Miri Rəsulzadə.

Miri Rəsulzadə. "Heyvan haqları"... (hekayə)

 


(Xoş ovqat üçün)

I fəsil

3-cü devalivasiyadan sonra həyətdə - tutun altında oturub, notebook qabağında, bir qarnı ac sosial şəbəkələrdə xəbər başlıqlarına baxırdı:
Pələng ceyranı yeyən yerdə şəklini çəkib qoyub instaqrama... Ayı keçən il ağacın başında armud dərən yerdə çəkdirdiyi şəkli feysbuka qoyub altından yazır ki: "Yaxşı heyvan meşədə armudun ən yaxşısını yeyər". Canavar tvit atır ki, mən bu yerlərə elə-belə gəlib çıxmamışam, bütün uğurlarımı qurd aləminə borcluyam... Sonra başqa saytda - youtube səhifəsində tülkü müsahibə verir ki, əslində, mən hiyləgər deyiləm, sənətim bunu tələb edir. İnsanların xoşu gəlsin deyə obraza girirəm, həyatda tam başqayam... Tısbağa gürzənin verilişində heyvanlara ağıl verir ki, qaqa canı, adamın olmasa, qabağa getmək olmur... Tom və Cerri mətbuata açıqlama verib. Tom bildirib ki, bunlar hamısı şou xətrinədir. Biz düşmən zad deyilik, Cerri mənim yaxın dostumdur. İstəmirəm, bu suala bir də qayıdaq...  Bir dənə küçə pişiyi də canlı yayımda özünə müdrik görkəm verib ağıl xocalığı edir; heyvanlara namuslu olmağı, saf sevməyi, ər seçməyi, uşağa yaxşı baxmağı, müasir davranışları, güclü olmağı, uduzmamağı öyrədir.
Xallı başını bulaya-bulaya virtual aləmdə gəzişir, öz-özünə donquldanır; gör hansı zəmanəyə gəlmişik, a kişi.. 
- Eşidirsən, Yallı? Nələr yazırlar, nələr. Dünya üstə qoyub gedir, biz isə fil qulağında yatmışıq, o biri qulağını da üstümüzə örtmüşük. Yerimizdə sayırıq. İndi bizim xəbər başlığı oxuyan vaxtımız deyil e, xəbər başlığına çevrilən vaxtımızdır. Bax elə götürək sənin özünü. Bəlkə də, ölkədə səndən vidli-fasonlu at yoxdur, Allah boy verib, saçın tökülməyib, şux qamətin var, hansı madyana yaxınlaşsan, tanış olasısan- deyib ətrafa baxdı, gördü səs-soraq yoxdur. Sən demə bayaqdan öz-özünə danışırmış. 
Axı Xallı çox vaxt ürəyini köhnə dostuna -  Yallıya boşaldırdı. Hər müzakirəni onunla edirdi. Qonşu heyvanlar onları pis günün dostu kimi tanıyırdı. İndi bir saatdı at həyətdə yoxdur deyə, Xallının mısmırığı yerlə gedir, onun kürlüyünü çəkirdi. Bu həyatda ona axıra kimi qulaq asan bəlkə də bircə Yallı idi. Heç ailəsi də onu dostu qədər saymırdı. Bəlkə də, kasıbçılığa görə idi. Ailəsinə yaxşı baxa bilmirdi. Yazıq Xallı yeməyə özü nə tapırdı ki, bunlara da nəsə versin. Damına həftədə bir kilo sümük gətirəndə ev- eşik gülürdü, gülürdü, həyətdə bir ala pişik var idi, sevindiyindən divara hoppanıb yerə düşürdü. Çünki ucundan-qulağından ona da nəsə çatırdı. Elə şeydə Xallı yaxşı idi. Azı da olsa verməyi bacarırdı, paylaşmağı sevirdi. Önun öz həyat devizi var idi. Həmişə deyərdi, azdan az verməyən, çoxdan çoxu verməyəcək. Xallının məsuliyyəti, həssaslığı və zarafatı dillər əzbəri idi. Ev yiyəsindən heçnə ummurdu, utanırdı. Axı nə istəsin?! Necə desin?! Düşünürdü ki, heç bir iş görmür, haqqı da çatmır. Ceyran çölündə və ya Kürün qırağında bir sürü qoyunu canavardan qorusaydı, bəlkə onda nəsə deyə bilərdi.
