Əsəd Cahangir:

Əsəd Cahangir: "Deyirlər ki, bizi təriflə"

"Bəsti Əlibəyli, Ədalət Əsgəroğlu, Aydın Xan, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu mənim əleyhimə birləşiblər”

- Son günlər Sizinlə bağlı yaranan ədəbi qalmaqalın kökündə nə dayanır?
- Mən tənqidçiyəm, yazılar yazıram. Yazılarım obyektiv və güzəştsiz olur. Tənqidlərim isə bəzi "xalturşik” və "bezdarnik”lərin xoşuna gəlmir. Onlar da müxtəlif şeyləri bəhanə edərək böhtan atıb, müxtəlif qadınları mənim üstümə qaldırmaq dərəcəsinə qədər şərləməyə çalışır, bu yolla ləkələyib susdurmaq istəyirlər.

- "Bezdarnik” və "Xalturşik” adlandırdığın şəxslər kimlərdir?
- Onların adını mən öz yazılarımda çəkmişəm. Hamı da bilir ki, söhbət kimlərdən gedir. Onlar da həmişə Yazıçılar Birliyinin iclaslarında mənim əleyhimə birləşiblər.

- Söhbət Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Bəsti Əlibəylidən gedir?
- Cavanşir Yusiflinin bura dəxli yoxdur. Amma bu siyahıya daha bir neçəsinin adını əlavə eləmək olar. Məsələn Aydın Xanın və digərlərinin adını çəkə bilərəm.

- Onlar nə deyirlər ki?
- Deyirlər ki, bizi təriflə. Mən də onlara cavab verirəm ki, mən sizin tərifə layiq əsərinizi görmürəm. Vicdanımın əleyhinə gedib, xalqın gözünün içinə yalan danışa bilmərəm. Onların tərifəlayiq mətnlərini görmürəm.

- Onlar bu qədər güclüdür ki, məsələni Yazıçılar Birliyində qoya biliblər?
- Belə çıxır.

- Deyilənə görə, məsələnin kökü xalq yazıçıları Elçin və Anara gedib çıxır...
- Ola bilər ki, məsələnin kökü haradasa yüksək səviyyəyə gedib çıxır. Mən bu barədə danışsam, fərziyyə irəli sürmüş olaram. Birbaşa gözümlə gördüyümü, iclasda əleyhimə çıxanlardan danışıram. Bir dəfə Aydın Xan əleyhimə yazıb. Sonra Bəsti Əlibəyli və Ədalət Əsgəroğlu da əleyhimə yazdılar. İclasda isə əleyhimə bu adamlarla yanaşı, Səlim Babullaoğlu və Elçin Hüseynbəyli danışıblar.

- Deyilənə görə, onlar sizi hansısa əxlaq normalarını pozmaqda ittiham ediblər.
- Ədalət Əsgəroğlu bunları yatıb haradasa, yuxusunda görmüşdü. Səhəri də gəlib gördüyü yuxu haqqında mətbuata açıqlama vermişdi. Anar müəllim dünən onu çağırdı və tələb etdi ki, yanlış məlumat verdiyinə görə qəzetlərə təkzib göndərməlidir. Ədalət Əsgəroğlunun məlumatında böhtan da, yalan da var idi. Çünki mən "Azərbaycan” jurnalından çıxarılmamışam. Ədalət təkzib verəcəyi ilə bağlı söz verdi. Mən indi təkzibi gözləyirəm.

- Bəs, xalq yazıçısı Elçinin bu məsələdə adının hallanması ilə bağlı nə deyə bilərsiniz?
- Elçin yazı yazmışdı, mən də ona cavab vermişdim. Doğrudan da, bu yazıdan sonra ədəbi proseslər canlandı. Onlar da mənə bunu bağışlamadılar ki, niyə durğun gölə daş atmışam. Onlar istəyirlər ki, hər şey ətalət içində qalsın. Bəzi adamlar bizi yenidən feodalizm dövrünə, fikir azadlığı olmayan mühitə qaytarmaq istəyirlər.

- Axı, siz Elçin Hüseynbəyli ilə dost olmusunuz...
- Mənim Elçin Hüseynbəyli ilə heç vaxt nə yaxşı, nə də pis münasibətim olub. Elçin Hüseynbəyli müxtəlif yerlərdə xəbər yaymağa çalışır ki, guya mən vaxtilə onu tərifləmişəm, indi isə pisləyirəm. Bununla sübut etmək istəyir ki, mən hərdəmxəyal və qeyri-obyektiv adamam. Onun haqqında heç vaxt təqdiredici yazı yazmamışam. Onun haqqında fikirlərim, sadəcə, Moskvaya, "Durujba naroda” jurnalına göndərdiyim bir məqalədə yer alıb. Orada da bütün Azərbaycan nəsri haqqında bəhs etmişəm. Elçin Hüseynbəyli də bu yazarların içində olub. Lakin sonra Azərbaycanda çıxan və tənqidi səciyyə daşıyan yazılarımda Elçin Hüseynbəyliyə qarşı əsl münasibətimi ifadə etmişəm. Yəni birbaşa, nə düşünürəmsə onu...

- Yəni bu adamlar sadəcə Sizi qısqanırlar?
- Mənim meydana çıxmağım və 10 ildən bəri məhsuldar fəaliyyətim bəzi yalançı və saxta tənqidçilərin üstündən xətt çəkdi. Onlar məni heç cür həzm edə bilmirlər. Nə yolla olursa-olsun, işıq gələn yerə barmaq tıxamaq istəyirlər. Ancaq buna nail ola bilməyəcəklər. Cəmiyyət kimin kim olduğunu yaxşı bilir. Bütün ədəbi ictimaiyyət mənim tərəfimdədir. Ən azı beş adamın dördündə vicdan var.

- Bəs Yazıçılar Birliyinin sədri Anar bu məsələdə kimi müdafiə edir?
- Anarın kimin tərəfini tutması çıxardığı qərarlardan bilinir. Mənim tam obyektiv mövqeyim var. Birmənalı münasibət naqis münasibətdir. Hər şeyin bir işıqlı tərəfi olduğu kimi, qaranlıq tərəfi də var.

- Təhqir olunmağınızla bağlı harasa müraciət etmək niyyətindəsən?
- Dünən Yazıçılar Birliyinin sədri Anara yazılı şəkildə müraciət edib, ölçü götürməsini xahiş etdim. Əks təqdirdə, məhkəmə yolu ilə ölçü götürülməsini istəyirəm. Mənim başqa çıxış yolum yoxdur. Bir-iki nəfər istedadsız "bezdarnik”ə görə Yazıçılar Birliyinin orqanını tərk etmək, sözün Şuşasından çıxmaq olar. Biz sözümüzün Şuşasını bu "bezdarnik”lərdən qorumalıyıq...

Elbrus, APA