"Hisslərimin ifadəsini yaxşı bacarıram"

Şair Sevinc Çılğının Yenilik.Az saytına müsahibəsi.

Sizin təxəllüsün tarixçəsini bilmək olarmı? Niyə məhz Sevinc Çılğın?
Ona görə ki, Sevinc çılğındır. Sözlərimə mahnı yazılmışdı. Özümü təqdim etməliydim. Qasımova soyadı mənə həmişə yad olub. Babam Ərdəbildən gəlib və neyçünsə mənə həmişə elə gəlir ki, bu soyad mənim deyil, sonradan alınıb. Ata adıylasa tanınmaq istəmirdim. Şeirlərimə baxırdım ki, ad tapım, birdən "Çılğın” dedim. Ağlıma batdı, vəssəlam. Əvvəl çox adam qəbul etmirdi. İlk dəfə Rasim Qaraca dedi: "hmm… adın çox şey deyir”. Mən inanırdım. Deyəsən, özünü doğrultdu. Şəxsən tanıyanlar razılaşır

İlk şeirləriniz necə yarandı?
Klassik. Hamı kimi mən də "ana vətən”dən başladım. İbtidai sinif dəftərimə "Ana vətəndə” adlı şeir yazdım və anama yaxınlaşıb "bax, şeir yazdım” dedim. Deyəsən, təəccüb etmədi. Çünki o zamana qədər bilmədiyim şeir, nağıl, mahnı yox idi. Yadıma gəlir ki, 5-6 yaşımda mitinqlərdə "Əzərbəycan” deyib qışqırırdım, məni başlarının üstündən ötürüb tribunaya çıxardır, "Azərbaycan” şeirini dedirdirdilər. Yəni məndən gözlənilən bir şey idi. Sonra vertolyot qəzası mənə təsir etmişdi. Bircə bənd yazdım və müəllimim bütün sinifə əzbərlətdirdi. İndi də uşaqlarla rastlaşanda "yadındadır, bizi əziyyətə salmışdın” deyirlər

Siz ədəbiyyata gələndə çap olunmaq və ya başqa problemlər var idimi?
Qətiyyən. 2002-ci ildən mütəmadi yayımlanıram. Professor Tahirə Məmməd Rasim Qaracaya yolladı məni, çap etdi. Sonra "Pərvanə” ədəbi məclisini tanıdım. Sonra Zairi ( həyat yoldaşı və Kultaz.com ədəbiyyat portalının rəhbəri, şair Zahir Əzəməti nəzərdə tutur-red. ). Heç vaxt heç kəsin qapısını döyüb "məni çap et” demədim. Özləri istədilər, etdilər. Amma bir dəfə oldu. İndi yadıma düşdü. (Siz yadıma nələri saldız). "Yeni Azərbaycan” qəzetinin ədəbiyyat əlavəsində bir neçə şeirim və rəhmətlik Şamil Salmanovun məni təqdim edən yazısı yayımlanmalıydı. O vaxt Zair orda çalışırdı. Gecə Zair yazını və şeirləri səhifəyə yerləşdirir, çapa yollayır. Səhər qəzeti alırıq, şeirlər var, yazı yox. Növbəti həftə də eyni hal. Sonradan etibarlı mənbələrdən aldığım məlumata görə, bildim kimin işi olduğunu, amma üzünə vurmadım. Deyilənə görə,  Zairin mənə münasibəti adamı qıcıqlandırırmış. Aramızı vurmaq istəyib. Amma vallah, o zamanlar bu əzəmətli sevgidən xəbərim yox idi. İndi yəqin Yavrumun varlığını görüb utanır.  O yazını isə Qəşəm Nəcəfzadə "Ədalət”in əlavəsində yayımladı. Həmin səhifədə rəhmətlik Nüsrət Kəsəmənlinin ölüm xəbəri də verilmişdi. Yadımdadır, kimsə dedi: "Bir şair öləndə, bir şair doğulur”.

Azərbaycan ədəbiyyatında ədəbi nəsillər arasındakı problemin ədəbiyyata təsiri varmı?
Olmalıdır. Niyyət ədəbiyyata xidmət olduqdan sonra etik normalar çərçivəsində.

Yaradıcı insana stimul verən nədir – maddi aləm, yoxsa öz mənəvi dünyası?
Təbii ki, birinci mərhələdə mənəvi ehtiyac. Yazdıqdan sonra artıq başqa səbəblər ortaya çıxır. Maddiyayat da gəlir gözünün qabağına, şöhrətpərəstlik də adamı dürtmələyir və s. və i.

