə, o sənəti kütləviləşdirirlər. Mən şeirin kütləviliyinin əleyhinəyəm. Ona görə də şeirlərimi az-az çap etdirirəm. Şeir göz yaşı kimi olmalıdır, yalnız özünə aid olmalı, yağış kimi hamının başına yağmamalıdır.

– Bütün yazılarınızın lakonik olmasını bəziləri fikir qıtlığı kimi qiymətləndirir.

– Məsuliyyət sözündən zəhləm gedir, qısa yazmağıma səbəb sözə qarşı qorxaq olmağımdan irəli gəlir. Bütün sözlərin üstünə qışqırıb, qoluna girib şeirə gətirmək olmaz. Şeir az həcimdə olmalıdır. Mən bütün azlıqların tərafdarıyam, bir dənə cinsi azlıqlardan başqa... Nə azdırsa, adamın gözü həmişə onda qalır. Bizə əziz olan adamlar təkcə yaşayan adamlar deyil ki, onlardan da əziz olanlar var- torpağın altındadır. Bu mənada, şeirin torpaqda olan hissəsi onun alt mənasıdır. İndi ən böyük tıxac avtomobil tıxacı yox, vaxt tıxacıdır. İnsanlar az vaxtda qısa şey oxumaq istəyirlər. Sadə bir misal: Əvvəl qırx gün qırx gecə Qurbani dastan danışırdı, Aşıq Valeh onu eləmişdi iyirmi gün iyirmi gecə, Aşıq Hüseyn Saraclı üç gün üç gecəyə salmışdı, indi Aşıq Əhliman o dastanı 30-dəqiqəyə danışıb qurtarır. Yəni hər şey qısalır. İndi üç gün dastan danışsa, bəy aşığı gülləylə vurub öldürər. Adlarımız belə qısaldılıb. İnsanlar adları belə uzun çağırmaq istəmir. Daha Məhəmmədhüseyn, Əliqulu kimi uzun adlar da yoxdur. Vaxt gələcək bizi adımızın baş hərfi ilə çağıracaqlar. Adamlar az qalır deyələr ki, 10 dənə günəş olsun, biri ilə çatdıra bilmirik. Bütün ulduzlar günəşdən yekədir. Heç biri də adamın gözünə girmir, başına vurmur. Ulduzlar çoxdur deyə heç kəs onları sevmir. Günəş ona görə dəyərlidir ki, ondan bir dənədir.

– Yazıçıların çox oxunmaq sevdası nəylə bağlıdır, sizcə yazıçı çox oxunmalıdır?

– Bəzi yazıçılar elə bilir ki, ədəbiyyat kütləvi qırğın silahıdır, hamını eyni vaxtda qırmalıdır. Ədəbiyyat özünü təkləyib məğlub eləmək sənətidir. Oxucu niyə çox olmalıdır ki? Özümüzü aldatmayaq, dünyada nə qədər oxucu varsa, o qədər də şair var.

– Sizin dilə qarşı çox həssas olduğunuzu bilirik. Bu gün yaradılan əsərlərin dil qüsurları çoxdurmu?

– Bugünki kitabların 99 faizinin üstünə "Azərbaycan kitabı" ifadəsini yazmaq lazımdır. Bəzən mən çalışan jurnalda da, dili bərbad olan şeirlər çap olunur. Mən yarızarafat-yarıciddi təklif edirəm ki, gəlin o şeirlərin üstünə 6 nömrəli palata yazaq. Çünki o şeirləri ancaq dəli yaza bilər. Yaxud da kitabların üstünə "Azərbaycan dilində" yazmaq lazımdır. Çünki ancaq bu cür insanları inandırmaq olar ki, oxuduqları kitab Azərbaycan dilindədir. Azərbaycan dilinə son 20 ildə olunan hörmətsizlik heç bir dövrdə olmayıb. Hətta Aqil Abbasın bəyənmədiyi Ağqoyunlu və Qaraqoyunlu dövründə də. Əvəllər bu dillə elçi getmək, quş uçurmaq, oğul evləndirmək, qan yatırmaq olardı, amma indi bu dillə pul da rəngləmək olmaz.

– Demək istəyirsiniz ki, dil öz funksiyasını itirib?