At təngənəfəs darvazadan içəri girdi. Xallı Yallını görən kimi sevindiyindən belinə çıxmaq istədi. 
- Hardasan, a kişi, bu istidə? Nə vaxt getmisən, heç xəbərim də olmayıb.
-  Əşşi, istidən danışma. İnan, çöldə elə bir isti var ki, ilan çətirlə gəzir. Səni özüm narahat eləmədim. Gördüm, başın qarışıqdı.. 
- Bayırda nə xəbər var? 
-  Heeç. Nə olasıdır. Bayaq mal bazarında Qatır deyirdi ki, Afrika savannasından ölkəyə Zebra gəlib, "Uğurun 10 sirri" adlı konfrans verib və tədbirdən sonra da kulisdə nərdivanla zürafənin qulağına çıxıb, astadan pıçıldayıb ki, "əşşi indiki heyvanların da təmiz zayı çıxıb ha, mamaoğlu”. 
-  Mənə yer edən bilirsən nədir, Xallı? Niyə başqaları gəlib bizə dərs keçməlidir. Niyə biz hər bir eşşəyə bir palan olmalıyıq? Niyə qabaqda bizdən biri olmamalıdır. Nə vaxta kimi onun-bunun əlinə baxacağıq?
 Və Yallı çoxdan üzərində düşündüyü qərarını verdi. Onu qarşıda uzun bir yolçuluq gözləyirdi. Xəyalları qarışıq idi. O bunu ən azı dostu üçün etməli idi. Çünki ona "Biz ən böyük olacağıq" deyə söz vermişdi. Onda bu həvəsi də Xallı yaratmışdı. Hər gün eybəcərlikləri göstərə-göstərə, xəbərləri oxuya-oxuya, yarı ciddi, yarı zarafatla atdığı replikalarla Yallını həvəsləndirmişdi. Bəs, görəsən, Xallı köhnə dostunun ayrılığına necə səbr edəcək? Bir saat onsuz qala bilməyən bu vəfalı dost necə oturub gözləyəcək? Xallı xəstə olmasaydı, yəqin Yallı onu da mütləq özüylə aparardı. Onu burda tək qoymazdı. 
Beləliklə, orta təhsilini Zabratda alan kəhər at 90-cı illərin əvvəlində Kaliforniyaya köçən Qarabağ atından master-klass almaq qərarına gəlir. Və                 şələ-şüləsini yığıb, üzəngisini, yəhərini, nalını toplayıb yollanır uzaq sahillərə. Bütün ümidlərini balaca bir qaba qoyub, xatirələrini ütüləyib, öz yurdunun dərdini-sərini də özüylə götürür.

II fəsil
Xallı çox məlumatlı idi. Hər sahədən başı çıxırdı. O, bunları karvanlara              hürə-hürə öyrənmişdi. Nə qədər karvanı yolundan saxlamasa da, istiqamətini dəyişdirmişdi. Sağollaşana yaxın dostuna sarılıb ona son tövsiyələrini verdi. 
Yallı, sən buradakı heyvanların tək xilaskarısan. Onları ağ günə bəlkə sən çıxardasan. Hamı gözünü sənə dikib. Get dünyanı gəz, toz, öyrən və gəl, bildiklərini paylaş. Həvəs çatışmazlığı var buranın heyvanlarında. Tənbəlliklə, ərincəkliklə qardaş olublar. Tək buraxsan, heç yaxınlıqdakı meşəni də tapa bilməzlər. Plansız, hədəfsiz yaşamağa adət ediblər, zamanın qədrini bilmirlər. Kim olduqlarını, hardan gəldiklərini, hara getdiklərini, nə üçün yaşadıqlarını sual verməyiblər özlərinə. Xəyal qurmaqdan, arzu etməkdən belə qorxurlar.  Qorxaqlıq ruhumuzu elə bürüyüb ki, sərbəst bir addım ata bilmirik. Sümüyün, yalın, samanın, arpanın əsirinə çevrilmişik. Bəlkə də, mən o günləri görmədim, amma sən bu işin axırına çıxmalısan!
