Xalq rəssamının London sərgisi

Xalq rəssamının London sərgisi

Oktyabrın 6-da Böyük Britaniyanın paytaxtı Londondakı məşhur “The Great Room”da Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb.

Kultaz.com-un verdiyi xəbərə görə, sərgidə rəssamın 20-ə yaxın əsəri nümayiş olunur. Fırça ustasının Britaniya sənətsevərlərinə təqdim etdiyi əsərlərin janrını rəmzi peyzaj janrı adlandırmaq olar. Rəsmlərin əsas mövzusu isə dəniz və Abşeron mənzərələridir.

Fərhad Xəlilov AzərTAc-a müsahibəsində deyib: “Britaniya həmişə mədəniyyət mərkəzi, yeni düşüncə, yaradıcılıq təqdimatlarının mərkəzi olmuşdur. Bu gün burada əsərlərimi londonlu sənətsevərlərə təqdim etmək mənim üçün həm də çox məsuliyyətlidir. Mən emalatxanada işləyərkən rəsmlərimin kiminsə bəyənib-bəyənməyəcəyini düşünmürəm. Sadəcə gördüklərimi və hisslərimi tabloya köçürürəm. Ancaq çəkdiyim rəsmləri tamaşaçılarla bölüşmək mənə həmişə xoşdur”.

Sərginin açılışında Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Britaniyadakı Azərbaycan diasporunun üzvləri, Britaniya ictimaiyyətinin nümayəndələri, tanınmış rəssamlar və sənət adamları iştirak ediblər.

Sərgi oktyabrın 19-dək davam edəcək.