- Bəli, dilimiz də həyat tərzimiz kimi funksiyasını bilmir. Bizdə İçərişəhəri təmir edirlər. Ziyalılar da hamısı susur. Azərbaycan dili pis vəziyyətdədir, heç kəs dinmir. Mən saytları çox izləyirəm. Bir də görürsən yazıblar ki, Ronaldo rusiyalı modelyerlə görüşüb. Hamı da girib şərh yazır. Əgər oxucular laqeydirsə, buna da laqeyd olsunlar da.

– Bu nəylə bağlıdır, sizcə insanları çox qorxudublar, onlarda heç nəyə münasibət bildirə bilmirlər?

– Əksinə. İnsanlar sadəcə çox cəsurdular. Cəsurluq qədər də sənətə, güzarana ziyan olan heç bir şey yoxdur. Mən əslində insanların qorxaq olmasını istəyirəm. Qoy Azərbaycanda dildən, dindən, Allahdan qorxsunlar. Bu gün adamlar heç nəyə şübhə eləmirlər, yaradıcı adam çox şeyə şübhəylə yanaşmalıdır. Bu gün yazarlar mütləq həqiqətlər ünvanlamaqla məşğuldurlar. Çoxları özlərini Allahla səhv salıb. Mən ləhcənin, şivənin, arxaik sözlərin işlənməsinin əleyhinə deyiləm. Amma vaxt gələcək azərbaycanlılar bir-birini tərcüməçi vasitəsi ilə başa düşəcəklər.

– Dil qüsurları, məncə orta və gənc nəsilə aid qüsurdur. Çünki, yaşlı nəsilin dil sarıdan o qədər də problemi yoxdur.

– Bəli, dilin qayda-qanunlarını əsasən cavan və orta nəslin yazarları pozur. Məsələn, o gün bizim evin qarşısında gilənar satırdılar. Yaxınlaşıb soruşdum ki, gilənar təzədir? Satıcı dedi ki, yox, dünən dərilib. Mən də dünəndən qaldığına görə almaq istəməyəndə, dedi ki, nolar dünəndən qalmış olanda, üstünə gün doğub da. Yəni bircə gün keçib, bir dəfə üstünə gün doğub. Mən o «üstünə gün doğub» sözünə görə gilənarın hamısını aldım. Gilənarı satan adam, heç vaxt dil dərslərində olmayıb. Bəkir Nəbiyevlə rastlaşsa, heç salam da verməz, Ağamusa Axundovun adını belə eşitməyib. Amma gör dilə nə qədər bağlıdır. Yaşlı nəsil müəyyən senzura, qorxu, redaktə görüblər. Cavanlar isə necə gəldi yazırlar, əgər bu gün qəzetləri vərəqləsən, jurnalları oxusan, özün də görərsən ki, biz öz meydanımızda oynamırıq. Mən həmişə müstəqilliyin fəsadından qorxmuşam. Müstəqillik çox şeyə qarşı basməmmədi münasibət formalaşdırıb. Ölkədə dil qurumları var, dilçiliklə məşğul olan insitut var, dilçilər var. Amma heç kəsin heç bir şey vecinə deyil. Heç dilçilərin çoxunun yazılarını oxumaq olmur. Onlar eyni zamanda heç bir imtiyazlı yazıçıya, şairə irad tuta bilmirlər. Bu gün çoxlu sayda tərcümələr olunur, amma o əsərlərin 80 faizi təzədən dilimizə çevrilməlidir. Bir dəfə Seyran Səxavət bir yazısında demişdi ki, əvvəllər internat uşaqları var idi, indi də internet uşaqları var.

– Yəni hər ikisi özbaşına və yiyəsizdir...

- Bəli, sənin bu əlavən uğurludur. Hər ikisi yiyəsizdir. "Kaspi” qəzetinin ötən sayında Rüstəm Kamalın müsahibəsi dərc olunub, plagiatlıq haqqında danışıb. Amma heç bir adamın adını çəkməyib. Bu kimi cəhətlər Azərbaycan ədəbiyyatnın bədbəxtliyidir. Hamı hər şeyə ümumi prizmadan yanaşır. Elmlər Akademiyasında ilin ədəbi yekunları barədə məruzə var idi, məni də dəvət eləmişdilər. Orda məni xeyli təriflədilər, amma Bəkir Nəbiyev məni tanımadı. Amma Gülağa Tənhanı hamısı tanıyır.
Elmlər Akademiyasının Dilçilik və Ədəbiyyat institutlarında onlarla adam var ki, onlar üçün sonuncu şair Səməd Vurğundur. Əgər onlar Vaqif Səmədoğlunu qəbul eləmirsə, mən o adamlarla nə danışım?

