Yusif Hansen – Nəşəxorun oğlunun “Son zəng”-i

Yusif Hansen – Nəşəxorun oğlunun “Son zəng”-i

Məktəbi bitirdiyim 2005-ci il idi. 11-ci sinifi bitirən uşaqların qəribə bir xoşbəxtlik hissi, simalarında gülüş olur. Mən də məzun olduğum ili bəlkə də heç zaman unutmayacam. Adətən insanlarda xoş xatirələrlə xatırlayır. Amma mən isətam əksinə.

Məzunlar adətən "Son zəng” və ondan sonrakı məzun gecəsi ilə məktəblə vidalaşır. Bizimki də elə digərlərindən fərqlənməzdi. Unudulmaz gecə isə hər bir keçmiş şagirdin xatirələrin müxtəlif cür qalacaqdı.

Məktəbdə keçirilən "Son zəng”ə həvəssiz getmişdim. Bu tədbir boyu az qala darıxmaqdan öləcəkdim. Məktəb illərim əziyyətli, çətin olduğundan birtəhər tezliklə canımı qurtarmağı arzu edirdim. Tədbir elə də əla keçməsə də sona çatmamış aradan çıxmışdım. Axşam isə restoranda keçiriləcək məzun gecə olacaqdı.

Məzun gecəsinə geyəcək yeni heç nəyim yox idi. Hətta gündəlik geydiyim ayaqqabıım da artıq istifadəyə yararsız idi. Sinif yoldaşlarımın bəzənərək, dəbli geyinərək gələcəyini düşünmək mənə işgəncə idi. Kök vaxtlarımdan qalan, alındığı zaman böyüyəcəm deyə bir az da əynimə böyük seçilən, köhnə və içində üzəcək qədər yekə olan kostyumu geyinməyi düşünürdüm. Başqa əlacım yox idi. Ayaqqabı məsələsi ilə naməlum idi.

Axşam getməyə 1 saat qalmış anam məni metronun içinə aparaq 5 manata bir yay ayaqqabısı aldı. Evə gələndən sonra 6-7 il ərzində məktəbə hər gün növbə ilə geyindiyim 2 ağ köynəkdən birini ütüləyib geyinməyə verdi. Geyinib hazır dayanmışdım. Arxamca sinif yoldaşım Anar gələcəkdi. Birgə gedəcəkdik.

Anar gəldi və qapının ağzında məni gözləməyə başlamışdı. Ayaqqabılarımı geyinib çölə çıxdım ki, gedək. Pilləkənləri düşməyə başlamışdıq ki, illərlə həyatımızı cəhənnəmə çevirən, son qəpiyinə qədər pulumuzu alan, bədənimdə onun qanı axdığına hər zaman utanacağım "nənəm” qapının ağzında peyda oldu. Birdən eşitdiyim sözlər məni hərəkətsiz dayanmağa məcbur etdi. Qızardım, Anardan utandım. Həmin sözlər isə bunlar idi: "Sən bir buna bax. Nəşəxorun oğlu da veçerinkaya gedərmiş. Harasına yaraşır bunun.”

Anarla pilləkənləri düşüb restorana getdik. Gecənin tez bitməsini və ordan çıxıb getməyimi çox arzulayırdım. Yaxşı geyinmiş uşaqların ayaqqabılarına, geyimlərinə baxanda özümə nifrət edirdim, utanırdım. Sanki bu uşaqların arasında həmin vaxt olmağım mənim üçün işgəncə idi. Bütün gecəni oturdum, nə rəqs etdim, nə güldüm, nə də sevindim. Sadəcə vaxtın tez keçməsini və oradan rədd olub getməyimi gözləyirdim. Gecə bitməmiş Anarla restorandan çıxdıq və evimizə getdik.

"Nənəm” anamı yerlilərimiz olan Bakılı bir ailəyə qızının istəmədiyini nəzərə almadan ərə vermişdi. Sonra da qızının ailəsini dağıdaraq gətirib yanında saxlamışdı. Anamın qazancını hər qəpiyinə qədər alar, bizim günümüzü qara edərdi. Yerlilərimizin də bir xasiyyəti var ki, boşandıqdan sonra qızın anası bir zamanlar özləri seçdiyi oğlanı nəşəxor, avara adlandırırlar. Elə olmasa da belə.

Atamın sifətini isə heç görməmişdim. Hələ mən lap körpə olanda məndən imtina etmiş, aliment verməmək üçün boşanma zamanı məhkəmədə uşağın ondan olmamasını bildirəcək qədər şərəfsiz biri olmuşdu.

Məzun gecəsinin video kasetlərini aldıqdan sonra aparıb mətbəxdəki şkafa atmışdım. Elə indi də orda durur. Bu günə qədər heç videomaqnitofonum olmayıb. Həm ondan, həm də həmin gecəni xatırlayıb bir daha üzülməmək üçün həmin kasetlərə heç baxmadım.
 

Yusif Hansen

29.05.2015