Xan Abdulla -

Xan Abdulla - "Kəlilə və Dimnə"-dən

İstədim ki, oxuyum,
dörd-beş rəvayət, ata
"Kəlilə və Dimnə"-dən.
Kitabların içində
bir kitab gördüm, ata.
Sənsə birdən ah çəkib
kimisə söydün, ata.

Dünən bir kitab tapdım
kitablar arasından.
Sonra ağladım, ata.
Qadınlar tək ağladım,
uşaqlar tək ağladım.
Sən yenə də deyindin.
Daha da bərk ağladım.

Hıçqırarkən də, ata
tezcə qısdım səsimi.
Cırıldadı yatağın,
səni oyatmamaqçün,
tərk elədim otağı.

İstəmişdim oxuyum
dörd-beş rəvayət, ata.
"Kəlilə ve Dimnə"-dən.
Axtararkən kitabı,
başqa bir kitab tapdım,
kitabların içindən,
istəmədən, bilmədən.

O kitab hədiyyəydi,
balaca, qara qızdan.
İndi yəqin mənimtək
gəbərir yalnızlıqdan.

Kitabı sığalladım,
seyr etdim uzun-uzun.
Qızın o gül qoxusun
bəlkə duyaram deyə
qoxuladım kitabı
əzizlədim kitabı,
öpdüm vərəqlərini,
qucaqlayıb ağladım.
Nə isə...
Toxtadım, ata.

Xatirələr sürətlə,
gəlib keçdi önümdən
acizlik etdiyimçün
özüm düşdüm gözümdən

Kitabı da yandırdım,
heç külü də qalmadı.
Mən yandım, kitab yandı.
Xatirələr yanmadı.

İstəmişdim oxuyum,
dörd-beş rəvayət, ata.
"Kəlilə və Dimnə"-dən.
Həyat adlı zalımın
oyuncağı oluruq,
istəmədən, bilmədən.



Xan Abdulla