Allahı

Allahı "öldürən" şair…

... Ramiz Rövşənlə tanışlığım "yağış yuyur, gün qurudur" şeiri ilə başlayıb. O vaxtdan dilimdə əzbər etdiyim bu misralar görüb və dərk edə biləcəyim bütün həyati məvhumları ən sadə şəkildə izah edən tək-tük bədii mətnlərdən biridir.

gələn nədi, gedən nədi?
bələk nədi, kəfən nədi?
bu dünya öz kefindədi
yağış yuyur, gün qurudur...

Ramiz Rövşən deyəndə ağla şeir gəlir, söz gəlir, sehr, əfsun, möcüzə gəlir. Sözün havadan, sudan, oddan, ağacdan, kötükdən, buluddan yaranmış müxtəlif obrazlı şəkilləri gəlir. Sözün Allah şəkli gəlir, sözün qadın şəkli gəlir, sözün sevgi şəkli gəlir.

Ramiz Rövşən ədəbiyyatımızda sözə Tanrı qüvvəsi verən, sözü Tanrı səviyyəsinə yüksəldə bilən, sözü Tanrı ilə görüşdürə bilən nəhəng bir portretdir. Elə məhz özünün dediyi kimi:

Allahı dünyayla barışdırmısan,
qıraqda gəzməsin gözün Allahı.
dünyanı Allahla bölüşdürmüsən,
Allahın qulusan, sözün Allahı!

Bax bu qorxmazlığın adı ədəbiyyatdır, bu meydan oxuma gücünün adı ədəbiyyatdır. Tanrıya meydan oxuma gücü. Yəni, şair dünyada hökm(söz) sahibi olan, dünyada yaratma gücünə malik iki qüvvədən biridir. Və bu baxımdan da, şairin Allahla dünyanı bölüşdürülməsi fikri irəli sürülür və ardından "sözün Allahı" kimi bir arqumentlə təsdiqini tapır.

Ümumiyyətlə, Ramiz Rövşən yaradıcılığında Allah mövzusuna, Allaha bu cür xitablara olduqca tez-tez rast gəlinir. Hətta müsahibələrinin birində sırf bu səpkili yazılarına görə, Sovet hökumətinin maneələri ilə rastlaşdığını da qeyd etmişdir.

Ədəbiyyat bir növ cəsarət işidir və Ramiz Rövşən, bu baxımdan, həm də cəsarətli şairdir. Ki o, bəzən Allahı hədsiz sevən, yüksəkdə tutan;

 nə var Allahdan yuxarı?
 nə var qəbirdən aşağı?
 çəkdiyim ahdan yuxarı,
 bildiyim sirdən aşağı?

bəzən Allahdan küsən;

İlahi, səndən də sındı ürəyim,
məni küsdürənin yekəsi sənsən.
dünyanın ən uzaq... ələ gəlməyən,
boğazdan keçməyən tikəsi sənsən.

bəzən üsyançı;

deyirsən, neyləyim, azalıb gücüm,
nə çoxdu Allaha qəbir qazanlar
İlahi, nə çoxdur sənə and içib
məni söyə-söyə daşa basanlar.

 və bəzən də Allahı "öldürən", bu kimi cəsarətdə bulunan bir şairdir:

sən göydə, mən yerdə - düşürük heydən,
sən göydə, mən yerdə - tək qalmışıq tək.
son şair boğulub öləndə, -
göydən ölü Allah düşəcək.

Ədəbiyyatın, incəsənətin varlığını şairin və şeirin varlığında görən Ramiz Rövşən son şairin ölümünü Allahın ölümü kimi qiymətləndirir. Bir sözlə, şairin ölümü həm də sözün ölümüdür və bu da özlüyündə Allahın ölümü anlamına gəlir. Çünki Ramiz Rövşənə görə, Tanrını Tanrı edən, Tanrıya Tanrı mövqeyini verən də məhz insanın özüdür, insanın düşüncəsidir. 

bəlkə Allahın da sənsən ümidi,
sənsən göy üzündə onu saxlayan - deyən Ramiz Rövşən üçün, Allahı göy üzündə tutan, onu fikir və varlıq olaraq yaşadan, qavradan insan şəxsinin bütovü və insan şəxsinin düşüncəsidir. 

Allahın qulusan qoru Allahı
qoru özünü də Allahdan ötrü.

Bu baxımdan şair insan qarşısında yaşam naminə iki ciddi şərt qoyur. Özünü yaşatmaq və Allahı da "göy üzü”ndə yaşatmaq!

Bütövlükdə, Ramiz Rövşən yaradıcılığını oxuduqca insanı qəribə rahatlıq hissi tapır. Şeirdə tapdığın hansısa misra, hansısa fikir və ifadə sanki nə vaxtsa demək istədiyinmiş kimi hissə qapır adamı. Və sən də şairlə, şeirlə birlikdə azıb-gedirsən. Misralar hörük-hörük, ilmə-ilmə insanın canına hopur, insanı mənəvi rahatlığa, ruhən sakitliyə aparır.

Ramiz Rövşən şeir yazmır, o, sözləri bir-birinə o qədər incəliklə, o qədər ustalıqla hörür ki, oxucunu mümkün ən böyük heyranlıq və reallıqla qarşı-qarşıya qoyur.  Ona görə, Ramiz Rövşən böyük şairdir. Ki onun qələmindən çıxan heç bir kəlmə, heç bir ifadə hədəfsiz və təsirsiz olmur. Yetər ki, sən onu tapmaq istəyəsən, yetər ki, şairin məhz sənə demək istədiyini, məhz səndən bəhs elədiyini duya biləsən, tuta biləsən. Bax, əsl möcüzə onda başlayır. 