Xallı danışdıqca qapıdakı Məstan pişik də, Toyuq-Cücə də, qara Qoyun da başını aşağı salıb deyilənlərlə razılaşırdı. Birdən qara qoyun dilləndi:
Düz deyirsən, Xallı. Həyat başımıza fürsət yağışı yağdırır. Bəzilərimiz bu fürsətləri görməyəcək qədər kor, eşitməyəcək qədər kar və dəyərləndirməyəcək qədər cəsarətsiz ola bilirik.. 
Hamısı kövrəlmişdi. Bir vaxt şənlik əlindən, zarafatın səsindən bezən həyət səssizliyə qərq olmuşdu. Kimsə bu qəmli notları pozmalı idi.  Məstan pişik həmişəki kimi bu vidalaşmaya bir rəng qatdı və hamının kefini açdı:
Gedirsən, yaxşı edirsən. Bizim məhəllənin ayağında tanış bir Gürzə var, canlara dəyən ilandır. O zəhərini satmaqla başını dolandırır. İmkan olsa, ondan bir az apar xaricə, baha qiymətə satıb pulunu göndərərsən. İnsanlara da fikir ver, spirtli içkiləri yerə tökməsinlər, yoxsa qarışqalar onları su bilib içir, sonra da evinə gedib dava-dalaş salıb, arvad-uşağını döyür.  
Hamısı sağollaşdı və Yallı yola düşdü. Həyət-bacanı Məstana, qara Qoyuna, onları da Xallıya tapşırdı. "Mən gələnə kimi buraları səliqəli saxlayın!"- deyib yola düzəldi.
Günlər keçdi. Heyvanların macəralarla dolu həyat tərzi davam edirdi. Xallı hər darıxanda söhbətlərinə Yallını də qoşurdu, ondan misal gətirir, xatirələrini danışırdı. Deyirdi, o vaxt biz Yallı ilə Elşənə çox kömək etmişdik. O, bizim dilimizi öyrənənə kimi itin zülmünü çəkmişdi. Başımıza gəlməyən zülüm qalmamışdı. Həkim Qanlıdaş qalasında olanda Kosa əvvəl ustanı daşa döndərdi, sonra məni sehirləyib yatızdırdı. Elə bil qış yuxusuna getmişdim. Oyananda Yallı məndən soruşdu ki, necəsən, dedim at kimi. Sonra mən soruşdum ki, sən necəsən, əziz dostum? Dedi, it kimi..  Nə qədər gülmüşdük onda bu sözə... 
Üstündən 4-5 il keçdi. Xallının xəstəliyi artmışdı. Üzdə biruzə verməsə də, dostunun ayrılığı onu əməllibaşlı sarsıtmışdı. Deyirdi, Yallını görmədən ölən deyiləm, ölməyəcəyəm. 
Yallı dayanmadan öz üzərində işləyirdi. Vətənə dönməyinə az qalmışdı. Artıq onun dünyagörüşü, zəkası, peşəkarlığı heyvanları heyrətə salmışdı. Dünyanın gediş-gəlişini yaxşı bilirdi. Səsi-sorağı bütün heyvanlar arasında yayılmışdı. Hamı onunla görüşmək, ondan məsləhət almaq istəyirdi. Ustadı Qarabağ Atı ona bütün bildiklərini öyrətmişdi. Onun özü də bir başqa xəzinə idi. Yallı qayıtmaq üçün günlərini sayırdı. Dostları üçün bərk darıxmışdı. Əsas da, Xallı üçün qayıdırdı. Yoxsa ordakı dostları qayıtmağına razı deyildi. O bu nailiyyətini Xallıya borclu idi. Onu bu dünyada ən çox Xallı istəyirdi. 
Yallı dostlarına gələcəyini xəbər də vermişdi. Həyətdəki qara Qoyun, Məstan pişik Yallının məktubunu həyətdəki heyvanlara oxuyanda Xallı sevincindən kövrəlib ağlamışdı. Ürəyi az qalsın  çıxacaqdı. Özünü heç cür ələ ala bilmirdi. Dostunun xoş sədasını, əlçatmaz olduğunu başqa heyvanlardan eşidəndə az qalmışdı xoşbəxtlikdən ölsün. 
Artıq Yallı vətəndə çox məşhur idi. Onu burda təsəvvür etmədiyi hörmət gözləyirdi. Hamı onun dilindən çıxan kəlməni güdürdü. Onu özlərinə örnək bilirdilər. Hamı özünü ona oxşadırdı. 
