Cavid Fərzəli. Ayaqlarım payızdı... (ŞEİR)

Cavid Fərzəli. Ayaqlarım payızdı... (ŞEİR)

Yarpaq-yarpaq ayrı düşdüm səndən,
fırtınadan sonra ilk doğan yaz günündə.

Görəsən, hələ də sən tərəfim durğun bir torandı.
Getdiyin günəm, dəyişdiyin rəngəm,
Ayaqüstə duran buludlarda.

Qollarıma qədər yaxın durdum həsrətinə...

Sənə doğru yıxmaq istəyirəm; məhbus divarları, tutqun çölləri...
Qoy, pəncərəmin ağzında barmaqları üşüməsin qışın,
Ovucları soyumasın ayrılığın...

Bağışla, qoruya bilmədim əllərimi.
Hər fəsilin içində, ağacların altı eyni soyuğa büründü, 
eyni kağızlar yazdı ağacların ölümünü...

İndi təkcə payızın üstündə ürəyim əsir...
Çünki yağışların arxasında ayaqlarım payızdı.
Çünki bütün sevgilər aynaların önündə sınıqdı...

Daha ürəyim şüşə tutmuş bir əsarət içində,
kimsəsiz gecələrin qapısın tanıdı,
Ölü yolu gözləyən məktublara döndü...

...Və daha sonra əqrəblərin ayaq səsində, hər an sənsiz günlərin üstünə döndüm...
Bəlkə nə vaxtsa gözlərinin səhəri oldum...