Bu cür qeyri-adi yanaşmalara onun, demək olar ki, bütün yaradıcılığı boyu rast gəlmək mümkündür.
Məsələn, Ramiz Rövşən hamı kimi darıxmır, onun darıxması da aşağıdakı misraları qədər qeydi-adi və celbedicidir.

bu nə təhər darıxmaqdır?
axı belə kim darıxar?
cibimdə əlim darıxır
ağzımda dilim darıxır.

darıxır qabım-qaşığım,
darıxır yorğan-döşəyim,
evdə qalsam, evim-eşiyim
yol getsəm yolum darıxır.

Bu, az qala, darıxmağa verilmiş tərif, darıxmağa verilmiş ad və teoremdir.

Ramiz Rövşən yaradıcılığının əsasənı sevgi təşkil edir. Bu misralar səni o qədər ciddi təsirə məruz qoyur ki, bir anlıq özünü həmin şeirin içində tapırsan.

yenə bu şəhərdə üz-üzə gəldik,
neyləyək, ayrıca şəhərimiz yox?
bəlkə də, biz xoşbəxt ola bilərdik,
bəlkə də, xoşbəxtik, xəbərimiz yox

aradan nə qədər il keçib görən?
tanıya bilmədim, məni bağışla.
mən elə bilirdim sənsiz ölərəm,
mən sənsiz ölmədim, məni bağışla.

Gəncliyimizin dilində əzbər etdiyi bu parçalar o qədər doğma, o qədər içdən fikirlərlə əhatə olunmuşdur ki, şeir hətta sevgidən yoxsul birini də öz duyğusal aurasına salmağı bacarır.

Ramiz Rövşən sevginin ən faciəvi tərəfi olan ayrılığa belə faciə ilə yanaşmır. Ayrılıqdan doğan yanğını, acını elə şəkildə təsvir edir ki, həmin o kövrək motivlər belə şeiri bir növ "yas" mövqeyindən uzaqda saxlayır, nəyəsə inandırır, nəyəsə ümid bəslətdirir.

heç bilmirəm mən səni haçan, harda itirdim?
yağış yudu, yoxsa ki, külək apardı səni?
bu sevgi nağılını mən burdaca bitirdim
axtarmıram, axtarsam, yəqin tapardım səni.

Ramiz Rövşən itkisinin iki tərəfi var. Bu itkinin bir tərəfi oxucu üçün ağrı (mən səni harda itirdim), digər tərəfi isə ümid (axtarsam, yəqin tapardım səni) doğurur. Bir sözlə, şair ayrılıq üçün həm yaxşı ağrımağı bacarır, həm də içindəki ümidi ölməyə qoymur.

Ramiz Rövşən fəlsəfəsi, fəlsəfi düşüncəsi də oxucu üçün tanış və doğmadır.

...qapılar vardı ki, yerə diz qoyub,
qıfılına, kilidinə üz qoyub.
öpmək istəyirdim, öpə bilmədim.

qapılar vardı ki, qıcıb dişimi,
yumruğumu, təpiyimi, başımı
çırpmaq istəyirdim, çırpa bilmədim

kiridim, anam, kiridim
kiridim, tamam, kiridim
bu qıfılım, bu kilidim
örtüldüm qapı kimi

Yaxud;

durub göy üzünə daş atan oğlan,
göy üzü daş saxlamaz.
oğul belə baş saxlamaz, atam balası,
kim qırxıb salıb başını bu kökə?
şalvarın pencəyin özündən yekə
baxırsan göy üzü gözündən yekə,-
durub göy üzünə daş atan oglan

...bir göy qurşağıtək ömrün uzansa,
baxtına hər cürə rəngdən düşəcək.
bir gün bu dünyada qəbrin qazılsa,
bəlkə də baş daşın göydən düşəcək...

İnsan yaşadığı sürə boyunca etdiyi hər bir əməlin, etdiyi hər bir hərəkətin qarşılığı ilə müəyyən bir zaman çərçivəsində qarşılaşır. Şeirin mahiyyətində duran həmin o "daş" da bir əməl kimi, bir hərəkət kimi ən son məqamda özünü göstərir və baş daşı kimi göydən düşür.

Ramiz Rövşəni fərqli edən, fərqli göstərən məqam da elə budur. Yəni, hamı üçün adicə bir ağac parçası olan kötük Ramiz Rövşən üçün "başı kəsik gözəl kötük"dür, hamı üçün adicə bir təbiət məvhumu sayılan bulud Ramiz Rövşən üçün "anam bulud, anamdan artıq bulud"dur. Sözün Tanrı sehri də məhz budur.

Bir sözlə, qumnan evcik hörən uşaq
sularda batana baxmaz - dərinliyinin, hər kişinin öləndən sonra
qəbri üstə ağlamağa
bir qara paltarlı gözəl bir qadına ümidi var - düşüncəsinin, ən əziz qonağım sənsən
qapımdan qayıtma mənim - ağrısının və ən əsası isə sözün, sözün şeir zirvəsinin adıdır Ramiz Rövşən!

Nihat Piriyev