Aradan 2 ay da keçdi. Həmin gün yetişdi. Vətəndə böyük konfransın vaxtı təyin olundu. Bütün heyvanlar yığışmışdı. Yallı yolda gecikdiyinə görə birbaşa görüş yerinə gələsi oldu. Dostları ilə də orada görüşəcəkdi. Hamısı yığılıb gəlmişdi. Qara Qoyun da, Məstan pişik də, məhlənin ayağındakı Gürzə də o izdihamın içində idi, Xallıdan başqa... Xəstəliyinə görə o gələ bilməmişdi. 
Yallı alqışlarla çıxış üçün səhnəyə çıxdı. İzdihamı görüb öz-özünə dedi. Gör bir dostun istiqaməti, inadı, duası bizi haralara gətirdi, a kişi.  Və gözü Xallını axtarırdı. İstəyirdi ki, çıxışı tez qurtarsın, qaçsın Xallının yanına, qucaqlasın, illərin həsrətinə son qoysun. Desin ki, əziz dostum, biz bacardıq. Bu, əslində sənin qələbəndir. Bax bütün bunlar sənin əməyindir, zəhmətindir. 
Yallı çıxışını daha da ürəklə edirdi ki, dostu bu dəqiqə buna baxıb sevinir, fors edir.  Yallı paylaşdığı təcrübələrlə, verdiyi istiqamətlərlə heyvanların ümid yerinə çevrilmişdi. 
Nəhayət, konfrans sona çatdı. Xallı özü burda olmasa da, arzusuna çatmışdı. Onun xəyalları reallığa çevrilmişdi. 
Yallı dostlarını axtarırdı. Birdən qara Qoyunla, Məstan pişiyi gördü. İkisi də sevincək üstünə atıldılar. Salamlaşdılar, beş-onbeş eləyəndən sonra Yallı dedi:
-  Xallı hardadı, hara gizlətmisiniz onu?
-  Xallı gələ bilmədi, neçə vaxtdır xəstədir.
- Zarafat edirsiniz, nə xəstələnmək? Onun canı bərkdir. Onu mənə tanıdırsınız. Yüz faiz zarafat edir. Haradasa gizlənib əclaf. Baxın, mən sizə söz deyirəm. Bu dəqiqə, harda olsa, çıxacaq. 
Yallı gülə-gülə ətrafa baxdı, bir dala, bir qabağa getdi... Sonra yenə soruşdu:
- Siz allah, düzünü deyin, hardadır bu daşürəkli? Onun xoşu gəlir də məni incitməkdən. 
Dedilər, inan, vəziyyəti çox ağırdır. Sənin gəlməyini də eşidib, sevincdən lap halı dəyişib. Evdə səni gözləyir. Gecəni də yatmayıb, eləcə sənin adını sayıqlayıb. 
Hamısı vaxt itirmədən evə sarı yollandılar. Darvazanın qabağına çatmışdılar. Yallı bilmirdi necə görüşsün. İllərin dostuna necə sarılsın, ona nə desin.  Bu görüş ona yuxu kimi gəlirdi. İçəri daxil olanda gördülər ki, həyətə sakitlik çöküb. Hamı xorla Xallını çağırmağa başladı:  
- Xalll-lı Xallı.. Çıx eşiyə, gör kim gəlib? Bəsdir yatdın. Naz eləmək vaxtı deyil.
 Xallıdan səs çıxmadı. İçəri girəndə gördülər Xallı can üstədir, son nəfəsini alır. Yallı tez başını dikəldib onun gözlərinə baxa- baxa ağlamağa başladı. 
-  Hara gedirsən, ay insafsız? Məni qoyub hara gedirsən, ay etibarsız? Hara tələsirsən? Biz belə danışmamışdıq axı, gözəl dostum. 
Xallı danışa bilmirdi, ancaq nəfəs alırdı. Yalnız baxışları ilə  ona cavab verirdi. Gözlərindən axan yaş dayanmırdı. Hamısı donub qalmışdı. Amma Xallının üzü gülürdü, verdiyi sözünün üstündə durmuşdu deyə halından məmnun idi. Artıq rahat ölə bilərdi. Yallı onu bərk qucaqlayıb əzizlədikcə dostu ilə olan bütün xatirələri gözünün önündə canlandı. Və Xallı son nəfəsini verib gözünü əbədi yumdu.