Sizin şeirlər nədən yaranır, sizə ilham verən nədir və ya kimdir?
Bana ilham demə. Artıq ilham sözü adamı qıcıqlandırır. Zarafat bir yana, bu məqamda hərə bir şey deyə bilər. Ancaq bu ilham deyilən hər nədirsə, hardan, necə gəldiyi heç bəlli olmaz. Kifayət qədər dolmalıyam, təsirlənməliyəm, daşmalıyam və özümü yazıda toparlamalıyam. Belə…

Şeirlərinizə xeyli mahnı bəstələnib. Şou-biznes haqqında söz deməyə haqqı olan bir insansız. Azərbaycan şou biznesi, sizcə, nə gündədir?
Hə, bu mənim şansımdır. Bu gün ciddi fəaliyyətdə olan gənc yazarlar arasında demək olar ki, yeganə şairəm ki, sözlərimə mahnı yazılır. Bunun üçün sevimli Aygün xanıma – Aygün Səmədzadəyə minnətdar olmalıyam. Ruhumu duyur, məni tanıyır, şeirlərimi hiss edir və onlara ikinci can – bu dəfə əbədi can verir. Şou biznesə gəlincə, əslində mənim o nəzərdə tutduğunuz şou-biznes kütləsiylə alış-verişim olmur. Aygün xanım ciddi bəstəkar olduğundan, mənimsə lağlağı şeirlərim olmadığından bizim yaradıcılığımızda o ifaçılara da yer olmur. Məncə, bizim birgə fəaliyyətimiz mədəniyyətə xidmət edir. O birilər haqqında danışmaq istəməzdim.

Hamı mahnı sözü yaza bilərmi və ya hər kəs mahnı bəstələyə bilərmi?
Bu sualın cavabı birmənalı olaraq "yox”dur. Çünki zatən indi yaza bilən də, bilməyən də yazır. Adamlarda utanmaq duyğusu yoxa çıxıb elə bil. Özünə hörmət edən, sənətdən xəbəri olan adam ömründə özünə sığışdırıb ağzına gələni yazaraq "bunu mən yazdım, mən bəstəkaram, yaxud mən şairəm” deməz. Maraqlıdı e, niyə adamlar gedib öz işləriylə, sənətləriylə məşğul olmurlar.

Ölkədə bir çox müsabiqələr keçirilir. İndi də Milli Kitab Mükafatı keçirilir. Amma nədənsə bu mükafat adı kimi milli ola bilmədi. Sizcə, bunun səbəbi nədir?
Əslində obyektiv fikir subyektiv fikirlərin cəmidir. Heç bir müsabiqə yüz faizli obyektiv ola bilməz. Gəlin biz qazandırdıqlarından danışaq. Ən azından son bir il ərzində kitab mövzusu gündəmdə oldu. İndi hamı kitabdan danışır. Məsələn, Elçin Əlibəylinin "El içində”sində kitab mövzusu dəfələrlə işləndiyindən, gündəmə gəldiyindən sonra hətta adamlar "axırıncı dəfə hansı kitabı oxumusan?” deyib bir-birilərilə zarafat da edirlər. Pis-yaxşı söhbət kitabdan gedir. Ədəbiyyat adına görülən bütün işləri dəstəkləmək lazımdır. Yəqin bu müsabiqə də zamanla öz adını doğruldar.

Zəngin televiziya təcrübəsi olan insan kimi hazırda telekanalların menyusunda daha çox şou proqramların üstünlük təşkil etməsinə necə baxırsız?
Zəngin deyəndə ki, bu təcrübənin yaşı 5 ildir. Ancaq çox şeydən xəbərim var deyə bilərəm. Şou proqramların bolluğu isə tamaşaçının tələbatıdır. Bizim insanımız ona baxmaq istəyir. Başqa proqram hazırlayırsan, reytinq yığmır, heç kəs reklam vermir, müdir danlayır. İşini itirməmək, azacıq da olsa sevdiyin işlə məşğul olmaq istəyirsənsə məcbursan. Bizim kanallar xalqın böyük bir hissəsinin güzgüsüdür. Dərin adamlar bizim TV-lərə baxmır, yaxşı da edir.

Siz telekanal rəhbəri olsaydınız necə bir televiziya qurmaq istərdiniz?
Bahoo… Mənə belə sual verərlər?! Sonra xəyallar qurmağa başlayıram e. Kimdir mənə TV etibar edən? Amma olsaydım bircə nəfər də naşı, qeyri-professional işçim olmazdı. Böyük pullar hesabına xaricə təhsil almaları və kurslar keçmələri üçün yaradıcı insanları göndərərdim. Oxutdurub sonra iş görərdim.

Heç olubmu ki, hisslərinizi ifadə edə biləcək sözü tapa bilməyəsiniz?
Bəlkə ağlımın söylədiklərini olub, ancaq hisslərimin adını və ifadəsini yaxşı bacarıram.

Müasir Azərbaycan ədəbiyyatının problemləri hansılardır və bu problemləri necə həll etmək olar?
Biraz pulumuz olsa dünyaya çıxarıq. Ancaq mükəmməl nəsr tapmaq problemdir bizdə. Yaza-yaza öyrənəcəyik. Yaxşı şeirimiz var, dünyada da şeirin alıcısı yoxdur.

