Təbriz Tağızadə - Dəli olmaq

Təbriz Tağızadə - Dəli olmaq

Ətrafındakılar şübhələnməyə başlamışdı artıq etdiklərindən. Heç kim inana bilmirdi ona, etdiklərinə haqq verə bilmirdi. Ruhi xəstə olduğunu, psixi problemləri olduğunu düşünənlər də var idi aralarında. Hətta ailəsi, əri də onlar kimi düşünməyə başlamışdı. Haqlı ola bilərdilər,  bəlkə də yox. Axı özləri demişdi hər şeyi. Öz inancları, öz dinləri bunu demişdi. İndiysə xəstə damğası vurmaqla kifayətlənirlər. Öz dediklərini inkar etməkdən də pisdi bu, kiməsə məsləhət verib sonra da niyə bunu etdin deyə günahlandırmağa bənzəyir etdikləri.  Dedikləri hər sözlə tanrıya haqq qazandırırlar, dediklərinin inkarı ilə özlərinə. Ya özlərinə güvənmirlər ya tanrıya, ya özləri ni anlamırlar ya tanrını..


"Böyümədən ölən körpələr cənnətə düşür birbaşa, cənnət quşudu onların hər biri". Axı özləri demişdi bunu, axı bununla təsəlli etmişdilər körpəsi ölən ananı. Dində belə bir qayda olduğunu mızıldanmışdılar, quranı soxmuşdular ortalığa. İndiysə hər biri bütün bu ehkamları rədd edir, sadəcə nifrət yağdırırlar gözlərindən. Qatil olduğunu düşünürlər qadının.   Həm də övlad qatili. 

  

Şüurlu şəkildə övladını öldürən bir qadına "dəli" adı vermək, onu etdiklərinə görə günahlandırmaq.. O uşağın cənnətə düşmə haqqını oğurlamaq, ya da tamamilə yox etmək. Övladı cənnətə düşsün deyə onu öldürən bir qadına qan qusmaq, ölümünü tələb etmək. Övladı əbədi xoşbəxt olsun deyə əbədi əzabı gözə almaq, tanrını qarşısına almaq, insanlara qarşı gəlmək. Sadəcə övladını sevmək, birinci ölən körpənin əbədi xoşbəxtliyini ikinci körpənin də yaşamasını istəmək. Xoşbəxt olsun deyə öldürmək, kirlənməsin deyə öldürmək, əbədi sevinsin deyə öldürmək.. Dinin öldürmə dəyərlərini heçə saymaq, dinin ən gözəl, ən çox arzulanan tərəfini övlada bəxş etmək.. Övlad üçün öldürmək, övlad üçün övladın özünü öldürmək.. Və dəli olmaq!