– Amma ədəbiyyat təkcə dil faktoru kimi qəbul olunmamalıdır axı?

– Bir bədbəxtlik də ondadır ki, baxırsan ki, yazıçının əsərinin maraqlı dili var, amma mətnin mənası yoxdur. Mən ən sadə həqiqəti deyim. Bəzi yazıçılar mənə deyir ki, əla bir əhvalat vardı beynimdə, indi o əhvalatdan hekayə yazmışam. Amma başa düşmürlər ki, hər əhvalat hekayə ola bilməz.
Bəzən deyirlər ki, dilimizin imkanları dardır. Əgər yazıçı öz dilində yaza bilmirsə, hər yetəndə başqa dili köməyə çağırırsa, o yazıçıdan nə gözləyəsən? Yaxud Azərbaycan dilində düşünməyən yazıçı necə azərbaycanlı sayıla bilər.

– Bu gün cəmiyyətin şeirə olan bu bərbad münasibət barədə nə deyərdiniz?

– Bu gün şeirə iki cür münasibət var. Adamlar var ki, əllərində bir stəkan su var, onu aparıb ağaca tökürlər. Amma adam da var ki, suyu içir, sonra ifraz edir ağacın dibinə. Bu gün şeirə olan münasibət də təxminən bu cürdür. Amma indi ədəbiyyatda ağacların necə sulandığı heç kəsi maraqlandırmır. Mən bir dəfə demişdim, yenə deyirəm. Yaıçılar deyir ki, oxucuları itirmişik. Mən də deyirəm ki, itirmişik, lap belə cəhənnəmə itirmişik. Onsuz anamızı, atamızı, vətənimizi itirmişik, indi də torpağımızı itirək, guya nə olacaq ki... Biz onsuz da qaçqınıq. Elə sənin özün də qaçqınsan, özü də Kürdəmir qaçqını. Bu gün hamı nəyinsə qaçqınıdır. Neçə yaşın var, Fərid?

– 22.

- Sən artıq 21 yaşının qaçqınısan. Bir də 21-ə qayıda bilməyəcəksən. Bugünkü qaçqınlığımız keçmişimizdən, dünənimizdən qaçqınlıqdır.

– "Nabran Novellası” kitabınızda müxtəlif janrların olması sizcə kitabın oxunaqlılığını azaltmır ki?

- Mən o kitabda bir şeyi ərindiyimə görə qeyd etməmişdim. Amma beynimdən belə bir şey yazmaq keçirdi: Bu kitab nə esse, nə şeir, nə publisistika, nə də hekayə kitabıdır. Mənim başım kitabı yazmağa qarışdığından janrını müəyyələşdirmək yadımdan çıxdı. İstəyirəm ki, sizin də başınız onu oxumağa qarışsın və janr axtarmayasız. Amma əslində bu yazıların janrı var. Bu janrın adı quyudur. Mən bu quyunu özüm üçün qazmışam. İstəyirsinizsə, buyurub siz də düşə bilərsiz.

– Söhbətimizin yönümünü dəyişək, bu gün yadınızda hansı hadisəylə qaldı?

– Bu gün səhər işə gedəndə gördüm ki, tanış polis cavan bir oğlanı tutub. Məlum oldu ki, oğlan kiminsə kartını götürüb və pul oğurlayıb. Mən polisdən xahiş elədim ki, o yazıq oğlanı buraxsın. Həmin oğlana da dedim ki, oğurladığın pulları qaytar. Hamısı razılaşdı və mən də şən əhvalda Yazıçılar Birliyinə gəldim. Bir azdan həmin polis mənə zəng edib dedi ki, oğlanı apardım polis şöbəsinə. Səbəbini soruşanda dedi ki, mən şair deyiləm e... polisəm. Deməli, sadəcə onların yanında mənim sözümü yerə salmayıb. Yəni Azərbaycanda bu cür insanlar var... Amma əslində biz dördümüz də düz iş görmüşdük. O oğurluq etməkdə, digəri kartını oğurlatmaqda, mən onu azad etdirməkdə, polis də yenidən həbs eləməkdə. Bu gün Azərbaycanda çox az haqsız adam tapmaq olar.

Fərid Hüseyn
"Kaspi"