Yazıçılar Birliyi sizin üçün doğma ocaq ola bilibmi?
Bəlkə oranın üzvü olsaydım, nələrəsə görə, kimlərdənsə qorxub "hə” deyəcəkdim. Ancaq mən belə şeyləri qəbul etmirəm, qətiyyən marağım da olmayıb heç vaxt. Hətta "uşaq” olduğum vaxtlarda dəfələrlə "sənədlərini hazırla” deyiblər. Ancaq görünür hissim imkan verməyib.

Büdcədən maliyyələşən ədəbi nəşrlərin cəmiyyətdə nüfuz qazana bilməməsi sizcə nə ilə bağlıdır?
Bütün sahələrdə olduğu kimi yeyinti və başdansovdu işlə. Heç kəsin ürəyi işə yanmır. Ver yeyim, ört yatım, gözlə canım çıxmasın.

Prezident təqaüdü almaq üçün gənclər necə yazmağı, yoxsa Anarı və onun işçilərini necə tərifləməyi öyrənsələr yaxşı olar?
Vallah, mənimçün belə bir mövzu mövcud deyil. Bəlkə aralarında kimə və nəyə xidmət etdiyini səmimi şəkildə bilməyənlər də var. Ancaq mənimçün o qədər maraqsız mövzudur ki.

Nə vaxtsa sizin yaradıcılığınızı təhlil edən tənqidçilər sizi hansı ədəbi cərəyana aid edəcəklər?
Ağızlarına gələni deyəcəklər. Hətta demək istəmədiyim, heç ağlıma gəlməyən fikirləri də ayağıma yazacaqlar. Mən də o dünyadan onlara baxıb güləcəyəm.

İndi sərbəst şer yazanlar çoxdur. Sizcə hər qafiyəsiz söz yığınını sərbəst şer hesab etmək olarmı, yoxsa bunun da bir qayda-qanunu var?

Heç bir nəsnə nizamsız deyil. Sadəcə o nizamı duymaq və doğru hiss etdirmək lazımdır. İstedadsız insançun bunun fərqi yoxdur. Ancaq işini bilən adam nə etdiyini yaxşı bilir.

Yeni çap olunan kitabınız haqqında danışardınız. Kitabın adı da çox maraqlıdır. Oxucular kitabınızı necə əldə edə bilərlər?
Kitabım "Alaçarpa”dır. Çoxu bu sözü anlamır. Qışın üçüncü mərhələsinin adıdır. "Boz ay” da deyirlər. Qəribə havadır – gün ərzində qışdan, yazdan, yaydan və payızdan pay alır. Bu mənim, şeirlərimin və kitabımın havasının adıdır. Məncə, bu gün işlənməyən, ancaq mənsub olduğu dilə məxsus, enerjisini itirməyən sözləri ortaya çıxartmaq yazarın vəzifəsidir. Folklorda var bu söz. Xalq dilində də işlənir. Nə dialekt sözüdür, nə şivə. Sağlam, unudulmuş.
Kitabı Şahbaz bəy "Ən yeni ədəbiyyat-Poeziya” seriyasından çıxardı. "Ən yeni ədəbiyyat”da şeir olaraq Günel Mövludun kitabı çıxsa da, məhz bu adla ilkdir. Dörd bölmədən ibarətdir. İçində maraqlı şeirlər var. Fərqli havası olduğuna inanıram. Şəhərin bütün kitab maqazinlərində var.

Azərbaycanda kitab oxuyanlar niyə azalıb?
Azalmışdı. İndi artmaqdadır. Camaatın başını o qədər mənasız şeylərlə qatırlar ki, ciddi şeylər barəsində düşünməsinlər. Məncə, düşünülmüş addımdır. O dediyiniz şou-proqramlar da buna xidmət edir.

Nə vaxtsa Azərbaycanda da yazıçı kitabına görə nəşriyyatdan yüksək məbləğdə qonorar ala biləcəkmi?
Deyir, "sabr edən dərviş muradına ərmiş”. Tələbə yoldaşlarımla buna "sabr edən dərviş sabr etməkdən gəbərmiş” deyirdik. Gəlin birinciyə ümid edək.

Sizin üçün xoşbəxtlik nədir və özünüzü xoşbəxt hiss edirsinizmi?
Bunu etiraf etməkdən çox qorxuram. Dilimə gətirəndə ağlamağım gəlir. Hə, çox xoşbəxtəm. Gözəl, sevimli valideynlərim var. Yaxşı, məsuliyyətli, mənimlə nəfəs alan Zairim var. Evimin xanımıyam. Ailəmə böyük bir zövqlə qadın kimi qulluq edirəm. Bununla yanaşı ictimai fəaliyyətlərim də var, özümdən, özümüzdən başqalarını da düşünməyə vaxt tapıram. Etibarlı dostlarım var. Və ən başlıcası səhərlərim Yavrumun boynunu qoxulamaqla başlayıb, günüm Yavrumun ayaqlarını, bədənini yeyə-yeyə gecə köynəyini geydirib qoynumda yatırtmaqla bitir. Analıq dünyanın ən gözəl işi və əvəzolunmaz fəaliyyətidir. Ölkəmin insanları da xoşbəxt olsa hər şey tamamlanar.

Yenilik.Az