"YUĞ" fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən "YUĞ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirəcək.

Edebiyyat.biz-ə xəbər teatrın mətbuat xidmətindən daxil olub.  

Məlum olduğu kimi, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət "Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.

Teatr yeni binada fəaliyyətini tam gücü ilə davam etdirməyə çalışacaq. 

Nəzərinizə çatdıraq ki, bu gün – 26 yanvar tarixində saat 19.00-da YUĞ tamaşaçılarının qarşısına köhnə binada (M.Muxtarov küçəsi, 83) sonuncu tamaşa ilə çıxacaq. T.Rəsulovun quruluşunda hazırlanan "Boy” tamaşasında Əməkdar Artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Könül Cəfərzadə iştirak edir.

Edebiyyat.biz